Angela Merkel Qarabağdakı atışmalara görə Rusiyanı ittiham etdi
Azərbaycan prezidenti İlham Əliyevlə
Almaniya kansleri Angela Merkel arasında danışıqlardan sonra keçirilən
mətbuat konfransında Qarabağa dair sensasion bəyanatlar səslənib. İki ölkə liderlərinin birgə mətbuat
konfransının materialları Almaniya hökumətinin rəsmi saytında
yerləşdirilinb və orada deyilir ki, kansler Merkel Dağlıq Qarabağ
münaqişəsi zonasında zon zamanlar artan gərginliyə görə Rusiyanı
günahlandırıb.
Bu ittihamla çıxış etməzdən əvvəl Merkel deyib ki, Almaniya
Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağa görə hökm sürnən
münaqişənin nizamlanmasında iştirak etmək istəyir. Merkelin sözlərinə
görə,onlar Azərbaycan prezidenti ilə belə vahid mövqeyə gəliblər ki,
münaqişə dinc yolla həll edilməlidir. “Almaniya münaqişənin nizamlanmasında vasitəçi olmağa can atır. Biz
hesab edirik ki, Avropa Şurası, Avropa İttifaqı bu istiqamətdə birgə
təşəbbüslə çıxış edə və münaqişənin nizamlanmasına müəyyən töhfə verə
bilərlər. Bununla əlaqədar olaraq Azərbaycan Avropa Komissiyası ilə
danışıqlar aparır”-Merkel bəyan edib.
Almaniya kansleri öz nitqində bildirib ki, onun ölkəsi ATƏT-in
Minsk Qrupunun üzvüdür və Ermənistanla Azərbaycan prezidentləri arasında
həmsədr ölkələr-Fransa, Rusiya və ABŞ-ın vasitəçiliyi ilə aparılan
danışıqları dəstəkləyir. Lakin Merkel əlavə edib ki, Rusiya Qarabağ
münaqişəsinin qızışmasında neqativ rol oynayır. “Hesab edirik ki, bu
münaqişənin ancaq bir həll yol var-sülh yolu. Təbii ki, atəşkəsin
tez-tez pozulması halları neqativ faktdır. Hesab edirəm ki, burada
Rusiya müəyyən rol oynayır. Mən bunu sadəcə olaraq qeyd etmək
istədim”-Merkel bildirib.
Rusiya mediası Merkelin Moskvaya ünvanlanmış bu bəyanatını şərh
edərək yazıb ki, Almaniya kansleri son zamanlar Ukrayna məsələsinə görə
Rusiyanın ünvanına tez-tez sərt bəyanatlar səsləndirir. Və kanslerin
Qarabağ münaqişəsini Rusiyanın qızışdırdığına dair bəyanatı bu xəttin
davamıdır. Qarabağ münaqişəsi zonasında Ermənistan silahlı qüvvələrinin
ötən ilin yayından başlayaraq tez-tez təxribatlara əl atmasının
arxasında Rusiyanın dayandığını indiyə qədər bir çox Qərb ekspertləri və
KİV-ləri iddia edirdi. Məsələn, İsrailin Hayfa universitetinin
professoru, ABŞ-ın bir sıra beyin mərkəzləri ilə əməkdaşlıq edən Brenda
Şaffer yazmışdı ki, ötən ilin iyul-avqust aylarında təmas xəttində hər
iki tərəfdən çoxsaylı itkilərlə müşaiyət olunmuş atışmaların arxasında
Rusiya dayanır. Onun fikrincə Rusiyanın məqsədi əvvəlcə bu münaqişəni
qızışdırmaq, sonra öz silahlı qüvvələrini sülhməramlılar adı altında
regiona yeritməkdir. Şaffer iddia edirdi ki, həmin atışmaların ardınca
prezident Vladimir Putin Azərbaycan və Ermənistan rəhbərlərinin Soçi
danışıqlarında Rusiya sülhməramlılarının regionda yerləşdirilməsində
israr edib.
İndi isə bunu-yəni Ermənistanın Rusiyanın təhriki ilə təmas
xəttində atəşkəsi tez-tez pozmasını dolayısı yolla olsa da nüfuzlu Qərb
liderlərindən biri-Almaniya kansleri Angela Merkel bəyan edir. Həmçinin
Merkelin Azərbaycanın Almaniyanı Minsk Qrupunda həmsədr kimi cəlb etmək
üçün Brüssellə danışıqlar apardığını açıqlaması sensasion hesab edilə
bilər. Rəsmi Bakı Minsk Qrupunun indiki tərkibdə fəaliyyətindən
narazılığını tez-tez bəyan edir, ancaq Almaniyanın həmsədr kimi prosesə
cəlb edilməsində maraqlı olduğunu açıq bəyan etməmişdi.
Azərbaycanın Almaniyanı Minsk Qrupunda həmsədr kimi görmək
istəməsi, yaxud Berlinin danışıqlar prosesinə başqa formatda cəlb
olunmasına səy göstərməsi rəsmi Bakının Berlinlə münasibətlərinin nə
dərəcədə strateji önəm kəsb etdiyini təsdiq edir.(vitualaz.org)
Short URL: http://www.cumhuriyyet.net/?p=15607