Azərbaycan generalitetinə qarşı qisas əməliyyatı

24.01.2014 - 15:03

Zakir Həsənovun “kadr
islahatları”: Orduya arxadan vurulan zərbə!

 

I YAZI

“Proseslər belə davam edərsə, insanlar keçmiş nazir Səfər
Əbiyevin atasına rəhmət oxuyacaq və onun yenidən vəzifəsinə qayıtmasını tələb
etməyə başlayacaqlar. Çünki onun dövründə, bütün nöqsanlara baxmayaraq, ordunun
belə parçalanması yox idi…” Bunları Müdafiə Nazirliyindəki proseslərə dair son
açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.

Bu günlərdə general-polkovnik Zakir Həsənovun müdafiə naziri
təyin olunmasından, təxminən 3 ay keçir – ilk 100 günlüyü bitmək üzrədir. 100
gün isə, bildiyimiz kimi, dünya praktikasında mühüm post tutan şəxslərin
fəaliyyətinin ilkin qiymətləndirilməsi üçün yetərli zaman hesab olunur…

Bu 3 ayın müşahidələri, əldə olunan məlumatların təhlili,
götürülən istiqamətə hərtərəfli baxış, təəssüf ki, Z.Həsənovun fəaliyyətinə hərbi
ekspert Üzeyir Cəfərəovdan fərqli münasibət göstərilməsinə əsaslar yaratmır.
Əksər hərbi ekspertlər, müşahidəçilər yeni müdafiə naziri Zakir Həsənov
tərəfindən Müdafiə Nazirliyində aparılan dəyişiklikləri, xüsusən də kadr
islahatı kimi təqdim olunan prosesi ciddi narazılıq və nigarançılıqla
qarşılayırlar.

Kadr islahatları” adı altında qisasçılıq

Bir çoxları bu haqda açıq şəkildə danışmaqdan çəkinsə də,
orduda “kadr islahatları” adı altında qisasçilığa söykənən siyasətin aparıldığını,
ordu quruculuğuna böyük zərbələr vurulduğunu yüksək səslə bəyan edənlər də var.
Təsadüfi deyil ki, hətta müdafi naziri olduğu dövrdə Səfər Əbiyevə qarşı açıq
mübarizə aparan “Ehtiyatda və İstefada olan Zabitlər” İctimai Birliyinin sədri
Yaşar Cəfərli də aparılan kadr dəyişikliklərinı sərt şəkildə tənqid edib, bu
dəyişikliklərin kənardan yeni rəhbərliyin köhnə rəhbərlikdən qisas alması cəhdi
kimi göründüyü vurğulayıb. Y.Cəfərli bu dəyişiklikləri ordunun “klanlararası mübarizənin alətinə
çevrilməsi” kimi xarakterizə etməklə yanaşı, ölkənin müdafiə qüdrətinə zərbə
vuracağını da vurgulayıb. Orduda, o cümlədən Müdafiə Naziriyinin rəhbərliyində həyata
keçirilən kadr islahatları haqda gələn məlumatlar, təəsüflər olsun ki, bu
iddiaları təsdiqləyir. Baxmayarq ki, Zakir Həsənovun nazir olduqdan az sonra
Müdafiə Nazirliyində apardığı kadr dəyişiklikləri ilk dövrlər ordudakı
nöqsanları, qanunsuzluqları aradan qaldırmağa, əsgər ölümlərinin qarşısının
alınmasına hesablandığı düşünülərək, içtimaiyyət tərəfindən müsbət
qarşılanmışdı…

Ancaq
sonrakı aylarda niyyətin bu olduğu ciddi şəkildə şübhə altına düşdü.
Faktlar
göstərdi ki, məqsəd Ordunun idarəçiliyini təkmilləşdirmək, daha peşəkarları
vəzifəyə gətirmək deyil, sadəcə sabiq nazir Səfər Əbiyevin dövründə vəzifə
tutan və Həsənovun “kriteriyalarına” cavab verməyən (bu “kriteriyalar” barədə
aşağıda danışacağıq -müəl) şəxsləri Müdafiə Nazirliyi sistemindən
təmizləməkdir. Bu “təmizləmə” isə peşəkar zabitlərin istefaya göndərilməsi,
əvəzində hərbi biliklərdən uzaq, ya da əvvəlkilərlə müqayisəyə gəlməyəcək
dərəcədə aşağı biliklərə, şübhəli keçmişə malik bir sıra şəxslərin ordu
rəhbərliyinə cəlb olunması kimi müəmmalı proseslə müşaiyyət olunur.

