Ramiz Mehdiyev son döyüşə başlayır
Bir tərəfdə Paşayevlər və Heydərov, o biri tərəfdə Əli Əsədov və onun yaxın
çevrəsi, üçüncü tərəfdə isə hər zaman lazımlılığını sübut etmək üçün
ciddi fəsadlar yarada bilən Mehdiyev və komandası…
Bu ötən ilin yazından hiss olunmağa başlayırdı. Hiss olunurdu ki,
hakimiyyət daxilində yeni bir güc mərkəzi formalaşmaqdadır. Daha
doğrusu, güc mərkəzləri arasındakı savaşlar tərəflərdən birinin ağırlıq
sahəsinə keçir. YAP-ın qurultayı günü bunun artıq müəyyən məsafə qət
etdiyini deməyə əsas verən xəbərlər də yayıldı. Ramiz Mehdiyevi
qarşılayan olmamışdı. O, Oqtay Əsədovla yanaşı oturmaq məcburiyyətində
qalmışdı.
Vəziyyət xeyli dərəcədə kritikləşirdi. Ordu daxilində baş
verən olaylara dair müxtəlif xəbərlər yayılırdı. O da bildirilirdi ki,
Səfər Əbiyevə qarşı planlı təxribatlar gedir. Biz bu barədə daha detallı
yazmaq istəmirik, amma aydın sezdirilirdi ki, olayların arxasında yenə
bir mərkəzin ardıcıl provakasiyaları durur.
Əslində, ölkənin siyasi
həyatındakı mühüm olaylar da bu fiqurlar ətrafındakı söz-söhbətləri
gərginləşdirirdi. Ilham Əliyev vəziyyətə siyasi baxımdan nəzarət edə
bilməsə də, onun nəticələri təftiş etmək imkanı vardı. Bəli, bu həm də o
deməkdir ki, kim özünü təmizə çıxara bilməsə, qələmi qırılacaqdı. Ilham
Əliyev üçün hakimiyyətin zirvəsindəki çalxalanmalar həm də ona görə
vacibdir ki, o, vaxtaşırı özünü kiməsə göstərsin. Kriteriya qətiyyən
qanun və ya dövlət maraqları ola bilməz. Belə olsaydı, məhkəmə məşğul
olardı. Əsas meyar odur ki, kimə qarşı baş verib, nəticəsindən İlham
Əliyevə ziyan dəyib, yoxsa yox. Beləliklə, hakimiyyət daxilində baş
verən yeni qarşıdurmanın ilk meyarı mənfəətdir. Ikinci məsələ isə
proseslərə yön vermək imkanı uğrunda savaşdır.
Ramiz Mehdiyev niyə “laxladı”?
Bu suala cavab olaraq, biz Paşayevlərin Kəmaləddin Heydərovun
mövqelərini özünə doğru əyməsini göstərə bilərdik. Amma bu faktın özü,
hətta Mehdiyevin bir siyasi planlayıcı kimi tam sıradan çıxmasına əsas
ola bilməzdi. O, hakimiyyətdə əsas siyasi faktoru və hakimiyyətin bağlı
olduğu siyasi ənənənin vətəni sayılan Kremli təmsil edirdi. Yəni,
inzibati gücü və onun xarici bağlantısını. Ramiz Mehdiyev Moskva ilə
münasibətlərdə uğur əldə edə bilmirdi. “WikiLeaks” olaylarından sonra
Kremlin Ilham Əliyevə münasibəti dəyişmişdi. Putin şəxsən söyüldüyü üçün
Ilham Əliyevə qarşı kin duyurdu. Mehdiyev isə bu istiqamətdə çox
uğursuz görünürdü. Ilham Əliyevin “mən bilmirəm, həll edin” məntiqi ilə
davranması Kremllə münasibətləri daha da gərginləşdirdi. Bundan istifadə
edən Heydərov alternativ yollar axtardı. Kremllə münasibətləri heç
olmasa, sabitləşdirmək lazım idi. Ilham Əliyev o qədər qəzəbli idi ki,
Putinə yaxın sayılan iş adamı Ilham Rəhimlini demək olar ki, tamam
sıradan çıxardı. Putinin yaxın adamı isə tez-tez Mehdiyevin nəzrətində
olan media orqanlarına çıxır və Ilham Əliyevlə Putinin münasibətlərinə
töhfə verə biləcəyinə üstüörtülü eyhamlar vururdu. Bu da Ramiz
Mehdiyevin gücünə güc qatmaq məqsədi daşıya bilərdi, amma cəhdlər
uğursuz oldu.
Nəhayət, Heydərovun ciddi çabaları və İlham Əliyevin
şəxsi geriçəkilmə mesajları qısamüddətli bəhrə verdi. Putinin Bakı
səfəri baş tutdu. Belə xəbərlər yayılırdı ki, İlham Əliyev bu səfər
zamanı 4 milyarddan keçib. Yəni, artıq siyasi anlaşma mümkün deyildi.
