“Hakimiyyət dəyişikliyi üçün geopolitik zəmin yaranmaqdadır”
“İlham Əliyev Ukrayna məsələsində məcburiyyət üzündən Qərbi seçdi”
Fuad Qəhrəmanlı: “Rusiyadan gələn təzyiqlərdən qorxduqları üçün İranla yaxınlaşmaq istəyirdilər, ancaq alınmadı”
Azərbaycan BMT-dəki səsvermədə Ukraynanın ərazi bütövlüyünü
dəstəkləsə də, AŞ PA-da tam fərqli münasibət sərgilədi. AŞ PA-dakı
Rusiya ilə bağlı keçirilən səsvermədə Azərbaycanın nümayəndə heyətinin
bitərəf qalması, Rusiyanın cəzalandırılmasına səs verməməsi xarici
siyasət vektorunda ziddiyyəti ortaya qoyur. Bəs bu cür qeyri-müəyyən
mövqe sərgilənməsi nə qədər doğrudur? Bunu balanslaşdırılmış siyasət
saymaq olarmı? AXCP sədrinin siyasi məsələlər üzrə müavini Fuad
Qəhrəmanlı ilə söhbətimizə bu sualla başlasaq da, gündəmin digər
suallarına da cavab almağa çalışdıq.
– Ukrayna məsələsində Azərbaycan Qərbin mövqeyindən çıxış etdi. Ilham
Əliyev könülsüz, məcbur olaraq belə bir seçim etdi. Çünki 21 illk
korrupsiya hakimiyyətinin sərvətinin böyük hissəsi bu gün Qərbdə
dövriyyədədir. Digər tərəfdən isə Azərbaycanın enerji sektoru da Qərb
bazarı ilə bağlıdır. Eyni zamanda Qərb Rusiyadan fərqli olaraq ölkənin,
həm də mövcud hakimiyyətin müstəqilliyinə daha çox hörmət edir. Eyni
zamanda iqtidar narahatdır ki, buna görə Rusiya onu cəzalandırmağa
çalışa bilər. Ona görə AŞ PA-dakı səsvermə zamanı loyal davranmaqla
Rusiyanın qəzəbinin qarşısını almağa çalışırlar. Ancaq bir tərəfdən
Qərblə olub, o biri tərəfdən də Rusiyanı sakitləşdirmək cəhdi çətin ki,
Şimal qonşumuzla münasibətlərdə gözlənilən gərginliyin qarşsını ala
bilsin. Ukrayna ətrafında yaranmış gərginlik azalan kimi Rusiya Ilham
Əliyevdən bunun hesabını sormağa çalışacaq. Bu təkcə Ukrayna məsələsinə
münasibətlə bağlı deyil, həm də Avropanın enerji təminatında Rusiyaya
alternativ layihədə ixracatçı və tranzit ölkə kimi Azərbaycanın oynadığı
rolla bağlıdır. Ukrayna böhranından sonrakı mərhələdə Azərbaycanın
indiki mövqeyi ilə xarici siyasətdə daha balans təmin etmək mümkün
olmayacaq. Bu zaman xarici siyasətdə yaranmış gərginlik mütləq daxili
siyasətdə təsirini göstərəcək. Rusiya ilə ziddiyyətlər dərinləşdikcə
hakimiyyət Qərbin təsirlərinə daha çox açıq olacaq, bu isə demokratik
proseslərin güclənməsinə öz təsirini göstərəcək.
– Bəs belə hesab olunur ki, Rusiya Ukraynada olduğu kimi
burada da demokratik dəyişikliklərin olmasına imkan verməyəcək. Bu
səbəbdən də Qərb də burada əlavə problem yaratmamaq üçün ehtiyatlı
davranacaq?
– Razı deyiləm. Çünki açıq etiraf edək, bu gün
Ilham Əliyev gepolitik məsələlərdə Avropa Birliyi ilə assosiasiya sazişi
istisna olmaqla Qərbin əsas istəklərini yerinə yetirməklə məşğuldur.
