Azərbaycanda ərəb baharı başqa formada baş verəcək

03.01.2014 - 13:36

Cəmil Həsənli: “Milli
Şuranın güc mərkəzinə çevrilməsi hamımızın maraqlarına uyğundur”

“Siz mənə televiziya
verin bir ay ərzində respublikanı meydanlara töküm”

“Adam ailəsinin və
varislərinin gözünün içinə dik baxmağı bacarmalıdır”

“Zülmü görüb ona
etiraz etməmək zalımın əməllərinə şərik olmaqdır”

“Hakimiyyət üçün təhlükə
mənbəyi artıq ölkənin xaricindən daxilinə keçir


Cəmil Həsənli: “Milli
Şuranın güc mərkəzinə çevrilməsi hamımızın maraqlarına uyğundur”

“Siz mənə televiziya
verin bir ay ərzində respublikanı meydanlara töküm”

“Adam ailəsinin və
varislərinin gözünün içinə dik baxmağı bacarmalıdır”

“Zülmü görüb ona
etiraz etməmək zalımın əməllərinə şərik olmaqdır”

“Hakimiyyət üçün təhlükə
mənbəyi artıq ölkənin xaricindən daxilinə keçir

 

Milli Şuranın Sədri, professor Cəmil Həsənli
ötən ilin son günlərində “Yeni Cumhuriyyət” qəzetinin qonağı olub. Qəzetimizə
olan basqılar zamanı da bizə mənəvi dəstək olan Cəmil müəllimlə ilin sonunda
həm ötən ilin yekunları, həm də gələcəklə bağlı gözləntilər haqda söhbət etdik.
Saytımızda yaranan texniki problemlər üzündən həmin müsahibəni indi diqqətinizə
şatdırırıq.

“Dövlət, millət
və ya fərd olaraq məğlubuq”

– 2013-cü il daha çox prezident seçkiləri
ilə yadda qalacaq.
Seçkilərdə müxalifətin və xalqın qəhrəmanı
Cəmil Həsənli oldu. Tarixçi Cəmil Həsənli 2013-cü ilə necə qiymət verir?

– Əslində mən qəhrəman
ifadəsinə bir qədər ehtiyatla yanaşır və bunu qəbul etmək istəmirəm. Fikrimcə,
ərazisinin 20 faizi işğal edilən ölkədə qəhrəman olmaq mənəvi cəhətdən düzgün
deyil. Biz hamımız məğlubuq. Dövlət, millət və ya fərd olaraq məğlubuq. Çünki
20 ildən çoxdur ki, ərazimiz işğal altındadır. Seçkilərə gəldikdə hesab edirəm
ki, bir ziyalının üzərinə düşən görəv nədirsə, məni onu yerinə yetirməyə
çalışmışam. Yəni bundan artıq bir şey etməmişəm. Ancaq çalışmışam ki, üzərimə
düşən görəvi şərəf və ləyaqətlə yerinə yetirim. Mənim fəaliyyətim, seçki dövründə
etdiklərim və edə bilmədiklərim sadəcə bundan ibarətdir.

– Siz elan etmişdiniz ki, 2013-cü ilin 9
oktyabr prezident seçkilərindən sonrakı Azərbaycan bir başqa Azərbaycan
olacaq…

