Nazirin dağ biznesi
İnhisarçılıq “xəstəliyi”
artıq milli qoruqlarda da “lövbər” salıb
İnhisarçılıq “xəstəliyi”
artıq milli qoruqlarda da “lövbər” salıb
Azərbaycanda inhisarçılıq bütün sahələrə sirayət edib, yalnız
siyasi-istisadi və sosial həyatı “canüstə” qoyan bu “xəstəlik” artıq milli
qoruqlarda da “lövbər” salıb. Görünür, “xəstəlik metastaz” mərhələsini
yaşadığından milli parkları kənarda qoymaq istəməyib. İnhisarçının kim və yaxud
hansı nazirliyin olduğunu bilmək heç də çətin deyil. Onsuz da hər bir nazirlik
rəhbərlik etdiyi sahəyə sərvəti kimi yanaşır. Aşağıda təqdim etdiyimiz məktuba
nəzər saldıqda hər şey məlum olur.
Hüseynqulu Bağırovun “qara siyahısı”
Problem Ekologiya və təbii sərvətlər nazirliyinin (ETSN) Bioloji
müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı
departamentinin direktoru Vaqif Cavadovun Azərbaycan Alpinizm Federasiyasının
(AF) prezidenti İ.Aşurluya ötən ilin 23 oktyabr məktubundan sonra üzə çıxdı.
Departament rəhbəri V.Cavadov İ.Aşurlunun federasiyanın 25 oktyabr-04 noyabr
tarixində Şahdağ Milli Parkının müvafiq marşrutu üzrə idman toplantısı
keçirilmək istəyinə rədd cavabı verib. Səbəb kimi federasiya nümayəndələrinin
sosial şəbəkələrdə nazirliyə qarşı “qara piar” aparması göstərilib: “Belə olan
halda dağ yürüşləri təşkil edərkən məsuliyyəti üzərinizə götürüb müvafiq
icazələrin alınması üçün müraciət etməyiniz məntiqli səslənmir. Department
yalnız özləri və ya üzvlərinin hərəkətləri üçün tam cavabdehlik daşımaq
qabiliyyətində olan fərdi şəxslər və dağçılıq təşkilatları əməkdaşlıq etmək
niyyəıtindədir”.
Aprelin 16-da nazirliyin saytında yerləşdirilən açıqlamada məsələ daha sərt
şəkildə qoyulub. Bu barədə “Turan” İA-nin yaydığı məlumatda bildirilib ki,
Şahdağ Milli Parkına səfər imkanları məhdudlaşdırılan 13 nəfərin siyahısı
açıqlanıb. Departament rəhbəri Vaqif Cavadov bu qərarın onların park ərazisində
daxili davranış qaydalarını pozması ilə əlaqədar qəbul olunduğunu bəyan edib:
“Daxili nizam-intizamı və milli parka səfər qaydalarını pozanlar “qara
siyahıya” salınacaq”. Ancaq department rəhbəri pozuntuların məhz nədən ibarət
olduğunu, bu pozuntuları kimin və necə müəyyən etdiyini açıqlamayıb. “Qara
siyahı”ya salınan şəxslərdən üçü Fransa vətəndaşı, biri Sloveniya, biri Ukrayna
və digər 8-i Azərbaycan vətəndaşlarıdır. Siyahı Şahdağ Milli Parkının saytında
yerləşdirilsə də, yaranan suallarla bağlı saytda verilən telefonlarla əlaqə
qurmaq cəhdimiz alınmadı. Təəssüf ki, nazirliyin mətbuat xidməti kömək
edəcəkləri barədə vədlərini yerinə yetirmədi.
