“Hafka”nın milyardlarını alıb, ayda 1 milyon verəcəklər

07.03.2015 - 23:58

Hafka“Hafka” ləqəbilə tanınan “Bakı” futbol klubunun və “Baghlan Group”un prezidenti Hafiz Məmmədovun müflis olması, böyük biznesinin əlindən alınması haqda məlumatlar yeni deyil. Əvvəllər ölkənin ən böyük iş adamlarından biri kimi tanınan, qeyri-rəsmi milyarder hesab olunan Hafiz Məmmədov, son bir ildə biznes və siyasət olimpində mövqelərini demək olar ki, tam itirib. Bir zamanlar siyasi hakimiyyətə yaxın ən etibarlı işadamı kimi xarakterizə olunan, külli imtiyazlar verilmiş Hafiz Məmmədovun bu vəziyyətə düşməsinin konkret səbəbləri açıqlanmadığından, dəqiq fikir söyləmək çətindir. Ancaq təcrübəyə əsaslanaraq demək olar ki, Hafiz Məmmədov kimi siyasi hakimiyyətə yaxın iş adamları bir neçə halda “gözdən çıxarılırlar”.

Birincisi, siyasi hakimiyyətə xəyanət edib, müxalifət və ya xarici dairələrlə əlaqəyə girəndə;

İkincisi, ona yaradılan şəraiti düzgün qiymətləndirməyib, “mənəmlik” hissinə qapılıb, “yuxarılarla” hesablaşmaları “təmiz” aparmayanda;

Üçüncüsü, ona tapşırılan layihələri reallaşdırmağı bacarmayıb, necə deyərlər, “üzünə-gözünə” bulaşdırıb, hakimiyyət üçün əlavə başağrısı yaradanda və sairə.

Hakimiyyətin tamamilə alternativsiz kimi göründüyü indiki dövrdə Hafiz Məmmədovun siyasi hakimiyyətə xəyanət etməsi, müxalifət və ya xarici dairələrlə gizli əlaqəyə girməsi inandırıcı olmadığından, onun “vurulmasının” 2-ci və ya 3-cü variantla bağlı olduğunu ehtimal etmək olar. Hər ikisinin də mümkünlüyünü təsdiqləyən məlumatlar var.
hafta baki klubuMəsələn, Hafiz Məmmədovun ona yaradılan şəraiti düzgün qiymətləndirmədiyi, onda “mənəmlik” hissinin baş qaldırdığı, “yuxarılarla” hesablaşmaları “təmiz” aparmadığını göstərən kifayət qədər məlumat yayılıb. Buna misal olaraq onun qardaşının “Bakı” klubuna ayrılan vəsaitləri ortadan götürərək, Pribaltika ölkələrində özünə biznes yaratmasını, “Hafka”nın özünün Avropa banklarının birində təminat altına alınmış 1 milyard avroluq hesabının olmasına dair məlumatı, Beynəlxalq Bankdan götürdüyü 100 milyonlarla dollar krediti qaytarmaqdan imtina etməsini, Bakıda fransız jurnalistləri bahalı hədiyyələrlə ələ amaq istəməsinin çəkilərək yayılmasını, “Lans”ın oyununa gələn fransızlara şəxsən pul paylamasını və sairi göstərmək olar. Təbii ki, bu cür faktlar, məlumatlar Hafiz Məmmədova olan etimadı sarsıdıb…

