“Mehriban düşmənlər” – AXCP və Müsavat
Üzvləri şərlənərək həbsdə
saxlanan partiyaların qovğası tərbiyəsizlikdir
YAP-ın bu partiyalara demədiyi
ağır ittihamları müttəfiqlər bir-birinə qara yaxaraq söyləyirlər
90-cı illərin ortalarında məşhur Braziliya serialı “Mehriban düşmən”
böyük populyarlıq qazanmışdı. İki sevgili arasındakı münasibətlərdən bəhs edən
serialda gah düşmən, gah dost olan partnyorlar sonda vüsala qovuşurlar.
Bu serialı AXCP-Müsavat qovğası qızışdığı günlərdə xatırladım.
Bir-birinə qarşı olmazın sözlər deyən, satqınlıqda, xəyanətdə suçlayanları
həmin mehriban-düşmənə bənzətdim. Heç YAP-ın bu partiyalara söyləmədiyi ağır
ittihamları müttəfiqlər bir-birinə qara yaxaraq söyləyirlər.
Hər iki tərəfin arqumentlərini eşidəndə belə məlum olur ki, geridə
qalan 20 ildə müxalifət xalqı aldadıb, imitasiya ilə məşğul olub və hər
dəfəsində yalan vədlər verməklə əslində siyasi alver predmetinə çeviriblər.
Çünki hər iki partiya geridə qalan dövrdə parlament seçkilərinə mandat ala
bilmək üçün hökumətlə danışığa gediblərmiş.
Hər halda bunu özləri biri-birinə qarşılıqlı ittihamlarda
açıqlayırlar. Əgər deyilənlər yalandırsa bunu YAP funksionerlərindən
eşitməliydik. Əgər doğrudursa, inanmalıyıq. Çünki ittiham edən öz müttəfiqini
günahlandırır. Ola bilməz ki, dost müttəfiqinin “nə yuvanın quşu olduğunu
bilməsin”. Parlamentə mandat almaq üçün diktatura rejimi dedikləri bir
hökumətlə danışığa getmək Gülər Əhmədovadan heç nə ilə fərqlənmir.
Mahiyyət etibarı ilə hər ikisi saxtakarlıqdır. Biz isə mübarizənin ən
qürurverici dövrünü görmək istədiyimiz bir ərəfədə “mehriban düşmən” olan
partiyaların nadanlığının şahidiyik. Həbsdə fədailəri olan, jurnalistləri
tutulan, gəncləri şərlənib zindana salının müxalif düşərgə özünə yaraşmayan
şəkildə ön böyük əxlaqsızlıq və tərbiyəsizlik nümayiş etdirir. Şəxsən məni kimi
obyektiv, kimi haqsız olması maraqlandırmır.
Eləcə də milyonlarla narazı və illərdir gözünü, ümidini bu
təşkilatlar dikən sıravi vətəndaşların vecinə deyil ki, kimdir müqəssir. Xalq
20 ildir görüb-eşitdiyi yalanlardan, mərəkə və qovalardan bezib. Toplum birlik,
güclü təşkilat və inamlı lider istəyir.
Elə bir lider ki, hər kəs onu qəbul etsin. Cəmil Həsənlinin
timsalında buna nail olunmuşdu. Ancaq görünür müxalifətin içində “gizli əllər”
yenidən işə girişib və qaşınmayan yerdən qan çıxarmağa başlayıb. Belə deyilsə,
partiyaları bir-birinə vuran heç bir səbəb olmamalıdır. Seçki bitib, iqtidar
yenə saxtakarlığa əl atıb və bu qüvvələrin əsas işi hökumətə qarşı mübarizəni
gücləndirməkdir.
Amma təbii ki, onlara dərs vermək dövrü keçib və bundan sonra
Müsavatla AXCP-nin müttəfiqliyi nonsensdir. Əgər onlar bir müddət sonra yenidən
bir araya gələcəksə, o zaman hər iki cinah bir-birinin tayıdır. Onlara bu
meydanda oyunbazlıq və təlxəklik lazımdır. Hələlik liderlərin bir-birinə tənqidlərini
eşitmirik.
Əli Kərimli və İsa Qəmbər susmağa üstünlük verib. Amma naibləri,
müavinləri dil-dil ötür, YAP-a yaraşan sözləri özlərinə aid edirlər. Xalq isə
iyrənib, bezib, ruhdan düşüb, onların savaşını gördükcə daha da həvəsi ölməyə
başlayır. Milli Şurada baş verən son hadisələrlə
Siyavuş Novruzov haqlı çıxdı. O qurumun dağılıb – dağılmayacağı
əhəmiyyətsizdir.
Sadəcə, işin dəhşətlisi Siyavuş Novruzovun haqlı
çıxmasıdır. Müxalifət iqtidarın əlinə “kozr” verməklə özünü arqumentsiz
vəziyyətə salır. Bu saatdan sonra kimisə inandırmaq, partiyaları birləşdirmək
və cəmiyyəti bu təşkilatların arxasınca aparmaq çətin olacaq. Onsuzda
öləziməkdə olan siyasi canlanma bununla məzarlıq sükutunu xatırladacaq.
Sosial şəbəkələrdə təşkilatlanıb, cəmiyyəti ayağa
qaldırmaq, hökumətin “Axilles dabanı”ndan basıb divident qazanmaq əvəzinə,
facebook-da qaynana-gəlin, məişət səviyyəsində müzakirələr gedir. Dedi-qodu,
köhnə söz-söhbətlər, qarğış-söyüş, bir-birini ötən əsrdə baş verənlərdə
qınamaq, lənət, təhqirin biri bir qəpik olub.
Bizim müşahidələrimiz onu deməyə əsas verir ki,
Milli Şura müvəqqəti ayaq üstə dayanmağı bacaracaq. Amma qurumun davamlı stabil
fəaliyyəti bundan sonra qaranlıq görünür. Müsavatsız bir birlik, AXCP-siz bir
təşkilat uğursuzluğa məhkum deyil.
Bu halda mümkündür ki, yeni nəsil və gənclik önə
çıxıb, ənənəvi partiyaların köhnə qovğalarından yaxasını kənara çəkməklə,
sistemli mübarizə hərəkatı yaratsın. Olmayacaqsa və bu iki partiyanın ümidinə
qalacaqsa, yen yaranacaq bütün birlik modelləri dağılacaq.
Çünki “mehriban düşmən”lərin dayanıqlı birik modeli
yaratmaq niyyəti “uzaq Liviya səhrasına” qədər gedib çıxır. Bizə isə təəssüf
etmək qalır və acı həqiqət də olsa, etiraf etməliyik ki, hakimiyyətin 20 ildir
dəyişməməsi təsadüfi deyil və onun qalmasında indiki müxalifətin də payı var.
Müsavat və AXCP müttəfiqliyi pozmaqla tarix üçün kobud səhvə yol verdilər. Amma
bəlkə də belə daha yaxşı oldu. Qeyri-səmimi birlikdənsə, ayrılıqda fəaliyyət
faydalı olar.
Mənim isə yadıma gəlir ki, “Mehriban düşmən”
serialının sonunda cütlüklər hər şeyə son qoyub, xoşbəxt həyat üçün
birləşirlər. Amma Müsavat və AXCP arasında yaşananlar serial deyil, hətta
“Santa Barbara” kimi uzun ömürlü mənasız davadır. İndi gördüyümüz isə hələ
jurnaldır, kino qabaqdadır…
Aslan
Short URL: http://www.cumhuriyyet.net/?p=3314