Ərəb tonqalı, yaxud İraqda sünni üsyanı

12.01.2014 - 12:38

 

ABŞ-ın xərclədiyi trilyonlarla dollardan demokratiya yox, yeni Səddam rejimi və “əl-Qaidə” xortladı

 

 

ABŞ-ın xərclədiyi trilyonlarla dollardan demokratiya yox, yeni Səddam rejimi və “əl-Qaidə” xortladı

 

 

Yeni il ərəfəsində, dünyanın başı bayram atəşfəşanlığına
qarışdığı bir vaxtda hər gün onlarla, yüzlərlə adamın terrora qurban
getdiyi İraqdan üsyan xəbərləri gəlməyə başladı. Ölkənin “sünni üçbucağı” adlanan Fəlluca və Ramada bölgələrində
“əl-Qaidə” bayrağı qaldırıldı və yerli qəbilələr mərkəzi hökumətə tabe
olmadıqlarını elan etdilər.

Bəs illərdir qanlı terror hücumlarının ara vermədiyi İraqda nə baş
verir? Son hadisələr bu ərəb ölkəsində adiləşən qanlı terror
hücumlarından nə ilə fərqlənir? İraqda dekabrın
28-də baş qaldıran sünni üsyanı barədə lenta.ru portalının kifayət qədər
maraqlı təhlilinin virtualaz.org saytında yer alan tərcüməsini oxuculara çatdırırıq. Bu təhlil ABŞ-ın
Səddam Hüseyn rejimini devirərək 2003-cü ildən bəri İraqa xərclədiyi
trilyonlarla dolların altından demokratiya yox, yeni avtoritar rejimin
və “əl-Qaidə”nin çıxdığını göstərir. Beləliklə…

Şeyxdən başlayan alov

2013-cü ilin lap sonunda İraqın əl-Anbar əyalətində ölkənin şiə
rəhbərliyindən və öz yerlilərinin – parlamentin deputatı olan qəbilə
rəisinin həbsindən qəzəblənən sünnilərin üsyanı başladı.

Hökumət üsyançıları terrorçular elan etdi, ordu isə ağlasığmaz
nəticələrə səbəb ola biləcək vətəndaş müharibəsinə çevrilmək təhlükəsi
olan güc əməliyyatına hazırlaşmağa başladı.

İraq əhalisinin təxminən 25 faizini təşkil edən sünnilər çoxdandır
şiə rəhbərliyin onlara ayırdığı hüquqsuz və əzilmiş azlıq statusundan
bezmişdilər. 2011-ci ilin sonlarında, Amerika qoşunlarının
çıxarılmasından dərhal sonra Nuri əl-Malikinin hökuməti güc
strukturlarında və dövlət idarəçiliyində təmizləmələrə başladı, praktiki
olaraq bütün nüfuzlu sünniləri oradan çıxardı. Sünni vitse-prezident
Tarik əl-Haşimi Bağdaddan qaçmağa güclə imkan tapdı, onu qiyabi olaraq
mühakimə edib barəsində ölüm hökmü çıxardılar.

Haşimi ilə eyni inancı bölüşənlərin vəziyyəti bütün bu
illər ərzində getdikcə ağırlaşırdı. Şiələr sünniləri bütün dövlət
vəzifələrindən və biznesdən sıxışdırıb çıxardılar. Özəl sektorun böyük
ölçüdə dəllək dükanlarından və alver piştaxtalarından ibarət olduğu
ölkədə bu vəziyyət gənc sünnilər üçün heç bir perspektivin olmaması
demək idi.

İraqda terrorçu işləmək niyə sərfəlidir…

Əvəzində çoxsaylı islamçı və terrorçu qruplaşmalar (hansı ki, Qərbdə
onların hamısını birləşdirib “əl-Qaidə” adlandırırlar) sünni gənclərə
məmnuniyyətlə alternativ təklif edirdilər. Fars körfəzinin
monarxiyalarındakı “xeyriyyə” fondlarından gen-bol maliyyələşdirilən
sünni qruplaşmaları gənclərə nə lazımsa onu təklif edir. Onların dəqiq
məqsədi var – “kafir” rejimi məhv edib yerində xilafət qurmaq. Bu hədəfə
çatmaq üçün vasitələr – silahlar və partlayıcılar da nə qədər desən…
Üstəlik xidmətdə yüksəlməyə də perspektiv var.

