Bakı-Ankara ittifaqının İrəvana qarşı hücum planı

17.01.2015 - 10:22

Ərdoğan Çanakkala zəfərinin 100
illiyi törəninə Sərkisyanı da dəvət eləməklə, “24 aprel iddiası”na qarşı
uğurlu 24 aprel gedişi etdi; Moskvadan isə İrəvana xəbərdarlıq mesajı
gəldi…

Azərbaycan
prezidenti İlham Əliyevin 2015-ci ildə xaricə ilk səfərini Türkiyəyə
etməsi bir çox parametrlərinə görə özünü doğrultdu. Səfər ikitərəfli
münasibətlərdəki bütün strateji sahələr, o cümlədən Qarabağ, erməni-türk
məsələləri üzrə Bakı ilə Ankara arasında ciddi fikir ayrılığının
olmadığının təsdiqi oldu, həmçinin bəzi nöqtəsiz “i”-lərin üzərinə nöqtə
qoydu.
Ziyarətin uydurma “soyqırımın” 100
illiyi ərəfəsinə təsadüf eləməsi isə xüsusi önəm daşıyırdı.
Prezidentlərin bu mövzuya məxsusi yer ayırması da təbiidir. Aparılan
müzakirələrin Azərbaycanı qane eləməsini İlham Əliyevin birgə mətbuat
konfransında söylədiyi fikirlərdən görmək olar. Sitat: “Bu il Türkiyədə
tez-tez olacağam. Aprelin 24-ü biz Çanakkala zəfərini birgə qeyd
edəcəyik. Bu tarixin seçilməsinə görə özümün və Azərbaycan xalqı adından
sizə minnətdaram”.
Yeri gəlmişkən, uydurma
iddianın 100 illiyi yaxınlaşdıqca Türkiyə hücum diplomatiyasını
gücləndirməkdədir. Bunu həm də prezident Rəcəb Tayyib Ərdoğanın
Ermənistan prezidenti Serj Sərkisyana Türkiyəni ziyarət eləmək üçün
rəsmi dəvət yollamasından görmək olar. Dəvət Çanakkala zəfərinin 100
illiyi törənlərinə qatılmaqla bağlıdır. 
O da
bəlli olub ki, Türkiyə Çanakkala döyüşünün 100 illiyi ilə əlaqədar
aprelin 23-24-də böyük tədbirlər planlaşdırır. Bu məqsədlə Ərdoğan 102
ölkənin dövlət başçısına, o cümlədən ABŞ prezidenti Barak Obamaya və
Ermənistan başçısı Serj Sərksiyana da rəsmi dəvət göndərib. Türkiyə və
Azərbaycan həm də çevrə dövlətlərinə seçim etmək imkanı yaradacaq. Kim
onlarla, kim ermənilərlə –  səhnə aydınlaşacaq; heç şübhəsiz, belə
vəziyyət ermənilərə diskomfort yaradacaq.
Sərkisyana
dəvət isə təbii ki, incə şəkildə əsaslandırılıb. “Çanakkala
döyüşlərində başqa etnik qruplar kimi, Türkiyə ordusu tərkibində
ermənilər də vuruşub. Bu səbəbdən biz Sərkisyana da dəvət göndərdik”, –
deyə adının çəkilməsini istəməyən türk məmurlarından biri söyləyib.
Başqa
sözlə, bu dəvətlə əgər bir yandan saxta erməni məsələsinin İrəvanda
planlaşdırılan 100 illik törəninin effekti azaldılırsa və Ərdoğanın
Ermənistana getməkdən imtinasına sanballı əsas yaradılırsa, başqa
yandan, ermənilərə və dünya birliyinə əhəmiyyətli bir mesaj
(“Çanakkalada ermənilər də vuruşub”) verilir ki, bunu da uğurlu
təbliğati-diplomatik gediş saymaq olar. Sözsüz ki, Sərkisyan aprelin
23-də Türkiyəyə getməyəcək. Ancaq bir gün sonra Ərdoğanın İrəvana
getməməsi üçün də sanballı motiv yaratmış olacaq…
Qeyd
edək ki, bu arada bəzi təhlilçilər Türkiyənin bədnam yubileylə bağlı
təzyiqlərdən yayınmaq üçün aprelin 24-dək İrəvanda diplomatik
nümayəndəlik açacağını proqnoz edirdilər. Lakin İlham Əliyevin Türkiyə