Rusiyanın uzun müddət qorxusu onunla bağlı olub ki, demokratik müxalifət
hakimiyyətə gələrsə, Qərbə inteqrasiya ilə strateji məsələlərdə
Rusiyanın maraqlarına zərbə vura bilər. Indi müxalifətə münasibətdə belə
qorxu ilə yanaşmaq üçün hər hansı əsas qalmır. Çünki Ilham Əliyev onsuz
da Rusiyanın strateji baxımdan önəmli saydığı məsələlərdə Qərbin
istəklərini yerinə yetirir. O halda daha Ilham Əliyevin iqtidarda
qalması Rusiya üçün əvvəlki əhəmiyyətini itirmiş sayılır və hakimiyyətə
demokratik müxalifətin gəlməsi də elə bir fərq yaratmır. Praqmatik
baxımdan Azərbaycanda hakimiyyət dəyişikliyi baş verərsə, bu, nəzəri
baxımdan Rusiyanın da bu prosesdə siyasi iştirak imkanı qazanması və
yeni siyasi hakimiyyətin səhmlərinin müəyyən qismini əldə etməsi üçün
çalışması imkanları deməkdir. Ilham Əliyevin Qərbin geopolitik
maraqlarını nəzərə alması onun avtoritar hakimiyyətinin himayə olunacağı
anlamına gəlmir. Çünki alternativ hesab olunan demokratik müxalifət də
xarici siyasətdə Qərb orientasiyasına üstünlük verir və demokratik
Azərbaycanla tərəfdaşlıq etmək Qərbin həm təhlükəsizlik, həm də iqtisadi
maraqlarına daha çox təminat verir. Eyni demokartik dəyərləri bölüşmək
də siyasi inteqrasiya imkanları açır.
“Əliyev Ərdoğanın istəklərini yerinə yetirmək istəmir”
– Ərdoğanın Bakıya səfəri zamanı “nurçular”la bağlı Ilham
Əliyevə dosye verdiyi bildirilir. Ərdoğanın istəyi onlarla bağlı tədbir
görülməsidir. Hakimiyyət Ərdoğanın istəklərini yerinə yetirə bilərmi?
–
Ərdoğan özü də bildirdi ki, o səfər zamanı “nurçular”la bağlı məsələni
müzakirə edib. Təbii ki, bu müzakirənin nəticəsinin olması Ilham
Əliyevin qarşısına konkret tələblərin qoyulmasına bağlıdır. Bu
tələblərin sırasına isə Hizmət hərakatına aid biznes qurumlarının
fəaliyyəti, hakimiyyətdə təmsil olunan nümayəndələrin vurulması,
informasiya və təhsil sektorundakı fəaliyyətlərin qarşısının alınması və
s. məsələlər daxildir. Ancaq Ilham Əliyevin bu tələblərə uyğun olaraq
addımlar atacağı real görünmür. Çünki Hizmət hərəkatı bir çox məqamlarda
Israil və ABŞ-da olan əlaqə və təsir imkanlarından Ilham Əliyev
hakimiyyətinin istəklərini təmin etmək üçün istifadə edir. Ona görə də
o, bu şəbəkə ilə bağlarını qırmaqda maraqlı deyil. Elnur Aslanovu
Prezident Adminstrasiyasındakı işindən çıxarıb Rabitə Nazirliyində işə
qoymaq məsələsi onu göstərdi ki, iqtidar bu məsələdə daha çox Türkiyəni
sakitləşdirəcək görüntü yaratmaqla Ərdoğanın tələblərindən yayınmağa
çalışır. “Çağ Öyrətim” məktəblərinin SOCAR-ın himayəsinə keçməsi isə
daha çox mövcud şəbəkənin komfluyaj edilməsi əməliyyatıdır. Türkiyədə
baş verənlər göstərdi ki, Gülən şəbəkəsinin əlində çox mühüm səs
yazıları, görüntülər var və problem yaranarsa, bizim iqtidardakılar
barədə də belə məxfi materiallar gündəmə gətirilə bilər. Ona görə də
hesab edirəm ki, “nurçular” məsələsində iqtidar ciddi addım atmayacaq.