– 2013-cü il bir
mərhələ idi. O mənadakı 2011-ci ildən bu yana bir dəyişikliklər hiss edilirdi.
Bu dəyişiklik 2013-cü ildə qabarıq şəkildə ortada oldu. Cəmiyyət dəyişmək
istədiyini büruzə verdi. Bu baxımdan 2013-cü ilin prezident seçkiləri bir qədər
fərqli müstəvidə oldu. Bu fərqlilik ondan ibarət idi ki, gənclik siyasi qüvvə
olaraq meydana çıxdı. İkincisi, cəmiyyətin dəyişiklik istəyi ortada oldu, amma
bu dəyişikliyi etməyə gücü çatmadı. Üçüncüsü, Azərbaycan münasibətdə beynəlxalq
rəylər dəyişməyə başladı. Məsələn, Avropa Parlamenti tarixində ilk dəfə olaraq
özünün müşahidə missiyasının rəyindən imtina etdi və ATƏT-in seçkilərlə bağlı
rəyini dəstəklədi. Bu görünməmiş bir hadisə idi və
ya ATƏT, onun Varşava Bürosu Azərbaycanda keçirilən seçkilərlə bağlı
reallıqları ortaya qoydu. Baxmayaraq ki, bu saxtakarlığın tam mənzərəsi deyildi,
amma seçkilərin qiymətləndirilməsi baxımından bu rəy yetərli idi. Bu baxımdan
2013-cü il cəmiyyətin həyatında əlamətdar il oldu. Ən azından cəmiyyət içində
yaşadığı proseslərin məntiqi yekunlarını gördü. Bu yekunda ondan ibarət oldu
ki, cəmiyyət içində hakimiyyətin sosial bazasının olmadığı ortaya çıxdı.
Əslində seçki saxtakarlığının kökündə də bu məqam dayanırdı. Əvvəlki seçkilərdə
üstüörtlü işlər, saxtakarlığın müəyyən həddi aşmaması kimi məsələlər var idi.
Amma bu seçkilərdə hakimiyyətin imkanları tükəndiyi üçün açıq və total
saxtakarlığa getməyə məcbur oldu. Müstəqillik dövründən bu yana heç bir
hakimiyyət belə etimadsız hala düşməyib. Odur ki, biz hesab edirik ki, artıq 9
oktyabrdan sonrakı Azərbaycan 9 oktyabra qədər olan Azərbaycandan fərqlidir. Bu
fərq getdikcə artacaq və hiss olunacaq.

“Bu vəziyyət uzun müddət davam
edə bilməz”

– Tunisdə tum satan qadın özünü yandırdı və bu
ciddi proseslərin başlanması üçün siqnal oldu. Azərbaycanda isə Qarabağ qazisi
özünü yandırsa da, hərəkətlilik baş vermir…

– Mən sizinlə razıyam.
Tunisdə baş verən bu hadisə ümumilikdə sosial partlayışa gətirib çıxardı. Bunun
üçün cəmiyyət o həddə gəlib çatmalıdır. Azərbaycanda isə ərəb ölkələrdə mövcud
olmuş şəraitə hələ bir qədər var. Orada avtoritar rejimlərdir, bizdə isə yumşaq
diktaturadır. ATƏT-in son 5 ildə keçirilən seçkilərə dair rəylərinə diqqət
edin. 2008-ci il prezident seçkilərində saxtakarlıq 23 faiz, 2010-cu il Milli
Məclis seçkilərində saxtakarlıq 32, faiz, 2013-cü ilin prezident seçkilərində
isə 58 faiz olub. Yəni Azərbaycan xalqı tədricən hakimiyyəti formalaşdırmaq
haqqından mərhum edilir. Bu proses də dərinləşə-dərinləşə gedir. Sizə əminlikdə
deyirəm ki, Azərbaycanda ciddi,sosial, siyasi və iqtisadi idarəçilik
islahatları keçirilməsə, ərəb baharında baş verən hadisələr başqa formada baş
verəcək. Çünki bu vəziyyət uzun müddət davam edə bilməz. Siz jurnalist kimi
təhqiqat aparsanız görərsiniz ki, bir zamanlar Azərbaycanda ərəb modelinə bir
maraq var idi. Öyrədilmiş şəxslər televiziya vasitəsi ilə cəmiyyətə təlqin
etmək istəyirdilər ki, şərq modeli bizim üçün qərb demokratiyasından daha
uyğundur. Əslində bu, adı cümhuriyyət olan ölkədə hakimiyyətin vərəsəlik
sistemi ilə ötürülməsinə olan maraqdan irəli gəlirdi. İstər-istəməz qərb
demokratiyasında iqtidarların sonu var. Şərq mentalitetində isə bir ailə uzun
müddət və ya ömürlük hakimiyyətdə qala bilər. Azərbaycan hakimiyyətinin ərəb
hakimiyyətlərinə oxşamaq marağı siz dediyiniz inqilabların gedişindən sonra
gündəmdən çıxdı. İndi biz Şimali Koreyiya kimi qanunlar qəbul edib Cənubi
Koreya kimi yaşamaq istəyirik. Azərbaycan belə bir təzadın arasındadır.

