Cəmil Həsənli İlham Əliyevin yalanın çıxartdı

03.01.2014 - 22:56

“Bu qiymətləndirmə real həyatla
uyğunlaşmır”

“Azərbaycan xalqı da, Azərbaycan
hakimiyyəti də Azərbaycan vətəndaşlarının hansı quruma və kimə səs verdiyini
bildi”

“Bu qiymətləndirmə real həyatla
uyğunlaşmır”

“Azərbaycan xalqı da, Azərbaycan
hakimiyyəti də Azərbaycan vətəndaşlarının hansı quruma və kimə səs verdiyini
bildi”

Cəmil Həsənli AzadlıqRadiosuna
Milli Şuranın 2014-cü ildən gözləntilərini bölüşüb. H
əmin müsahibəni diqqətinizə çatdlrırıq.

– 2014-cü ildə qarşıda duran vəzifələr çoxdur. 2013-cü ilin prezident
seçkiləri bizə təhlil, qiymətləndirmə və gələcək fəaliyyətimizi müəyyənləşdirmək
üçün kifayət qədər geniş material verdi. Ona görə biz onları dərindən öyrənirik
və 2014-cü il üçün fəaliyyət proqramını müəyyən edirik. 2014-cü ildə biz Milli
Şuranın yaşamasını, daha da güclənməsini, bütövlükdə Azərbaycan müxalifətinin,
Azərbaycan müxalif fikrinin bir güc mərkəzinə çevrilməsini nəzərdə tuturuq.
Görüləcək işlər çoxdur. Azərbaycanda böyük bir demokratiya mübarizəsi
var, Azərbaycanda siyasi məhbuslar var. Azərbaycanın işğal altına alınmış
əraziləri var. Azərbaycanda vətəndaşın layiqli həyat, demokratik cəmiyyət
arzuları var və avrointeqrasiya prosesləri var. Bütün bu məsələlər Milli
Şuranın fəaliyyətində aparıcı istiqamət olacaq. 2013-cü ildən bizə 142 siyasi
məhbus qalıb. Onların azad olunması, bütövlükdə cəmiyyətin təşkilatlanması
istiqamətində fəaliyyət göstərəcəyik.

– Yeni il təbrikində İlham Əliyev dedi ki, siyasi islahatlar davam
edir və edəcək, ölkədə bütün azadlıqlar var, qanunun aliliyi təmin
olunur…

– Bu qiymətləndirmə real həyatla uyğunlaşmır. Əgər Azərbaycanda siyasi
hərəkatların, siyasi partiyaların öncülləri siyasi mülahizələrlə həbs
olunurlarsa, 8 nəfər gənclər hərəkatının lideri tamamilə mücərrəd xarakter
daşıyan “Molotov kokteyli” ittihamı ilə həbsə atılırsa, Şəkidə, Bakıda,
Lənkəranda müxalif düşüncəli insanların məhkəməsi gedirsə, hansı azadlıqlardan
söhbət gedə bilər? Azadlıq anlayışı da, görünür, adamların öz ictimai-siyasi və
iqtisadi vəziyyətinə görə müəyyən olunur. Hansı islahatlardan söhbət gedir ki,
Qarabağ qazisi ən elementar haqlarına nail olmaqdan ötrü özünü yandırmaqdan
başqa ayrı çıxış yolu tapa bilmir? Yeni il təbrikində, ola bilsin ki,
təmtəraqlı sözlər, fikirlər deyilir. Məsələn, 1 milyon 200 min iş yeri açmışıq,
yoxsulluğun səviyyəsi 5 faizin aşağısına düşüb. Bunların heç biri iqtisadi göstəricilərlə
təsdiq olunmayan rəqəmlərdir. Neft gəlirləri artdıqca, Azərbaycan əhalisi
yoxsullaşır. Neft gəlirləri artdıqca ölkədə bahalaşma gedir. Bu bahalaşmanın
bədəlini də sosial cəhətdən müdafiə olunmayan əhali ödəyir. Ölkədə iqtisadi
zənginliklərin ölkəni idarə edən bir qrup adam tərəfindən ələ keçirilməsi və
mülkiyyət azadlıqlarının, iqtisadi azadlıqların oturuşmaması demokratiyanın
təməl prinsiplərinin işləməməsinə gətirib çıxarır.

– Bu il bələdiyyə seçkiləri olacaq. Bu seçkidə Milli Şuranın
iştirakı necə olacaq?

