Hakim komandada mer savaşı başlayır

05.01.2015 - 00:37

2015-ci il parlament seçkilərində islahatçı
imici qazanmaq üçün hakimiyyətdə bir sıra ciddi kadr dəyişikliklərinin
aparılacağı haqda fikirlər səslənir. Qurban gedəcək məmurlar arasında Bakı
Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun adı da tez-tez çəkilir.
13 ilə yaxındır paytaxta rəhbərlik edən cənab Abutalıbovun kreslosuna “əlvida”
deyəcəyi iddia edilir.

Bu barədə hakimiyyətə
yaxın mənbələrdən daxil olan məlumata görə, artıq H.Abutalıbovun xələfinin
Naxçıvan klanını təmsil etməyəcəyi dəqiqləşib: “Bu səbəbdən də mer postuna
iddialı olan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı, Naxçıvan əsilli Mikayıl
Süleymanov bu rəqabətdə artıq iştirak etmir. Bu posta can atan Sumqayıt meri
Eldar Əzizov da ambisiyasından əl çəkib. Bakının yeni meri böyük ehtimalla
X.İsgəndərov olacaq”.

Yada salaq
ki, bir qədər öncə H.Abutalıbov Bakı rayonlarının icra başçılarının iştirak
etdiyi toplantıda gözlənilməz mesaj vermişdi: “Bilirəm ki, tezliklə sizdən
kimsə mənim yerimdə əyləşəcək. Arzum budur ki, məndən sonra başçı təyin
olunacaq şəxsin yanına gedəndə məni ən azından qəbul etsin”. Bununla da Bakı
meri yaxın vaxtlarda işdən çıxarılacağına, onun xələfinin Bakı rayonlarının
icra başçılarından biri olacağına işarə vurmuşdu.

Mənbənin
məlumatına görə, X.İsgəndərovun təqdimatını hakimiyyətdə artıq üstün mövqeyə
çıxmış şərti olaraq “Bakı klanı” adlanan qrup hazırlayıb. Xarakter baxımından
qəddar adam sayılan X.İsgəndərov H.Abutalıbovun son 13 ildə meriyada yaratdığı
qruplaşmanı dağıtmağa gücü çatacaq ən münasib namizəd sayılır.

Mənbənin
iddiasına görə, şəhər təsərrüfatında Naxçıvan klanı dominant mövqeyə sahibdir.
Xüsusilə də maliyyə, torpaq və daşınmaz əmlakla bağlı məsələlər istisnasız
olaraq Naxçıvan əsilli məmurların əlindədir. İndi yeni təyin ediləcək merin
qarşısında həmin seti dağıtmaq öhdəliyi qoyulacaq.

X.İsgəndərovun bioqrafiyası da maraqlıdır. O, vergilər
naziri, hazırda siyasi elitanın əhəmiyyətli fiqurlarından birinə çevrilən Fazil
Məmmədovun çox yaxın qohumudur. Gələcək mer karyerasına elə Hacıbala
Abutalıbovun işçisi kimi başlayıb. X.İsgəndərov 2000-2003-cü ildə Bakı Şəhər
İcra Hakimiyyətində ərazi idarəetmə şöbəsində işləyib. Mərhum prezident Heydər
Əliyevin dönəmində yaxın qohumların bir-birinin tabeçiliyində işləməsinə
müəyyən qadağalar olduğundan (söhbət daha çox nazir və onların yaxın
qohumlarından gedir) F.Məmmədov yalnız onu Bakı Şəhər İcra Hakimiyyətində
sıravi işçi kimi işə düzəldə bilmişdi. Ancaq H.Əliyev dünyasını dəyişəndən
sonra bu qayda pozuldu və qohumlar tədricən nazir qohumlarının tabeçiliyinə
keçməyə başladı. Bu dalğada X.İsgəndərov da vergi sisteminə keçid elədi və Yevlax
Ərazi Vergilər İdarəsinin rəis müavini təyin edildi. Az sonra F.Məmmədov ona
daha çox səlahiyyət verdi və Bakı Şəhər Vergilər Departamentinin rəis müavini
vəzifəsinə təyin etdi. Burada o müavin olsa da, gerçək birinci şəxs sayılırdı.
Bütün problemli məsələlər barədə o, qərarlar qəbul edirdi.

Həmin dövrdə onun qeyri-rəsmi bir vəzifəsi də olub. Şəmkir
rayonu F.Məmmədovun kurasiyasına verildiyindən o, burada nazirin tam
səlahiyyətli nümayəndəsi kimi qeyri-rəsmi ödənişlərin yığılması ilə məşğul
olub. Eyni zamanda iş adamlarını təqib etmək, onların xəraclarla yüklənməsi də
onun “funksiyalarına” daxil imiş. Yəni Şəmkirdə qəddarlığına görə ad çıxara
bilib. Deyilənə görə, onun Binəqədiyə başçı göndərilməsi Şəmkirin biznes
elitası tərəfindən toy-bayram kimi qeyd edilib.

Belə bir şəxsin mer postuna hazırlanması seçkidən sonra
klanlar arasında mülkiyyətin yenidən bölüşdürüləcəyi ilə bağlı rəqabətin
şiddətlənəcəyindən xəbər verir. Yaxın keçmişdə dəfələrlə analoji halların
şahidi olmuşuq. 2001-ci ildən Bakı meri postuna yiyələnən cənab Abutalıbovun
ilk işi ondan qabaqkı merin – mərhum Rəfael Allahverdiyevin qruplaşmasını
darmadağın etmək oldu. H.Abutalıbov R.Allahverdiyevin dövründə sıravi işdə
çalışanlara belə rəhm etmədi. Eyni təmizləməni indi yeni təhsil naziri Mikayıl
Cabbarov da həyata keçirir – Misir Mərdanovla işləmiş məmurları nazirlikdən
təmizləməklə məşğuldur. Elə X.İsgəndərov da özündən əvvəlki başçının – Milli
Məclisin sədri Oqtay Əsədovun qudası Alı Qocayevin setini qısa müddətdə
dağıtdı. Görünür, onun elə bu təcrübəsini nəzərə alan hakimiyyət ona
H.Abutalıbovun 13 ildir qurduğu seti dağıtmağı tapşırmaq niyyətindədir.

Short URL: http://www.cumhuriyyet.net/?p=14971

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930