səfəri zamanı verilən mesajlar, Çanakkala zəfərinin ildönümü törənləri
bunu xeyli dərəcədə gündəmdən çıxarır. Qənaət hasil olur ki, Ankara belə
bir addımı yalnız Qarabağ məsələsində mühüm irəliləyiş olacağı təqdirdə
mümkün görür.
****
Rusiya mətbuatı isə Azərbaycanın
dövlət başçısının Türkiyəyə prezident Putinin səfərindən az sonra
yollanmasına diqqət yönəltməklə önəm verir. O Rusiya ki, onun forpost
Ermənistanla münasibətlərində yeni bir çat yaranmaqdadır. Belə ki,
Gümrüdəki 102 saylı hərbi bazanın əsgərinin 6 nəfərlik erməni ailəsini
qətlə yetirdikdən sonra yaranan gərginlik tədricən siyasi-diplomatik
müstəviyə adlamaqdadır. Artıq bazanın ölkədən çıxarılması tələbləri
gündəmə gəlməkdə, İrəvanda, Gümrüdə Rusiya bayraqları, Putinin
şəxsiyyəti açıq şəkildə təhqir olunmaqdadır. 
Vəziyyətin
dramatikliyini həmçinin Kremlə və ermənilərə (!!) yaxınlığı ilə seçilən
“Reqnum” informasiya agentliyinin baş redaktoru Modest Kolerovun
ermənilərə ünvanlı olduqca sərt açıqlamasından görmək olar (axar.az).
Sitat: “Ermənilər unutmamalıdırlar ki, əgər Rusiya olmasaydı, onları öz
qonşularından heç kim qorumazdı. 18-ci əsrdə böyük rus döyüşçüləri ilə
məmurları sayəsində onlar artıq dövlət və paytaxta sahibdirlər. Onlar
Suriya çöllərində yaşaya-yaşaya üzüm yarpaqlarına qiymə doldurub bükə
bilməzdilər…
70-ci illərdə ermənilər İrəvanın
tarixindən müsəlman keçmişini silmək üçün Sərdar sarayını dağıtdılar.
Bir xalqın tarixini ədəbiyyat nümunələri müəyyən edir, amma ermənilərdə
bu sadəcə, olaraq yoxdur. Öz mətbəxlərini isə tamamilə türk və
azərbaycanlılardan götürərək, hətta adlarını dəyişməyərək lülə-kabab,
basdırma, bozbaş, dolma, kabab, düşbərə, piti kimi eyni saxlayıblar.
Tarixi sənədlərdən göründüyü kimi, İrəvanın sadəcə, 500 yaşı var və o,
1918-ci ildə məhz Rusiyanın köməkliyi ilə Ermənistanın paytaxtı olub.
Buna qədər isə həmin ərazi İrəvan xanlığının mərkəzi idi. Tarix isə hələ
də heç bir erməni imperiyası tanımır və əgər 1918-ci ilə qədər Qafqazda
erməni dövləti olubsa, o zaman onun hara itməsindən tarixçilər indiyə
qədər baş çıxara bilmir. Onlar 19-cu əsrdə meydana çıxan Xaçatur
Abovyana qədər heç bir yazıçıya sahib deyildilər. Yüz illər ərzində
xalqı idarə edənlər onun başına yeridirlər ki, biz ən qədim və
ağıllıyıq, amma özləri Ermənistandan qaçaraq sərhədlərini ruslardan
qorumağı xahiş edirlər. Rusiyada əlyazmalar yanmır. Bunu ermənilərə
daima xatırlatmaq lazımdır ki, dünyanı özlərinə güldürməsinlər…”
*****
Uydurma
soyqırımın 100 illiyinə 3 ay qalmış İrəvanın Moskva ilə
münasibətlərində soyuqluğun yaranması, Kremlə yaxın şəxsin dilindən belə
bir xəbərdarlıq mesajının səslənməsi əlbəttə ki, məsələdə hücum
diplomatiyasına köklənməkdə olan Bakı və Ankaranın strateji maraqlarına
bütünlüklə cavab verir.(musavat.com)

Short URL: http://www.cumhuriyyet.net/?p=15418

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728