Əfv siyahısı tam hazırdır

26.12.2014 - 10:21

İşçi Qrupu işlərini yekunlaşdırıb; bugünlərdə əfv sərəncamının veriləcəyi gözlənilir; məhbus ailələri ümidlidir

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni illə bağlı əfv
sərəncamının veriləcəyi gözlənilir. Xüsusilə İnsan Haqları üzrə Birgə
İşçi Qrupunun açıqlamalarından sonra ümidlər daha da artıb. Artıq sosial şəbəkələrdə məhbusların yaxınları sevinc və ümid dolu
statuslar paylaşırlar. Hətta məhbuslara əfv olunacaqları barədə məlumat
verildiyi də qeyd olunur. İşçi Qrupu artıq siyahısını hazırlayaraq, Əfv
Komissiyasına göndərib. Siyahıda 27 məhbusun adı var.
İnsan Haqları üzrə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu işlərini
yekunlaşdırdıqlarını və əfv qərarını gözlədiklərini bildirdi: “Biz öz
siyahımızı vermişik. Orada NİDA-çılar, Tofiq Yaqublu, İlqar Məmmədov,
Leyla Yunus, Əvəz Zeynallı, Hilal Məmmədov və başqaları var. Kimin
buraxılıb-buraxılmayacağını biz deyə bilmərik. İşçi Qrupu olaraq tez-tez
toplaşırıq.

Müraciətlərə baxırıq. Əfvdən sonra bir daha toplaşacağıq. Pərviz
Həşimli müraciət edib. Onu aidiyyəti orqanlara göndərmişik. İntiqam
Əliyev, Rəsul Cəfərov, Anar Məmmədli, Bəşir Süleymanlının məsələlərini
qaldırmışıq. Ev dustaqlığına buraxılmaları ilə bağlı müraciətlərimiz
olub. Onu dəqiq bilirik ki, Əfv Komissiyası hər gün intensiv şəkildə
işləyir. Biz təkcə siyasi məhbusların işinə baxmırıq. Çoxlu sayda siyasi
mövqeyi olmayan məhbusun müraciəti əsasında işlərini araşdırmışıq.
300-ə qədər bizə yeni məktub gəlib. Öz işimizdən imtina edib, yalnız bu
müraciətlərə baxırıq. Hər bir müraciəti yerindəcə araşdırırıq”.

İşçi Qrupunun  digər üzvü Arzu Abdullayeva əfv sərəncamının əvvəlki
illərdəkindən fərqlənməyəcəyini qeyd etdi: “Fikirləşirəm ki, əfv
əvvəlki qaydada olacaq. Bu subyektiv fikrimdir. Amma ola bilsin ki, bəzi
siyasi məhbuslar azadlığa çıxsın. Deyə bilmərəm kimlər azad olunacaq.
Hamısı barəsində işlər aparırıq. Çünki həbsdə olanların içərisində
dostlarımız da var. Əlbəttə, onlar üçün çox çalışırıq. Onların günahsız
olduqlarına tam əminik. Bunu hər yerdə qeyd edirik. Hamıya bəllidir ki,
bir-iki nəfər əfv olunur. Siyahılar təqdim olunur. Çalışırıq ki,
siyahılara müdaxilə edək. 
Aidiyyəti orqanlarla danışıqlar aparırıq. Üzərimizə düşən işləri
həyata keçirməyə çalışırıq. İstintaqda olan məhbusların da məsələlərini
qaldırırıq. Hər şey prezidentin səlahiyyətindədir. Amma biz daim xahiş
edirik ki, onlar ya azad olunsun, ya da qərar ev dustaqlığı ilə əvəz
olunsun. Bütün bunlar gündəmdədir. Nə dərəcədə əməl olunacağını söyləmək
çətindir. Onu da qeyd edim ki, əfv yazıb-yazmayan məhbusların arasında
fərq qoyulmaması ilə bağlı da məsələ qaldırmışıq. Çalışırıq ki,
şəxsiyyət kimi heç kəs sındırılmasın. Çünki insan dəyər verdiyinə qarşı
qoyulmamalıdır. Arzu edirəm ki, məhbuslarımız azad olunsun. Bizim də
səy, əziyyətlərimizin bəhrəsi olsun”.
Müsavat başqanının müavini Tofiq Yaqublunun qızı Nigar Yaqublu
atasının bu bayramda əfv gözlədiyini söylədi: “Atamla danışdım. Əhvalı
yaxşıdır. Bu bayramda əfv veriləcəyini gözləyir. Biz də, o da ümid
edirik. Bu gün Penitensiar Xidmətə müraciət etdim. Bayram günündə görüş
verilməsi ilə bağlı. Çünki atamla növbəti görüş yanvarın 4-nə düşür”.
İki gün öncə jurnalist Pərviz Həşimlinin Apelyasiya Məhkəməsi olub.
Hüquq müdafiəçisinin şikayəti təmin edilməyib. Bu qərardan sonra onun
əfvə düşmə ehtimalları yüksəlib. Vəkil Bəhruz Bayramov bu ehtimalları
təsdiqlədi: “Keçən ay biz məhkəməyə müraciət etmişdik. Amma prosesə indi
baxıldı. Ola bilsin ki, səslənən fikirlər real olsun. Başqa əsaslar da
ola bilər. Prezidentin səlahiyyətində olan məsələdir. Pərviz bəyi əfv
edib-etməmək. Açığı, Pərviz Həşimlinin əfv olunacağına ümidləri olduqca
azdır”.

