Cəmil Həsənlidən sərt bəyanatlar

19.01.2014 - 22:44

“Azərbaycan xalqı dəyişiklik istəyirsə, məhz özü tarixin səhnəsində olmalıdır

 

 

Milli Şuranın son sessiyası ərəfəsində qurumun gələcək fəaliyyəti ilə
bağlı müxtəlif fikirlər səslənirdi. Amma bu qeyri-müəyyənlik sessiyadan
sonra tam aradan qalxdı. Təşkilatın strukturlaşmasıyla bağlı mühüm
addımların atılması Milli Şuranın gələcəyinə nikbin baxmağa əsas verir.
Milli Şuranın sədri Cəmil Həsənli ilə müsahibəmizin ilk sualı elə son
sessiyanın nəticələrini necə qiymətləndirməsiylə bağlı oldu. Eyni
zamanda C.Həsənliyə gündəmdə olan digər sualları da ünvanladıq:

– Milli Şuranın son sessiyası kifayət qədər mütəşşəkil qaydada keçdi.
Milli Şura üzvlərinin böyük əksəriyyəti sessiyada iştirak etdi.
Əksəriyyətin də fikri ondan ibarət idi ki, Milli Şura fəaliyyətini davam
etdirsin. Əslində sessiyaya qədər də bu fikir bəlli idi. Istər
mətbuatda, istərsə də ictimai müzakirələrdə Milli Şura üzvlərinin
əksəriyyəti təşkilatın fəaliyətini davam etdirməyə qərarlı olduqlarını
müxtəlif formalarda bildirmişdilər. Sessiya sadəcə olaraq buna hüquqi
məzmun verdi. Bu işdə AXCP-nin, KXCP, gənclərin və partiya üzvü olmayan
Şura üzvlərinin, ziyalıların mövqeyi həlledici rol oynadı. Son sessiyada
eyni zamanda Milli Şuranın ən mühüm strukturlarından biri kimi qurumun
Koordinasiya Şurası formalaşdı, ora seçkilər keçirildi. Əslində Milli
Şuranın idarə edilməsiylə bağlı müəyyən boşluqlar var idi. Məhz həmin
boşluqlar aradan qaldırıldı. Milli Şura üzvləri sessiyada yekdillik
nümayiş etdirdilər. Bu mühüm amil idi. Onların narahatçılığı başa
düşülən idi. Sessiyanın yüksək fəallıq şəraitində keçməsi insanların
MŞ-nın taleyinə məsuliyyət hissindən irəli gəlirdi. Həm ictimai-siyasi
vəziyyətin, həm 2014-cü il üçün təşkilatın fəaliyyət proqramının
müzakirəsində, həm də strukturların formalaşmasında Milli Şura
üzvlərinin böyük əksəriyyəti eyni mövqedən çıxış etdilər. Bu sessiya
Milli Şuranın həyat qabiliyyətli olduğunu nümayiş etdirdi. Azərbaycan
cəmiyyətində siyasi və qeyri-siyasi kəsimin birliyinə daxili bir tələbat
vardır. Ölkədə dəyişiklik istəyənlərin böyük bir hissəsi partiyalarda
birləşməyiblər. Onların siyasi, sosial, mənəvi və milli proseslərə
yaxından cəlb edilməsi, bütövlükdə dəyişikliklərdə maraqlı olan
qüvvələrin fəaliyyətinin uzlaşan məqamlarının kordinasiya edilməsi,
cəmiyyətdə öz gücünə inamı, sosial ədalətsizliyə müqavimət hissini
stimullaşdırmaq üçün Milli Şura kimi bir quruma ehtiyac vardır. Ötən
dövr göstərdi ki, dağınıq qüvvələrin hər birinin öz yağında qovrulması
ilə zülm tükənməz, ədalət payidar olmaz, istibdad getməz.