Fəaliyyətin özəlliyi elədir ki, bu təşkilatların
rəhbərləri tez-tez “istehsalatda” həlak olurlar və beləliklə də yeni
nəslə yol açırlar. Bundan əlavə, yaraqlılar yaxşı pul alır, öləndə
ailələrinə kompensasiya verilir.

Təəccüblü deyil ki, belə şəraitdə İraq gənclərinin həkim və ya
mühəndis yox, terrorçu və qatil “işləməyə” daha ciddi motivləri meydana
çıxır. Bu tezisi sübuta yetirmək üçün uzağa getmək lazım deyil: Amerika
qoşunlarının çıxmasından sonra törədilən partlayışların və terror
hücumlarının sayı durmadan artıb və 2013-cü ildə pik həddə çatıb. Həmin
il terror hücumlarında 7 mindən çox adam ölüb.

əl-Malikinin edamları

Terror təhdidinin artması ilə üzləşən əl-Maliki hökuməti bu problemi
öz üslubu ilə – kütləvi repressiyalarla həll etməyə cəhd göstərib. Polis
və xüsusi xidmət orqanları minlərlə gənc sünnini onların terrorda əli
olub-olmadığını araşdırmadan həbsxanalara doldurub. İraqda terrorçuluqla
bağlı məhkəmə prosesləri qapalı və sürətli rejimdə keçirilir, onlarla
belə iş edam cəzası çıxarılmaqla başa çatır.

Tutulanlar bir neçə aydan bir kütləvi şəkildə edam edilir. Hökumət
insan haqları müdafiəçilərindən və sünnilərdən gələn etirazlara məhəl
qoymur. Ona əsaslanır ki, terrorla “amansız və sərt” mübarizə
aparılmalıdır. BMT tərəfindən tribunalların və çıxarılan hökmlərin
məhkəmə anlayışına istehza olduğu barədə tənqidlərə də məhəl qoyulmur.

Ramadi etirazları

Sünnilər şiələrin möhkəm çoxluqda olduğu parlamentdə və məhkəmələrdə
öz hüquqlarını müdafiə edə bilmədikdə, ölkə rəhbərliyində onların səsini
eşidən olmayanda iki yoldan birini seçməli olublar. Onlardan ən
radikalları terrorçu qrupların sıralarına yazılıb, nisbətən dinc
mübarizə tərəfdarları ilə Anbar bölgəsinin qərbindəki Ramadi şəhərində
fasiləsiz etiraz aksiyalarına başlamağı qərara alıblar.

2012-ci ilin sonunda onlar birbaşa Bağdadı ölkənin qərbi
ilə birləşdirən şose yolunun üzərində öz çadırlarını və düşərgələrini
saldılar. İraq “maydanının” əsas tələbi həbsxanalardakı minlərlə sünni
gənclərinin azad edilməsi idi. Bundan əlavə etirazçılar “antiterror
tribunallarının” də ləğvini, hər bir məhkəmə işinə açıq və ədalətli
baxılmasını, gənc sünnilərin kütləvi edamını dayandırmağı tələb
edirdilər.

Sünni etirazçıların düşərgəsini dağıtmağa ilk cəhd 2013-cü ilin
əvvəlində edildi. Lakin uğursuzluqla nəticələndi – sünni qəbilələrinin
nümayəndələri polislə atışmaya girdilər. Nəticədə əl-Maliki
nümayişçilərə əlini yelləyib onlara məhəl qoymamağı qərara aldı. Xüsusən
də etirazçıların Bağdada yürüş etmək planları yox idi.

Lakin hakimiyyətin gözlədiyinin əksinə olaraq bütün ötən il ərzində
“maydan”dakılar evlərinə dağılışmadı. Üstəlik etirazçıların düşərgəsi
İraq sünnilərin siyasi fəallıq mərkəzinə çevrildi. Orada yeni ideyalar,
siyasətçilər və təşkilatlar meydana çıxmağa başladı. Bütün bunlar
Bağdadda narahatlıq doğurmağa başlamışdı.