“İranda Əliyevin qarşısına ağır şərtlər qoydular”
– İlham Əliyevin bu həftə Irana səfərini necə
dəyərləndirirsiniz? Bu səfəri zəruri edən səbəbələr nədir? Çünki Iranla
Azərbaycan arasındakı münasibətlərdə uzun müddət sərinlik müşahidə
olunurdu. Bu dəfə isə Irana səfər təşəbbüsü Azərbaycandan gəldi. Ilham
Əliyevdən öncə ora Kəmaləddin Heydərovun getməsi buna misal sayılır…
–
Əslində Iran səfərini zəruri edən səbəb zənnimcə, Rusiya ilə
münasibətlərdə gəlinən nöqtədir. Hakimiyyət texnoloqları Ukrayna böhranı
başa çatandan sonra Rusiyanın mümkün təsirlərinə qarşı durmaq üçün
Iranla münasibətləri normallaşdırmağa çalışır. Çünki bilirlər ki, Rusiya
istəyəcəyi təqdirdə Iranı da öz təzyiq siyasətinə qoşa bilər. Iran da
bu səfərdə maraqlı idi. Artıq 6-lıq ölkələri ilə nüvə məsələsi ilə bağlı
aparılan danışıqlarda ciddi irəliləyiş var və yekun protokolun
müddəaları üzrə razılıqlar əldə olunub. Belə şəraitdə Iranın beynəlxalq
mövqeləri güclənib və indi Azərbaycana əvvəlkindən daha çox tələb irəli
sürmək, şərt qoymaq imkanlarının yarandığını düşünürlər. Bu konteksdən
Xəzərlə bağlı danışıqları, ölkəmizdəki islamçı qüvvələrin fəaliyyət
azadlığının təmin olunması və Israillə münasibətləri Iran gündəmə
gətirməkdə maraqlıdır. Bilirsiniz ki, Xomeyninin köməkçisi bəyan edib
ki, nə vaxt Azərbaycan Israil ilə əlaqələri kəsər, islamçıları azadlığa
buraxar, o zaman Bakıyla normal əlaqələr qurular. Bu o deməkdir ki,
Ilham Əliyevin Irana səfəri nəticəsiz qalıb və əksinə, Iran onun
qarşısında yerinə yetirmək üçün tələblər qoyub. Ona görə də
Iran-Azərbaycan münasibətlərindəki problemlər bu səfərdən sonra da
qalmaqda davam edəcək.
“Müxalifətin fəaliyyətini ancaq mitinqlərlə qiymətləndirmək yanlışdır”
– Bir qədər də müxalifətin fəaliyyəti ilə bağlı məsələlərə
diqqət yetirək. Bəzən seçkidən sonra müxalifətin fəaliyyətinin
zəiflədiyi, tempin aşağı düşdüyü bildirilir. Mitinqlərdən isə hələ bir
xəbər yoxdur…
– Seçkidən sonra cəmiyyətdə siyasi fəallığın
aşağı düşməsi başadüşüləndir. Prezident seçkisi kampaniyasından sonra
istər-istəməz cəmiyyətdə bir enerji boşalması baş verib. Bu təbiidir.
Eyni zamanda seçkinin saxtalaşdırılması da müəyyən qədər insanları məyus
etdi. Ancaq cəmiyyətdə siyasi aktivlik institutların, fəal şəxslərin
verdiyi impulslara bağlı olduğu üçün bu vəziyyət müvəqqətidir, nisbidir.
Fəal siyasi təşəbbüslər kampaniyalar dövründə hər an dəyişə bilər.