Milli Şuranın qarşısında duran hədəflər

– Hazırda Milli Şuradan böyük gözləntilər var. Təşkilatın
bəzi üzvləri Milli Şuranın fəaliyyətindən, ortada olan nəticələrdən razı
deyillər. Qarşıda hansı planlarınız var?

– Azərbaycan cəmiyyətinin qarşısında çox ciddi sosial, siyasi, mənəvi
və milli məsələlər var. Bütövlükdə Milli Şuranın vəzifəsi
avtoritarizmdən demokratiyaya keçidə öz töhvəsini verməkdir. Bu
istiqamətdə Milli Şuranın edə biləcəyi çox şeylər var. Süstlük
cəmiyyətin zülmə adaptasiya olmasının birinci şərtidir. Vətəndaşlıq
mövqeyi ictimai müzakirələrdə ortaya qoyula bilər. Milli Şura məhz bu
ictimai müzakirələrin mərkəzində dayanmalı, insanlarda öz gücünə inamı
cilalamalı, Azərbaycan cəmiyyətində dəyişiklik istiqamətində yaranmış
ümidləri sönməyə qoymamalıdır. Milli Şuranın 2013-cü ildəki fəaliyyəti
göstərdi ki, müxalif siyasi qüvvələrin birliyi və onun müxtəlif sivil
vətəndaş təşkilatları ilə vahid istiqamətdə hərəkət etməsi
dəyişikliklərə olan ümidləri daha da artırır, hakimiyyətə qarşı güc
mərkəzinin formalaşması prosesinə kömək edir. Dağınıq cəmiyyət siyasi
hədəflərə yetişə bilməz. Məhəlli medodlarla milli probleməlin həlli
mümkünsüzdür. Ona görə də müzakirə etməli çox məsələlər var. Qarşıda
“Azərbaycan bu gün” adlı beynəlxalq bir forumun keçirilməsi
planlaşdırılır. Xəstə cəmiyyətin müalicəsi düzgün diaqnozdan keçməlidir.
“Azərbaycanın güclü ordusu var” deməklə işğal altında olan torpaqlar
azad olmayacaq. Ötən hər gün bizi Qarabağdan daha da uzaqlaşdırır. Indi
Qarabağdan kənar ikinci nəsil qarabağlılar doğulur. Hakimiyyət Qarabağ
məsuliyyətindən qurtarmaq üçün onu ictimai fikirdə arxa plana keçirir,
unutdurmağa çalışır. Bu gün Azərbaycan hakimiyyətinin işğal altında olan
ərazilərin qaytarılması, Qarabağda suverenliyin bərpası ilə bağlı aydın
bir fəaliyyət proqramı yoxdur. Korrupsiyalaşmış hakimiyyət və
məzlumlaşdırılmış əhali ilə qələbə modelinin nümunəsi tarixdə mövcud
deyil. Ona görə işğal olunmuş ərazilərə münasibətdə fərdin və millətin
məsuliyyəti ortada olmalı, mürgü döyən cəmiyyət qəflət yuxusundan
ayılmalı, yatmış vicdanlar oyanmalıdır. Bu istiqamətdə Milli Şuranın
üzərinə də böyük məsuliyyət düşür. Korrupsiyaya, inhisarçılığa qarşı
mübarizə, siyasi məhbus problemi, insan hüquqları ilə bağlı məsələlər,
əhalinin sosial müdafiəsi, cəmiyyətin maarifləndirilməsi, mənəvi irsin
qorunması və təbliği, nəhayət bizi gözləyən avrointeqrasiya kimi
məsələlər Milli Şuranın qarşısında duran ciddi hədəflərdir. Yanvarın
28-də Rəsulzadənin 130-cu doğum gününü keçirməklə bağlı geniş bir tədbir
nəzərdə tutmuşuq. Burada həm Milli Şuranın üzvləri, ziyalılar,
cəmiyyətin müxtəlif kəsimlərinin nümayəndələri, həm də vətəndaş
cəmiyyətinin təmsilçiləri iştirak edəcək.

