Əli Kərimli İlham Əliyevə "yalançı" dedi

26.06.2014 - 01:24

Azərbaycanın dövlət başçısı bütün Avropa auditoriyasına tənqidə
dözümlü olmadığını nümayiş etdirdi. Bu barədə AXCP sədri Əli Kərimli
Obyektiv televiziyasına (Obyektiv.tv) müsahibəsində bildirib.
Onun sözlərinə görə, Azərbaycanda korrupsiyanın çox inkişaf etdiyi,
ölkədə 130-a qədər siyasi məhbusun olduğu, seçkilərin saxtalaşdırıldığı
bütün dünyanın bildiyi məlumatdır. “Amma bu barədə İlham Əliyevə suallar
veriləndə reaksiyası olduqca sərt oldu. Çünki Azərbaycanın dövlət
başçısı hakimiyyətdə olduğu on ildən artıq müddətdə heç vaxt hər-hansı
siyasi polemikanın iştirakçısı olmayıb. O, yalnız monoloqlar edib, heç
vaxt dialoq aparmayıb, heç zaman ölkə jurnalistlərinin suallarına cavab
verməyib, müxalifətlə hər-hansı bir dəyirmi masa arxasında müzakirələr
aparmayıb”, deyə Kərimli qeyd edib.
AXCP sədri hesab edir ki, tənqid eşitməmiş bir adam birdən-birə AŞPA-da
acı həqiqətləri eşidib. “Ona görə özündən çıxdı, aqressiv davrandı və
bütün Avropa auditoriyasına nümayiş etdirdi ki, onun tənqidə münasibəti
necədir. Təsəvvür etdilər ki, əgər bu şəxs AŞPA-dakı deputatların
tənqidlərinə bu cür reaksiya verirsə, öz ölkəsində onu tənqid edən
adamlarla necə davranır”.
Kərimli bildirib ki, Azərbaycanda azadlıqlarla bağlı durumu öyrənmək
üçün beynəlxalq təşkilatların hesabatlarına müraciət etmək lazımdır.
“Beynəlxalq Şəffaflıq” təşkilatının hesabatına baxaq və Azərbaycandakı
korrupsiyanı qiymətləndirək. Freedom House, Human Rights Watch, Amnesty
İnternational kimi təşkilatların hesabatlarına baxaq ki, azadlıqların
vəziyyətini bilək. ATƏT-in hesabatı ilə tanış olaq və Azərbaycanda
seçkilərin necə saxtalaşdırıldığını görək. Görək ki, 41 ölkəni təmsil
edən 340-dan artıq müşahidəçilər Azərbaycandakı seçkilərin tam
saxtalaşdırıldığını, hətta müşahidəçilərin olduğu məntəqələrin 58
faizində səslərin pis və ya çox pis sayıldığını bəyan ediblər. Və bütün
başqa beynəlxalq təşkilatlar Azərbaycanda siyasi hüquq və azadlıqların
məhdudlaşdırıldığını deyib”. 
Partiya sədri Əliyevlər hakimiyyəti dövründə həbsxanalarda hər zaman
jurnalistlərin olduğunu xatırladıb. “Bu gün də həbsxanalarda
jurnalistlər və bloqçular var, söz azadlığı məhdudlaşdırılıb. Barmaqla
sayılacaq qədər müstəqil söz deyəcək KİV qalıb və bunların da imkanları
məhdudlaşdırılıb. Əgər Azərbaycanda söz azadlığı varsa, onda niyə
Azadlıq, BBC, Amerikanın Səsi radiolarının FM dalğalarında yayımına
imkan verilmir? Əgər bu söz azadlığı varsa, məgər Azərbaycandakı bu
vəziyyəti, həbs olunan jurnalistləri, Azadlıq qəzetinin başına
gətirilənləri dünya görmür?” 
Onun firkincə, ölkədə siyasi müxalifət üçün heç bir şərait yaradılmır.
“Mən müxalifət partiyasını təmsil edirəm və bu günədək Əliyevlərin
hakimiyyəti dövründə 7 dəfə ofisdən məhrum edilmişik. Axırıncı ofisimiz
partladılıb, bir gün sonra sökdürülüb. Bizə başqa bir yer təklif
olunmur. Nəinki dövlət tərəfindən yer təklif olunmur, hətta vətəndaşlar
qorxudulur ki, bizə yer verməsin”. 
Hökumət 8 ildən artıqdır Əli Kərimliyə pasport vermir. “Əgər ölkədə
siyasi azadlıqlar varsa, mən bu hökumətin, İlham Əliyevin opponentiyəm.
Niyə mənim pasportum olmamalıdır? Niyə mənim sədri olduğum partiyanın
ofisi olmamalıdır? Niyə biz Azərbaycanın bölgələrində mitinqlər,
görüşlər, hətta partiya üzvləri ilə belə görüşlər keçirə bilməməliyik”,
deyə o qeyd edib.
Əli Kərimli beynəlxalq təşkilatların Azərbaycan hökumətindən beynəlxalq
öhdəliklərini yerinə yetirməsini açıq səslə tələb etməsini istəyir.
“ATƏT-in üzvüyük, üzərimizdə öhdəliklərimiz var. O öhdəliklərin yerinə
yetirilməsi istənilsin. Avropa Şurasının üzvüyük, üzərimizdə öhdəliklər
var.
Azərbaycan Avropanın 59 konvensiyasını imzalayıb. Konvensiyadan irəli
gələn öhdəliklər icra olunsun. Eləcə də başqa beynəlxalq öhdəliklərin
yerinə yetirilməsi Azərbaycan hökumətindən ardıcıl tələb olunsa, hökumət
görəcək ki, manevr imkanları bitib. O zaman könülsüz də olsa,
islahatlara başlamaq məcburiyyətində qalacaq”, deyə AXCP sədri bildirib.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=16390

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930