Qaldı müxalifətin vəziyyətinə, məncə, biz bir yanlış qiymətləndirmədən
qaçmalıyıq. Bizdə TV-lərə müxalifətin çıxışı mümkün olmadığından,
müxalifətin cəmiyyətlə təması seçki vaxtı olan çıxışlarla və mitinqlər
vasitəsi ilə olduğundan aksiya olmayanda adamlara elə gəlir ki,
müxalifət zəifləyib. Halbuki, AXCP də, Milli Şura da öz əvvəlki
fəaliyyətlərini davam etdirirlər. Əvvəllər olduğu kimi davamlı olaraq
hakimiyyətin yanlış siyasəti, korrupsiya əməlləri, kriminal fəaliyyəti
açıq və arqumentli şəkildə ifşa və tənqid olunur, problemlərdən çıxış
yolları ilə bağlı müxalifətin fərqli baxış və təklifləri çatdırılır,
təşkilatlanma ilə bağlı toplantılar vaxtında keçirilir, yeni üzvlər
qəbul olunur, sosial şəbəkələr də daxil olmaqla bütün informasiya
resurslarından istifadə olunaraq insanlara həqiqətlər çatdırılır və s.
AXCP olaraq biz bu il üçün qəbul etdiyimiz fəaliyyət planında qarşıya
iki dəfə güclənmək hədəfini qoymuşuq. Artan narazılıq, hakimiyyətin
AXCP-ni əsas hədəf seçməsi, təşkilatımızın intellektual üstünlüyünün
siyasi polemikalarda və təbliğatda uğurlu təqdimat üçün imkanlar
yaratması, mübarizə ənənəsinə və mənəvi dəyərlərə çox önəm verməsi
cəmiyyətdə böyük ölçüdə rəğbət yaradır. Bunun nəticəsidir ki, AXCP bu
gün gənclərin axını hesabına bu hədəfi reallaşdırmağa doğru gedir.
– Bəs mitinqlər məsələsi?
– Mitinq məsələsi təkcə
müxalifətin məsələsi deyil ki, bu həm də cəmiyyətin problemidir. Biz
zaman-zaman öz üzvlərimizin fədakarlığı hesabına etiraz aksiyaları
keçirmişik. Ancaq təkcə fədakar müxalifətçilərin hesabına mitinq edib
dəyişikliklərə nail olmaq mümkün deyil axı. Biz bir tərəfdən çalışırıq
ki, həm təşkilati imkanlarımızı gücləndirək, həm də cəmiyyətə izah edək
ki, susduqca, siyasətə qarışmıram dedikcə, bu hakimiyyətin
korrupsiyasının, məmur özbaşınalığının, qiymət artımının, iqtidardakı
oliqarxların iqtisadi inhisarçılığının zərərini hər kəs bir formada hiss
edəcək. Bu sistem dəyişmədən dövlətin fəaliyyəti ilə birbaşa və dolayı
yolla bağlı olan problemlər həll edilməyəcək, sabah da bugünkündən daha
pis olacaq. Bundan qurtulmağın yolu isə kütləvi siyasi təşkilatlanma və
mübarizədən keçir. Məsələn, seçkidən sonra saxtakarlığa etiraz
mitinqlərinə yüz minlərlə insan qatıla biləcəyi halda gəlmədilər. Çünki
hamısı hesab edirdi ki, hansısa daha vacib işləri var. Məsələn, bu gün
“Sovetski”də evləri sökülənlər, metroda ticarətlə məşğul olanlar və s.
Ancaq nə oldu, indi onlar bu etiraz aksiyalarına gəlməməyin bədəlini
ödəyirlər, xalqın gücünü görmədiyi üçün azğınlaşmış hakimiyyət onları
evindən, çörəyindən məhrum edir. Demək susub, etinasızlıq edəcəyiksə,
heç kim gəlib bizim yerimizə bu çətinlikləri bizə yaşadan rejimi
dəyişməyəcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=16058