Ayaz Mütəllibov 20 yanvar ərəfəsində Azərbaycan xalqına minnət qoydu

19.01.2015 - 13:12

“1990-cı ilin yanvarında AXC və Kreml arasında qan töküldü”

“1990-cı ilin yanvarında AXC və Kreml arasında qan töküldü”

“Məni günahkar sayanlar anlamalıdırlar ki,  Azərbaycanın ilk prezidenti haqqında belə şayiələri yaymaqla, Azərbaycanın dünyadakı imicini yerə vururlar və çalışırlar ki, siyasi uğursuzluqlarını ört-basdır etsinlər”, -bunu a24.az-a eksklüziv müsahibəsində Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov deyib. O, ölkəmizdə və dünyada baş verən proseslər, qanlı 20 Yanvar hadisələri, Dağlıq Qarabağ münaqişəsi, Fransada baş verən son olaylar və digər məsələlər barəsində maraqlı açıqlamalar verib. Cumhuriyyet.az həmin müsahibəni olduğu kimi diqqətinizə çatdırır:

– Ayaz müəllim, 2014-cü il başa çatdı. Ötən il ölkəmizin siyasi və digər sahələrdə əldə etdiyi nəticələri necə qiymətləndirirsiniz?

– Azərbaycan Respublikasının ötən ildə əldə etdiyi siyasi nəticələri təhlil edərkən bu məsələyə iki müstəvidən – xarici və daxili siyasət müstəvisindən yanaşmaq lazımdır. Hər şeydən əvvəl onu qeyd etməliyik ki, ötən il sülh və stabillik şəraitində keçmişdir. Dünyanın qeyri-stabil geosiyasi şəraitində bu, çox ciddi nəticədir. İqtisadiyyat sahəsində əsas makro iqtisadi göstəricilərə riayət olunmuşdur. Dünyada başlayan qlobal iqtisadi böhran fonunda bu, yaxşı göstəricidir. Onu da qeyd etməliyik ki, ötən ildə ölkə iqtidarı tərəfindən iqtisadiyyatın struktur islahatları davam etdirilmişdir. Bu, vacib məsələdir və ölkə iqtisadiyyatının neftdən asılılığını azaldır. Dünya böhranı nəticəsində ortaya çıxan problemlərə baxmayaraq ötən ildə ölkə büdcəsindən irəli gələn bütün sosial öhdəçiliklər yerinə yetirilmişdir. Ökənin şəhər və rayonları inkişaf etmiş və bir sıra nəhəng obyektlərin tikilməsi davam etdirilmişdir. Bu da öz növbəsində respublikanın şəhər və rayonlarının, o cümlədən, paytaxt Bakının simasını dəyişmişdir.

– Ümumi olaraq ölkəmizin siyasi vəziyyətini necə dəyərləndirirsiniz?

– Ökəmizin siyasi vəziyyətinə gəldikdə, onu qeyd etməliyik ki, xarici təzyiqlərə baxmayaraq, ölkə rəhbəri regionda qüvvələr balansını saxlaya bilib və belə şəraitin olması ölkənin inkişafını təmin edir. Bununla belə, ötən il sosial proqramlar realizə edilsə də, müəyyən məsələlər qalır ki, onların həlli çox vacibdir. Hər şeydən əvvəl əhalinin rifah halının yaxşılaşdırılmasına fikir vermək lazımdır, çünki bunun ictimai vəziyyətə təsiri böyükdür

– Bu il Dağlıq Qarabağ münaqişəsinin həllində nə kimi nəticələr gözləyirsiniz? Əgər danışıqlar nəticə verməsə, Azərbaycan və Ermənistan arasında müharibə gözləniləndirmi?

– Əfsuslar olsun ki, Qarabağ konfliktinin həlli prosesində heç bir irəliləyiş görmürük . Ötən ildən başlayan qarşıdurmalar hələ də davam edir. Məsələ bundadır ki, Qarabağ faktorundan Azərbaycana təzyiq vasitəsi kimi istifadə edə bilərlər və bu qarşıdurma hələlik qüvvələrin toqquşduğu sahədə geniş miqyas ala bilər.

