Zakir Həsənov ordudakı qətllərdə günahkardır
Üzeyir Cəfərov: “2014- cü il girəndən elə bir gün olmayıb ki, orduda bədbəxt hadisə baş verməsin, ölüm halları olmasın”
“Zakir Həsənov adı rüşvət və korrupsiyada hallanan şəxsləri nazirlikdə yüksək vəzifələrə çəkməklə məşğuldur”
2014-cü ilin 22 günü geridə qalır. Bu müddətdə Azərbaycan ordusunun 4
əsgəri intihar etməklə həyatına son qoyub, biri ürək çatışmamazlığından
dünyasını dəyişib. Yenicə hərbi xidmətə çağırılan iki əsgər isə (Rəvan
Əlizadə və Nicat Nəcəfov) bir neçə gün əvvəl Gəncə şəhərində yerləşən
“N” saylı hərbi hissədə özlərinə müxtəlif dərəcəli bədən xəsarətləri
yetiriblər. İntihara cəhd edən hər iki əsgər Silahlı Qüvvələrin Baş
Klinik Hospitalının psixiatriya bölməsinə yerləşdiriliblər.
Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin yaydığı məlumata görə,
baş verən hadisələrin ilkin araşdırması göstərir ki, əksər hallarda bu
cür hərəkətləri adaptasiya dövründə, mənəvi-psixoloji və fiziki cəhətdən
hərbi xidmətə tam hazır olmayan, hərbi xidmətin çətinliklərinə dözməyən
gənclər törədir. İlk növbədə onu qeyd edək ki, 22 gün ərzində 4 əsgərin
intiharı, 2-nin canına qəsdə cəhd etməsi, birinin isə ürək
çatışmazlığından dünyasını dəyişməsi böyük, həm də narahatlığa səbəb
olacaq göstəricidir. Zakir Həsənovun müdafiə nazirliyinin başına
gətirilməsindən sonra bir çox hərbi ekispertlər orduda baş verən ölüm
hallarının aradan qaldırılacağına ümid edirdilər. Ancaq gözləntilər
özünü doğrultmadı. Ən azından son 22 gün ərzində orduda baş verən
bədbəxt hadisələr bunu deməyə əsas verir.
Məsələ ilə bağlı GUNXEBER.COM- un suallarını cavablandıran tanınmış
hərbi jurnalist, ehtiyatda olan polkovnik- leytenant Üzeyir Cəfərovun
sözlərinə görə, Azərbaycan ordusunda baş verən ölüm hallarına görə
birbaşa müdafiə naziri Zakir Həsənov məsuliyyət daşıyır. Ekspert hesab
edir ki, müdafiə naziri və bütövlükdə nazirlik öz vəzifəsini icra edə
bilmədiyi üçün orduda baş verən ölüm hallarının sayı artan xətt üzrə
davam edir: “Mən çox ümidlər bəsləyirdim ki, Müdafiə Nazirliyinin
rəhbərliyində baş verən dəyişiklikdən sonra hər hansısa bir müsbət
addımlar atılacaq. Ancaq təəssüf hissi ilə qeyd edirəm ki, bu gün
Azərbaycan ordusunda müsbətə doğru heç nə dəyişməyib. Ona görə də biz
prezidentin Davosdan gəlməsini gözləyirik. Prezident gələn kimi əsgər
ölümləri ilə bağlı ona açıq məktubla müraciət edəcəyik. Çünki bu gün
müdafiə nazirliyinin rəhbərliyi nazirlikdə bir dostlar klubu yaradıb və
bu dostlar klubunda da özlərinə yaxın olan dostları, yoldaşları
vəzifələrə təyin etməklə öz işlərini bitmiş hesab edirlər. Azərbaycan
ordusu isə tamamilə yaddan çıxıb. Ordumuzda kifayət qədər sosial yönümlü
problemlər var ki, hörmətli generallarımız nədənsə bu problemlərlə
məşğul olmaq istəmirlər. Kimisə gətirib vəzifəyə qoymaq onaları daha çox
maraqlandırır. Bütün bunlar da son nəticədə ordumuzda baş verən ölüm