Ramadi düşərgəsindən ən radikallar ayrıldı və əldə silah üsyana
qalxıb öz hüquqlarını təmin edəcəklərini elan etdi. Suriyadakı radikal
sünni qruplarının dəstəyi ilə onlar 2013-cü ilin əvvəllərində “İraq və
Levanta İslam Dövləti” adlı qruplaşma yaratdılar. Qruplaşmanın məqsədi
İraq və Suriya ərazilərinin bir hissəsində İslam dövləti qurmaqdır.

Ancaq İraqda üsyan hələ başlamadığından bu qrup bütün
səylərini qonşu Suriyaya yönəltdi. Orada onlar qiymətli döyüş təcrübəsi
qazandılar və hətta müəyyən uğurlara da nail oldular. Lakin öz
ideyalarını kütlələrə yeridə bilmədilər.

İraqda isə etiraz hərəkatı başqa məcra alırdı. Hökumət əvvəlki kimi
nümayişçilərin tələblərinə məhəl qoymurdu və nəticədə onların tələbləri
siyasi ölçüləri aşırdı. Artıq sünnilər baş nazir Malikinin istefasını,
bütün etnik-dini qrupların proporsional qaydada hakimiyyətdə təmsil
olunmasına imkan verən sistemin bərpasını tələb edirdilər. Həmçinin
etirazçılar Bağdaddan kürdlər kimi muxtariyyət də istəməyə
başlamışdılar.

Sünnilərin yeni lideri

Bu tələbləri ifadə edən əsas adam əl-Anbar bölgəsinin nüfuzlu şeyxi,
İraq parlamentinin deputatı Əhməd əl-Əlvani idi. O, daim Bağdad və
Ramadi arasında gedib-gəlirdi, etirazçıların tələblərini hökumətə
çatdırırdı, hökumətin nə planlaşdırdığı barədə öz yerlilərini
məlumatlandırırdı.

Şeyx bu işdə ciddi uğur qazana bilmədi, əvəzində yerliləri arasında
populyarlığını xeyli artırdı. Çünki onlara kömək etməyə çalışırdı və bu
zaman güc metodlarına əl atılmasına qarşı çıxırdı.

“Maydanın” qızışması, onun liderinin meydana çıxması və rejimin
dəyişdirilməsi barədə tələblərin səslənməsi baş nazir Malikinin xoşuna
gəlmirdi. Nuri əl-Maliki başa düşürdü ki, bu təhdidi aradan qaldırmaq
lazımdır. Özü də 2014-cü ilin aprelinə təyin edilmiş parlament
seçkilərinə qədər.

Bundan əlavə sünni düşərgəsinin dağıdılması baş nazirin
dindaşlarına nümayiş etdirməli idi ki, o, situasiyaya nəzarət edir və
şiələrin hökmranlığına yönələn təhdidlərə sərt cavab verməyə qadirdir.
Sonuncu Maliki üçün xüsusən vacibdir. Çünki daha gənc, daha radikal və
ambisiyaları şiə liderlərinin nəfəsi onun boynunun ardındadır. Məsələn,
“Bəsrə əmiri” kimi tanınan şeyx Müqtəda əs-Sədr sayaq…

Hərəkətə keçmək üçün baş nazir vaxtı da çox uğurlu seçdi: Yeni il
ərəfəsində, Qərb KİV-lərinin diqqətinin əl-Anbar bölgəsində atışmalara
və həbslərə yox, daha xoş hadisələrə yönəldiyi bir vaxtda hərəkətə
keçdi.

Dekabrın 28-də İraq xüsusi təyinatlıları Əhməd
əl-Əlvaninin Ramadi şəhərindəki malikanəsinə basqın etdi. Onun
mühafizəçiləri müqavimət göstərdilər və öldürüldülər. Polislər deputatın
ona dəstək verməyə gələn qardaşını da güllələdilər.

Atışmada 10-a yaxın adam öldü, 20-yə yaxın yaralandı. Atışma
səngiyəndə əlləri qandallanmış şeyxi malikanəsindən çıxardılar və Bağdad
həbsxanasına apardılar. Hakimiyyət elan etdi ki, o, terrorçudur və
Ramadi düşərgəsi “əl-Qaidə” qərargahına çevrilib.