– Qarşıdan qanlı 20 Yanvar faciəsinin ildönümü gəlir. Bu barədə nə deyə bilərsiniz?

– Hər şeydən əvvəl, dərin hüznlə 20 yanvar gecəsi həlak olanların qohumlarına və yaxınlarına baş sağlığı verirəm. Onlar ölkəmizin layiqli vətəndaşları idilər. Bəzi məsuliyyətsiz insanların çağırışlarına inanaraq, öz canlarını Vətən yolunda əsirgəmədilər. Onlar ictimai və konstitusion quruluşu təmin etmək adı ilə Azərbaycan respublikasına, SSRİ rəhbərliyi tərəfindən göndərilmiş silahlı əsgərlərin qarşısını almaq üçün, həqiqətən, vətənpərvərlik nümayiş etdirdilər. Mən bir neçə dəfə KİV nümayəndələrinin 20 Yanvar faciəsinin səbəbləri ilə bağlı suallarını cavablandırmışam və təkrarlamaq istəmirəm. Təəssüf edirəm ki, respublikanın özündə müəyyən qüvvələr vardı ki, Moskva ilə mənasız qarşıdurmada insanların həyatı üçün real təhlükəni nəzərə almadılar. Vətəndaşları piketlərdən uzaqlaşdırmadılar. Dağlıq Qarabağda baş verən hadisələrin azərbaycanlılara psixoloji təsiri o qədər böyük idi ki, güclü təbliğat nəticəsində onları istənilən provakasiyaya çəkə bilərdilər. Buna səbəblərdən biri erməni separatçılarının Dağlıq Qarabağda etdikləri özbaşınalıqlar və həmin dövrdə ölkə rəhbərliyinin öz nüfuzunu itirməsi idi. Hüquq mühafizə orqanları demək olar ki, kənara çəkilmiş və əksəriyyəti bəzi dövlət məmurları kimi, açıq şəkildə dırnaqarası demokratik qüvvələrlə əməkdaşlıq edirdilər. Azərbaycanın çoxminli kommunist partiyası da vəziyyəti şəhər və rayonlarda , o cümlədən, Bakıda nəzarətdə saxlayan radikal meylli müxalifətin qarşısını ala bilmədi. 1980-ci illərin axırları və 1990-cı illərin əvvəllərində baş verən hadisələri Qarabağ faktoru ilə əlaqələndirmək lazımdır. Mərkəzi hökumətin vəzifəli şəxsləri koflikti beşiyində həll etmək əvəzinə, susdular. Azərbaycanda vəziyyətin gərginləşməsində marağı olan qüvvələr bu faktordan istifadə edirdilər və beləliklə, konflikti dəstəklədilər. Aydındır ki, radikal yenidənqurma konsepsiyasını, daha doğrusu, SSRİ-nin siyasi və iqtisadi əsaslarının liberallaşdırılmasını qəbul etmiş Kreml müttəfiq respublikalarda da siyasi rejimlərin dəyişdirilməsi, hətta onların SSRİ-nin tərkibindən çıxması üçün separatizmin güclənməsi sahəsində işlər aparırdı. Xüsusən bu, özünü, separatizmə tutulmuş müttəfiq respublikalarda baş verən millətlərarası konfliktlərdə büruzə verirdi. Deməli, yenidənqurmanın strateqləri respublikaların mərkəzdənqaçmasının qarşısını almaq üçün müttəfiq respublikalarda Sov. KP strukturlarını hörmətdən salırdılar. Onlar bu məsələni Zaqafqaziya respublikalarında uğurla həyata keçirmişdilər. O zaman ərazi konfliktləri nəticəsində SSRİ-nin bünövrəsini təşkil edən kommunist təşkilatları dağıdılmışdı və hakimiyyətə Kreml tərəfindən legitimləşdirilmiş, xalq cəbhələri adı ilə ictimai hərəkatı təşkil edən yeni qüvvələr can atırdılar. Onlar ilk dövrdə kommunist təşkilatlarına müxalifət rolunu oynamalıydılar. Yenidənqurma arxitektorlarının səhvi onda idi ki, siyasi səhnədən Sov. KP-ni silməklə, özlərindən asılı olmayaraq beynəlmiləlçilikdən əl çəkib radikal millətçiliyi ortaya atdılar. Bu tamlığı ilə ortaya çıxanda isə Mərkəz tələsik şəkildə mərkəzdənqaçma tendensiyaları güclü olan bir sıra müttəfiq respublikalarda güc tətbiq etməyə başladı. Vilnüsə, Tiflisə, Bakıya ordunun yeridilməsini bununla izah etmək olar . Təsadüfi deyil ki, 1990-cı ilin yanvarında AXC və Kreml arasında qan töküldü. O zaman isə respublika rəhbərliyi artıq gözdən salınmışdı və heç cür Qarabağ hadisələrindən irəli gələn təhlükəli konfrontasiyanın qarşısını ala bilmirdi.