– Milli Şuranı bir neçə nəfər tərk etdi. Bəs təşkialata üzvlüklə bağlı yeni müraciətlər varmı? Bu istiqamətdə durum necədir?

– Milli Şuradan ayrı-ayrı üzvlərin getməsindən narahat olmaq lazım
deyil. Milli Şura demokratik bir təşkilatdır və fəaliyyət istiqamətində
də demokratik dəyərlər mühüm yer tutur. Milli Şuraya adamlar öz qərarı
ilə gəlmişdilər və indi kimsə oradan öz qərarları ilə gedirlərsə,
arzuolunmaz olsa da bundan narahat olmağa dəyməz. Amma nəzərə almaq
lazımdır ki, Milli Şuraya çoxlu müraciətlər də var. Lakin burada başlıca
istiqamət kəmiyyət göstəriciləri deyil, keyfiyyət göstəriciləri
olmalıdır. Siyasi proseslərdə gənclərin önəmi artmaqdadır. Əlbəttə Milli
Şurada da bu nəzərə alınmalıdır. Biz 2014-cü ildə Azərbaycan ziyalıları
ilə Milli Şura arasında bir körpü salmağı düşünürük. Hesab edirik ki,
Milli Şurada maarifçilik, milli-mənəvi irsin qaldırılması, təbliğ
olunması prosesində Azərbaycan ziyalılarının gücündən və imkanlarından
səmərəli istifadə olunmalıdır. Hazırda Milli Şuranın doxsana yaxın üzvü
var. Bir neçə nəfərin Milli Şuradan getməsini faciə kimi qəbul etmək
lazım deyil. Əlbəttə, biz bunu arzulamazdıq. Çünki gedən adamların
bəziləri doğurdan da Milli Şuraya yaxından köməklik etmişdilər. Xüsusilə
ideya, nəzəri istiqamətlərin müəyyən olunması, müxtəlif təhlil və
analizlərin verilməsi baxımından o adamlar içərisində qiymətli
dostlarımız olub. Məsələn, Zəfər Quliyevin bir sıra təhlil xarakterli
yazıları indi də öz əhəmiyyətini saxlayır. Biz əlbəttə belə adamların
Milli Şuradan çıxmasına təəssüflənirik. Amma insanların seçim haqqına da
hörmətlə yanaşmaq lazımdır. Əgər bu adamlar öz fəaliyyətlərini Milli
Şura çərçivəsində görmürlərsə, onları burada saxlamaq nə məqsədəuyğun,
nə də mümkün deyil. Bu canlı bir prosesdir. Gedənlər də olacaq, gələnlər
də. Amma biz bu yolu getməyə qərarlıyıq və kim bu prosesi getməyə
qərarlıdırsa, biz onlarla Milli Şuranın siyasi bəyannaməsində, digər
proqram sənədlərində təsbit olunmuş prinsiplərin, ilk növbədə Azərbaycan
cəmiyyətinin irəli sürdüyü sosial, siyasi, iqtisadi, mədəni, milli və
mənəvi məsələrin həllində mümkün olan bütün addımları atmağa hazırıq.

“Birgə fəaliyyətimizə, birgə mübarizəmizə hörmətlə yanaşaq”

– Son sessiyadan sonra Milli Şuranın fəxri sədri Rüstəm Ibrahimbəyovla danışmısınızmı?

– Bəli, bizim Rüstəm bəylə danışıqlarımız olub. Həm sessiyanın
gedişatını müzakirə etmişik, həm də qəbul olunan qərarlar, Milli Şuranın
rəhbər strukturlarının formalaşdırılmasıyla bağlı fikir mübadiləsi
aparmışıq. O, sessiyanın gedişatından çox razı qaldığını bildirib. Eyni
zamanda Rüstəm bəy 16 yanvar sessiyasında Milli Şuranın xüsusi iradə,
böyük fəallıq nümayiş etdirməsini yüksək qiymətləndirir. Rüstəm də, mən
də Milli Şuranın gələcəyinə böyük ümidlə baxırıq. Bizim üçün bu siyasi
anlamdan daha çox Azərbaycan cəmiyyəti qarşısında öz vətəndaş, ziyalı
borcumuzu ifadə etmək məqamıdır.

