Əliyevlərin ədaləti yandırdığı ölkə…
Qarabağ qazisinin timsalında od
tutub yanan ölkə və tunisli göyərti satan
Azərbaycan
niyə Tunis olmadı sualı qarşımızda dayanır
Göyərti satan qədər Qarabağ
qazisinin dəyəri yoxdurmu? Daha nə
olmalıdır ki, yatmış qafillər oyansın?!
Qarabağ qazisinin timsalında od
tutub yanan ölkə və tunisli göyərti satan
Azərbaycan
niyə Tunis olmadı sualı qarşımızda dayanır
Göyərti satan qədər Qarabağ
qazisinin dəyəri yoxdurmu? Daha nə
olmalıdır ki, yatmış qafillər oyansın?!
…2011-ci
il. Gədəbəydə ədalət yandı. Sözün hər iki mənasında ədalət yanıb, külə döndü.
Rayon sakini Ədalət Hüseynov ailəsi ilə birgə evini başına uçurub, canını
yandırıb-yaxdı. Qan donduran hadisədə o vaxtı kimsənin tükü tərpənmədi.
Uzaq
başı quru bəyanatlar və qarğış-söyüş səviyyəsində etirazlar oldu. Ölümündən
sonra sağ qalan ailəsini hədə-qorxu və 3-5 qəpiklə yola gətirib, susdurdular.
Ədaləti özünü yandırmağa təhrik edən polislər isə cəzalanmadı.
…Oxşar
hadisə Tunisdə baş verdi – göyərti satan özünü odlayıb, polisin haqsızlığına
dözməyərək canına qıydı. Ölkə bir-birinə dəydi, Bin Əli taxtından salındı. Amma
Ədalət kimi tunislinin də ölümünə səbəbkar olan polis əməkdaşı cəzasını almadı.
İqtidar çevrilişindən sonra da həmin asayiş keşikçisi vəzifəsində qalıb.
Ədalətin ironiyasına baxın.
…Nəhayət
2013-cü il. Bakıda Qarabağ əlili hamının gözü qarşısında özünü yandırır. Və
yenə də bir nəfər mık eləyib səsini çıxarmır. Qarabağ Azadlıq Təşkilatı (eşidən
deyər Fələstin Azadlıq Təşkilatı kimi mücadilə verirlər) bəyanat verməklə işini
bitmiş sayır.
Digər
QHT-lər isə aksiya keçirmədiklərini söyləməklə hökumətin boyun-duruğu
olduqlarını nümayiş etdirdilər. Sonra Əliyev qulbeçələrini 5 saylı xəstəxanaya
göndərib, aya 1500 manat müavinət kəsdirməklə “Qəzəb günü”nün qarşısını almağa
çalışdı. Zaurun atası prezidentə təşəkkür etdi. Amma bizim davamız tək Zaura
qarşı haqsızlıq deyildi.
Bu,
zaurların, ədalətlərin davasıdır. Kimsə də onun ailəsindən qəhrəmanlıq,
inqilabçılıq gözləmir. Adam haqqını tələb edirdi. Zaur üzərinə düşəni etdi,
özünü yandırdı, qalanı isə cəmiyyətin öhdəsinə buraxılmalıdır. Toplum Zaura
qarşı anti-insani hərəkəti lənətləyib, qəzəbini göstərməlidir. Məgər bu ölkədə təkcə Zaurun haqqı
tapdanırmı? – Xeyr. O halda heç bir kəs onun atasının prezidentə təşəkkürünü
qınaya bilməz. Biz Zaurların uğrunda savaşırıq. “Sən yanmasan, mən yanmasam,
necə çıxar qaranlıqlar aydınlığa” kəlməsi günümüzlə səsləşir.
Məsələni
haşiyədən kənara çıxarsaq da, labüd olan cəmiyyətin passivliyini dilə
gətirməkdir. Azərbaycan Ədalətdən sonra Zaurun etdiyi hərəkəti yenə sakitliklə
qarşıladı. Ölkə həmin gün kortəbii etirazların burulğanına çevrilməliydi.
Olmadı, hamı gözlədi, kimsədən səs çıxmadı, əks-inqilabçılar, qiyam yatıranlar
əl-ayağa düşdü, prezidentin adından hərəkətə keçib, yaranmış gərginliyi
səngitməyə can atdılar.
Müxalifət
isə növbəti dəfə bu proseslərdən ofsayd vəziyyətindən saxlandı. O qədər
müvazinətsiz bir hala gəliblər ki, hadisə günü partiya qərargahının qarşısına
çıxıb piket belə keçirə bilmirlər. Üstəlik, xalqdan mitinqə gəlməyi tələb
edirlər. Hakimiyyətin “Axilles dabanı” tapılsa da, müxalifət həmişə o dabana
basmaqdan qorxub. Bu da bariz nümunə. Yaxşı fürsət, ələ keçmiş ən gözəl
arqument və müxalifət bundan istifadə edə bilmir. Nə deyəsən…
Azərbaycan
hökumətinə gəlincə, onların yarıtmaz və əxlaqsız idarəçiliyi ucbatından ölkə 20
ildir ki, yanır. Yanıb külü göyə sovrulmuş “Odlar yurdu”nun hər yeri od tutub yanır.
Hökumət özünü hər addımda “yandırsa” da, mürgülü kütlə və zəif müxalifətin
hesabına vəziyyətdən çıxmağı bacarır. Bu hadisədən də hakimiyyət sağlam
çıxacaq. Bəs, Azərbaycan niyə Tunis
olmadı sualı qarşımızda dayanır. Göyərti satan qədər Qarabağ qazisinin dəyəri
yoxdurmu? Cəmiyyətin qeyrət damarı hələ tutmayıbmı? Daha nə olmalıdır ki,
yatmış qafillər oyansın?!
Mən
bilmirəm bu ölkəni necə xilas etmək olar. Amma bilirəm ki, xilas etmək olar.
Bunun üçün susmuş vicdanların oyanması yetərlidir. Yoxsa üstümüzdən tunisli,
monqol və okeyaniyanın cırtdan respublikaları öz hüquqlarını bərpa edəcəklər,
biz başqalarının timsalında Zaur və Ədalətin yenə yanmasını gözləyəcəyik. Bu hadisələrdən hökumətin payına ağır cəza
düşür. Rəsmi Bakı artıq dünyaya sübut edə bilməz ki, ermənilər Dağlıq Qarabağda
Azərbaycanın tərkibində təhlükəsiz yaşaya bilərlər. Ordusunda əsgəri qətlə
yetirilən, şəhərində qazisi haqsızlıqdan özünü yandıran bir dövlət münaqişəni
ədalətli şəkildə həll edə bilməz. Vəssalam, bu tükürpədici hadisəyə bütün
prizmalardan qiymət verməyə çalışdım. Gərək ki, bu yazını yazanda eşitməz
olaydım – mitinq təxirə salınıb. Bu da sənə gözəlim məmləkət!!!
Short URL: http://www.cumhuriyyet.net/?p=3115