AXCP və Müsavatın ortaq günahı

14.01.2014 - 02:45
Fürsət verdilər ki, hakimiyyət onların yaratdığı
birliklərin xalq üçün yararsızlığını, bu qurumların böyük məqsədlərə
deyil, kiçik qrup maraqlarına xidmət etdiyini, dilə
gətirsin

 
Azərbaycan iqtidarının müxalifətin parçalanması istiqamətində
uzun illərdən bəri başlatdığı məqsədyönlü iş reallaşır. Təzyiqlər,
repressiyalar, maliyyə sıxıntıları ilə üz-üzə qalmalar, ayrı-ayrı
funksionerlərin ələ alınması, həbslər, şantajlar və bunların fonunda
yaşanan nailiyyətsizlik sindromu müxalifəti hakimiyyətə qarşı əsas
mübarizə hədəfindən yayındırdı və Azərbaycan idealları uğrunda davanı
prioritet elan edənlər özləri qrup maraqlarının hədəfinə çevrildi.

Yanlışlıqlar, siyasi səbatsızlıqlar, özünə qapanmalar, hadisələrin
sonrakı inkişafından doğan nəticələrin əvvəldən izlənməməsi, qarşılıqlı
ittihamlar, siyasi intriqalar, separatçı meyllər, şəxsi mənin
qabardılması, liderlərin birincilik ambisiyası müxalifətin başını elə
əngəllərə soxdu ki, onlar yalnız dəyən zərbədən ayılanda hər şeyin gec
olduğunu anladılar.

Fürsət verdilər ki, fürsəltçil hakimiyyət onların yaratdığı
birliklərin xalq üçün yararsızlığını, bu qurumların böyük məqsədlərə
deyil, kiçik qrup maraqlarına xidmət etdiyini, siyasi partiyaların,
vətəndaş cəmiyyətinin digər institutlarının gərəksizliyini, vahid
mərkəzdən idarə olunan etiraz aksiyalarının effektsizliyini dilə
gətirsin və xalqa mesajlar ünvanlasın ki, xalqın maraqları uğrunda
mübarizə aparan yalnız mövcud iqtidardır.

İndi hər kəs Milli Şura adı altında birləşən Müsavat və AXCP adlı iki
qocaman partiyanın arasında yaşanan intriqaların, qarşılıqlı
suçlamaların, körpüləri yandıran ittihamların canlı şahididir. Kimin,
hansı patiyanın bu oyunda düz, ya yanlış olduğunu buraxaq siyasi
ekspertlərin və bir də hər iki partiyanın qərəzsiz funksionerlərinin
vicdanına. Amma nədən belə oldu, nədən elan olunmuş məqsədlərə çatmadan
bu və ya digər birliklər dağıldı sualı, siyasi palitranın dəyişilməsi
uğrunda mübarizə aparan hər bir kəsi dərindən düşündürməlidir.

Müsavat yetkililəri üçün ayrılmada əsas şərt Milli Şuranın Rusiya
projesi olması və bu formatın artıq öz missiyasını başa çatdırması ilə
bağlı səsləndirdiyi bəyanatlardırsa, bunlar ayrılma üçün əsas şərt
sayıla bilməz. Belə ki, professor C.Həsənlinin bu qruma sədr seçilməsi,
onun sədr olandan sonra nümayiş etdirdiyi milli iradə və əzm,
arzuolunmaz şəxsə çevrilən R.İbrahimbəyovun de-fakto bu qurumdan
uzaqlaşdırılması qurumun təyinatını dəyişmiş və bundan sonrakı dövrdə
Müsavat rəsmiləri öz bəyanatlarında ardıcıl olaraq Milli Şuranın
müxalifətin vahid mərkəzi olması ilə bağlı fikirilər səsləndirmişlər.

Yox, əgər bu formatın ictimai-siyasi situasiyanı dəyişdirmək gücündə
olmadığı qənatinə gəlinmişsə, onda hansı birlik modelinin davamlı olması
haqda əvvəldən götür-qoy edilməli və digər müxalif qüvvələrin də geniş
spektrdə təmsil olunduğu daha optimal birlik yaradılmasına cəhdlər
göstərilməli idi. Seçicilər bunun əksinə olaraq digər müxalif qüvvələrin
ayrı-ayrı ittihamlarla kənarda saxlanılmasının və bu quruma daxil
olmanı demokratik dəyərlər uğrunda mübarizə aparılmasında deyil, Məmməd
Əmin və Elçibəy yolunun davamçısı olmaq kimi məhdudlaşdırıcı şərtlərlə
bağlı olduğunun şahidi oldular.

Digər tərəfdən, necə ola bilər ki, hər iki partiya rəhbərliyi əvvəldə
Milli Şuraya əsas məqsədə çatma yolunda müxalifətin vahid mərkəzi kimi
yanaşdığı halda, sonda əks cəbhələrdə yer aldılar? Deməli söhbət Milli
Şuranın milli və qeyri milli olmasından, onun Rusiya və Azərbaycan
iqtidarının texnoloqları tərəfindən düşünülmüş şəkildə ortaya atılmış
proje olmasından deyil, Müsavat və AXCP arasında yaşanan barışmaz
ziddiyyətdən gedir. O ziddiyyət ki, acı nəticələri bir siyasi təşkilat
kimi özlərini və geniş mənada xalqımızı böyük zərbə altında qoyur,
protest eloktoratı xəyal qırıqlığına yuvarlandırır.

Nə imiş siyasi təşkilatlara bağlanan, ömrünü-gününü siyasi
dəyişilmələr uğrunda mübarizəyə həsr edən insanların günahı ki, təmsil
olunduğu qurumlar sonda onları xəyal qırıqlığına yuvarlatsın? Nə imiş
Milli Şura adına düzənlənən və hər iki partiya rəhbərliyinin həvəs və
coşqunluqla iştirak etdiyi o mitinqlər ki, orada insanlara birliyin
vacibliyi barədə önəmli messajlar verilirdi? Görüntü naminə birlik
yaradıb, əsl birliyə kölgə salmaq əslində xalqın pərakəndə olmasında
maraqlı olan hakimiyyətin əlinə işləməkdən başqa bir şey deyil.
İctimai-siyasi dəyişilmələrdə beynəlxalq təşkilatların rəyi, xalqın
istəyi ilə yanaşı vacib şərtlər sırasına daxil olan müxalifətin
birliyinin də əsas şərt olduğunu bilə-bilə müxalif qüvvələrin bir araya
gələ bilməməsini hansı uzaqgörənliyə, hansı milli siyasət adına yazaq?!
Əgər sonda bir-birinin inkarına durub, İ.Əliyev rejiminin davam etməsi
qənaətinə gəlinəcəkdisə, onda bu günə qədər və bundan sonra aparılan
mübarizənin nə anlamı qalır?

Ziddiyətlər, intriqalar olan yerdə birlik ola bilməz. Qrup maraqları
milli maraqlardan önə çəkildiyi yerdə milli düşüncədən danışmaq olmaz.
Fakt odur ki, qrup maraqları öndədir və bundan ən çöx itirən xalqımız,
qazanan isə milli maraqları gözardı edən iqtidardır. Xalq üçün milli
birliyin adının Milli Şura, İctimai Palata, Azadlıq bloku oması önəmli
deyil. Önəmli olan odur ki, müxalifət istənilən format adı ilə bir araya
gəlsin və xalqı düzgün yönləndirə bilsin.

 

Nurəddin İsmayıl

Short URL: http://www.cumhuriyyet.net/?p=3374

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930