Eləcə də, ona tapşırılan layihələri reallaşdırmağı bacarmamasına, üstəlik hakimiyyət üçün əlavə başağrısı yaratmasına dair də kifayət qədər məlumatlar var. Məsələn, bir müddət əvvəl paytaxtda sərnişin nəqliyyatının tənzimlənməsi, bu sektorda yığılan pullara nəzarətin təmin edilməsi Hafiz Məmmədova tapşırılmışdı. Ancaq bu işi bacarmadığından yenidən Nəqliyyat Nazirliyinə qaytarıldı.
0ytVə yaxud xaricdə futbol klublarının alınmasının da Hafiz Məmmədovun özfəaliyyəti olmadığı, rəsmi Bakının maraqları və istəkləri çərçivəsində baş verdiyi şübhə doğurmur. Ancaq Hafiz Məmmədov bunu elə səsli-küylü apardı ki, Avropada hər kəs onun 10 milyonlarının mənbəyi ilə maraqlanmağa başladı. Təbii ki, bu pulların böyük hissəsi qeyri-rəsmi olduğundan, onların mənbəyini göstərmək də mümkün deyil. Bu da “çirkli pullarla” mübarizə aparan beynəlxalq təşkilatların diqqətindən yayına bilməzdi. Onların bu pulların mənbəyini araşdırmağa başlaması (hansı ki, belə məlumatlar yayılb-müəl.) rəsmi Bakı üçün də əlavə başağrısı deməkdir.
beynelxalq_bank_327904505Yəni, bu və digər səbəblərdən siyasi hakimiyyətin gözündən düşən Hafiz Məmmədov onun üçün tanınan imtiyazlardan məhrum edildi. Bu da özünü dərhal göstərdi. Hafiz Məmmədovun milyonlar, hətta 100 milyonlarla dollar kredit götürdüyü banklar qapısını döyərək, pulunu tələb etməyə başladılar.
İlk belə tələb Beynəlxalq Bankdan gəldi. Bu haqda hələ təxminən 1 il əvvəl “AzPolitika.info” özəl mənbələrinə istinadən məlumat vermişdi. Beynəlxalq Bankdan götürdüyü bir neçə 100 milyon manat krediti geri qaytara bilməyən Hafiz Məmmədov məhkəməyə verildi.
Oliqarxın külli miqdarda kredit götürüb qaytarmadığı “Nikoyl” bank da eyni addımı atdı. Məhkəmələr də artıq siyasi hakimiyyətdən dəstəyi olmayan Hafiz Məmmədovun əleyhinə qərarlar çıxardılar.
ziya hafkaHafiz Məmmədovun yerli banklardan götürdüyü krediti qaytara bilməməsi xəbərinin yayılması onun xarici tərəfdaşları yanında da etibarını itirməsinə səbəb oldu. Ən böyük şirkəti olan “Baghlan Group FZCO” şirkəti öhdəliklərini yerinə yetirmədiyindən texniki defolt elan edildi.

Ardinca borclarına qarşılıq iş adamının əlindəki bütün biznes subyektlərinin, hətta əmlakının alınmasına başlanıldı. Onun nəqliyyat sektorundakı şirkətləri köhnə şəriki Ziya Məmmədova qaytarıldı.
Elə vaxtilə Ziya Məmmədovdan aldığı “Bank of Azerbaijan”ın idarəçiliyinin və “Bakı” klubunun səhmlərinin böyük hissəsinin Beynəlxalq Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyevə verildiyi də bildirilir. Bankdan götürdüyü bir neçə 100 milyon manat kreditin qarşılığı olaraq…
hafkabankYeri gəlmişkən, Hafiz Məmmədovun “Bank of Azerbaijan”ı da ağır vəziyyətə saldığına dair də məlumatlar var. Belə ki, sonradan bankın İdarə Heyətinin sədri gətirilən Məhəmmədəli Aslanovun atası, millət vəkili Mahir Aslanov “Bank of Azerbaijan”ın borcunun 700 milyona çatdığını bildirmişdi: “Mən bank alanam? Dağılıb gedir ora. 700 milyon borcu var. Necə alım o bankı? O bankı almaq özünü həbsxanaya salmaq deməkdir.”