“Xuliqanlıq edib dağçı idmançıların
adına ləkə gətirdikləri üçün “qara siyahı”ya düşüblər”
Nazirliyin mövqeyini dəstəkləyən növbəti açıqlama nazir Hüseynqulu
Bağırovun prezidenti olduğu Azərbaycan Hava və Ekstremal İdman Növləri
Federasiyasının (FAİREX) vitse-prezidenti Valeri Bağırovdan gəlib. V.Bağırov
lent.az-a nazirliyin bəzi şəxslərin və qrupların müraciətinə baxmaması yönündə
yaranan problemi prosedurlarla izah edib: “Qrup halında müraciət edilirsə,
vacibdir ki, bütün qrup üzvlərinə görə məsuliyyəti üzərinə götürəsən. O
adamların ərizələrinə baxılmır ki, onlar 20 adamın adından ərizə ilə ETSN-yə müraciət
edir və sonra da deyir ki, həmin şəxslərin və qrupun hərəkətlərinə görə
məsuliyyət daşımıram. Yəqin ki, belə halda icazə almaq mümkün olmayacaq.Gərək
belə şəraitlər üçün kimsə cavabdeh olsun”. O, “qara siyahı”nı haqlı hesab edib:
“Dağlara normal yanaşanların, qayda-qanunlara riayət edənlərin, təbiətə qayğı
ilə münasibət göstərənlərin üzünə dağlar həmişə açıqdır. Dağçı idmançılar da
daxil olmaqla, elələri var ki, icazəsiz Milli Parkların ərazisinə soxulublar,
tonqal qalayıblar, qanunsuz hərəkətlər edərək qaydaları pozublar. Kobud desək,
xuliqanlıq edib “qara siyahı”ya düşüblər, dağçı idmançıların adına ləkə
gətiriblər və təbiətə, qoruğa ziyan vuran davranış nümayiş etdiriblər.
Ümumiyyətlə, “qara siyahı” məsələsini heç müzakirə etmək lazım deyil, çünki bu
tam qanuni haldır və normal qəbul olunmalıdır.Yəni qanunu pozan hansısa formada
cəzalandırılmalıdır. Digər tərəfdən də qara siyahıya düşənlər səhvlərini etiraf
etməyi bacarmalıdırlar, üzür istəməli, etiraf etməlidirlər ki, qanunu
pozmuşlar. Bir daha bu hərəkətlərə yol verməmələri üçün öhdəlik götürməlidirlər
ki, onlar “qara siyahı”dan çıxarılsınlar. FAİREX-in bir neçə idmançısının adı
“qara siyahı”da olub. Lakin bu şəxslərə məsləhət görülüb ki, gedib ETSN-nin
aidiyyəti bölməsinə müraciət etsinlər, səhv etdiklərini bildirsinlər və “qara
siyahı”dan adlarının çıxarılmasına nail olsunlar. Onlar da müraciət edib,
iltizam verərək adlarını “qara siyahı”dan çıxartdırıblar. Yəni bu hal qaydalara
riayət etməyənlərin hamısına şamil olunub, o cümlədən də FAİREX üzvlərinə. Amma
indi gərək heç kəs deməsin ki, onu “qara siyahı”ya salıblar, çünki adını oradan
çıxartdırmaq üçün indi bu bir fürsətdir. Hesab edirəm ki, dağları, idmanı
sevənlər bütün intriqalardan, müxtəlif dələduzların təsirindən kənar
olmalıdırlar. Amma təəssüf ki, belə getsə, yüksəkliklər digər maraqlara qulluq
edənlərin, dağçılıq idmanı adından spekulyasiya edənlərin üzünə həmişə bağlı
qalacaq”. Beləliklə, cavab məktubundan və vitse-prezidentin açıqlamasından
nazir Hüseynqulu Bağırovun meşələri, dağ və dağ ətəyi əraziləri, bir sözlə
milli park adlandırılan yerlərdəki inhisarçılığının “qanuni” hal aldığı
gizlədilmir.