Ramadi “maydanı” dağıdıldı, cihada çağırış oldu

Gözlənildiyi kimi, şeyxin həbsinin ardınca Ramadi “maydanının”
dağıdılması başladı. Dekabrın 30-da hakimiyyət düşərgəyə ordu hissələri,
zirehli texnika və buldozerlər yeritdi. Havada vertolyotlar dövrə
vururdu.

Əzici üstünlüyə baxmayaraq düşərgədəkilər qızğın müqavimət
göstərdilər. Situasiyanı ancaq vertolyotların düşərgəyə havadan atəş
açmağa başlamasından sonra dəyişmək mümkün oldu. İnsanlar başlarını
götürüb xilas olmaq üçün Ramadiyə qaçdılar, düşərgə fəaliyyətini
dayandırdı. Lakin hökumətin problemi təzə başlayırdı.

Ramadi məscidlərinin minarələrindən müəzzinlər hamını Nuri
əl-Malikinin hökumətinə qarşı cihada çağırmağa başladı Əlvaninin nüfuzlu
qəbiləsi elan etdi ki, bundan sonra şeyxi azad etməyənə qədər İraq
əsgərləri və polisləri onların qanuni hədəfləri olacaq.

Ramadi pulemyotlar və qumbaraatanlarla doldu, yerli hakimiyyət
orqanlarının binaları ələ keçirildi, silah anbarları qəsb olundu, polis
məntəqələrindən bütün məhbuslar buraxıldı.

Demək olar ki, eyni vaxtda analoji hadisələr digər sünni
yaşayış məntəqələrində, o cümlədən 2004-cü ildə Amerika qoşunlarına
qarşı şiddətli müqavimət göstərməsi ilə məşhurlaşan Fəlluca şəhərində də
baş verdi.

Siyasi opponentini həbs edən və müxalif düşərgəni dağıdan İraq
hökuməti faktiki olaraq ölkənin əhalisi silahlı və düşmənçiliyə
köklənmiş insanlardan ibarət ən böyük əyalətinə nəzarəti itirdi.
Amerikalılar bütün bunlarla Yeni ildən sonra ciddi maraqlanmağa
başladılar, Ramadi və Fəllucanın girişində yaraqlıların qurduğu
blok-postlarda “əl-Qaidə”nin qara bayraqları dalğalanırdı.

Vaşinqtondan bütün bunlar belə görünürdü ki, sanki 8 il davam edən və
minlərlə itki hesabına başa gələn müharibəyə xərclənən trilyonlar boşa
gedib. Aydın oldu ki, son prezident seçkiləri kampaniyasında Barak
Obamanın İraqda terrorçular üzərində qazanılan qələbə barədə dəfələrlə
səsləndirdiyi bəyanatlar boş yerə imiş. Terrorçular nəinki yaşayıb
yaradır, üstəlik bütöv şəhərləri və bölgəni öz nəzarətlərinə götürə
bilir.

Vaşinqtonda əla başa düşürlər ki, “əl-Qaidə” bayrağı altında, əlində
avtomatlar və qumbaraatanlar tutmuş insanlar yerli sünni əhalisini
nümayəndələridir. Onlara qarşı hərbi əməliyyat əsl vətəndaş
müharibəsinin başlamasına aparıb çıxara bilər.

Görünür, məhz buna görə vitse-prezident Cozef Bayden son
bir neçə gündə Nuri əl-Maliki ilə bir neçə dəfə telefon danışıqları
aparıb. Sonuncunu əmin etməyə çalışıb ki, hərbi əməliyyata başlamasın və
situasiyanı başqa yolla nizamlamağa çalışsın. Malikinin nə qərar
verdiyi məlum deyil. Bununla belə əl-Anbarda və onun ətrafında hazırda
nə baş verdiyi barədə müəyyən nəticələr çıxarmaq olar.