– Məqalənizdə qeyd etmisiniz ki, nə ölü kimi
ölü, nə də diri kimi diriyik. Sizcə, bu nə qədər çəkəcək?

– Dirilmək şansımız
daha böyükdür.

– 9 oktyabrdan sonrakı Milli Şuradan
razısınızmı?

– Biz hər bir məsələni
fəaliyyət göstərilən zamanın şərtləri daxilində izah etməliyik. 9 oktyabra
qədər bizim imkan və şəraitimizlə 9 oktyabrdan sonrakı dövrdə imkan və şərait
arasında ciddi fərqlər var. Birinci şərait o həqiqəti ortaya qoydu ki,
cəmiyyətin dəyişilməsinin yolu televiziyadan keçir. Bizim zaman etibarı ilə 6
dəqiqəlik çıxışlarımız aşağı-yuxarı bütün evlərə gedib çatırdı. Siz mənə
televiziya verin mən bir ay ərzində
respublikanı meydanlara töküm. Fərq bundan ibarətdir. Bizim əhali ilə birbaşa imkanlarımız 9
oktyabrdan sonra yoxdur.

– Əvəzində sosial şəbəkələr var…

– Sizinlə razıyam.
Amma sosial şəbəkələrin bəlli əhatə dairəsi var. Geniş dairə hələ sosial
şəbəkədə təmsil olunmur. Televiziya verilişi isə vətəndaşın evinə girir. Bu gün
ictimai şüura təsir ekrandan keçir.

– Əgər dəyişiklik üçün televiziya vasitəsilə
xalqla ümsiyyətdən keçirsə, biz bunu necə əldə edə bilərik?

– İçimizdə olan
sıxıntı böyük olduğundan səbrimizin limti də tükənir. Biz bunu əldə edəcəyik.
Ola bilsin ki, dəqiq tarix qoymaq çətindir. Amma kim ehtimal edə bilərdi ki,
günün birində Avropa Birliyi gəlib Azərbaycanla həmsərhəd olacaq. Mən bunu
Gürcüstanın nümunəsində deyirəm. Bir vaxtlar siyasi proseslərə ABŞ fon verirdi.
İndi bu missiyanı Avropa məkanında Avropa Birliyi yerinə yetirir. Məncə, hədəf
Avropanın coğrafi hüdudlarını siyasi hüdudları ilə birləşdirməkdir. Bu proses
gedəcək. Xəzər dənizinin qərb sahilləri Avropa Birliyinin şərq sərhədləri
olacaq. Bu proses mütləq mənada gedəcək. Bəlkə bir qədər yubanacaq, gec
gedəcək. Amma biz dövlət, iqtidar və millət olaraq öz vücudumuzu Avropa
qaydalarına uyğunlaşdırmalıyıq. Bunu nə qədər tez eləsək dövlətimiz və
millətimiz udar. Əgər biz bunu eləməsək proses gedəcək. Kim bu prosesi aparmasa
kənarda qalacaq.Televiziyada bu prosesin gedişində olacaq. Bu proses uzaq
gələcəyin hadisəsi deyil, indi artıq gedir.

“Əsas Milli Şuranın güclü
olmasıdır”

– 9 oktyabra qədər ki, Milli Şura hakimiyyətin
Rüstəm İbrahimbəyova qarşı hücumlarına baxmayaraq sınaqdan uğurla çıxdı. Ancaq
9 oktyabrdan sonrakı Milli Şura İbrahimbəyovu sədr kimi saxlaya bilmədi. Bu
mənada fərqlər varmı?