“Qanunda insanların hüquq və
azadlıqlarını birbaşa məhdudlaşdıran müddəa yoxdur”
Ancaq nazirliyin açıqlaması və ona verilən dəstək vətəndaşın hərəkət
azadlığının məhdudlaşmasından başqa bir şey deyil. Hüquqşünas Ələsgər Məmmədli
nazirliyin yanaşmasını qanunvericiliyə zidd hesab edib. O, “Turan”a bildirib
ki, insan hüquq və azadlıqları yalnız qanunla və məhkəmə qərarı ilə
məhdudlaşdırıla bilər. Milli Parkların yüksək dağlıq ərazilərinə turistlərin
giriş-çıxışının tənzimlənməsi və onlara bələdçi xidmətinin göstərilməsi
qaydalarının 3.3-cü bəndində deyilir: turistlər səfər müddəti ərzində onları
müşayiət edən bələdçinin və ərazidə xidmətdə olan Milli Park əməkdaşlarının
göstəriş və tələblərinə şərtsiz əməl etməlidirlər. Bu göstəriş və tələblərə
vaxtında və düzgün əməl etməyən turistlər Milli Parkda “arzu edilməz şəxs”
(persona non-qrata) elan olunaraq onların gələcəkdə bir daha Milli Parkların ərazilərinə
səyahət (səfər) etmək imkanları məhdudlaşdırılır.Qaydalar “Xüsusi mühafizə
olunan təbiət əraziləri və obyektləri haqqında” qanuna əsasən tərtib
edilib.Amma qanunda insanların hüquq və azadlıqlarını birbaşa məhdudlaşdıran
müddəa yoxdur.Qanuni surətdə Azərbaycanın ərazisində olan hər kəs sərbəst
hərəkət edə bilər.Konstitusiyanın 71-ci maddəsində deyilir ki, insan və
vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra
və məhkəmə hakimiyyəti orqanlarının borcudur.İnsan və vətəndaş hüquqlarının və
azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.İnsan və
vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri
məhkəmələr həll edir.Bundan başqa, Avropa İnsan Haqları Konvensiyası
Azərbaycanda birbaşa hüquqi qüvvədədir.Konvensiyada nəzərdə tutulmuş hüquq və
azadlıqlar yerli qanunvericiliklə daha geniş məhdudlaşdırıla bilməz, sərbəst
hərəkət azadlığı da buna daxildir”.
“Nazir razılığı olmadan heç bir alpinizm
tədbiri keçirilməməsini tələb edir”
Qeyd edək ki, nazirliyin department rəhbəri Vaqif Cavadovun alpinistlərə
rədd cavabı Federasiya üzvlərinin sosial şəbəkələrdə “qara piarla” məşğul
olması ilə əsaslandırılmışdı. Federasiya alpinistlərin Facebook-da Şahdağ milli
parkından zibil fotoşəkilləri yerləşdirdiklərini təsdiqləyib: “Bu hadisə
alpinistlərlə rəqabət aparan Hüseynqulu Bağırovun rəhbəri olduğu FAİREX-nın
narazılığına səbəb olub. Və nazirlik rəqiblərini dağlara buraxmamağı qərara
alıb.
Bundan sonra Alpinizm Federasiyası yaydığı bəyanatda bildirilib ki, bu addım
“İdman haqqında qanun”un pozuntusudur: “Qanuna əsasən, bir idman növü yalnız
bir federasiyada təmsil edilə bilər. Buna baxmayaraq, FAİREX rəhbərliyi dağ
idman növlərinin – alpinizm və qayayadırmanmanın onun idarəetməsində olduğunun və
onun razılığı olmadan heç bir alpinizm tədbiri keçirilməməsini tələb edir. Eyni
zamanda, nazirliyinin şəxsində bütün dövlət resurslarından FAİREX-ə dəstək üçün
istifadə olunur. Biz Gənclər və İdman Nazirliyini və ölkə ictimaiyyətinin
diqqətini FAİREX rəhbərliyinin yolverilməz davranışına çəkməyə və onun
reyderlik siyasətinə son qoymağa çağırırıq”.
“Milli Park ərazisində dağ keçisi və
digər nadir heyvanları vuran brakonyerlər haradan peyda olublar?”
Alpinizm Federasiyasının vitse-prezidenti Saridan Mursaqulov alpinistlərə
edilən ittihamları ləkəyaxma və təzyiq kampaniyası xarakteri daşıdığını deyib.
O, “Bizim Yol”a bildirib ki, bir çox iradların ümumiyyətlə idmanla əlaqəsi
yoxdur: “Bu, yalnız federasiyamızı özünə tabe etmək istəyindən irəli gələn
əsassız və özünü doğrultmayan iradlardır. Məsələn, nazirliyin mətbuat
xidmətinin məlumatında deyilirdi ki, alpinistlər Atatürkün Şahdağ zirvəsində
qoyulmuş abidəsini zədələyiblər. Axı bu cəfəngiyyatdır! Bu büstü biz bir neçə
il əvvəl Atatürkə həsr edilmiş fəth zamanı qoymuşduq. Niyə onu zədələyək? Qoy,
nazirliyin nümayəndələri başqa suala cavab versinlər: Milli Park ərazisində dağ
keçisi və digər nadir heyvanları vuran brakonyerlər haradan peyda olublar?