İraq ordusunun bölmələri bir dəfə Ramadiyə daxil olmaq istəyib, lakin
dərhal yaraqlılar tərəfindən geri oturdulub. Rəsmi versiyaya görə,
hərbi əməliyyatlara bu üzdən fasilə verilib. Bağdad elan edib ki, yerli
qəbilələrə “əl-Qaidə” yaraqlılarını şəhərdən çıxarmaq üçün vaxt verir.
Belə olsa hərbi əməliyyat olmayacaq.

Bütün əlamətlər onu göstərir ki, ABŞ və İraq əl-Anbarda 2007-2008-ci
ildə baş qaldırmış zorakılıq dalğasını yatırmaq üçün istifadə etdikləri
“yanıltma” taktikasını təkrar sınamaq istəyir. O vaxt amerikalılar yerli
qəbilə liderlərini pulla ələ alıb onların silahlarını radikal
islamçılara qarşı çevirməsinə nail olmuşdu. Pul doğrudan da möcüzə
yaratdı, bu metod işlədi və ən inadkar yaraqlılar səhraya qaçıb
dağılışmalı oldu.

Maliki şeyxlərə “atıb”

İdeya əlbəttə ki, yaxşıdır. Lakin indi onu reallaşdırmaq üçün şərtlər
başqadır. Əsas çətinlik odur ki, Bağdadla yerli elita arasında
münasibətlər korlanıb. Çox az sünni lideri indi əl-Malikiyə inanır.
Amerikalılar çəkiləndən sonra Maliki onların çoxuna “atıb”, pullarını
verməyib. Bundan narazı qalan şeyxləri və onların tərəfdarlarını
həbsxanalara doldurub. əl-Əlvani buna sonuncu sübutdur. Çoxlarının sonu
kəndirdə bitib. Amerikalılarla əməkdaşlıq edən liderlərin yerini
radikallar tutub. Onlarla anlaşmaq qat-qat çətindir, yaxud ümumiyyətlə
mümkün deyil.

Bir neçə qəbilə artıq elan edib ki, tutulan şeyx azad
olunmasa və sünnilərə qarşı münasibət dəyişməsə, hökumət qüvvələrinə
qarşı müqaviməti davam etdirəcək. əl-Maliki üçün yaxşı olmayan həm də
budur ki, onlar Bağdadla əməkdaşlığa gedən hər kəsi xain elan ediblər.

İraq hakimiyyəti üçün bu situasiyada daha bir mürəkkəb məqam var: heç
də aydın deyil ki, “pis” islamçılarla “yaxşı” yaraqlıları bir-birindən
necə ayırd etmək olar. Məsələn, Ramadi və Fəlluca arasında yerləşən Əbu
əl-Obay kəndində yanvarın 6-da baş verənlər buna sübutdur. Bağdada loyal
olan sünni yaraqlılarının dəstəsi səhvən hökumət xüsusi
təyinatlılarının hücumuna məruz qalıb. Dərhal köməyə yaxınlıqdakı “İraq
və Levanta İslam Dövləti”nin dəstələri gəlib. Döyüşdə onlar hökumət
qüvvələrinin onlarla zirehli maşınını yandırıblar və hücumu dəf ediblər,
xüsusi təyinatlılar qaçmalı olub.

“əl-Qaidə”, yoxsa şeyxlər?

“əl-Qaidə” üzvlərinin və üsyançıların nə üzvlük bileti,  nə xüsusi
fərqləndirici formaları var. Onların hər ikisinin milliyyəti və dini
eynidir. Mahiyyətcə onlar eyni adamlardır. Zərurət yarananda
“əl-Qaidə”çilər qara bayraqlarını endirib özlərini dinc yerli sakinlər
elan edə bilərlər. Hakimiyyət bəyan edir ki, əyalətdə qayda-qanunu təmin
etmək üçün ora hökumət qoşunları yeridilməlidir.

Lakin bir məsələ var: hətta Bağdada loyal olan qruplaşmalar da Ramadi
və Fəlluca küçələrində ordu hissələrini, polisləri görmək istəmir.
Hazırda hökumət qüvvələri zirehli texnikanın köməyi ilə bu şəhərləri
mühasirədə saxlayır. Şəhərlərdə nə baş verir, kim onlara nəzarət edir –
heç nə məlum deyil.