– “Azadlıq” qəzetində çap olunmuş məqaləsində Rüstəm bəy
vurğulayıb ki, hakimiyyət üçün seçkidəki uğursuzluğundan sonra çox vacib
idi ki, demokrtik düşərgəni iki hissəyə parçalasın. Radikallar və rejim
üçün zəruri olan kompromislərə gedə bilən konstruktiv düşünənlərə.
Sizcə, hakimiyyət bu niyyətinə nail oldumu?

– Bu Rüstəm bəyin fikridir və mən onun fikirlərini şərh etmək
istəmirəm. Amma biz Milli Şurada 2013-cü il çərçivəsində beş ay yol
gəlmişik. Burda uğurlarımız da olub, uğursuzluqlarımız da. Bütövlükdə
mən keçilmiş yola hörmətlə yanaşılmasının tərəfdarıyam. Hesab edirəm ki,
ötən il tarixin çox da uzun olmayan bir məsafəsində tale bizi milli
birlik çətirinin altına toplaya bildi və şübhəsiz ki, baş verənlər izsiz
keçmədi. Ən azından bu birlik hakimiyyətin uzun müddət adaptasiya
olduğu rahatlığı bir qədər poza bildi. Ölkənin içərisində gerçək
müxalifətin imkanlarını qiymətləndirmək mümkün oldu. Əslində, birgə
fəaliyyətimiz, birgə mübarizəmiz, birgə məsuliyyətimizdən çıxarılası
dərslər çoxdur. Bunu bir tərəfə qoyub bir-birimizi ittiham etməkdən
çəkinməliyik. Məsələn son sessiyadan sonra professor Hacıbaba Əzimovun
“Publika.az” saytına “MTN Milli Şura ilə bağlı tədbir görməlidir” adlı
açıqlaması məndə ciddi narahatçılıq doğurdu. Milli Şurada guya xaricə
işləyən admların olması və onları Şuraya guya Eldar Namazovun gətirməsi
ittihamı ilə heç cürə razılaşmaq olmaz. Xüsusilə Milli Şuranın
rəhbərliyində təmsil olunan bir adamın Milli Şura üzvü haqqında tədbir
görmək üçün MTN müraciət etməsi qəbuledilməzdir və bununla heç cürə
razılaşmaq olmaz. Milli Şura milli kimliyindən və etnik mənsubiyyətindən
asılı olmayaraq Azərbaycanda yaşayan bütün xalqlara eyni hörmət və
məhəbbətlə yanaşır. Ona görə də Milli Şuranın daxilində belə söhbətlər
və mübahisələr arzuolunan deyildir.

– Bu arada yenidən Milli Şuranı Rusiya proyekti kimi təqdim
etmək cəhdləri edilir. Maraqlıdır ki, bu cəhdlər əgər seçkidən əvvəl
hakimiyyət düşərgəsi tərəfindən edilirdisə, hazırda bir sıra müxalifət
qəzetləri bu tezisi manşetlərinə daşıyırlar. Bu tendensiyanı necə
qiymətləndirirsiniz?

