Qarabağ məsələsində heç bir irəliləyiş olmayacaq

22.01.2014 - 16:44

“Rusiya açıq bəyan edir ki, Qarabağ probleminin həllində heç bir addım atmayacaq”

 

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla
Edvard Nalbandyanın növbəti görüşü yanvarın 24-də Parisdə keçiriləcək.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov görüşdə iştirak etmək
üçün yanvarın 23-də Fransaya gedəcək. Görüş ATƏT-in Minsk qrupu
həmsədrlərinin iştirakı ilə keçiriləcək. Nazirlərin növbəti görüşü
barədə razılıq həmsədrlərin ötən ilin dekabrında bölgəyə səfəri zamanı
əldə olunub. Həmsədrlər bu ilin ilk yarısında prezidentlərin növbəti
görüşünü təşkil etmək istədiklərini də açıqlayıblar.

Maraqlıdır ki, bu görüş ərəfəsində Rusiyanın xarici işlər naziri
Sergey Lavrov münaqişə tərəflərinə mesaj sayıla biləcək bəyanatla çıxış
edib. Azərbaycan və Ermənistan prezidentlərinin son görüşünün ümidverici
olduğunu deyən S.Lavrov bildirib ki, amma problemin həlli münaqişə
tərəflərindən asılıdır. S.Lavrov Moskvada keçirdiyi mətbuat konfransında
bildirib ki, Rusiya digər həmsədr ölkələrlə birlikdə Dağlıq Qarabağ
münaqişəsinin həlli üzrə dialoqa kömək etmək istəyir: “Həmsədrlərin
müəyyən hazırlıqları var, tərəflər bunları rədd etmir, lakin razılığa
gəlmək üçün əlavə səylər tələb edirlər. Biz kömək etməyə hazırıq, ancaq
onların əvəzindən bu işi görə bilmərik. Danışıqlarda tərəqqi hər şeydən
əvvəl tərəflərin özlərindən asılıdır”.

Qarabağ probleminin hələ də həll olunmamasının səbəbkarı kimi
göstərilən Rusiya dövlətinin baş diplomatının bu cür açıqlaması
ekspertlər tərəfindən birmənalı qiymətləndirilmir. Çünki bu açıqlama
açıq formada Rusiyanın problemin həlli istiqamətində addım atmaq
niyyətində olmadığını göstərir. ATƏT-in Minsk Qrupunun həmsədrlərindən
biri olan Rusiyanın Ermənistana açıq formada dəstəyi münaqişənin
həllinin dalana dirənməsinin səbəblərindən biri sayılır.

Politoloq Vəfa Quluzadə də hesab edir ki, Lavrovun
söylədikləri ona işarədir ki, Qarabağ məsələsində heç bir irəliləyiş
olmayacaq: “Rusiyanın mövqeyi keçmişdəki kimidir. Yəni onlar açıq
formada bəyan edirlər ki, biz Qarabağ probleminin həllində heç bir addım
atmayacağıq. Münaqişənin həllinin tərəflərin üzərinə qoyulması o
deməkdir ki, münaqişədə olan tərəflər nəticə əldə edə bilməyəcəklər.
Çünki əgər bu mümkün olsaydı, prosesə vasitəçilərin cəlb olunmasına nə
etiyac var idi?. Rusiya sadəcə olaraq öz imperialist siyasətindən əl
çəkməyib və biz bunun təzahürünü açıq formada görürük”.

Short URL: http://www.cumhuriyyet.net/?p=3542

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031