CNN-in məlumatına görə, əvvəlcə yerli sakinlər Fəllucadan qaçıblar,
ancaq iki gün sonra geri dönüblər. Şəhərin küçələrində üzərində
“əl-Qaidə” bayraqları olan blok-postlar qalır. Lakin postları hazırda
qəbilə yaraqlıları nəzarətdə saxlayır. Bununla belə blok-postların
əvvəlki və indiki sakinləri arasında fərq aydın deyil.

“İraq və Levanta İslam Dövləti” döyüşçülərinin Fəlluca küçələrindən
hara getdiyi məlum deyil. Bunu bilən varsa belə demir. Bir məlumata
görə, onlar səhraya qaçıb, digərinə görə, şəhərin ətrafındakı mövqelərə
nəzarət edir. Üçüncü məlumata görə, sadəcə olaraq qollarındakı sarğını
dəyişiblər.

Nuri əl-Maliki kifayət qədər əlverişsiz vəziyyətdə qalıb. Əyalətin
əsas şəhərlərində kimin hakimiyyətdə olduğu məlum deyil. Orada mərkəzi
hakimiyyəti yerli qəbilələrin dəstəyi olmadan təmin etmək mümkün
olmayacaq. Bunu ancaq kütləvi bombardmanlar və artilleriya zərbələri
sayəsində təmin etmək olardı. Amerika isə belə radikal addıma qarşıdır.

Bununla belə qəbilələr İraq ordusunu şəhərlərə buraxmaq
istəmir. Nəticədə əl-Anbar bölgəsi Bağdada tabe olmur, kimə tabe olur, o
da aydın deyil.

Əgər İraq hökuməti hücuma getməsə, o zaman digər sünnü regionları da
tezliklə belə muxtariyyət elan edə bilərlər. Belə görünür ki, əl-Anbar
bölgəsinin əsl sahibləri Səudiyyə Ərəbistanından olanlardır. Krallıq
hazırda İraq şiələrini İranın regiondakı nüfuzunun əsas təminatçıları
kimi görür.

ABŞ silah, Səudiyyə pul göndərir…

Bağdadın şəhərlərə hücum etmək qərarı da təhlükəli ola bilər. Bu
halda İraqı vətəndaş müharibəsi bürüyəcək, onun iştirakçıları isə
təxminən Suriyadakı kimi olacaq. Sünni üsyançıları Səudiyyə
Ərəbistanının və digər körfəz ölkələrinin dəstəyinə ümid edə bilər. Şiə
hökuməti isə İrandan kömək alır.

Rusiyanın rolu isə nə qədər qəribə olsa da ABŞ-a keçəcək. Hansı ki,
artıq Bağdada yüksək dəqiqlikli raketlər, “F-16” təyyarələri, hətta
pilotsuz təyyarələr və zərbə vertolyotları vəd edib.

Burada qeyd etmək zəruridir ki, Suriyada amerikalılar Səudiyyə
Ərəbistanı ilə xeyli dərəcədə barrikadanın əks tərəflərində yer alırlar.
Qərbin dəstəklədiyi “yumşaq islamçılar” həmin “İraq və Levanta İslam
Dövləti”inə qarşı müharibə elan ediblər.

Suriyalıların əsas hissəsi ölkələrinin İraqla ümumi “İslam dövləti”
yaratmasının əleyhinədir. Digər şəhərlərdə yaşayan və dünyəvilik
tərəfdarı olan əhali qətiyyən “İraq və Levanta İslam Dövləti”ində
yaşamaq istəmirlər. Belə dövlətdə cümə namazına getməyənləri və küçəyə
başı açıq çıxan qadını hətta ölüm gözləyə bilər. “İraq və Levanta İslam
Dövləti”nin üzvləri istədikləri adamın başını kəsirlər. Təəccüblü deyil
ki, Suriyada onların qoyduğu qayda-qanunlar əksəriyyət tərəfindən qəbul
edilmir.

Digər tərəfdən “İraq və Levanta İslam Dövləti”nin müttəfiqləri ilə
münasibətləri də yaxşı deyil. Onlar bir neçə dəfə “müttəfiqlərinin”
anbarlarını qarət ediblər və xüsusi bəhanə olmadan təkcə sıravi
döyüşçüləri deyil, qruplaşma komandirlərini də öldürüblər. “İraq və
Levanta İslam Dövləti”nin döyüşçüləri özlərinə nifrət qazanmaqda
doğrudan da uğur əldə ediblər.