Zakir Həsənovun
təyinatından sonra əsgər ölümləri daha da artıb

Bununla bağlı konkret məlumatlara keçməzdən öncə qeyd edək
ki, Ordudakı bu cür “kadr islahatları” artıq özünün ilkin ağır nəticələrini
verməkdədir. Belə ki, qeyri-peşəkarların yüksək vəzifələrə çəkilməsi Azərbaycan
ordusunda ölüm hallarının daha da artmasına gətirib çıxarıb. Xatırlatmağımız yerinə
düşər ki, köhnə nazir Səfər Əbiyevə qarşı ittihamların başında məhz Ordudakı
müəmmalı əsgər ölümləri gəlirdi. İndi isə məlum olur ki, Zakir Həsənovun
təyinatından sonra əsgər ölümləri nəinki azalıb, əksinə, daha da artıb.

Ancaq
qəribə də olsa, vaxtilə Ordudakı hər ölüm faktına görə Səfər Əbiyevi məsul
tutan (Haqlı olaraq-müəll), onun istefasını gündəmə gətirən deputatlar,
hökumətyönümlü partiya və QHT təmsilçiləri, hətta media, indi demək olar ki,
hər gün qeydə alınan bu cür faktlarla bağlı Zakir Həsənovu qınamaq belə
istəmir. Bu faktın özü də Səfər Əbiyevə qarşı hücumun arxasında ucu prezident
administrasiyasına gedib çıxan müəyyən dairələrin durduğunu təsdiqləyir. İndi
sual oluna bilər: Əgər Milli Orduda yaxşılığa doğru heç nə dəyişməyəcəkdisə
Səfər Əbiyevin istefaya göndərilməsi, Ordu rəhbərliyində total dəyişikliklərin
aparılması kimə və nəyə lazım idi?
Bir halda ki, Ali Baş Komandan son
illərdə Azərbaycanda Qafqazın ən güclü ordusunun yarandığını bəyan edirdi, bu
siyasəti həyata keçirən nazir və komanda, məntiqlə iş başında qalmalı
deyildimi? Necə ki, Səfər Əbiyev kimi, nazir kreslosunda 20 ilini tamamlayan
digər nazirlər öz yerlərində qaldılar.

Lakin cavab tapılası əsas sual heç də Səfər Əbiyevin niyə
vəzifədən çıxarıldığı deyil. S.Əbiyevin idarəçiliyi həqiqətən də qüsurlu idi və
bu dəyişiklik illər əvvəldən zərurətə çevrilmişdi. Üzərində durulası əsas məsələ Səfər Əbiyevi
ordudakı generallardan birinin deyil, bir gün də ön cəbhədə xidmət etməmiş,  hərbi biliklərinin və təcrübəsinin yetərli
səviyyədə olduğu şübhə doğuran, Milli Ordunu yaxşı tanımayan, digər güc
strukturlarında sürətli karyera yüksəlişində müəyyən müəmmalı  məqamların olduğu Zakir Həsənovun
əvəzləməsidir.
Bir qədər də konkretləşdirsək, Z.Həsənovun
gözlənilmədən, adı namizədlər siyahısında olmadığı halda müdafiə naziri postuna
təyin olunmasının arxasındakı “qaranlıq dairələr” maraq doğurur. Hansı ki,
Orduda total “kadr islahatlarının” arxasında da həmin dairələrin kölgəsi açıq
görünür…

Bu məsələlərin hamısına, əlbəttə ki, konkret cavablar vermək
çətindir.

“Xalq bank”ın
mühafizə xidmətinin rəhbəri Kəşfiyyat İdarəsinə rəis gətirilib

Əvvəlcə Orduda həyata keçirilən və böyük narazılq yaradan
kadr islahatları haqda məlumatlardan başlayaq. Bu haqda mətbuatda da vaxtaşırı
məlumat verilir. MN-də baş verənlərin ictimailəşdirilməsində müstəsna rolu olan
hərbi ekspert Üzeyir Cəfərov da dəfələrlə bəyan edib ki, adı rüşvətdə,
korrupsiyada, hətta müxtəlif cinayətlərdə hallanan, qeyri peşəkar kadrları
MN-də yüksək vəzifələrə təyin edirlər. Zakir Həsənov, Nəcməddin Sadıqov və
Vahid Əliyev “üçlüyü” Ordunun rəhbərliyində özlərinin “kriteriyalarına” cavab
verən zabitlərdən ibarət yeni komanda formalaşdırır. Keçək konkret faktlara:

