Toni Bleyeri Azərbaycana görə məhşər ayağına çəkəcəklər
Britaniyanın keçmiş baş naziri Tony Blair “gəlirləri və
gizli maliyyə imperiyası barədə” parlament qarşısında sorğu-sual
ediləcək. Britaniyanın “Sunday Times” qəzeti yazır ki, keçmiş baş nazir
“Azərbaycanın despotik rejimi” tərəfindən dəstəklənən qaz kəmərinin
“məsləhətçisi” kimi qazanmağa hazırlaşdığı milyonlarla funt sterlinq
pulla əlaqədar suallara cavab verməli olacaq.
Parlament təşəbbüsü qaydasında təklif olunan müzakirədə söhbət baş
nazirlərin vəzifədən getdikdən sonra xarici ölkələr üçün gördükləri işin
müqabilində əldə etdikləri gəlirlərin şəffaflığından və
hesabatlılığından gedəcək. “Sunday Times” qəzetinin baş məqaləsi şəklində dərc olunmuş yazıda
deyilir ki, Tony Blair indiyədək bu cür hesabat verməkdən boyun qaçırıb,
çünki indi o, rəsmən nə millət vəkili, nə də Lordlar Palatasının
üzvüdür.
​Qazaxıstan və Azərbaycan biznesi
Mövcud qaydalara görə, baş nazirlər vəzifələrini tərk etdikdən yalnız
azı iki il sonra “məşvərətçi” kimi fəaliyyət göstərə bilərlər. Qəzet yazır ki, Tony Blair-in müştəriləri arasında Qazaxıstan
prezidenti Nazarbayev də var və keçmiş baş nazirin məsləhət firması bu
ölkədəki işinə görə ildə 8 milyon funt sterlinq qazanıb.
Bu da qeyd olunur ki, Blair həmçinin Azərbaycan qazını Avropaya
daşıyacaq kəmərin məsləhətçisi kimi yeni sifarişi üzərinə götürüb.
“Sunday Times” xatırladır ki, Azərbaycan hökuməti bu yaxınlarda vətəndaş
cəmiyyəti üzərinə hücumlarına görə ABŞ tərəfindən kəskin tənqid edilib.
Tony Blair-in ofisi onun qazandığı pulların miqdarı barədə iddiaların uydurma olduğunu bildirsə də, heç bir rəqəm açıqlamayıb.
“Şəxsi varlanma yolunu tutan Blair…”
Parlamentin mühafizəkar üzvü Andrew Bridgen deyib ki, keçmiş baş
nazirlər vəzifələrini tərk etdikdən sonra ictimai həyatlarını Nolan
prinsipləri kimi tanınan 7 prinsip üzərində qurmalıdırlar. Bu prinsiplərə aşkarlıq və hesabatlılıq da daxildir. Millət vəkili bildirib ki, “şəxsi varlanma yolunu tutan Blair,
ictimai maraqlarla şəxsi maraqlar arasındakı sərhədi aşılandırıb”. O deyib ki, cənab Blair istefadan sonra xarici ölkədə işləyən ilk
keçmiş baş nazirdir, lakin ictimai xadim olaraq qaldığı halda, heç bir
hesabat vermək istəmir.
Parlamentə hörmətsizlik
“Sunday Times” yazır ki, mövcud qanunlara görə, Tony Blair keçmiş baş
nazir kimi ictimai fəaliyyət üçün indi də dövlətdən pul yardımı almaq
hüququna malikdir. Məqalədə deyilir ki, 2012-13-cü illər üçün Tony Blair bu hesabdan da
maksimum mümkün olan məbləği – 115 min funt sterlinqi artıq alıb.
Bu da bildirilir ki, ötən həftə Tony Blair Şimali İrlandiya məsələsi
ilə bağlı parlament komitəsinə dəvət olunsa da, gəlməyib və beləliklə,
ölkənin ali məclisinə “hörmətsizlik” göstərib.
Məxfi məşvərətçi
Britaniya mətbuatı yazır ki, Tony Blair vəzifəsini tərk etdikdən
sonra böyük “biznes-xeyriyyə” imperiyası qurub və hazırda onun dəyəri
100 milyon funt sterlinqdir. “Sunday Times” bildirir ki, keçmiş baş nazir bunun yalnız 20 milyonunu etiraf edib. Qəzet yazır ki, Səudiyyə Ərəbistanının “PetroSaudi” adlı şirkəti ilə
bağlanmış sazişə görə Tony Blair-in firması həmin şirkətin istənilən
uğurlu biznes aktı üçün gəlirin 2 faizini əldə etməlidir. “PetroSaudi” bildirir ki, bu sazişə görə Tony Blairin rolu məxfi qalmalıdır.
Blair-in mürəkkəb sxemi
Tony Blair bir neçə şirkətdən ibarət mürəkkəb strukturlu biznes qurub
və özü də etiraf edir ki, “bunu müştərilərinin yersiz sorğu-sual
edilməməsi” üçün düşünüb.
“Sunday Times” yazır ki, Blair-in başqa bir biznes sazişi onun
Azərbaycan qazını İtaliyaya nəql etməli olan və “Cənub dəhlizi” kimi
tanınan, habelə BP ilə Azərbaycanın dövlət neft şirkəti – SOCAR
tərəfindən maliyyələşdirilən kəmər layihəsindəki “məsləhətçi” roludur.
Məqalədə deyilir ki, Blair bu roluna görə xüsusi məşvərət palatasında
oturacaq və “Goldman Sachs” bankının sədri Peter Sutherland da bu
palatanın üzvüdür.
Qəzet xatırladır ki, Tony Blair və Sutherland 2007-ci ildə BP-nin 450
milyon funt sterlinqlik neft sazişini imzalamaq üçün birlikdə Liviyaya
səfər ediblər. Sutherland BP-nin keçmiş rəhbəridir.
Reputasiya problemi
BP bildirir ki, bu layihədə Tony Blair siyasi, ətraf mühit və “reputasiya problemləri” ilə bağlı məsləhətlər verəcək.
Human Rights Watch təşkilatının Avropa və Mərkəzi Asiya üzrə
direktoru Hugh Williamson deyib ki, Tony Blair bu işin texniki baxımdan
Azərbaycan rejimi ilə bağlı olmadığını söyləyə bilər, lakin SOCAR dövlət
şirkəti kimi məhz hökuməti təmsil edir.
Williamson bəyan edib ki, Tony Blair ya Qazaxıstan və Azərbaycanda
insan haqlarının pozulmasına görə səsini ucaltmalı, ya da heç olmasa bu
ölkələrin hökumətləri ilə işləməkdən çəkinməli idi. Parlament təşəbbüsünün müəllifi Andrew Bridgenin verdiyi məlumata
görə, Tony Blair bu layihə ilə bağlı iki illik müqavilə bağlayıb və ilə 6
milyon funt sterlinq maaş alacağı gözlənilir.
“Sunday Times”ın yazdığına görə, Tony Blair-in sözçüsü bildirib ki,
sözügedən layihə Britaniya hökuməti və Avropa İttifaqı tərəfindən
dəstəklənir, o ki qaldı cənab Blair-in əldə edəcəyi qazanc barədə
rəqəmlərə, onlar şişirdilib və tamamilə uydurmadır.(Azadlıq Radiosu)
Short URL: http://www.cumhuriyyet.net/?p=15459