Bəzi məlumatlara görə, artıq “əl-Qaidə”nin Suriyadakı
“rəsmi” bölməsi olan “əl-Nusra Cəbhəsi” də ona qarşı çıxır. Hansı ki,
2003-cü ilin yayında “əl-Nusra Cəbhəsi” ən qəddar və radikal qruplaşma
hesab olunurdu. Lakin İraqdan “qastrola gələnlər” öz qəddarlıqlarına
görə onları da geridə qoydu.

Suriyada arzuolunmaz vəziyyətə düşən “İraq və Levanta İslam Dövləti”
döyüşçüləri bu taktikadan istifadə etməyə başladılar: bir tərəfdən,
onlar öz adamlarını Hələbdəki, İdlibdəki və digər əyalətlərdəki bütün
mövqelərdən çəkməklə hədələyir. Digər tərəfdən isə bütün digər
üsyançılara qarşı total müharibəyə başlamaqla hədələyir.

Doğrudur, hələ fəlakətli bir şey baş verməyib. “İraq və Levanta İslam
Dövləti”nin yaraqlıları kütləvi şəkildə İraqa qayıdırlar. Orada onları
daha vacib iş gözləyir. Onların yerini başqa qruplaşmalar tutur və
hökumət qüvvələri ilə döyüşlərdə cəbhə xətti ciddi dəyişməyib.

Yaxın Şərqdə hər şey qarışıb

Suriyada üsyançı qruplaşmaları arasında qarşıdurma və İraqdakı
sünni-şiə qarşıdurması ilk baxışdan bir-biri ilə onunla bağlıdır ki, hər
iki situasiyada “İraq və Levanta İslam Dövləti”nin rolu var. Lakin bu
iki halı ayrılıqda nəzərdən keçirəndə Yaxın Şərqdə vəziyyətin son
vaxtlar nə dərəcədə qarışıq olduğunu görmək olur.

ABŞ İraq hökumətinin Fəlluca və Ramadini terrorçulardan təmizləməsinə
hər cür dəstək verir, Bağdada raketlər və təyyarələr göndərir. Eyni
zamanda amerikalılar hərbi əməliyyata qarşı çıxır. Çünki özləri də
əmindirlər ki, bu əməliyyatlar nəyə aparıb çıxaracaq.

ABŞ-la yanaşı İran da İraq hökumətin silah yardımı edəcəyini
açıqlayıb. Hansı ki, çoxdan Livanın cənubundakı “Hizbullah”a yardım edir
və Amerikanın əsas müttəfiqi İsrail üçün ciddi təhdir yaradır. Suriyada
“Hizbullah” “İraq və Levanta İslam Dövləti”nə və “əl-Nusra Cəbhəsi”inə
qarşı döyüşür.

“İraq və Levanta İslam Dövləti” pulu ABŞ-ın dostu Səudiyyə
Ərəbistanından alır, hansı ki, son vaxtlar İsraillə xeyli yaxınlaşıb.
Baxmayaraq ki, rəsmi ər-Riyad İsrailin mövcudluğunu belə tanımaq
istəmirdi. Lakin ən maraqlısı budur ki, Suriyadakı “əl-Qaidə”-“əl-Nusra
Cəbhəsi” “İraq və Levanta İslam Dövləti” ilə ayrıldığını elan edib və
Qərbin dəstəklədiyi Azad Suriya Ordusu ilə situativ müttəfiqliyə girmiş
olub.

Əlbəttə, Yaxın Şərqdəki vəziyyətin bu cür təsviri xeyli
sadələşdirilib, bura bir çox vacib amillər daxil edilməyib. Lakin belə
sadə şəkildə də regionda müxtəlif ziddiyyətlərin düyün halında
birləşdiyini göstərir. Bu düyünü açmaq heç də sadə deyil, ola bilsin
kəsib atmaq lazımdır…

Hazırladı: F.Məmmədov

Short URL: http://www.cumhuriyyet.net/?p=3295

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930