Paşayevlər hakimiyyəti ələ alır
Hakim ailəyə yaxın bir qrup məmurun daha
yüksək vəzfəyə təyin olunacağı gözlənilir
Son zamanlar hakimiyyət daxilində şərti
olaraq Paşayevlər qrupu kimi təqdim olunan dövlət başçısının xanımı Mehriban
Əliyevanın və onun atası Hafiz Paşayevin rəhbərlik etdiyi qrupa yaxın bəzi
şəxslər yüksək vəzifəyə təyin olunublar. Eyni zamanda bəzi ali vəzifə daşıyan
şəxslər bu qrupun təsiri altına keçirilməkdədir. Amma bu da son deyil. Əldə
etdiyimiz məlumata görə ölkədə böyük sərvətlərə və iri kapitala məxsus olan
Paşayevlər hakimiyyət piramidasında da daha çox səlahiyyət və təsir imkanları
əldə etmək iddiasındadır.
“Köhnə
qvardiya”dan qurtulmaq istəyi
Təsir imkanlarının isə ən sadə yollarından
biri yüksək vəzifədə olan şəxslərin ram edilməsi və ya məhrəm insanların yüksək
vəzifələrə təyin olunmasıdır. Etibarlı mənbələrdən hakim ailənin şok planları
barədə özəl bilgilər əldə etmişik. “Yeni Cumhuriyyət”i bilgiləndirən mənbənin
verdiyi məlumatlara görə yaxın zamanlarda hakimiyyətdə təmsil olunan,
Paşayevlərə yaxınlığı ilə seçilən bir qrup şəxs daha yüksək vəzifələrə təyin
olunacaq. Əslində bu təyinat 2013- cü il prezident seçkilərindən dərhal sonra
reallaşmalı idi. Lakin həmin ərəfədə bu təyinatların hakimiyyət daxilində seçkidən
sonra parçalanma və qarşdurma yaradacağından ehtiyatlanan ailə komandası planın
gerçəkləşməsini təxirə saldı. Çünki bəzi postlara təyinatla bağlı hakimiyyət
daxilində kəskin fikir ayrılığı oldu.
Seçkiləri total saxtakarlıq şəraitində
keçirildiyindən, yerli və beynəlxalq ictimaiyyət tərəfindən kəskin tənqid
olunduğundan seçkilərdən dərhal sonra bu planın həyata keçirilməsi mümkün
olmadı. İndi artıq seçkilərdən 4 aya yaxın vaxt keçib. Yeni ilə qədəm qoyulub.
Bəzi planların həyata keçirilməsinə yerli və beynəlxalq şərait var. Belə ki,
seçkilərdən ən azından mənəvi qələbə ilə çıxmış Milli Şura daxilində
hakimiyyətin dəstəyi ilə yaradılmış bəzi problemlər, Musavat partiyasının və
bəzi üzvlərin qurumdan getməsi, hakimiyyətdaxili iddialı narazıların ram edilib
zərərsizləşdirilməsi, eləcə də məcburiyyət qarşısında qalan bəzi əksər
beynəlxalq təşkilatların və dövlətlərin İlham Əliyevə prezident fəaliyyətinə
başlaması münasibəti ilə təbrikdə bulunması, bir sözlə ictimai- siyasi
vəziyyətin seçki öncəsi durumdan müqayisə olunacaq dərəcədə gəginliyin
azaldılması hakimiyyət daxilində bəzi addımların atılmasına imkan verir. Digər
tərəfdən atılacaq bu addımlar hakimiyyətin kadr islahatı kimi təqdim olunmaqla
xalqa və beynəlxalq ictimaiyyətə korrupsiyalaşmış və yıprıxmış “köhnələrdən
qurtulma” kimi təqdim olunacaq.
Paşayevlərin
yeni vəzifə kadrları…
Hakimiyyətdaxili mübarizə ilə bağlı “Yeni
Cumhuriyyət”i məlumatlandıran mənbənin verdiyi məlumata görə Paşayevlər
qrupunun birbaşa kadrları olan bir sıra vəzifəli şəxslər daha yüksək vəzifəyə
təyin olunacaqlar. Bunlar aşağıdakılardır;
Əli Əhmədov– Baş nazirin birinci müavini
vəzifəsindən Baş nazir vəzifəsinə gətiriləcək. Hakimiyyət iyerxayasında heç bir
iddiası olmayan, yeganə amacı və vəzifəsi hakim ailəyə xidmət etməli olan bu
şəxs öncəki illərdə Yeni Azərbaycan Partiyasının İcraçı katib vəzifəsini
tutmaqla Milli Məclisin deputatı olub. Son prezident seçkilərindən sonra baş
nazırın 1- ci müvaini vəzifəsinə gətirilib. Hazırda onun hakim ailənin namizədi
olaraq baş nazir gətirilməsi gündəmdədir.