– Məncə, mühüm olanı
Milli Şuranı saxlamaqdır. Rüstəm bəy çox sadə adamdır. Onun ancaq sədr, həmsədr
və ya fəxri sədr olmaqla bağlı kompleksi yoxdur. Mən onu çox yaxşı tanıyıram.
Rüstəm nadir adamlardan biridir. Bir ara deyirdilər ki, onun maraqlarına
toxunduqlarına görə, ortaya çıxdı, hansısa ölkənin proyektidir və s. Əminliklə
deyirəm ki, bunların hamısı boş şeylərdir. Rüstəm Azərbaycan ziyalıları
içərisində hamıdan çox azərbaycanlıdır, vətəndaş olaraq xalqımızın qarşısında
öz məsuliyyətini dərk edən insandır. Hələ maraq, mənafe, proyekt kimi
iddialardan çox qabaqlar biz bir çox məsələləri müzakirə etmişik. Rüstəmin
yanaşması belə olub ki, biz xalqımız üçün nəsə etməliyik, bu vəziyyətdə davam
edə bilməz. Onun kino evinin dağıdılması və s məsələlər bunda sonra ortaya
çıxdı. Hazırda hakimiyyətə yaxın media elan edir ki, Rüstəm İbrahimbəyov Milli
Şuradan getdi. Mənsə deyirəm ki, İbrahimbəyov Milli Şuradan heç hara getməyib.
Rüstəm bəy Milli Şuranın üzvü kimi qalır, şuranın güclənməsi, təşkilati
baxımdan gerçək qüvvəyə çevrilməsi üçün əlindən gələni edir. Bütövlükdə Milli
Şuranın güc mərkəzinə çevrilməsi hamımızın maraqlarına uyğundur. Təşkilat güclü
olmayandan sonra nə sədrliyin, nə rəhbər olmağın mənası yoxdur. Əsas təşkilatın
güclü olmasıdır.

– Sizin “Müsavat Partiyası Milli Şurada var,
olub və olacaq da” fikri özünü doğruldacaqmı?

– Biz bunu arzulayır
və hesab edirik ki, Müsavat Milli Şurada olmalıdır. Müsavat Milli Şuranın
aparıcı üzvlərindən biridir. Biz arada qeyd edirik ki, Milli Şura fərdiyyət
üzərində qurulub. Ancaq haradasa Müsavatın və AXCP-nin 15-16 üzvü Milli Şurada
təmsil olunur. Bundan bir qədər az sayda üzvlər isə digər partiya və hərəkatların
təmsilçiləridir. Müsavat aparıcı müxalifət partiyalarından biridir. Biz onun
Milli Şurada olmasına ciddi əhəmiyyət veririk. Arzu edirik ki, belə də olsun.
Söhbət ancaq partiyaların Milli Şurada qalmasından getmir. Səmərəli inkişaf
konsepsiyasına qovuşmaqdan, müxalif siyasi qüvvələrin güc mərkəzinə
çevrilməsindən söhbət getməlidir. Biz əslində buna nail olmalıyıq. Buna nail
ola bilsək Müsavatda, AXCP-də, KXCP-də, El Hərəkatı da, NİDA-da güclənəcək.
Ancaq biz Milli Şuraya partiyaları idarə edən orqan kimi də yanaşmamalıyıq. Biz
partiyaların fəaliyyətinin uzlaşan hissəsini bir istiqamətə yönəltmək və gerçək
birlik modeli haqda düşünürük.

– Bəzən iddia edirlər ki, Milli Şuranın əsas
funksiyası prezident seçkilərinə qatılmaq, seçkidə vahid namizədlə iştirak
etmək olub. Bu da baş verdiyi üçün Milli Şura tarixu funksiyasını yerinə
yetirib. Siz bundan sonra Milli Şuranı necə görürüsünüz, bu qurum 2014-cü il
bələdiyyə və 2015-ci il parlament seçkilərinə blok formasında qatıla bilərmi?