– Bu hakimiyyət bələdiyyə seçkilərinə inamı öldürüb. Ona görə ki,
bələdiyyələrin Azərbaycan siyasi sistemində elə bir rolu yoxdur. Bələdiyyələr
icra hakimiyyətlərinin bir əlavəsinə çevrilib. Onlara nəzərdə tutulan
hakimiyyət verilmədi. Hakimiyyət elə bir şeydir və göydə deyil ki, onun da bir
hissəsini götürüb bələdiyyəyə verəsən. Bələdiyyəyə hakimiyyət verməkdən ötrü
icra hakimiyyətinin nəzarətində olan hüquq və səlahiyyətlərin bir hissəsini
vermək lazım idi bələdiyyələrə. Ümumiyyətlə, Azərbaycan seçkili orqanlardan
qaçır. Ya seçkili orqanları eybəcər formaya salır, ya da seçkili orqanlardan
qaçır. Məsələn, əslində, yerlərdə rayonların, yerli cəmiyyətlərin idarə
olunmasında seçkili vəzifələr üstünlük təşkil etməli və hakimiyyət təyinatlı
vəzifələrdən seçkili vəzifələrə keçməlidir. Bizdə isə tərs proses gedir.
Birincisi, bələdiyyə yarımçıqdır. O mənada yarımçıqdır ki, böyük şəhər
bələdiyyəsi yoxdur. Məsələn, Bakı kimi bir şəhərdə böyük şəhər bələdiyyəsi
yoxdur. Böyük şəhər bələdiyyəsi olmayandan sonra Bakının rayonlarındakı
bələdiyyələr şəhərin idarə edilməsinə elə effektli təsir göstərə bilməz.
İkincisi, bələdiyyələrin nə mülkiyyəti var, nə də hakimiyyəti. Yarandığı
dövrdən bəri bələdiyyə qurumları rayon icra hakimiyyətlərinin tabeçiliyinə
düşməyə başladı. Bələdiyyələrin mülkiyyəti yoxdur, fəaliyyət istiqamətləri
dəqiq müəyyənləşdirilməyib. Hakimiyyət bölgüsü olmadığı üçün onların əlində də
bir səlahiyyəti yoxdur. Bu da bələdiyyə seçkilərinə olan marağı kifayət qədər
aşağı salır. Milli Şuranın bələdiyyə seçkilərinə münasibəti hələ müzakirə
edilməyib. Biz seçki məsələləri ilə bağlı bir müzakirənin keçirilməsini və
bələdiyyə seçkilərinə də orada münasibət bildirilməsini məqbul hesab edirik.
Yəqin ki, bu yaxınlarda bu istiqamətdə bizim bir müzakirəmiz olacaq.

Bu arada Milli Şura ətrafında da müzakirələr səngimək bilmir.
Qurumun sədri kimi, hamıya bərabər məsafə saxlamağı nə dərəcədə bacarırsınız?

– Milli Şuraya daxil olan partiyaların hamısı ilə mənim normal
münasibətlərim var. O partiyaların rəhbər orqanları ilə mənim normal
münasibətlərim var. Əgər hansısa bir birləşdirici quruma rəhbərlik edirsənsə,
onun içərisində ayrıseçkilik etmək olmaz. Biri mənə yaxındır, o birisi uzaqdır,
bunu etmək olmaz. Əvvəla, o dairənin hamısı ilə, aşağı-yuxarı, uzun müddət bir
yol gəlmişəm. Bir-birimizi kifayət qədər yaxşı tanıyırıq. İkinci bir tərəfdən
biz prezident seçkilərində vahid bir qüvvə kimi iştirak etdik. Milli Şuraya
daxil olan partiya və hərəkatların hamısı bacardığı töhfəni verdi. Bütövlükdə
Azərbaycan cəmiyyəti gördü ki, Milli Şura bir qüvvə, bir gücdür. Ona görə də
seçkiyə gələn seçicilərin böyük əksəriyyəti ona səs verdi.
Milli Şura daxilində əməkdaşlıq Azərbaycanda müxalifət partiyalarının,
hərəkatların, gənclər təşkilatlarının gücünü, fəaliyyətini koordinasiya etmək
üçün vacibdir. Ola bilsin ki, bunun formaları, yolları haqqında müəyyən fikir
ayrılıqları var. Hesab eləyirəm ki, bunun olması da mümkündür, çünki Milli Şura
demokratik bir təşkilatdır. Amma bütün hallarda biz birliyimizi və
bərabərliyimizi qoruyub saxlamağa çalışacağıq.

Milli Şuranın gələcəyini necə görürsünüz: bu şəxsə, xarizmaya
dayalı, yoxsa demokratiya ab-havasının tam oturuşmasını hədəfləyən bir
qurumdur?

– Bütün hallarda Milli Şura birləşdirici bir orqan olduğu üçün və Azərbaycan
müxalifətinin, müxalifət fikrinin fəaliyyətini uzlaşdıran bir orqan olduğu üçün
demokratik təsisatlara, demokratik dəyərlərə dayanmalıdır. Şəxsin xarakteri də
vacibdir. Amma bütövlükdə cəmiyyətdə demokratik institutlar formalaşmalı,
demokratik təsisatlar möhkəmlənməlidir ki, biz bu yolu gedə bilək. Mən hesab
edirəm ki, 2014-cü il Azərbaycan cəmiyyətinin demokratiyaya doğru irəliləməsi,
Avropa dəyərlərinə doğru irəliləməsi və eyni zamanda Avropanın da Azərbaycana
doğru irəliləməsi baxımından əhəmiyyətli bir il olacaq. Nəticə etibarilə Avropa
Birliyinin sərhədləri Avropanın coğrafi sərhədləri ilə tamamlanmalıdır. Bu da,
aşağı-yuxarı, Xəzər dənizinə qədər olan bir ərazini əhatə edir. Mənə belə gəlir
ki, 2014-cü ildə Avropanın coğrafi xəritəsinin onun siyasi xəritəsi ilə
tamamlanması istiqamətində əhəmiyyətli il olacaq. Milli Şuranın fəaliyyətində
də bu istiqamət aparıcı istiqamət olaraq müəyyən ediləcək.