– Milli Şuranı Rusiyanın proyekti hesab edənlər, məhz özləri
Azərbaycanın korrupsioner hakimiyyətinin proyektləridir. Bunun ayrı adı
yoxdur. Kimin hansı çeşmədən su içdiyini biz yaxşı bilirik. Hələ ilk
dövrlərdə belə fikirlər səsləndiriləndə öz mövqeyimi bildirmişəm, indi
də həmin mövqeydə qalıram ki, belə yanaşmanın heç bir obyektiv əsası
yoxdur. Milli Şura Azərbaycan hadisəsidir, Azərbaycanın daxilindəki
proseslərdən qaynaqlanır və cəmiyyətimizin sosial-siyasi, milli-mənəvi
təlabatından yaranmışdır. Milli Şura Azərbaycan cəmiyyətində ilk nüfuzlu
qurumdur ki, məhz onun proqram sənədlərində, toplantılarında,
rəhbərliyinin açıqlamalarında məsələ belə qoyulur ki, biz xalqımızın
gözünü xaricdən çəkməliyik. Azərbaycan xalqı özü öz taleyini həll
etməlidir. Azərbaycan xalqı dəyişiklik istəyirsə, məhz özü tarixin
səhnəsində olmalıdır. Rusiya layihəsi və sairə fikirlər hamısı mənasız
işlərdir. Bunlar bir qayda olaraq ictimai fikri azdırmaq üçün hakimiyyət
tərəfindən ortaya atılmış qara piar kampaniyasıdır və biz bu hakimiyyət
piarının ləpirlərin bir sıra mətbuat orqanlarına necə gəlib çıxdığından
məlumatlıyıq. Ona görə də, Milli Şura Azərbaycanın öz içindən, öz
problemlərindən, xalqın istək və arzularından yaranan bir təşkilatdır.
Milli Şuranın fəaliyyəti də bilavasitə Azərbaycan xalqının ləyaqətli
həyat, demokratik cəmiyyət arzularından qaynaqlanır. Əgər kimsə
gercəkdən ölkəmizdə xarici proyekt axtarırsa, bunun jurnalist
araşdırmalarına ehtiyacı olan nümunələri çoxdur.

“Yeni Müsavat”ın Milli Şuraya qarşı kampaniyasını görürəm”

– Cəmil bəy, “Yeni Müsavat” qəzeti Milli Şuraya qarşı
dağıdıcılıq işi aparır” fikrinizdən sonra tərəf tutmaqda ittiham
olundunuz?

– Icazənizlə mən bu məsələyə bir qədər aydınlıq gətirmək istəyirəm.
Tərəf tutmaq ittihamı bu açıqlamadan xeyli əvvəl “Yeni Müsavat”ın
səhifələridə görünməyə başlamışdı. Amma bu “tərəf tutmağın” nədən ibarət
olması yalnız mücərrəd formada təqdim edilirdi. Tərəf olmadığı üçün
bütün yazılanlar da mənə əhəmiyyətsiz görünürdü. Lakin heç bir
arzuolunmaz şərait insanı obyektiv dəyərləndirmədən uzaqlaşdırmamalıdır.
Bu istiqamətdə birinci məqam ondan ibarətdir ki, Milli Şuraya
münasibətdə neqativ mövqe tutan “Yeni Müsavat” qəzeti həqiqətən seçki
kampaniyasında faydalı addımları atıb. Həm təbliğati işlərdə, həm seçki
kampaniyasına dəstək vermək baxımından qəzetin əməyi, zəhməti var. Seçki
dövründə mənim bu qəzetdə müsahibələrim, cəmiyyətə mesajlarım dərc
olunubdur. Onlar bunu böyük məmnuniyyətlə ediblər. Qəzetin əməkdaşları
haqqımda çox maraqlı köşə yazıları yazıblar. Bütün bunları mən yüksək
qiymətləndirirəm. Bu, məsələnin birinci tərəfidir. Amma eyni zamanda mən
“Yeni Müsavat” qəzetinin xüsusilə son bir ayda Milli Şuraya qarşı
apardığı dağıdıcılıq kampaniyanı da görürəm. Bunu da qiymətləndirmək
lazımdır. Söhbət ondan getmir ki, yanvarın 16-da iki nəfər Milli Şuradan
çıxmaqla bağlı bəyanat verib və onların bəyanatları “Yeni Müsavat”
qəzetində və qəzetin saytında yer alıb. Məsələyə qətiyyən o meyardan
yanaşmaq olmaz. Söhbət bütövlükdə “Yeni Müsavat” qəzetinin Milli Şuraya
olan münasibətindən gedir. Mən necə “Yeni Müsavat” qəzetinin seçki
kampaniyamdakı müsbət rolunu etiraf edirəmsə, bunu müsbət proses
sayıramsa, eyni zamanda qəzetinin son bir ayda Milli Şuraya münasibətdə
dağıdıcılıq funksiyasını da görürəm. Istənilən təhlilçi buyursun, baxsın
və dəyərləndirsin. “Qaz vurulub” qəsdən şişirdilmiş xəbərlərin, yalan
məzmununu gerçək məlumatları üstələməsi, qərəzli informasiyaların, qarşı
tərəfdə ümidsizlik aşlayan təhlillərin hədəfin düşkünləşdirilməsinə
hesablanması soyuq müharibə hadisəsi idi və mən bir az bu şeyləri
bilirəm. Və əgər Rauf bəy mənim “haqsız olmağımı” onun telefon zənginə
cavab verməməyimlə izah edirsə, onun zəng etdiyi 14:08-də mən Yasamal
məzarlığında əziz müəllimimiz professor Süleyman Əliyarlının dəfnində
olmuşam, bu babətdən heç bir zəngə cavab vermək imkanım olmayıb. Cavab
verməyə imkanımız olanda isə bizə qarşı baş redaktorun yazısı artıq
qəzetin saytında qoyulmuşdu və nəyisə izah etməyin elə bir mənası yox
idi.