– Mən düşünmürəm ki, bələdiyyə
seçkiləri cəmiyyətdə aktiv yaratsın. Çünki prezident seçkiləri zamanı Milli
Şuranın apardığı seçki tatikası cəmiyyətdə bir qədər aktivlik yarada bildi.
Amma bu aktivlik 20 faizdən çox olmadı. Məsələn, 1200 seçicisi olan məntəqədə
18-22 faiz civarında aktivlik var idi. Ötən seçkilərdə isə bu 12 faizdən çox
deyildi. Biz bir şeyi nəzərə almalıyıq:hakimiyyət seçki aktivliyində maraqlı
deyil. Ona görə, seçki nə qədər süst keçsə, vətəndaş nə qədər passiv olsa bir o
qədər yaxşıdır. Seçkidə maraqlı olan qüvvə heç vaxt təbliğat kampaniyasını 3
həftəyə endirməz. Bu da onunla bağlıdır ki, hakimiyyət üçün seçicinin səsi
deyil, seçki komissiyalarının yazacağı sənəd əsasdır. Biz açıq qeyd edə bilərik
ki, seçkilərə gələn 20 faiz seçicinin mütləq səsini biz almışıq. Amma bu gün
seçici qorxa-qorxa bunu etməyə hazır idi, amma verdiyi səsi qorumağa hazır
deyildi. Azərbaycan cəmiyyətinin real mənzərəsi bundan ibarət idi. 2015-ci il
parlament seçkilərində isə aktivlik olacaq. Milli Şura ideyasının davamlı
olması o demək deyil ki, biz Milli Şura olaraq seçkiyə getməliyik. Biz
partiyaların maraq və istəklərini nəzərə almalıyıq. Seçkilərlə bağlı bəlli
müddətdə müəyyən strategiya işlənib hazırlanmalıdır. Necə ki, biz bunu çox qısa
müddətdə istifadə edə bildik. Yəni cəmiyyət üçün gözlənilməz bir taktika tətbiq
edə bildik. Hər necə olursa-olsun, dünya həmişə belə olmayacaq. Xalqların böyük
bir hissəsi demokratiyaya qovuşub və Azərbaycanda qovuşacaq. Ona görə də,
siyasi partiyaların cəmiyyətdə yeri və nüfuzu qorunub saxlanmalıdır. İndi
partiyaların birləşməsi modelini irəli sürürlər.Mən bunun əleyhinəyəm. Mən əmin
deyiləm ki, partiyalar birləşsə güclənəcəklər. Harada uğur varsa ora getmək
lazımdır. Biz fəaliyyətimizin uzlaşan məqamları üzərində model qurub onu
inkişaf etdirməliyik.

– Siz Milli Şurada prezidentliyə namizəd kimi
təsdiqlənəndə elan etdiniz ki, yolumuz Rəsulzadə-Elçibəy yoludur. İndi Milli
Şura bu yoladan kənarda çıxıb,yoxsa bəzi adamlar bu yolla getmək istəmirlər?

– Milli Şurada yol elə
bu yol kimi də qalır. Hələ ki, bundan başqa səmərəli və uyğun yol
tapılmayıb. Biz, bu yolu böyük
məmnuniyyətlə getməyə hazırıq. Ümumiyyətlə nəzəri olaraq ideya axtarmaq hər
zaman uğurlu olmur. Azərbaycan ideologiyası bizə qurucu babalarımız tərəfindən
verilib. Bu ideya uzun illər keçərli olacaq. Üçrəngli, ay-ulduzlu bayraq və
onun mahiyyəti bizim millətimiz üçün uğurludur və potensialı tükənməyib. Ola bilsin
ki, bu yola fərqli baxışlar olsun, amma gedəcəyimiz yol budur. Həm Rəsulzadə,
həmdə sevgili müəllimimiz Əbülfəz Elçibəy öz zamanlarında cəmiyyətə maraqlı
nümunələr veriblər. Onlar öz fəaliyyətləri ilə təsdiq ediblər ki, rüşvətdən,
korrupsiyadan və digər natəmiz əməllərdən kənarda idarəçilik mümkündür.

