ABŞ diplomatı hakimiyyətə barmaq silkələdi

07.01.2014 - 22:36

Riçard Kozlariç: “İnsan haqları ilə bağlı vəziyyət yaxşılaşmasa, ABŞ-la strateji partnyorluq mümkün olmayacaq”

“Azərbaycanın sərvətindən mənfəəti kiçik qruplar götürürlər”

 

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç “Azadliq”
radiosuna müsahibə verib. Hazırda Corc Meyson Universitetinin professoru
olan diplomat Azərbaycandakı və regiondakı vəziyyəti yaxından izləyir.
Onunla müsahibəni təqdim edirik:

– Əliyev-Sargisian görüşündən nə gözləyirsiniz?

– Keçmiş təcrübəyə əsasən deyə bilərəm ki, çox az şey gözləyirəm. Kaş
ki, yanılmış olaydım. Ümid etmək istərdim ki, əsl ciddi danışıqlar
səhnə arxasında gedir. Minsk Qrupunun yeni amerikalı vasitəçisi
təcrübəli, yaradıcı diplomatdır. Buna baxmayaraq açıq olan
informasiyadan görünmür ki, Bakı və ya Yerevan bu münaqişənin Minsk
Qrupu prosesi çərçivəsində həllinə doğru ciddi addımlara hazırdırlar.

– Azərbaycanda insan haqlarının vəziyyəti onun ABŞ-la münasibətlərini nə dərəcədə təsirləndirir?

– Yaxın perspektivdə mən bunun münasibətləri təsirləndirəcəyini
gözləmirəm. Lakin uzaq perspektivdə, əgər Azərbaycan insan haqları ilə
bağlı vəziyyəti yaxşılaşdırmasa, ABŞ-la şərikli dəyərlərə əsaslanan
strateji partnyorluq mümkün olmayacaq.

Seçki müşahidəçisi Anar Məmmədli yeni il ərəfəsində həbs
edilib. 140 siyasi məhbus hələ də həbsxanadadır. ABŞ Anarın azadlığa
buraxılması üçün müraciət edib. Bu məsələlərdə Bakıya təsir göstərmək
üçün daha nələri etmək olar?

– ABŞ və bir sıra başqa ölkələr Anar Məmmədlinin azad olunmasına
çağırıblar. Bakı rejimi bu çağırışları, ən azı ictimaiyyət qarşısında,
qulaqardına vurub. Bunun özü göstərir ki, hazırkı rejim öz
vətəndaşlarının təməl insan haqlarına hörmət barədə öhdəliklərinə əməl
etmir. 10 gün bundan əvvəl Əli Həsənov demişdi ki, hökumət Anar
Məmmədlinin həbsi ilə bağlı bəyanatları “öyrənir”. Mən ümid edirdim ki,
bu, hakimiyyətin beynəlxalq diqqətdən narahatlığını əks etdirir. Lakin
heç nə baş vermədi.

– Azərbaycan tezliklə böyük qaz ixracatçısına çevriləcək. Bu, Bakının beynəlxalq mövqeyini necə möhkəmləndirə bilər?

– Biz hamımız “Şahdəniz-2” müqaviləsinin əhəmiyyətini
dəyərləndirərkən ehtiyatlı olmalıyıq. Bu, 3 hissədən ibarət layihənin
yalnız birinci hissəsidir. Ən nikbin proqnozlara görə də bu qaz Türkiyə
və Avropaya qarşıdan gələn 4-5 ildə hələ axmayacaq. Bunun üçün həm də
TAP və TANAP boru kəmərlərinin maliyyələşdirilməsi və tikintisinə vəsait
qoyulmalıdır. Bu isə layihənin dəstəkçilərinin istədiyi sürətlə baş
verməyə bilər.

Bu miqyasda kəmərlər üçün gecikmələr təbiidir. Burada həmçinin
Türkiyə daxili siyasətində baş verənlərin bu ölkənin belə böyük
layihələr üçün kreditlər alma qabiliyyətini qeyri-müəyyən şəkildə
təsirləndirə biləcəyi nəzərə alınmalıdır.

Bütün bunlar TANAP layihəsi üçün lazım olan xərcləri indi olduğundan
daha yüksək səviyyəyə qaldıra bilər və nəticədə tikinti ləngiyər. Bu
layihənin Azərbaycanın beynəlxalq mövqeyinə təsirini qiymətləndirmək də
hələ tezdir, çünki beynəlxalq enerji bazarlarındakı dəyişikliklər
Azərbaycanın enerji ehtiyatlarının mühümlüyünü azaldıb.

– Bakı korrupsiyanın cilovlanması üçün nə edə bilər və ABŞ-ın bu məsələdə köməyi ola bilərmi?

– Türkiyə, Çin və Rusiya həll olunmayıb qalan korrupsiya probleminin
zərərini görürlər. Qanunun alililiyinin gücləndirilməsi və Azərbaycanın
enerji ehtiyatlarından gələn gəlirlərin necə istifadə edilməsi sahəsində
şəffaflığın təmin olunması istiqamətində addımların atılması
gecikdirildikcə, sosial təzyiqin artması gözləniləndir, çünki yalnız
yaxşı əlaqələrə malik kiçik qruplar Azərbaycanın sərvətindən mənfəət
götürürlər.

ABŞ və başqaları (Dünya Bankı da daxil olmaqla) texniki yardım
təklifi veriblər, lakin hakimiyyət korrupsiya problemini azaltmağa
yönəlmiş zəruri islahatların keçirlməsi üçün həmin köməkdən istifadə
etmək istəmir.

Mən inanıram ki, Azərbaycanın Avropa İttifaqı ilə assosiasiya
sazişini imzalamaq istəməməsinin bir səbəbi də bu saziş üçün tələb
olunan islahatlar qarşısındakı qorxudur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3254

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031