“Azərbaycan bu gün” forumu qonşu dövlətlərin birində olacaq”

– Rüstəm Ibrahimbəyov qəzetimizdəki məqaləsində “Azərbaycan
bu gün” beynəlxalq forumunun keçirilməsini təklif edib. Qeyd olunub ki,
bu forumda Azərbaycanın hazırkı durumu, seçkilərin nəticələri,
beynəlxalq rəy və yaranmış durumdan çıxış yollarının müzakirəsi nəzərdə
tutulub. Forumdan hansı gözləntiləriniz var? Tədbir nə zaman
keçiriləcək?

– Biz bu forumun artıq hazırlıq prosesinə başlamışıq. Bir sıra
danışıqlar aparmışıq. Ola bilsin ki, forum Azərbaycanda deyil,
demokratik dəyərlərə söykənən qonşu dövlətlərin birində keçirilsin.
Çünki burada yalnız azərbaycanlı mütəxəssislərin deyil, Azərbaycanla
bağlı təhlillər aparan, araşdırmalar yazan xarici mütəxəssislərin də
iştirakı planlaşdırılır. Ona görə də indidən konkret nəsə demək olmaz.
Amma bu ideya maraqlı yanaşmadır və bu forumda Azərbaycandakı
proseslərin, demokratiyanın, insan haqlarının vəziyyətinin, hakimiyyətin
yürütdüyü siyasətin mahiyyətinin qiymətləndirilməsinin geniş yer
tutacağı gözlənilir. Foruma ciddi hazırlaşırıq. Yəqin bir qədər zaman
alacaq.

– Budəfəki parlament seçkiləri zamanı proporsional seçki
sisteminin bərpa olunacağı gözlənilir. Bu dəyişiklik Azərbaycana nə verə
bilər?

– Mən ümumiyyətlə proporsional seçki sisteminin ləğvinin əleyhinə
olmuşam. Hesab edirəm ki, ölkədə siyasi partiyalar varsa və onların
fəaliyyətini stimullaşdırmaq zəruridirsə, bu zaman proporsional seçki
sistemi olmalıdır. Eyni zamanda proporsional seçki sistemi üzrə
seçilənlərin sayı artırılmalıdır. Ya parlamentdəki yerlərin 50 faizi
proporsional siyahı üzrə müəyyənləşməlidir, ya da biz ümumiyyətlə bu
sistemə keçməliyik. Tarixi təcrübə göstərir ki, proporsional sistemin
üstünlükləri daha böyükdür. Cəmiyyət öz demokratik potensialını
proporsional sisitemdə daha aydın və açıq formada ifadə edə bilir.

Xəyal

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3419

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930