“Dəyişikliyin başlıca daşıyıcısı,
arzusunda olanı gənclərdir”

– Heydər Əliyev iqtidarı daha çox siyasi
şəxslərə hücum edirdi, həbsxanaya göndərilənlər daha çox siyasi fiqurlar
olurdu. Amma indiki hakimiyyət daha çox gəncləri, jurnalistləri, bloggerləri və
QHT nümayəndələrini həbsə göndərir. Bu fərqi nə ilə izah etmək mümkündür?

– Kim hardan təhlükə
görürsə ona qarşı da mübarizə aparıb. Bu həqiqətdir ki, cəmiyyətimizdə
gəncləşmə daha çox məhbusların yaş həddində özünü ifadə edir. Bu gün gənclik
siyasi qüvvə olaraq ortadadır. Dəyişikliyin başlıca daşıyıcısı, arzusunda olanı
gənclərdir. Bu gənclər 20 il əvvəlki gənclərdən bir qədər fərqlidir. Bu gənclər
müxtəlif xarici universitetlərdə oxuyan, xarici dili bilən, sosial şəbəkələrdə
fəal olan, yetərli vətəndaşlıq mövqeyində olan gənclərdir. Odur ki, hakimiyyət
bu gənclərdən özü üçün təhlükə görür. Hakimiyyət üçün təhlükəsizlik anlayışı
müxalifət və azad fikirliyə qarşı mübarizədən keçir. Dövlətin vacib qurumları
təhlükəsizlik anlayışına necə baxmaq lazım olduğu ənənəsinin sistemi dəyişib.
Artıq təhlükə mənbəyi ölkənin xaricindən daxilinə keçir. Bu gün gənclərin
mənasız ittihanlarla həbs edilməsi, uzun sürən mühakimə proseslərinin
aparılması dəyişiklik etmək istəyən qüvvəni təhid və repressiya etməyə yönəlib.
Mən vaxtım olan kimi NİDA üzvlərinin məhkəmə prosesinə gedirəm. Təsəvvür edin
ki, Rəşad Həsənovu martın 14-də həbs ediblər. Ondan həmin gün 3-4 səhifəlik
ifadə alınıb. Həbsdən 6 ay müddət keçib, amma heç bir istintaq hərəkəti
aparılmayıb. Yalnız sentiyabrda bir
üzləşmə keçiriblər. Ağır cinayətlərdə mühakimə etdiyin şəxsi 6 ay azadlıqdan
mərhum edirsən, amma onunla cəmi iki istintaq hərəkəti aparmısan. Ümumiyyətlə
hüquqdan kənar olmalısan ki, onun verdiyi ifadə əsasında sən şəxsi həbs
etməlisən. İlqar Məmmədovla Tofiq Yaqublunun günahı hadisədən bir gün sonra
hadisə yerinə baxmaqdan ibarətdir. Yadigar Sadıqovun işi bəllidir. Əvəz
Zeynallı ilə bağlı məsələ elə qəribədir ki, tarixdə belə nümunə yoxdur. Qurban
Məmmədovu götürün. Nə qədər cəfəng və əsasız ittihamla adamı tuturlar. Anar
Məmmədlinin həbsinə baxın. Onu vergidən yayınmaya görə ittiham edirlər. Bu
ölkədə karvanı yükü, sarvanı isə ipi ilə udurlar. Ancaq heç kəs bunun fərqində
deyil. Bu ölkənin neftini işbazlar bir-birinə sataraq qeyri-qanuni böyük
gəlirlər əldə edirlər. Bunun fərqində olan yoxdur, amma Anar Məmmədlini guya
vergidən yayınmağa görə həbs edirlər. Ümumiyyətlə dövlətdə hər bir nazirliyin
özünün istintaq orqanı yaradırsa bu hər şeyi açıb ortaya qoyur. Bu istintaq
orqanları vətəndaşı sındırmaq, dövlət qurumlarını isə haqlı etmək üzərində
qurulub. Siz Türkiyəyə diqqət edin. Orada hakimiyyətin yüksək pilləsində duran
şəxslərə qarşı da hüquqi mexanizmlər tətbiq etmək olur. Orada nəyin baş
verdiyini araşdıracaqlar. Amma bizim nazirləin özləri bu işlə məşğuldur. Gündə
bir ölkədən xəbər gəlir ki, Azərbaycanın filan naziri bu qədər vəsait
mənimsəyib. Bunu heç nəzərə alan yoxdur.