Müqavilə isə pulun və ya münasibətlərin korlanmasına qədər idi. Orxan
Zeynalov hadisəsi isə vəziyyəti yenidən pisləşdirdi.
Ramiz Mehdiyev
bütün bu proseslərdə, hətta seçkilərdə də demək olar ki, görünmədi.
Gülər Əhmədova olaylarını da bunun üstünə gəlsək, Ramiz Mehdiyev xalq
arasına çıxması arzulanmayan şəxslərdən sayılmışdı. Amma bir pis adamın
başqa bir pisi təmsil etməsi xalq üçün elə də ciddi fərqli məsələ
deyildi. Gülər Əhmədova məsələsində Ramiz Mehdiyev ifşa olunduğuna görə
deyil, həm də bu olaylarda Ilham Əliyev və yaxın ətrafının adı
hallandığına görə “boz kardinal”ın adının üstündən “otverka” ilə qara
bir cız çəkildi. Həm bu məsələ, həm də Rusiya ilə münasibətlərdə ciddi
rol oynaya bilməməsi Mehdiyevin siyasi imkanlarını demək olar ki, 40
faiz azaltdı. Bu isə Mehdiyevə ilk ciddi zərbə idi.
Əli Əsədov gəlir…
Bu ad insanlara çox tanışdır. Prezidentin iqtisadi məsələlər üzrə
köməkçisidir. Ilham Əliyevlə şəxsən sıx təmasda olan bir neçə nəfərdən
biri sayılır. O, hakimiyyətdaxili oyunların yeni keyfiyyət mərhələsində
əsas fiqurlardan birinə çevrilib. Ramiz Mehdiyevin hakimiyyət
daxilindəki təsir rıçaqlarını bir-bir ələ keçirməyə çalışır. Demək olar
ki, hazırda bir çox mühüm məsələlərə onun müdaxilə imkanının olduğu
barədə faktlara əsaslanan məlumatlar var. Onun parlamasına isə iki mühüm
amil səbəb olub. Məlumatlarda deyilir ki, Zeynal Nağdəliyev və Məhərrəm
Əliyev Prezident Administrasiyasında yeni təyinatla fərqləndiriləndə
məqsəd belə olub ki, onlar müxtəlif sahələr üzrə Ramiz Mehdiyevi
əvəzləməyə cəhdlər etsinlər, bir müddət sonra Mehdiyev Fuad Ələsgərovla
əvəzlənsin. Amma bu baş vermir, ona görə ki, adıçəkilən fiqurlar Ramiz
Mehdiyevin təsir dairəsinə müdaxilə edə bilməyiblər. Yəni, bu əməliyyat
uğurlu olmayıb. Bunun ardından isə ideyanın müəllifi özü dövriyyəyə
girib və birbaşa həmlələr edib. Əli Əsədov artıq Ramiz Mehdiyevin
hakimiyyət daxilindəki dəngələrini sıradan çıxarmaqdadır. Amma Mehdiyev
də nəsə edə biləcəyini ortaya qoymaq üçün hələ də çalışır. Onun öz
postunu qorumaq üçün daha nələrə əl atdığını qeyd edəcəyik.
Bir
məqama diqqət çəkmək yerinə düşür. Nəzarətdə olmayan medianın, xüsusilə
“Azadlıq” qəzetinin sıradan çıxarılmasında həm də bir düşünülmüş məqsəd
var. Hakimiyyətdaxili mübarizənin bu templə davam etməyəcəyi bəllidir və
indidən media sıradan çıxarılır ki, daxili qarşıdurma ictimailəşməsin,
daha kəskin ziddiyyətlər ifşa olunmasın. Bu məsələdə Ilham Əliyevin
birbaşa maraqlı olduğu da açıq-aydın görünür. Ilham Əliyev əslində, iki
qruplaşmadan birini sıradan çıxarmağa məhkumdur. Çünki hakimiyyət
daxilində üçüncü qüvvənin yaranması həm də yeni siyasi situasiya yarada
bilər. Oğul Əliyevi inandırıblar ki, ixtiyari üçüncü qüvvə eynigüclülər
arasında seçim edib, hansısa birinə üstünlük versə, hakimiyyət tam süqut
edə bilər.
Bununla belə, gərginlik yeni fazaya daxil olub. Bir
tərəfdə Paşayevlər və Heydərov, o biri tərəfdə Əli Əsədov və onun yaxın
çevrəsi, üçüncü tərəfdə isə hər zaman lazımlılığını sübut etmək üçün
ciddi fəsadlar yarada bilən Mehdiyev və komandası… Bütün bunlar yeni
siyasi vəziyyətin açılmaz düyünləridir.