Hafiz Məmmədovun nəzarətində olan və elə ona məxsus Qum adasında yerləşən “Bahar Enerji Əməliyyat Şirkəti” əlindən alınaraq, ARDNŞ rəhbərliyinin idarəçiliyinə verildi, onun istifadəsinə verilmiş Qum adası isə AZAL prezidenti Cahangir Əsgərovun nəzarətinə keçdi. Vaxtilə “Hafka”ya tapşırılan adada hökumətin xüsusi iqtisadi zonaların yaradılması planlarını gerçəkləşdirməyi də C.Əsgərov öz üzərinə götürüb.

6hafHafiz Məmmədovun tək ölkə daxilindəki deyil, xaricdəki biznesi də əlindən alındı. Məsələn, böyük hay-küylə aldığı Fransanın “Lans” klubunun səhmləri köhnə şərikinin oğlu Anar Məmmədovun nəzarətinə keçib. Ötən ilin sonunda məlum oldu ki, H.Məmmədovun klubun transfer büdcəsini doldurmaq üçün ödəməli olduğu 2.5 milyon avronu onun əvəzindən Ziya Məmmədovun oğlu, “Garant Holding”in prezidenti Anar Məmmədov ödəyib. Bunu “Lans”ın prezidenti Jerve Martel də təsdiq etmişdi. Əvəzində də “Lans”ın səhmlərinin üçdə ikisi Anar Məmmədovun nəzarətinə keçib.

haflka04Bundan əlavə müflisləşmiş oliqarxın ölkə daxilindəki və xaricdək bir çox əmlakı da ya əlindən alınıb, ya da həbs altındadır. Məsələn, Hafiz Məmmədovun Məmməd Araz (keçmiş Teymur Əliyev) küçəsi 63 ünvanında yerləşən və dəyəri 3 milyon dollar qiymətləndirilən villası məhkəmə tərəfindən “Nikoyl” banka verilib. Ötən ilin sentyabrında məhkəmə icraçıları və polis qərari icra etməyə çalışsa da, H.Məmmədov vaxt ala bilmişdi.

Bir sözlə, Hafiz Məmmədov həm ölkə daxilindəkı, həm də xaricdəki biznesini demək olar ki, tam şəkildə başqalarına transfer etmək məcburiyyətində qalıb. Ancaq onun özü də tamamilə “ac” buraxılmayıb. Belə ki, “AzPolitika.info”ya verilən məlumata görə, əvvəllər Hafiz Məmmədova məxsus biznes subyektlərindən əldə olunan gəlirdən ona umimilikdə 6ccaylıq 1 milyon manat həcmində pay ayrılıb. Əvəzində isə “Bakı” klubunun oyunçularına olan borclarını ödəmək, həm də klubun maliiyyə yükünün müəyyən hissəsini çəkmək Hafiz Məmmədova həvalə olunub. Məlumata görə, “Hafka” bu vəziyyətdən son dərəcə narazıdır, hətta “mən bu pulla nə edə bilərəm” deyə, narazılığını açıq şəkildə dilə də gətirir.

Hafiz Məmmədovun bunları könüllü etmədiyi, məcbur buraxıldığı ötən ilin sonunda verdiyi bəyanatdan da aydın hiss olunurdu. Sitat: “Təəssüf ki, ayrı-ayrı adamlar bizim üzləşdiyimiz çətinliklərdən öz şəxsi maraqları üçün istifadə etməyə çalışır və mən hər iki ölkə ictimaiyyətini əmin etmək istəyirəm ki, onlar buna görə öz cəzalarını alacaqlar”.

Bundan əlavə ötən ilin yayında ölkədən çıxmasına qadağa qoyulan Hafiz Məmmədovun əlində qalan bu son səhmlər də alındıqdan sonra müflis oliqarxa hərəkət sərbəstliyi də verilib. Onun hazırda Türkiyədə biznez qurmağa çalışdığı bildirilir. Ötən ilin dekabr ayının sonunda Türkiyədə onun adına avtomobil yük daşımaları ilə məşğul olacaq şirkət qeydiyyata alınıb.

Murad Məmmədov, azpolitika.info

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=17554

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930