– Yeri gəlmişgən, gənclər sizin Yazıçılar
Birliyində olmağınıza tənqidi yanaşır. Buna münasibətiniz necədir?

– Mən tənqidə açıq
adamam və buna normal yanaşıram. Bu onların haqqıdır. Amma eyni zamanda mənim
də haqqım var. Nəzərə almaq lazımdır ki, siyasət mənim həyatımın hamısı deyil.
Siyasət mənim həyatımın bir hissəsidir. Mənim siyasətdən kənar həyatım
tanıdığım insanlar, dostlarım, tanışlarımdır. Mən heç kəsin qarşısında “mən
getdiyim yolu səndə get” tələbi qoya bilmərəm. Mən həmdə deyə bilmərəm ki, mən
ziyalıyam bu yolu gedirəm, səndə ziyalı olduğun üçün bu yolu getməlisən. Siz ədəbiyyata
bir qədər yaxın adamsınız. Ədəbi mühitdə məsələlər ortaya yaxşı ədəbiyyat əsəri
qoymaqla həll olunmalıdır. Bizim gənc dostlarımızın yanaşmasını mən doğru və
ədalətli hesab etmirəm. Anar mənim yazıçımdır, onun əsərlərini sevə-sevə
oxumuşam. Ola bilsin ki, gənc dostlarımız məsələlərə bugün mövcud olan
meyarlarla yanaşır. Mən bir az keçdiyimiz yolun müxtəlif mərhələlərində
gördüyümüz, oxuduumuz və bununhəyatımızda buraxdığı izə görə, məsələləri qiymətləndirmək istəyirəm.
Anara qarşı bu cür ədalətsiz və insafsız münasibət mənəvi, etik baxımdan düzgün
deyil. Mən bu mübahisələrin gedişində çox şeylər oxumuşam. İstəməzdim ki, bizim
gənclər yaşlı birinə münasibətdə belə ifadələrdən istifadə etsinlər. Əzizim,
sən Anarı bəyənmirsən və hesab edirsən ki, yazıçı deyil, onda zəhmət çək Anarın
yazdığından daha güclü əsər ortaya qoy. Amma sənin buna gücün çatmır, əvəzində
deyirsən ki, Anar 25 ildir Yazıçılar Birliyində oturub, atası filan vaxt bunu
edib. Məncə, bu doğru yanaşma deyil. Bizim dostlarımızın yazdığından bəzən belə
çıxır ki, Azərbaycanda olan bütün problemlərin kökü Anara dayanır. Axı, bu belə
deyil. Biz keçmiş tariximizin və ədəbiyyatımızın üzərindən xətt çəkə bilmərik.
Həmdə mən təkcə Yazıçılar Birliyinin üzvü deyiləm, müxtəlif qurumların,
redaksiyaların üzvüyəm. Sizcə, Milli Şura üzvü olduğuma görə, bunların
hamısından imtina etməliyəm? Bu düzgün yanaşma deyil. Mən Anarla xeyli müddət
dostluq münasibətindəyəm. Amma ondan heç vaxt təmənnam ola bilmərəm ki, gəl
prezident seçkilərində mənə səs ver. Mən bunu heç ağlıma sıxışdırmıram. Mən
Azərbaycan ziyalılarının böyük bir dairəsi ilə səmimi və milli maraqlarımıza
uyğun olan münasibətləri saxlamaq istəyirəm. Hafiz Baxış deyirdi ki, bizim dost
itirən vaxtımız deyil. Səmimi deyim ki, Anar millətimiz üçün faydalı adamdır.
Bu illər ərzində Anar olmasaydı, bi o təşkilatda elə şeylərin şahidi olardıq
ki, bu sadəcə olaraq düşünüləsi məsələ deyildi.