Bəlkə onlar silahdan açılan atəşlə büstü zədələyiblər?”. Mursaqulov ərazinin
regionun xüsusi mühafizə olunmasının əleyhinə olmadığını dedi: “Amma bu
qaydalar hamıya aid olmalıdır. Nazir Bağırov Ekstremal və Hava İdman növləri
Federasiyasına (FAİREX) rəhbərlik edir. Bir müddət əvvəl o, alpinizmin və onun
ayrı-ayrı növlərinin də onun idarəsində olmalı olduğunu qərara alıb. Onlar bu
növləri açıq-aşkar bizim əlimizdən ala bilmirlər, buna görə dağlara çıxışımızı
bağlayırlar. Eyni zamanda, FAİREX üzvləri üçün dağlara bütün yollar açıqdır.
Cənab Bağırov öz qadağalarını hüquqi cəhətdən əsaslandırmağa və Şahdağ milli
parkında qaydalara, rejimə riayət edilməsi kimi təqdim etməyə çalışır.
Qeyri-adi vəziyyət yaranıb, bu gün bizim oraya düşməyimiz qonşu Dağıstana gedib
Şahdağla qonşu olan Bazardüzü və Yarıdağ zirvələrini fəth etməkdən daha
asandir! Təsəvvür edin ki, Bağırovdan “viza” almaq üçün bir sıra sənədlər və
haraya və niyə getdiyini izah edən məktublar təqdim etmək, habelə nazirlikdən
təsdiq edilmiş şəxslər arasından müşayiətçi seçmək lazımdır. Amma hətta bu
prosedura tabe olmaq idmançıların dağa gedə biləcəyinə zəmanət vermir. Çünki
nazirlik şəxsiyyət vəsiqəsindən müxtəlif arayışlara qədər çox sayda sənədlər
tələb edir, həm də 2-3 həftə, indi məlum olduğuna görə isə, hətta bir ay əvvəl!
Əslində milli park statusuna istinad sadəcə bəhanədir. Dünyada milli parka
girişdə az miqdarda rüsum alınır və dövlət sərhədinin keçilməsinə bənzər
tədbirlər görülmür”.
Fantaziyası bol olan idarə
O, yaranmış durumun ağır nəticə verəcəyini anons edir və bu günlərdə
prezident İlham Əliyevə ünvanladığı müraciəti xatırladır: “Müraciətimdə
problemlərin 2005-ci ildə Hüseynqulu Bağırovun Hava və Ekstremal İdman Növləri
Federasiyasını yaratmasından irəli gəldiyini bildirmişdim. Hüseynqulu Bağırov
tutduğu vəzifədən sui-istifadə edərək, alpinizmə aid olan-olmayan idman
növlərini qanunsuz olaraq özünə tabe etməyə başladı. Məsələ o yerə çatdı ki,
hər il olduğu kimi Ümumilli Lidermiz,ulu öndər Heydər Əliyevin ad günə həsr
olunmuş “Heydər zirvəsi”nə ənənəvi Beynəlxalq alpinist yürüşünün keçirilməsinə
müdaxilə etdi”.
Epilog və yaxud Azad Rəhimov köməkçi
rolunda
S.Mursaqulov onu dəfələrlə Gənclər və İdman Nazirliyinə çağırdığını dedi:
“Mənə deyiblər ki, öz nüfuzundan istifadə edərək, federasiyanın və rəhbərlik
etdiyiniz klubun Hava və Ekstremal İdman növləri Federasiyasının tərkibinə
daxil olmasını təmin edim. A.Rəhimov bunu “yuxarının” göstərişi hesab edib:
“Ancaq “Bədən tərbiyəsi və idman haqqında” qanunun 10-cu maddəsinin 10.2-ci
bəndinə əsasən bir idman növü üzrə bir ictimai birlik-İdman Federasiyası
akkreditasiya oluna bilər. Təəssüf ki, H.Bağırov qanuna məhəl qoymayaraq bu
idman növlərini özünə tabe etməkdə davam edir”.
Natiq Cavadlı
Short URL: http://www.cumhuriyyet.net/?p=3149