Azərbaycan yeni “mini-müharibə” astanasında

24.01.2015 - 11:49

Cəbhədəki son gərginliyin ilginc
pərdəarxası;  Xarici “beyin
mərkəzləri” də müharibə anonsu verir…

 

Azərbaycan
ordusu ilə işğalçı qüvvələrin təmas xəttində gərginlik son günlər xeyli
dərəcədə güclənib. Söhbət Dağlıq Qarabağla yanaşı, həm də
Azərbaycan-Ermənistan dövlət sərhədi boyu vəziyyətin gərginləşməsindən
gedir. Diqqət çəkicidir ki, bu günlər cəbhə xəttində erməni tərəf ciddi
itkilər verməkdədir. Təkcə yanvar ayında düşmən ölkənin 12-dən çox
hərbçisi öldürülüb, onlarla yaralısı var.

Dünən düşmənin itkilərin
sırasına daha ikisi əlavə olunub. Azərbaycan Müdafiə Nazirliyinin
mətbuat xidmətindən verilən məlumata görə, Silahlı Qüvvələrimizin
sayıqlığı, düşmənin yaxınlaşmasının əvvəlcədən aşkar edilməsi və görülən
qabaqlayıcı tədbirlər nəticəsində şiddətli atışma zamanı itki verən
ermənilər geri çəkilməyə məcbur edilib. “Qarşı tərəfin ilkin rəsmi
məlumatına görə, işğalçılardan leytenant Karen Qalstyan və sıravi Artak
Sarkisyan məhv edilib. Azərbaycan tərəfi heç bir itki verməyib” –
məlumatda deyilir. 
Maraqlıdır ki, istər
Qarabağ zonası olsun, istərsə də Azərbaycanla sərhəd rayonları,
öldürülən erməni hərbçilər arasında zabitlər, kontrakt əsasında xidmət
edən muzdlu döyüşçülər kifayət qədərdir. Yəni düşmənin yetərincə peşəkar
qüvvələri sarsıdıcı zərbələr almaqdadır və bu, ordumuz adına  əlbəttə
ki, qürurvericidir. Lakin bəzi təhlilçilərə görə, təmas xəttində
müşahidə edilən və vaxtaşırı iri çaplı silahların da istifadə olunmaqla
qanlı döyüşlərə keçdiyi son gərginlik hansısa qorxulu planın müjdəçisi
də ola bilər. 
Təcrübədən
bəllidir ki, belə hallarında hamıdan çox Rusiya maraqlı olur. Ötən ilin
avqustunda münaqişə zonasında baş vermiş “3 günlük müharibə” də əsas
təşəbbüskar kimi Moskvanın “ayağına” yazılmışdı (O zaman – təxribatın
ilk günü nə Azərbaycanın Ali Baş Komandanı, nə də  müdafiə naziri ölkədə
deyildi). Eyni ehtimalı Almaniya kansleri
Angela Merkel iki gün öncə Azərbaycan prezidenti İlham Əliyevlə
Berlində keçirdiyi mətbuat konfransında ilk dəfə olaraq öz ölkəsi
adından dilə gətirdi. Merkel cəbhədə atəşkəsin tez-tez pozulmasında
Rusiyanın rolu olduğunu açıq şəkildə ifadə elədi. Təbii ki, belə
bəyanatlar Moskvada qıcıq yaradır. Kanslerin açıqlamasının Moskvada
dərhal neqativ reaksiya doğurması buna bariz sübutdur.
Ancaq
reaksiyadan asılı olmayaraq erməni-Azərbaycan cəbhə xəttində
situasiyanın növbəti dəfə kritik həddə çatdırılmasında yenə ən əvvəl
şimal qonşumuz maraqlı görünür. Bu qənaət üçün indi ən azından, üç mühüm
səbəb var ortada. 
Birinci,
Ukraynada (Donbasda) geniş miqyasda hərbi əməliyyatların təzədən
bərpası Kremli Qərbin artan təzyiqlərindən yayındırmaq, ümumiyyətlə,
beynəlxalq gendəmi başqa mövzularla məşğul eləmək üçün yeni hərbi
gərginlik ocağı yaratmaqda maraqlı edə bilərdi. Unutmaq olmaz ki, Rusiya
bu gün də imperiyadır və tarix boyu qəliz vəziyyətlərdə müharibə
ssenariləri ilə “rahatlıq tapıb”, böhrandan çıxmağa çalışıb.  
İkinci
mühüm amil qismində axır zamanlar Qərbin, ələlxüsus da Almaniyanın
Qarabağ nizamlanmasında daha fəal və təşəbbüskar olmaq, hətta Minsk
Qrupu həmsədrliyinə gəlmək istəyi sərgilməsini qeyd oluna bilər. Qarabağ