 

“Müsavat Partiyasının nə
istədiyini isə onlardan soruşsanız daha yaxşı olar”

 

– Cəmil müəllim, dekabrın 27-də Müsavat Partiyası
ilə müzakirələr aparmısınız. əgər sirr deyilsə, Müsavat Partiyasının nə
istədiyini cəmiyyətə açıqlayın?

– Milli Şurada təmsil
olunan bir neçə ziyalı ilə Müsvat Partiyasının rəhbərliyi arasında görüş olub.
Bizi ümumilikdə narahat edən məsələlər ətrafında fikir mübadiləsi olub. Bəzi
şeyləri müzakirə etmək, bəzi suallara cavab tapmağa və Milli Şura ətrafında
məsələlərə aydınlıq gətirməyə malışmışıq. Müsavat Partiyasının nə istədiyini
isə onlardan soruşsanız daha yaxşı olar.

– Bəs siz nə istəyirsiniz?

– Əlbəttə, mən və
yaxın dostlarımla dəyişiklik etmək istəyən qüvvələrə kömək etmək istəyirik.
Bizim istəyimiz bundan artıq deyil. Dünya hər zaman belə qalmayacaq. Adam
ailəsinin və varislərinin gözünün içinə dik baxmağı bacarmalıdır. Zülmü görüb
ona etiraz etməmək zalımın əməllərinə şərik olmaqdır. Mənəvi baxımdan deyiriksə
indiki vəziyyətlə barışmaq olmaz. Vicdani baxımdan yanaşırıqsa, mövqeyimiz
ortada olmalıdır. Azərbaycan şəraitində bu asan olmasa da, mümkünsüz də deyil.
Bizdən daha ağır vəziyyətdə olanlarda var. Biz deyirk ki, 142 siyasi məhbusumuz
var. Amma bəzən 142 nəfər Suriyada həyatını itirir. Mübarizə yolu ağır və
çətindir. Odur ki,buna hazır olmaq lazımdır. Nəyəsə görə, gördüyümüzü deməmək,
vəziyyətlə barışmaq olmaz. Ancaq hamıya demək olmaz ki, mən etdiklərimi səndə
et.

– İlin sonuda Azərbacan xalqına nə demək
istəyirsiniz?

– 2013-cü il bir qədər
ağır oldu. Seçkilər siyasi kampaniya ilə müşahidə olunur. Hesab edirəm ki,
2013-cü il millətimizin qulaqları çox şey eşitdi. Ümid edirəm ki, 2014-cü ildə
bizim qaldırdığımız məsələlər, Azərbaycan gerçəkliyi ilə bağlı problemlər
vətəndaşın içinə də nüfuz edəcək, bir vətəndaş mövqeyinin formalaşmasında öz
töhvəsini verəcək. Vaxtı ilə Məhəmməd Şahtaxtiskinin belə bir sözü var idi:
bizdə kişi çoxdur, amma vətəndaş yoxdur. Hakimiyyətin məqsədi milləti əhaliyə,
vətəni isə əraziyə çevirməkdir. Vətən anlayışı var. Milli iradə bu vətənin
probleminin həlli istiqamətində ortada olmalı və 2014-cü ildə biz daha fəal
vətəndaş olmalı, ölkəmizə sahib çıxmalıyıq.

 

Söhbətləşdi: “Yeni Cumhuriyyət” kollektivi

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3120

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031