Mehdiyevin son oyunu
Milli Şura daxilində baş verənlərin anonsu birmənalı olaraq hər zaman
Ramiz Mehdiyevə yaxın olan qəzetdə dərc edilib. Yuxarıda dediyimiz
kimi, bu media orqanı həm də vaxtaşırı Rusiya və Mehdiyev arasındakı
Ilham Rəhimlidən müsahibələr almaqla, Putinin buradakı xəttini ortaya
qoyurdu. Ramiz Mehdiyevə yaxınlığı heç kimdə şübhə doğurmayan qəzetin,
hətta Milli Şuranı “rus projesi” adlandırması üstündən sükutla keçilməli
məsələ deyil. Deməli, Rusiya həm də Milli Şuranı ləkələmək işində bu
qüvvələrdən istifadə etmişdi. Mehdiyev isə sonuncu şansı kimi,
müxalifəti parçalamağı görürdü. O, Ilham Əliyevə hələ edə biləcəklərinin
hamısını etmədiyi mesajını vermişdi.
Milli Şurada baş verən
müzakirələrin detalları hər şeyin necə həyati önəmli olduğunu ortaya
qoyur. Müsavat partiyasındakı bir qrup əvvəlcə Rüstəm Ibrahimbəyovun
sədrliyinə qarşı çıxır. Ibrahimbəyov gedə biləcəyini deyir. Sonra bu
qrup iddia edir ki, həmsədrlik yolverilməzdir. Ibrahimbəyov birlik
naminə bu güzəşti də edir. Bundan sonra Ibrahimbəyov Milli Şuranın
sessiyasında tam əksəriyyətin səsi ilə quruma Fəxri sədr seçilir.
Müsavat başqanı başqa bir ölkənin vətəndaşının fəxri sədr olduğu qurumda
olmağı məqbul saymayacaqlarını deyir. Ibrahimbəyov məktub yazaraq, bu
postdan da imtina edir. Addımını belə əsaslandırır ki, müxalifətin
birliyi hər şeydən daha önəmlidir. Bu arada Müsavat partiyası Məclis
keçirir və Milli Şurada qalıb-qalmamaq məsələsi orada müzakirə olunmur.
Partiya funksionerlərindən biri mediaya bildirir ki, bu məsələ müzakirə
mövzusu deyil. Iki gün keçəndən sonra Ramiz Mehdiyevə yaxınlığı heç
kimdə şübhə doğurmayan Zahid Oruc belə bir açıqlama ilə çıxış edir ki,
Isa Qəmbər düşünməlidir: ya Milli Şuradan çıxmalıdır, ya da Müsavat
parçalanacaq. Bu açıqlamadan (mesajdan) iki gün sonra Müsavat Partiyası
Milli Şuradan çıxmaq barədə qərar qəbul edir.
Beləliklə, Müsavat
daxilindəki qrup heç bir əsas gətirə bilmədən partiyanı Milli Şuradan
qoparır. Bütün bunları edərkən AXCP üzərinə hücum taktikası da seçilir
ki, bu oyunun ifşası çətinləşsin.
Ramiz Mehdiyev isə demək olar ki,
zorla həyata keçirdiyi əməliyyatda bir daşla bir neçə quş vurmaq imkanı
əldə etdi. Ilham Əliyevə sübut etdi ki, o hələ də nəsə edə bilər və
etdikləri hakimiyyətin ömrünün uzanması üçün mühüm sayılacaq
addımlardandır. Amma bütün hallarda öz meydanının 70 faizindən
sıxışdırılmış Mehdiyev üçün saman çöpü sayılacaq sonuncu amil də uzun
müddət dayanıqlı olmayacaq. Çünki proseslərin sosial mahiyyəti yalnız
barışmaz etiraza aparır. Indi hər hansı qüvvənin konstruktivləşməsi qısa
müddət ərzində onu deşarj edir və “qan itirməsi” effektilə sıradan
çıxarır. Hazırki müxalif bazanın kod fəaliyyəti hakimiyyətlə uzlaşmaq
deyil, hakimiyyətin oğurladıqlarını geri almaqdır.
Və nəticədə…
Bəlli oldu ki, İlham Əliyev hələ bir müddət üçüncü qüvvəni sıradan
çıxara bilmir. 2015 gəlib
çatmış olacaq və yeni şəraitdə hansı spontanlıqların baş verəcəyi bəlli
deyil. Yəni, hakimiyyət daxilində dəngələr hər an dəyişmək gücündədir və
iki güclüdən biri üçüncüdən istifadə üçün cəhdlər edə bilər. Bu da
2015-dən daha tez kataklizmlər deməkdir.
GÜNAY İSKƏNDƏROVA
Short URL: http://www.cumhuriyyet.net/?p=3332