Əli Əsədov– Bakı
şəhər icra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunacağı gözlənilir. O, 1956-
cı ildə Bakı şəhərində anadan olub. 1995-2000-ci
illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi fəaliyyət
göstərib. Azərbaycan Respublikası Prezidentinin 17 aprel 1998-ci il tarixli
Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə
köməkçisi, Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2012-ci il tarixli
Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin
müavini təyin edilib. Yeri gəlmişkən qeyd edək ki, Əli Əsədov Paşayevlər
qrupunun digər kadrı Milli Təhlüksəzilik naziri Eldar Mahmudovun da yaxın
qohumudur.
Cavid Qurbanov– Paşayevlər
qrupunun üzvü olan Cavid Qurbanovun Nəqliyyat naziri Ziya Məmmədovun yerinə
nazir təyin oluncağı gözlənilir. O, 2003-cü ildən
“Yolnəqliyyatservis” Departamentinin rəisi, 2004-cü ildən Nəqliyyat
Nazirliyi “Yolnəqliyyatservis” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəisi
vəzifələrində çalışmışdır. 2007-ci ilin fevral ayından “Yolnəqliyyatservis”
Departamentinin “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti olması ilə
əlaqədar olaraq, “Azəryolservis” ASC-nin sədridir, Milli Məclisinin
deputatıdır. Ziya Məmmədovun “vurulması” ilə bağlı məlumatlar yeni olmasa da
görünür bu addımın atılmasının da zamana ehtiyacı var imiş.
Bu sırada Paşayevlərin hakimiyyət daxilində köhnə
qvardiyaya məxsus Ramiz Mehdiyev, Kəmaləddin Heydərov, Rövnəq Abdullayev, Vasif
Talıbov, hətta Ramil Usubovu da əvəzləmə planları və onların yerinə təyin
olunacaq kadrları var. Hakim ailənin şok planlarının davamı barədə növbəti saylarımızda ətraflı bilgi
verəcəyik.
Paşayevlərin
narahatlığı…
Verilən məlumatlara və apardığımız araşdırmalara
görə Paşayevlər qrupuna məxsus kadrların yüksək vəzifələrə təyin olunması 2
ciddi narahatlıqdan qaynaqlanır:
1. Hakimiyyəti “köhnə qvardiya”- dan xilas etmək və
təmizləmək. Çünki hakimiyyət daxilində eninə- uzununa kök salmış köhnələr
kifayət qədər özlərinə təsir imkanları, dəstək və varidat qazanıblar. Həm də
onlar biri- birlərinə o qədər bağlanıblar ki. əksəriyyəti qohum olublar. Qız
verib qız alıblar. Güclənmiş ixtiyarların istənilən zaman hakimiyyət üçün həm
də real təhlükə mənbəyidir.
2. 2015- ci il parlament seçkilərinə yeni etibarlı
komanda ilə getmək. Ailə komandası çox gözəl anlayır ki, Heydər
Əliyevdən qalmış köhnə komanda ilə çox irəli getmək mümkün deyil. Onlara tam
inanmaq, bel bağlamaq Paşayevləri yarı yolda qoya bilər. Məhz ona görə də 2015-
ci il parlament seçkilərinə Hedyər Əliyevdən qalmış köhnə komanda ilə deyil,
birbaşa ailəyə bağlı komanda ilə getmək daha doğru olardı. Əslində Paşayevlər
hakimiyyət daxilində onlara sadiq insanlar hesabına güclü və etibarlı komanda
formalaşdırmaqla həlledici söz sahib olmaq istəyirlər.
Bu istəyin rellaşıb
reallaşmayacağını zaman göstərəcək.
Vüqar Zeynalov, xüsusi olaraq cumhuriyyet.az üçün
Short URL: http://www.cumhuriyyet.net/?p=3569