Müdafiə Nazirliyinin ən həssas, xüsusi peşəkarlıq tələb edən
Kəşfiyyat İdarəsinin rəisi vəzifəsinə Zakir Həsənovun təyin etdiyi şəxs –
polkovnik İlqar Mazanov bu vəzifəyə “Xalq Bank”ın mühafizə xidmətinin rəisi
vəzifəsindən gətirilib. Əvvəllər bu şəxs MTN-in Əks-Kəşfiyyat İdarəsinin
əməkdaşı (“Osobist”) olub, hansısa səbəblərdən burdakı işindən uzaqlaşdırılıb.
İlqar Mazanov bu vəzifədə Prezidentin Sərəncamı ilə “İgidliyə görə” medalı
təltif edilmiş general-mayor Rəhim Cəfərovu əvəzləyib. Peşəkar kəşfiyyatçı
olan, uzun illər Orduda xidmət edən general-mayorun yerinə bir bankın
mühafizəsindən polkovnikin gətirilməsinə məntiqi izah tamaq çətindir.

Sual olunur: Peşəkar kəşfiyyatçı olmayan, uzun müddətdir
xidmətdən ayrılmış bir şəxsin müharibə vəziyyətində olan ölkənin Kəşfiyyat
İdarəsinin rəisi vəzifəsinə təyin olunmasına nə ad vermək olar?! Heç də
təəccüblü deyil ki, İlqar Mazanovun müavini də kənardan gətirilib və onun da
orduya aidiyyəti yoxdur. Sadəcə,
Prezident Administrasiyası rəhbərinin müavini, general-leytenant Vahid Əliyevin
yerlisidir.

Aptek müdirinə mayor rütbəsi verilib, Təchizat
İdarəsinə rəis müavini qoyulub

Başqa bir
fakt: Xəbər verildiyi kimi, Müdafiə Nazirliyinin bütün alqı-satqı, ərzaq və
təminat idarələri birləşdirilərək bir əldə cəmləşdirilib. Və bununla da ərzaq
xidməti, əşya xidməti, tender komissiyası və başqa bu kimi milyardların
xərcləndiyi strateji qurumlar ləğv edilərək, əvəzində Təchizat İdarəsi yaradılıb.
Qəribə də olsa, Təchizat İdarəsinə rəis müavini də ordu ilə bağlılığı olmayan
şəxs təyin olunub. Belə ki, bu idarəyə rəis müavini gətirilən İlham Əliyevin
təyinatına qədər heç bir rütbəsi olmadığı və aptek müdiri işlədiyi bildirilir. Sadəcə,
Vahid Əliyevin əmisi oğlu olduğu üçün onu bu vəzifəyə təyin edib, özünə də birdən-birə
mayor rütbəsi veriblər. Bu, illərlə orduda can qoyan zabitlərə, hərbiçilətə
hörmətsizlikdən başqa həm də böyük korrupsiyaya hazırlığın (Əmioğluların əli
ilə) əlaməti deyilmi?

Müharibə generalının yerinə rüşvətə görə
qovulan “vayenkomat” işçisi gətirilib

Digər bir
fakt: Təşkilat Səfərbərlik İdarəsinin rəis müavini vəzifəsinə polkovnik Hikmət
Xalıqov təyin olunub. Bu qurumun rəisi general-leytenant Yaşar Aydəmirov
məzuniyyətə göndərildiyindən (qayıdandan sonra da istefaya göndəriləcəyi şübhə
doğurmur) Hikmət Xalıqov rəisi əvəz edir. Əfqanıstan və Qarabağ savaşının
od-alovundan çıxmış general-leytenant Yaşar Aydəmirov kimi təcrübəli zabitin
vəzifəsindən kənarlaşdırılmasının məntiqini bir kənara qoyaq. Halbuki, bu da
üzərində xüsusi dayanılası mövzudur…

 Onun yerinə Hikmət Xalıqovun təyin olunmasına,
ümumiyyətlə ad tapmaq çətindir. Bu şəxs vaxtilə Biləcəri toplanış məntəqəsində
işləyib və rüşvətə görə işdən kənarlaşdırıldığı bildirilir. Hətta bu faktın
orduda hamıya bəlli olduğu deyilir. Yəni, Azərbaycan Ordusunda bir nəfər zabit
tapılmadımı rüşvətə görə işdən uzaqlaşdırılan keçmiş “vayenkomat” işçisi
Təşkilat Səfərbərlik İdarəsi kimi əsas strukturlardan birinə rəhbər gətirildi?  Hələ bu azmış kimi, Daxili Qoşunlarda xidmət
etmiş qardaşı polkovnik Tahir Xalıqov da Müdafiə Nazirliyinin aparat rəhbəri
vəzifəsinə təyin olunub.

