Rüstəm İbrahimbəyov Milli Şura ilə yollarını ayırır

07.01.2015 - 13:00

 

 

Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov bu qurumla yollarını ayırmaq niyyətindədir.

İbrahimbəyov məsələ ilə bağlı Milli Şura
sədri Cəmil Həsənli ilə telefon danışığında müzakirə aparıb.

Mənbə İbrahimbəyovun gedişinin bir neçə səbəbi olduğunu bildirib.

“O, əvvəldən siyasətə qoşulduğu, Milli Şuranın sədri olduğu üçün peşman
idi. Özü də müsahibələrində bunu dəfələrlə dilə gətirib. Yəni 2014-cü
ilin başlanğıcından qurumdan getmək istəyirdi. Faktiki olaraq, fəxri
sədr olsa da, Milli Şuranın heç bir işinə qarışmır. Məlumatlar var ki,
o, hökumətlə münasibətlərini yenidən yoluna qoymaq niyyətindədir.
Qardaşı Maqsud İbrahimbəyov də bu məsələdə təkid edir. Lakin Rüstəm
müəllim vaxtilə birgə olduğu insanları yarı yolda qoymaq istəmir. Buna
görə də indiyə qədər fəxri sədr olaraq qalıb. Son vaxtlar isə Milli
Şuranın fəaliyyətindən narazılığını açıq şəkildə bildirir. Əsas
narazılığı AXCP ilə bağlıdır. Çünki Əli Kərimli qurumdakı hər kəsi yola
saldı və faktiki olaraq, Milli Şura AXCP-dən ibarətdir. KXCP ilə
problemin yaranmasından sonra Rüstəm müəllim açıq etirazını bildirdi.
Söhbət hansısa partiyanın getməsindən yox, Əli Kərimlinin apardığı
siyasət nəticəsində Milli Şuranın təklənməsindən gedir. Buna görə də
Rüstəm müəllim ümumiyyətlə Milli Şura ilə yollarını ayırmaq
niyyətindədir”, – deyə adının açıqlanmasının istəməyən Milli Şura üzvü
bildirib.

Qeyd edək ki, ötən ilin əvvəlində R. İbrahimbəyov fəxri sədrlikdən
istefa verməklə bağlı Milli Şuraya rəsmi müraciət etmişdi. Lakin bu,
müəyyən müddətə təxirə düşdü.

Məsələ ilə bağlı Publika.az-a
danışan qurumun üzvü Eldəniz Quliyev bundan xəbərsiz olduğunu bildirib:
“Məndə belə bir məlumat yoxdur. Rüstəm müəllim fəxri sədrdir. Fəxri
sədr, bildiyimiz kimi, ümumi statusdur və qurumun işlərində mütləq
formada aktiv iştirak etməyə məcbur deyil. Bildiyim qədər, Rüstəm
müəllim Cəmil Həsənli ilə telefon əlaqəsi saxlayır, bəzi məsələləri
müzakirə edir. Amma bu məsələnin gündəmdə olduğunu bilirəm”.

Milli Şuranın digər üzvü Vidadi Mirkamal da Publika.az-a
R. İbrahimbəyovun Milli Şuranın işlərinə qarışmadığını açıqlayıb: “Ola
bilsin ki, Cəmil Həsənli ilə əlaqələri var. Lakin mənimlə heç bir təması
olmayıb. Rüstəm İbrahimbəyovun Milli Şuranın işinə hansısa formada
müdaxilə də etdiyini, yaxud qurumun işində iştirak etdiyini görməmişəm.
O, Milli Şuranın yaradılmasının təşəbbüskarı olduğu zaman fəxri sədr
olması qərara alındı. Əvvəldən bunun simvolik olduğu məlum idi. Onsuz da
o, əvvəldən ictimai-siyasi həyata nüfuz etmək imkanında deyildi. Bu gün
Milli Şuranın onun qarşısında hansısa öhdəliyi yoxdur”.

 

 

Short URL: http://www.cumhuriyyet.net/?p=15024

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728