ixtilafının Moskvadan ötrü öncəliklə geosiyasi məsələ, Güney Qafqazda
möhkəmlənmək üçün vazkeçilməz amil olduğunu ciddiyə alsaq, mümkündür ki,
Rusiya yeni müharibə təhlükəsi imitasiyası yaratmaqla öz əhəmiyyətini,
siyasi məzənnəsini qabartmaq, Moskvasız münaqişənin həllinin irreal
olduğunu nümayiş etdirmək istəyir. Ayrı sözlə, Rusiya faktorunun
məsələdə əsas və hesablaşılmalı güc amili olması barədə Qərbə
xəbərdarlıq mesajı çatdırır.
Nəhayət,
üçüncü – Ermənistan faktoru: bəllidir ki, Gümrü hərbi bazasının əsgəri
Valeri Permyakovun 7 nəfərdən ibarət erməni ailəsini güllələməsindən
sonra bu ölkədə ehtiraslar səngimək bilmir. Sadə insanlarda Rusiyaya,
onun hərbi bazasına qarşı güclü qəzəb hissi formalaşıb, hətta bazanın
ölkə ərazisindən çıxarılması tələbləri səslənir və güclənməkdədir. Yerli
rəsmilərin səylərinə baxmayaraq vəziyyət kifayət qədər kritik hala
gəlib və siyasiləşərək Moskva əleyhinə yönəlib. 
Rusiya
rəsmilərinin üzrxahlıqlarına və başsağlıqları da işə yaramayıb. Az qala
hər gün Ermənistanda Rusiya bayrağı yandırılır. Etirazları həmçinin,
cəbhə xəttindən hərbçi itkiləri barədə gələn xəbərlər də azalda bilmir.
Hələ harasıdır, yanvarın 26-da, İrəvanın Azadlıq meydanında Rusiya
əleyhinə böyük yürüş planlaşdırılır. Etirazçılar həm Ermənistan, həm də
Rusiya rəhbərliklərindən Valeri Permyakovun Ermənistana təhvil
verilməsini tələb edəcəklər. 
Forpost Ermənistanda anti-Rusiya
ovqatının Moskvadan ötrü belə xoşagəlməz səviyyəyə çatması sonuncuda
“nankor erməniləri” cəzalandırmaq imperativi yarada bilərdi. Söz
düşmüşkən, bir sıra rusiyalı siyasi və hərbi ekspertlər qızışmış
erməniləri yerində oturtmaqdan üçün belə fikirlər səsləndirdilər ki,
“Rusiya Ermənistandan əlini çəksə, Ermənistan dövləti yox olar”. İstisna
edilmir ki, belə xəbərdarlıqların faydası olmadığından, Kreml
müttəfiqini daha sərt şəkildə – cəbhə xəttində döyüş əməliyyatlarına
stimul yaratmaqla dərs vermək qərarına gəlib. Belə şeyi isə kim
bacarmasa da, ruslar yaxşı bacarır.
***
Bu arada
xarici “beyin mərkəzlər” yeni müharibənin daha çox ehtimal edildiyi
bölgələr sırasında Dağlıq Qarabağı da tez-tez nişan verməkdədirlər. Belə
ki, Ukraynanın vesti.ua saytı 2015-ci ildə dünyada baş verə biləcək
müharibələri araşdırarkən bu qənaətə gəlib ki, təzə münaqişə
ocaqlarından biri məhz Dağlıq Qarabağ ola bilər (publika.az). 
“Ermənistan
2-ci Qarabağ müharibəsindən qorxaraq başıaşağı şəkildə Avrasiya
İttifaqına getdi. Bütün bunları heç kim istəmirdi. Lakin dünyada mənzərə
dəyişib və 2015-ci il müharibələr ili ola bilər. Bu müharibələr
sırasına Uzaq Şərqdə Çin-Myanma, Yaponiya-Rusiya, Avropada
Rusiya-Ukrayna, Türkiyə-Yunanıstan, Qafqazda Ermənistan-Azərbaycan və
dünyanı yerindən oynadacaq Qərb və Şərq münaqişələri daxildir” , – deyə
sayt yazıb. 
Əlavə edək ki, az öncə ABŞ prezidenti yanında
Milli Təhlükəsizlik Şurasının ekspertləri də bu il üçün Qarabağ
konflikti zonasında müharibə riskinin yetərincə yüksək olması barədə
proqnoz vermiş, bu riski həm də Rusiya amili ilə əlaqələndirmişdilər. (musavat.com)

Short URL: http://www.cumhuriyyet.net/?p=15701

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728