hallarının artmasına gətirib çıxarır. Zakir Həsənovun Azərbaycan
ordusuna gətirdiyi yenilik ondan ibarətdir ki, hər hansısa bir hadisə
olanda Müdafiə nazirliyinin rəhbərliyi mərhumun ailəsinə dərin hüzünlə
başsağlığı verir və bununla da işlərini bitmiş hesab edirlər. Yenilik
yalnız bundan ibarətdir. Bu gedişlə də Müdafiə nazirliyi heç bir
kardinal dəyişikliyə nail olmayacaq”. Üzeyir Cəfərovun sözlərinə görə bu
gün Azərbaycan ordusunda psixoloq ştatlarının yaradılmasına ciddi
ehtiyac var: “Hərbi hissələrdə təcili olaraq psixoloq ştatlarının
yaradılmasına eytiyac var. Çünki bu gün Azərbaycan cəmiyyətində kifayət
qədər psixoloji problemləri olan gənclər var. Ona görə ki, orta
məktəblərdə gənclərin psixoloji hazırlığına diqqət ayrılmır və son
nəticədə də zərbə Azərbaycan adlı dövlətə dəyir. Ona görə də mən hesab
edirəm ki, hərbi hissələrdə psixoloq ştatlarının yaradılmasına ciddi
ehtiyac var. Belə psixoloq ştatları və yuxarida qeyd etdiyim problemlər
həll olmayana qədər biz əsgərlərimizi, balalarımızı itirə- itirə
gedəcəyik. Müdafiə Nazirliyi və aidiyyatı qurumlar azacıq da olsa bu
məsələyə vicdanla yanaşsala inanıram ki, baş verən faciələrin xeyli
hissəsinin qarşısını almaq olar. Ancaq çox təəssüf ki, onlar bu məsələ
ilə maraqlanmırlar”.
Ekspertin sözlərinə görə, Zakir Həsənov adı rüşvət və korrupsiyada
hallanan şəxsləri nazirlikdə yüksək vəzifələrə çəkməklə məşğuldur.
Bacarıqsız generalların yüksək vəzifələrə çəkilməsi isə son nəticədə
Azərbaycan ordusunda ölüm hallarının artmasına gətirib çıxarır: “Elə bir
vəziyyət yaranıb ki, bu gün əsgər ölümü baş verməyəndə Azərbaycan
cəmiyyəti təəccüblənir. Artıq 2014- cü il girəndən elə bir gün olmayıb
ki, orduda bədbəxt hadisə baş verməsin, ölüm halları olmasın. Çünki
Müdafiə Nazirliyinin rəhbərliyinin başı tamamilə başqa işlərə qarışıb.
Adını da qoyublar ki, prezident orduda islahatlar aparmağı bu şəxslərə
tapşırıb. Əgər onlar orduda islahatı belə aparacaqlarsa, heç düşmənə
ehtiyac qalmayacaq. Təsəvvür edin ki, adı rüşvətdə, korrupsiyada
hallanan şəxsləri Zakir Həsənov, Nəciməddin Sadıqov və Vahid Əliyev
qruplaşması gətirib yüksək vəzifələrdə yerləşdirirlər. Bu üçlük bu gün
İlham Əliyevin indiyə qədər səsləndirdiyi bütün fikirləri alt- üst
ediblər. İlham Əliyev həmişə deyirdi ki, Azərbaycanın güclü ordusu var,
Azərbaycan öz ordusu ilə fəxr edir. Əgər Azərbaycanın güclü ordusu var
idisə, onu dağıtmağa nə ehtiyac var? Deməli belə çıxır ki, Zakir Həsənov
və onun komandası prezidenti yalançı çıxartmağa çalışır. Bunun başqa
adı, başqa izahı yoxdur. Ancaq bu üçlük, bu generallar təsəvvür etsin
ki, ölən onların övladlarıdır, onda hansı hisləri yaşayardılar? Ona görə
də vicdan da yaxşı şeydir, heç olmasa bir az vicdanları olsun xalqın
balasını aparıb qırmasınlar. Adlarını general qoyublar, amma əsil
general odur ki, əsgərinə öz övladı kimi yanaşsın”!
Short URL: http://www.cumhuriyyet.net/?p=3546