Avropadan İlham Əliyevə qınaq
Azərbaycanın dövlət başçısını dünya
ictimaiyyətini növbəti dəfə çaşdırmağa cəhd göstərib
Beynəlxalq hüquq-müdafiə təşkilatları Brüsseldə İlham
Əliyevin Azərbaycanda siyasi məhbusların olmaması barədə verdiyi bəyanatdan
təəccübləniblər. “Human
Rights Watch” təşkilatının Mərkəzi Asiya üzrə direktor müavini Reyçel Denber
“Turan”ın Vaşinqton müxbirinə müsahibəsində Azərbaycanın dövlət başçısını dünya
ictimaiyyətini növbəti dəfə çaşdırmağa cəhd göstərməkdə, ölkədə siyasi
məhbusların olmasını inkar etməkdə ittiham edib. İ.Əliyev yanvarın 15-də
Brüsseldə NATO-nun baş qərargahında olarkən Azərbaycanda heç bir siyasi
məhbusun olmadığını bildirib.
Əliyev
bu bəyanatı müxalifət fəalı Yadigar Sadıqov Lənkəranda xuliqanlıqda ittiham
olunaraq 6 il müddətinə həbs edildikdən bir neçə saat sonra verib. Denber buna
diqqət çəkərək “Bu fonda İlham Əliyevin bəyanatı dərin təəssüf doğurur” deyib. “Mənim İlham Əliyev kimi liderdən gözləntim
odur ki, vaxt taparaq tabeliyində olan insanlardan siyasi motivli təqiblərlə
bağlı fikirlərə dair ətraflı məlumat əldə etsin. Tabeliyində olanlar ona
deməliydilər ki, ən azı 23 halda Azərbaycan hakimiyyəti hökuməti tənqid edən
siyasi fəallar, jurnalistlər, blogerlər, hüquq müdafiəçilərinin təqib və həbsi
üçün uydurma ittihamlardan istifadə edib” – deyə, o, bildirib.
Denber qeyd edib ki, həmin 23 fəalın həbsi üçün bəhanələr
müxtəlifdir – xuliqanlıq, vergidən yayınma, narkotik maddələrin saxlanması və
s. Məhkəməyə təqdim edilən sübutlar və sənədlər isə çox zəifdir. “Bütün bu
hallar yalnız saxlanılan insan üçün faciə deyil, bu, Azərbaycanın məhkəmə
sistemini rüsvay edir və dövlət başçısı bu barədə düşünməlidir” – deyə, Denber
vurğulayıb.
Hüquq müdafiəçisi qeyd edib ki, İ.Əliyevin AŞPA-nın siyasi
məhbuslar haqqında qətnamənin əleyhinə səs verməsinə istinad edərək Avropa
Şurasının arxasında gizlənməsi də böyük təəssüf doğurur: “O, bilməlidir ki, elə
AŞPA komissiyasının iclasında Monitorinq Komissiyası öz ümumi hesabatında və
Azərbaycana dair qətnaməsində siyasi motivli təqib faktlarından narahatlığını
bildirib”.
Avropa Şurasının “siyasi məhbus” anlayışına malik olmaması
ilə bağlı İ.Əliyevin arqumentinə gəlincə, Denber əslində bunun olduğunu
bildirib.
Belə ki, AŞPA-nın 1900 saylı qətnaməsində “siyasi məhbus”
anlamının meyarları əksini tapıb. Bu meyarlar hələ 2001-ci ildə AŞ baş
katibinin tapşırığı ilə qurum çərçivəsində müstəqil ekspertlər tərəfindən
hazırlanıb. Bu, Azərbaycanla
Ermənistanın Avropa Şurasına qəbulu kontekstində hazırlanıb.
Eyni zamanda 2012-cü il 3 oktyabr qətnaməsi AŞPA-nın
aşağıdakı həmin meyarları dəstəklədiyini bildirir:
a) əgər saxlanma Avropa İnsan Hüquqları Konvensiyası və ona
əlavə protokollarda əksini tapmış əsas zəmanətlərdən birinin – əsasən fikir,
vicdan və din azadlığı, fikrin ifadə olunması azadlığı, informasiya, toplaşma
və birləşmə azadlığının – birbaşa pozulması ilə həyata keçirilibsə;
b) əgər həbsdə saxlama barədə qərar hər hansı cinayətlə
əlaqədar olmadan sırf siyasi səbəblər üzrə çıxarılıbsa;
c) əgər siyasi motivlərlə saxlama zamanı həbsdə saxlanmanın
müddəti və şərtləri cinayətə proporsional deyilsə;
d) əgər siyasi motivlərlə saxlama zamanı vətəndaş başqa
şəxslərlə müqayisədə ayrı-seçkilik əsasında saxlanılıbsa;
e) əgər saxlama açıq-aşkar ədalətsiz çəkişmələrin
nəticəsidirsə və bu, hakimiyyətin siyasi motivləri ilə bağlıdırsa.
Denber qeyd edib ki, bu gün Berlində Human Rights Watch
dünyada insan hüquqlarının vəziyyətinə dair illik hesabatını açıqlayacaq. Hesabatda avtokrat
ölkələrdə, əsasən Azərbaycanda sadə vətəndaşların müdafiəsi ilə bağlı
məsuliyyət məsələsinə toxunulur.
Short URL: http://www.cumhuriyyet.net/?p=3514