NİDA-çı gənc Rəşadət Axundovun həyat yoldaşı Türkan Hüseynova qərar
verilməmiş hər hansı bir fikir söyləməyin doğru olmadığını qeyd etdi:
“Siyahını görməmiş bir söz deyə bilmərəm. Sadəcə ümid edirik”.

Digər NİDA-çı gənc Zaur Qurbanlının atası Araz Qurbanlı bu bayrama
çox inandıqlarını bildirdi: “Bizə bu barədə bir xəbər deyilməyib. Sosial
şəbəkələrdə çox şey yazıla bilər. Rəsmi şəkildə qərar verilmədən nəsə
söyləmək düzgün deyil. Kimsə uşaqları çox istədiyindən deyə bilər ki,
azadlığa çıxacaqlar. Prezident desə, inanarıq. Hər an vəziyyət dəyişə
bilər. Yüksək səviyyədə çox ümidliyik”.Vəkil Fuad Ağayev Bakının Binə qəsəbəsindəki 2 saylı cəzaçəkmə
müəssisəsində saxlanan REAL Hərəkatının sədri İlqar Məmmədova baş çəkib. İlqar Məmmədov 2013-cü il fevralın 4-dən həbsdədir. O, həmin il
yanvarın 23-24-də İsmayıllıda baş vermiş hadisələrə görə həbs olunub, 7
il müddətinə azadlıqdan məhrum edilib.
Dekabrın 25-də “mediaforum” saytına danışan vəkil Fuad Ağayev deyib
ki, bir müddət əvvəl bərk soyuqlayan İlqar Məmmədovun səhhəti
yaxşılaşıb, hazırda səhhətində heç bir problem yoxdur.
2014-cü ilin may ayında Avropa İnsan Hüquqları Məhkəməsi İlqar
Məmmədovun azadlıq hüququnun və təqsirsizlik prezumpsiyasının
pozulmasını tanıyıb. Məhkəmənin qərarına əsasən, Azərbaycan dövləti
dəymiş mənəvi ziyana görə İlqar Məmmədova 22 min avro təzminat
ödəməlidir. Oktyabrın 14-də Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı
qəti qüvvəyə minib. Qaydalara görə, Avropa İnsan Hüquqları Məhkəməsinin
qərarı qəti qüvvəyə minəndən ən geci 3 ay ərzində icra olunmalıdır.
“İlqar Məmmədov bu yaxınlada azadlığa çıxa bilərmi” sualına Fuad Ağayev şərh verməyib.(musavat.com)
Cavanşir ABBASLI

Short URL: http://www.cumhuriyyet.net/?p=14823

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728