– Bu arada sizi mühafizəçilərsiz gəzən görürlər. Adamlar necə –
sizə, ötən ilin prezidentliyə namizədinə yaxınlaşırlar?

– Vallah düzünü deyim ki, istəməzdim təbliğat kimi yanaşılsın. O partiya
liderləri ki, o dövlət adamları ki, mühafizə ilə gəzirlər, mənim o istiqamətdə
heç bir iradım, heç bir əks münasibətim yoxdur. Amma təbiət etibarı ilə mən bir
az azad hərəkət istəklərinə malik adamam. Adamlarla özüm arasında bir
mühafizənin olmasına zərurət duymamışam. Seçki dövründə müəyyən xoşagəlməz
halların olacağı ehtimalı da vardı, özü də. Məsələn, bizim rayonlarımıza
səfərlərdə cəmiyyətin tör-töküntülərindən ibarət öyrədilmiş adamlar vardı.
Müəyyən xoşagəlməz hallar ola bilərdi. O zərurət ucbatından mən bir neçə nəfər
dostumuzun xidmətindən istifadə etdim. Amma indi buna bir zərurət duymuram. Mən
ömrüm boyu bu adamların içərisində olmuşam. Yenə də belə bir həyat tərzi keçirməyə
üstünlük verirəm. O ki qaldı adamların yaxınlaşmasına, vallah, mübaliğəsiz
demək istəyirəm ki, 19-20 əsrin əvvəllərində, biz indi o filmlərdə görürük,
Bakıda ki adam az idi, hamı da bir-birini tanıyırdı, küçədə hamı bir-birinə
salam verirdi – indi təxminən mən elə bir vəziyyətdəyəm. Şəxsən tanıyan da,
tanımayan da ya öz münasibətini bildirir, ya, üç-beş kəlmə söhbət eləməyə
çalışır. Ya da ən azından salam verir, öz hörmətini bildirir.
Belə şeylər olur və bu da normal bir vəziyyətdir. Bundan ötrü bir mühafizə
dəstəsi saxlamağa mən ehtiyac duymuram. Demək olar ki, noyabrın sonlarından
etibarən buna zərurət duymadım.

Cəmil müəllim, dükan-bazara çıxırsınız?

– Mən bu günə qədər evimin bazarlığını özüm edirəm. Bazarda da, dükanda da,
küçədə də oluram.

– Bazarda gördüyünüz qiymətlər haqqında nə deyə bilərsiniz?

– Qiymətlər haqqında fikrim elə də yaxşı deyil. Qiymətlər daim artır. Bu
qiymət artımının iqtisadi əsaslandırılması yoxdur. Bu süni artımdır. Bu süni
artım da bilavasitə vəzifəli şəxslərin iqtisadi həyata və bazara nəzarət
eləməsi ilə bağlıdır. Bizim bir sıra vəzifəli şəxslər idarə olunan bazar
deyəndə, onu özləri tərəfindən idarə olunan bazar kimi nəzərdə tuturlar. Amma
əslində, bazar azad olmalıdır və qiymətləri bazar özü tənzimləməlidir. Xüsusən
son vaxtlar yanacağın qiymətinin artması bazara ciddi şəkildə təsir göstərir.
Əhalinin geniş kütləsi daha çox gündəlik tələbat mallarından istifadə edir.
Yanacağın qiymətinin artması, demək olar, bütün yaşayışa, bütün bazara təsir
elədi.

– Cəmil müəllim, Milli Şura ilə başladıq, elə onunla da qurtaraq.
2014-cü ilin Milli Şurası hökumətə güclü müxalifət olacaqmı?

– Birincisi, ötən seçkilər dövründə Milli Şuranın nə dərəcədə güclü
müxalifət olduğu ortada oldu. Əslində, ötən prezident seçkisi müxalifətlə
iqtidar düşərgəsini qəti şəkildə aydınlaşdırdı. Azərbaycan hakimiyyətinin ən
böyük istəklərindən biri təkcə hakimiyyəti ələ keçirmək deyil, eyni zamanda
onun özü tərəfindən idarə olunan müxalifət yaratmaqdır. 9 oktyabr idarə olunan
müxalifətin mahiyyətini ortaya qoydu. Ona görə də 9 oktyabr tək mövqeləri
müəyyən etmədi, həm də ölkədə güc mövqelərini müəyyənləşdirdi. Total
saxtakarlıq baş versə, topa bülletenlər atılsa və digər hadisələr baş versə də
Azərbaycan xalqı da, Azərbaycan hakimiyyəti də Azərbaycan vətəndaşlarının hansı
quruma və kimə səs verdiyini bildi.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3140

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031