 Qanlı 20 Yanvar hadisələrinin günahkarları sırasında hələ də sizin adınız hallandırılır. Buna cavabınız nədir?

– Yuxarıda göstərdiyim faktlar bəs edir ki, o dövrdə baş verənlərin mahiyyətini anlayasan. 20 Yanvar Qorbaçovun apardığı dağıdıcı siyasətin nəticəsi idi və burada heç bir Azərbaycan rəhbərinin günahı yoxdur. O ki qaldı məni günahkar sayanlara, anlamalıdırlar ki, Azərbaycanın ilk prezidenti haqqında belə şayiələri yaymaqla, Azərbaycanın dünyadakı imicini yerə vururlar və çalışırlar ki, siyasi uğursuzluqlarını ört-basdır etsinlər. Azərbaycan demokratik ölkədir, hər kəsin öz fikri var, ancaq obyektiv olsalar, daha yaxşı olardı.

– Bir neçə gün əvvəl Fransada Muhəmməd peyğəmbərin karikaturasını çap edən “Charlie Hebdo” satirik jurnalının redaksiyasına basqın oldu. Qərb baş verən hadisələrin səbəbkarı kimi bu dəfə də müsəlmanları günahlandırdı. Bu haqda fikrinizi bilmək istərdik…

– Fransada baş verən hadisələr bütün dünyanı çalxalandırdı. Anti-islam və anti-müsəlman qüvvələrini bir yerə gətirdi. Bu, çox xətalı prosesdir və Avropada müsəlman-xristian qarşıdurmasına gətirib çıxaracaq. Faşist meylli partiyaları və qrupları gücləndirəcək. Faktiki olaraq Avropanı liberalizmdən uzaqlaşdıracaq.

– Jurnal müəyyən Qərb ölkələrinin rəhbərlərinin dəstəyi ilə  müsəlmanlara qarşı yenidən ati-islam kompaniyasını davam etdirir. Bu, sonda hansı nəticələrə səbəb ola bilər?

– Qərb ölkələrinin jurnalın fəaliyyətini dəstəkləməsi düzgün deyil. Avropa liderləri tolerantlığa və demokratiyanın əsas prinsipinə -ədalət prinsipinə riayət etsəydilər, indi “Şarli” hadisələri olmazdı. Çox konfessiyalı ölkələrdə dinlərə hörmət stabilliyin əsas faktorlarından biridir.

– Ayaz müəllim, son olaraq, ürəyinizdən cavablandırmaq keçən, amma bu günədək sizə ünvanlanmayan sual varmı? Və həmin suala öz cavabınız nə olardı?

– Var: xalqım nəyə görə mənə sağ ol deməlidir? Cavab verərdim: hər şeydən əvvəl xalqımı, dövlətimi sevdiyimə görə, demokratik seçkilər keçirtdiyimə görə, Azərbaycandan bütün erməniləri çıxartdığıma görə, müstəqillik aktına qol çəkdiyimə görə, 2 mart 1992-ci ildə Azərbaycanı dünyaya tanıtdığıma və hər şeydən əvvəl xalqıma daha yaxın insan olduğuma görə…

Amid Əyyuboğlu

Short URL: http://www.cumhuriyyet.net/?p=15483

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728