ABŞ Bakıya qarşı sanksiyalara başlayır?

05.01.2015 - 12:06

“Dekabrın 18-də Dövlət katibinin
yardımçısı Tom Malinowski AzadliqRadiosuna müsahibəsində Azərbaycan
hakimiyyətinə xəbərdarlıq səsləndirdi ki, özünün ictimai
sektora hücumları ilə ABŞ-Azərbaycan münasibətlərini təhlükə altına
qoyur.

ABŞ-A MEYDAN OXUMAQ

Bundan 8 gün sonra prokurorluq və polis AzadliqRadiosunun Bakı
ofisinə basqın edərək avadanlıq və sənədləri müsadirə etdi, ofisi
möhürlədi, radio əməkdaşlarını isə həbs və sorğu-suala məruz qoydu.

Bu, ABŞ-a birbaşa meydan oxumaq idi, Obama administrasiyası İlham
Əliyev rejiminə belə hərəkətlərin nəticəsiz qalmayacağını nümayiş
etdirməlidir”.

Bunu, WSJ-da “Quldur rejimi ABŞ-a meydan oxuyur” başlığı
ilə dərc olunan şərhində Freedom House-un sabiq prezidenti, hazırda
Vaşinqtondakı McCain institutunun baş direktoru David Kramer yazır.

“ÇİRKİN KAMPANİYA”

AzadlıqRadiosunun ABŞ Konqresi tərəfindən maliyyələşdirilən media
qurumu olduğunu xatırladan müəllif radionun əməkdaşı Xədicə İsmayıl da
daxil olmaqla Azərbaycanda hüquq müdafiəçiləri və ictimai fəalların
saxta ittihamlarla həbsindən yazır. Ramiz Mehdiyev başda olmaqla
getdikcə güclənən antiamerika ritorikasını qeyd edən müəllif prezident
administrasiyanın şöbə müdiri Novruz Məmmədovdan sitat gətirir, onun
ABŞ-ın ATƏT səfirinə qəzəbli cavabında ABŞ-ı “Korrupsiya və zorakılığın
beşiyi” adlandırdığını yazır. Kremerin fikrincə, Azərbaycanda baş verənlər ABŞa qarşı “çirkin kampaniyadır”.

Müəllif Leyla Yunusa, İlqar Nəsibova qarşı zorakılıq və insan
haqlarının pozulmasında dair bir sıra başqa hallardan da yazaraq
xatırladır ki, Azərbaycanda siyasi məhbusların sayı Rusiya və
Belarusdakıların birgə sayından çoxdur. Müxalifət fəllarının, o cümlədən İlqar Məmmədov və Tofiq Yaqublunun
əsassız ittihamlarla həbs olunmasını bildirən Kramer “bu siyasi
məhbuslardan heç biri Prezident Əliyevin ötən il verdiyi illik
amnistiyaya düşmədi,” deyə əlavə edir.

İKİ VACİB ADDIM

Vətəndaş cəmiyyətinə qarşı hücumlar sırasında David Kramer bir neçə
Amerika təşkilatının – İREX, Milli Demokratiya İnstitutu, Transparency
İnternational və Oxfam-ın ofislərinin bağlanmasının olduğunu da yazır. “Niyə Əliyev rejimi düşünür ki, bu pozuntularını davam etdirə bilər?”
– deyə Kramer soruşur və cavabın sadə olduğunu yazır: “Çünki indiyədək
poza-poza gəlib”. Müəllifin fikrincə, Obama administrasiyası Prezident Əliyevə xəbərdarlıq kimi 2 vacib addımı atmalıdır.

Birinci təklif Maqnitski işindən sonra Rusiya rəsmilərinə qarşı
yönələn sanksiyalara bənzər addımların Bakıya da tətbiq olunmasıdır.
Kramer yazır ki, insan haqlarının pozulmasında iştirak edən Azərbaycanın
vəzifəli şəxslərinə ABŞ vizası qadağası tətbiq olunmalı, onların ABŞ
banklarındakı hesabları dondurulmalıdır.

“2011-ci ilin avqustunda verilmiş rəsmi fərmana görə ciddi insan
haqları pozuntularına yol verən şəxslərə viza verilməsi qadağan olunur”.
Azərbaycan rəsmiləri bu qrupa daxildir” Kramer yazır.

BOYKOT

2-ci təklif isə Azərbaycanda keçiriləcək Avropa oyunlarının boykot
edilməsi haqda təşəbbüs irəli sürmək, Avropa liderlərini Soçi
Olimpiadasında olduğu kimi açılış mərasimində iştirakdan imtina etməyə
çağırmaqdır. Müəllifin fikrincə, belə bir addım bu oyunların Bakıda
keçirilməsini “tarixi hadisə və böyük uğur” kimi qələmə verən cənab
Əliyevin şöhrətpərəstlik hisslərini səngidərdi. “Avropa Oyunların korporativ sponsorları – BP, Procter & Gamble
və McDonald’s Əliyev rejiminin oyuncaq layihəsini dəstəkləmədən öncə
düşünməlidirlər. Jurnalistlərə və vətəndaş cəmiyyətinə, eləcə də ABŞ-a
hücumların davam etdiyi bir vaxtda Azərbaycanla əməkdaqşlıq həmişəki
kimi davam edə bilməz,” Kramer yazır.

“Rusiya və İran arasında yerləşən, Qafqaz və Orta Asiyanı Avropa və
dünya bazarlarına birləşdirən Azərbaycan enerji və təhlükəsizlik
baxımından strateji əhəmiyyət daşıyır. Ancaq nə qədər ki, Əliyev rejimi
əhalisi ilə pis davranır və ABŞ-a meydan oxuyur, ona başa salınmalıdır
ki, bu hərəkətlər ona baha başa gələcək,” David Kramer şərhini belə
yekunlaşdırır. (Azadlıq Radiosu)

Short URL: http://www.cumhuriyyet.net/?p=14991

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728