Müsavatda bəyanat qalmaqalı: İsa Qəmbər küsdü, ara qarışdı

05.12.2014 - 13:19

Müsavat Partiyası növbəti qalmaqalla çalxalanır. Cumhuriyyet.az virtualaz.org saytına istinadən bildirir ki,
partiyada qurultaydan sonra yaşanan və qarşı duran tərəflərin bir-birinə
sərt ittihamlar yağdırması ilə müşayiət olunan “saxta seçki” qalmaqalı
səngiməmiş növbəti qalmaqal yaşanır. Maraqlıdır ki, bu gərginliyin kökündə də saxtakarlıq ittihamı
dayanır. Özü də bu dəfə tərəflərdən biri əvvəlki skandalda “oyunçu” yox,
arbitr rolunda çıxış edən sabiq başqan İsa Qəmbərdir.

Söhbət noyabrın 26-da Müsavat rəhbərliyi tərəfindən verilən
bəyanatdan gedir. Həmin bəyanatın saxta olduğu üzə çıxıb və bu da
partiyada onsuz da gərgin olan əsəbləri bir qədər də tarıma çəkib. O
bəyanat isə sabiq deputat, Müsavat Divanının üzvü İkram İsrafilin oğlu
İsrayıl İsrafilin “hakimiyyət tərəfindən təzyiqlərə məruz qalması, polis
tərəfindən təqib olunması” iddiası üzərində qurulmuşdu.

Müsavatdakı etibarlı mənbələrdən virtualaz.org saytına verilən
məlumata görə, keçmiş başqan İsa Qəmbərdən faktiki olaraq gizli
hazırlanıb yayılan bu sənəd partiyanı “qaynar qazan”a döndərib. “Məsələnin mahiyyəti ondan ibarətdir ki, Müsavat Partiyasının başqanı
Arif Hacılının müavini, əslində ən yaxın adamlarından biri olan Elman
Fəttahın öz həmyerlisi və yaxın dostu İkram İsrafillə birgə saxta
bəyanat hazırlayıblar. Bu addım təbii ki, Arif Hacılının icazəsi ilə,
onunla razılaşdırılaraq atılıb. Bəyanatda İkram İsrafilin Londonda
təhsil alan oğlunun hakimiyyət tərəfindən təzyiqlərə məruz qaldığı,
polis tərəfindən izləndiyi deyilirdi. Bəyanat başqan Arif Hacılı
tərəfindən imzalanıb və yayılıb. Belə bir bəyanatla çıxış etməkdə məqsəd
sabiq deputatın oğlu İsrayıl İsrafilin xaricdə qalmasına və Qərb
ölkələrinin birindən siyasi sığınacaq almasına kömək etmək olub. Axı “öz
ölkəsində polis təqibinə məruz qalması” siyasi sığınacaq üçün müraciət
edənlərin işinə yarayır” – deyə məlumatda deyilir.

Müsavatdakı mənbənin sözlərinə görə, belə bir bəyanatın
verilməsi oğlunun Qərb ölkələrinin birində yerləşdirilməsinə çalışan
İkram İsrafilin çoxdankı istəyi olub, lakin İsa Qəmbərin başqanlığı
dönəmində belə bir sənədi hazırlayıb yaymaq mümkün olmayıb:
“İndi isə vəziyyət dəyişib. İkram İsrafil həmyerlisi və dostu Elman
Fəttahın köməyi ilə bu məqsədinə çatıb. Lakin bu məsələ sonradan partiya
daxilində ciddi narazılığa səbəb olub. İkram İsrafilin oğlu 6 aydan
çoxdur Londonda təhsil aldığı, Bakıda olmadığı və təbii ki, heç bir
təzyiqə məruz qalmadığı halda belə bir bəyanatın verilməsi partiyada
müzakirə mövzusuna çevrilib və suallar yaradıb.

Bəyanatda sabiq deputatın oğlunun NİDA-çıları dəstəklədiyi üçün
təzyiqlərə məruz qaldığı, NİDA-çıların məhkəməsindən sonra polis
bölməsinə aparılaraq orada döyüldüyü deyilirdi. NİDA-çılar isə hətta
artıq azadlıqdadır. Yəni bu hadisə olubsa da çoxdan olub. Partiya daxilində bir çox müsavatçıların bu bəyanata etirazı və
sosial şəbəkələrdə aparılan qızğın müzakirələrdən sonra məsələ daha da
böyüyüb. Arif Hacılının başqanlığını qəbul etməyən müsavatçılar partiya
rəhbərliyini saxtakarlıqda ittiham etməyə başlayıblar. Vəziyyət kritik
həddə çatdığından məsələyə keçmiş başqan İsa Qəmbər də müdaxilə etmək
məcburiyyətində qalıb”.

Müsavatdakı mənbələrin bildirdiyinə görə, Arif Hacılı ilə İsa Qəmbər arasında bu mövzuda ciddi və sərt müzakirə olub: “İsa
Qəmbər bu saxta bəyanata görə Arif Hacılını tənqid edib və izahat tələb
edib. Gərginlik o həddə çatıb ki, İsa Qəmbər bir neçə gün hətta
partiyanın qərargahına da gəlmədi”.

Xəbərlərə görə, hazırda Müsavat rəhbərliyi bu bəyanatın mətbuat və
hüquq-mühafizə orqanları, xüsusilə də polis tərəfindən
araşdırılacağından, yalanın ortaya çıxacağı təqdirdə biabır
olacaqlarından narahatdır.

Arif Hacılının müavini və yaxın adamlarından biri Gülağa Aslanlının
bu bəyanatla bağlı verdiyi tələm-tələsik açıqlama da həmin narahatlığın
təzahürü kimi qiymətləndirilir. Maraqlıdır ki, G.Aslanlı İkram İsrafilin
oğlunun indi yox, keçmişdə təzyiqlərə məruz qaldığını təsdiqləmişdi,
demişdi ki, məqsəd İ.İsrafilə “diqqət çəkmək” olub.

Kimin diqqətini? Əgər bu təzyiqlər əvvəl olubsa, bəs onda bəyanat üstündən bir ildən çox keçəndən sonra niyə verilir?

Müsavat rəhbərliyi müsavatçıların məhz bu məntiqi sualları qarşısında aciz qalıb və ciddi narahatlıq keçirir.

Bu narahatlıq də əsassız deyil. Əldə etdiyimiz başqa bir məlumata
görə, Daxili İşlər Nazirliyi bəyanatla bağlı araşdırmaya başlayıb.
DİN-dən bəyanatı ilk yayan mətbuat orqanına müraciət olunub, məlumatın
haradan əldə edildiyi soruşulub. Həmin saytdan isə bəyanatın partiyanın
qərargahından redaksiyaya daxil olduğunu bildirilib.

Hazırda Müsavat Partiyasında bu məsələ ətrafında ciddi gərginlik var.
A.Hacılının başqanlığını qəbul etmək istəməyən müsavatçıların
əksəriyyəti yeni rəhbərliyi “heç iki ay çəkmədi saxtakarlığa başladı”
ittihamı ilə tənqid edir və izahat istəyir.

İlkin Muradov

Virtualaz.org

Short URL: http://www.cumhuriyyet.net/?p=14188

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728