Cənub bölgəsində seçki avtoritarizmi

10.12.2014 - 00:48

“Seçki keçirilməmiş nəticələr hazırdır”, “Namizədləri məcbur edirlər ki, namizədliklərini geri
götürsünlər”

“Seçki keçirilməmiş nəticələr hazırdır”, “Namizədləri məcbur edirlər ki, namizədliklərini geri
götürsünlər”

Dekabrın 23-ü Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.
Əyalətlərdə hakim Yeni Azərbaycan Partiyasının nümayəndələri deyirlər
ki, onlar səsverməyə hazırdırlar. Məntəqələrin lövhələrində hakim
partiyanın siyahısı ilə verilmiş namizədlər yer alıb. Tək-tük müstəqil
namizədlərin də şəkilləri görünür. Lakin lövhələrdə ölkənin aparıcı
müxalifət partiyaların namizədləri gözə dəymir. Hər dairədə 6-7 partiya
siyahı ilə namizədlər verib. O da az sayda. Namizədlərlə seçicilərin
görüşü isə baş vermir.

Klassik Xalq Cəbhəsi Partiyasının ali məclisin üzvü Elçin İbrahimli
deyir ki, 77 saylı Astara seçki dairəsindən aparıcı müxalifət
partiyaların heç bir üzvü namizədliyini verməyib. Verən olubsa onu da
müxtəlif yollarla kənarlaşdırıblar. O deyir ki, hakimiyyət bələdiyyə
seçkisinə müxalifətsiz gedir: “Astarada aparıcı müxalifət partiyalarından olan KXCP-nin, Müsavatın,
AXCP-nin heç bir üzvü bələdiyyə seçkilərində iştirak eləmir. Ona görə
iştirak eləmirlər ki, seçki keçirilməmiş nəticələr hazırdır. Astarada 15
bələdiyyə var, səkkizi 77 , yeddisi də 76 saylı seçki dairəsində
yerləşir. Bunların üzvləri, sədrləri qabaqcadan məlum olduğu üçün Astarada aparıcı müxalifət seçkilərdə iştirak eləmir .”

Müsavat partiyası Astara rayon təşkilatın sədri Tarif Əliyev deyir ki, məntəqələrdə müşahidəçi kimi iştirak etmək fikirləri var. Bu barədə hələ qəti qərara gəlməyiblər.

AXCP Masallı rayon təşkilatın sədri Əlişir Bəşirli isə deyir ki, onlar bələdiyyə seçkilərində iştirak etmir: “AXCP seçkilərə getmir. Bizdə qərar oldu ki, fərdi qaydada getsinlər, heç kim getmədi.” Əlişir Bəşirlinin sözlərinə görə, aparıcı müxalifət partiyaların
üzvləri seçkiyə müstəqil şəkildə getdikləri üçün siyasi
mənsubiyyətlərini qeyd etmirlər.

73 saylı Lənkəran şəhər seçki komissiyasının üzvü, Ədalət
partiyası rayon təşkilatın sədri Rahim Nuriyev deyir ki, onlarda da vəziyyət
digər rayonlardan bir elə fərqlənmir: “Ümid partiyasından vermişdilər, onları da kənarlaşdırdılar. O birisi
partiyalarda da eyni vəziyyətdir. Görürlər ki, məsələ seçki yolu ilə
həll olunmur. Namizədləri məcbur edirlər ki, namizədliklərini geri
götürsünlər. İndi heç kəs də boynuna almır ki, belə bir şey var. Ona
görə getmək istəmirlər. İkincisi də ki, bələdiyyələrə maraq yoxdur.
Bələdiyyənin faktiki olaraq heç bir fəaliyyəti yoxdur. Qanuna görə onlar
altı aydan bir hesabat verməlidirlər. Onlar hesabat vermir.”

Masallı ziyalıları İctimai Birliyinin rəhbəri Məmmədağa Eynullayev
isə deyir ki, müxalifət partiyaların sosial bazası var. Lakin bu
partiyaların rayon təşkilatları mübarizə aparmağa hazır deyillər. Zəif
fəaliyyət göstərirlər. Öz güclərini səfərbər etmirlər:

“Həmin təşkilatların bizim zonadakı şöbələri hədindən artıq zəif
işləyirlər. Gərək hərəkət edəsən, mübarizə aparasan ki, bir nüfuzun ola.

Bunların biganəliyi, fəaliyyətsizliyi, baş verən hadisələrə münasibət
göstərməməsi və rayonda haqsızlığa biganə qalmaları bu vəziyyəti
yaradıb…Adı müxalifətdir də. Göz qabağında haqsızlığa münasibət
bildirmirsənsə, baş verənlərə göz yumursansa burda müxalifətçilikdən
danışmağa dəyməz.”

Məmmədağa Eynullayev deyir ki, icra orqanların seçkilərə müdaxiləsi
var. Siyahılar da hazırdır. Onun fikrincə bütün bunlar seçkilərdən
kənarda qalmağa əsas vermir. O deyir ki, seçkiləri hakim partiyanın
ümidinə buraxıblar. Faktiki olaraq tək partiyalılıq meydana gəlib.

Məmmədağa Eynullayevin sözlərinə görə, ötən seçkidə müxalifət
partiyaları iştirak etdilər. Buna görə də məntəqələrdə nəticələri
saxtalaşdırmaq çətinləşib. Bu seçkidə isə seçki komissiyaları sevinirlər
ki, müxalifətin namizədi yoxdur. Məmmədağa Eynullayev qeyd edir ki,
onun namizədliyini də qeydə almayıblar. Mərkəzi Seçki komissiyasına
göndərdiyi şikayətdən isə indiyə kimi xəbər yoxdur:

“Mərkəzi Seçki Komissiyasına noyabrın 26-da göndərdiyim məktub
Azərpoçtda itkin düşüb. Qabaqcadan siyahılar tutulub. Göstəriş veriblər
ki, bu adamlar seçilməlidir .” Ancaq yerli hakimiyyət nümayəndələri deyilən inkar edirlər. Dairə
seçki komissiyalarından isə bildirirlər ki, onlara heç bir şikayət daxil
olmayıb.

Azərbaycanın cənub bölgəsinin 6 rayonunda 13 seçki dairəsi var.(Azadlıq radiosu)

 

Short URL: http://www.cumhuriyyet.net/?p=14390

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728