Zakir Həsənov Azərbaycan Ordusunda general
soyqırımı həyata keçirdi

Belə
faktların sayını kifayət qədər artırmaq olar. Məsələn, Silahlı Qüvvələrin
Artileriya Qoşunları komandanı general -mayor Rafiq Hüseynov vəzifədən
götürülərək, yerinə orduda heç bir nüfuzu olmayan, polkovnik Zahid Hüseynov
təyin edilib.

 Nazirliyin Hüquq İdarəsinin rəisi ədliyyə
polkovniki Rauf Kişiyevi vəzifəsindən azad edərək, onun yerinə DİN Daxili
Qonşunlarından yaşa görə ehtiyata tərxis olunmuş, uzun müddətdir hərbidən
uzaqlaşmiş  Aydın Əliyevi təyin edib

Qısası,
Zakir Həsənov müdafiə naziri təyin olunar-olunmaz Azərbaycan Ordusunda sözün
həqiqi mənasında, general soyqirimi həyata keçirdi ki, bu da hərbi ictimaiyyət
tərəfindən böyük narazılıq və narahatçılıqla qarşılanır. Uzun illər ərzində
yetişən, müəyyən təcrübəyə malik generallarin, polkovniklərin, peşəkar
hərbiçilərin ordu ilə bağlılığı olmayan mülki şəxslərlə, başqa sistemdə
calışanlarla və yaxud hərbidən uzun illər əvvəl ayrılmış şəxslərlə əvəzlənməsi
Azərbaycan Ordusuna arxadan vurulan zərbədir!

Açıq bəyan
edilməsə də, hərbi elita içində dolaşan söhbətlərdə Zakir Həsənov gəldikdən sonra
Müdafiə Nazirliyində, bütövlükdə Orduda aparılan kadr dəyişikliklərinin
arxasında kənar qüvvələrin təsirinin olduğu bildirilir, bunun müharibə
vəziyyətində olan Azərbaycanın hərbi gücünü sıradan çxarmğa xidmət edən bir
plan olması ehtimalından danışılır. Daha konkret desək, ortada Azərbaycan
Ordusuna, generalitetinə yönəlmiş bir planın olduğu şübhələri mövcuddur.

Zakir Həsənovun şəxsi mühafizə xidmətinin rəisi
kimdir?

Elə buradca
geniş şərh vermədən qeyd edək ki, daxil olan məlumatlara görə müdafiə naziri
Zakir Həsənovun şəxsi mühafizə xidmətinin rəisi vəzifəsini (təəsüf ki, adını
dəqiqləşdirə bilmədik-red.) əslən İrəvandan olan, (Z.Həsənovun özünün də əsli
İrəvandandır-müəll) anası və həyat yoldaşı erməni millətindən olan şəxs tutur. Əlbəttə,
qəbul edirik ki, kimsənin valideyninin milli kimliyi onun hansısa vəzifəni
tutmasına mane olmamalıdır. Ancaq söhbət ermənilərlə müharibə vəziyyətində olan
Azərbaycanın Müdafiə Nazirliyindən gedirsə, burda istisnalar zəruridir. Erməni
mənşəli heç kim müharibə vəziyyətində olan Azərbaycanın Müdafiə Nazirliyində
vəzifə tutmamalıdır! Odur ki, əgər bizə verilən məlumat doğrudursa, bunun izahı
da verilmədir. Nədən Zakir Həsənov şəxsi mühafizə xidmətinə, hansı ki, onun ən
yaxınında olur və bütün hərbi sirrləri öyrənmək imkanı var, belə bir şəxsi
təyin edib?

Bu məsələyə
Zakir Həsənovun aydınlıq gətirəcəyinə ümid edərək, kecək yuxarıda qoyduğumuz
əsas sualın cavabına. Yəni, müharibə vəziyyətində olan ölkənin müdafiə naziri
postuna Ordudakı generallardan birinin deyil, bir gün də ön cəbhədə xidmət
etməmiş “mitinq generalının” gətirilməsinin arxasındakı qaranlıq izlərə…


 

(ardı var)

Murad
Məmmədov
, azpolitika.info

Short URL: http://www.cumhuriyyet.net/?p=3594

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930