Əli Kərimlidən İlham Əliyevə sərt ultimatum
“Xalqın səsini almadan hakimiyyətdə qalmaq mümkün olmayacaq”
AXCP sədri Əli Kərimli Ukraynada baş verən hadisələr fonunda
Azərbaycan hakimiyyətinin, İlham Əliyevin tutduğu yolun ölkəmizi yanlış
istiqamətə apardığını yazır. Facebook profilində yazdığı statusda o,
İlham Əliyevin Avrointeqrasiya kursundan dönməsini milyonlarla insanın,
dövlətin, millətin maraqlarını şəxsi maraqlarına qurban verməsi kimi
qiymətləndirib.
“Ukrayna xalqının Avropa seçimi uğrunda necə fədakarlıqlar etdiyini
görürsüzmü? Deməli, Ukrayna xalqı başa düşüb ki, Avrointeqrasiya sadəcə
geopolitika məsələsi, kimlərlə birlikdə olmaq seçimi deyil, həm də
inkişaf etmək, bugünkü problemləri həll etmək, gələcəkdə isə daha
firavan, daha xoşbəxt yaşamaq imkanıdır. Bu seçim ölkəmiz üçün də çox
aktualdır. Azərbaycan Avropa Birliyi (AB) ilə Assosiasiya sazişi
imzalayıb, AB-yə inteqrasiya yolu tutsa, Avropa standartları həyatımızın
müxtəlif sahələrində addım-addım da olsa, tətbiq ediləcək. Qanunlar
dəyişdirilib, demokratikləşdiriləcək. Məhkəmələr müstəqilləşəcək. Polis,
prokurorluq əhali ilə daha insani, daha mədəni davranmaq
məcburiyyətində olacaq. Ordunun üzərində vətəndaş nəzarəti bərqərar
olacaq. Vətəndaşlarımız Avropa dövlətlərinə vizasız gedib-gələcək. Bir
tərəfdən öz ölkəmizin təhsil və səhiyyəsi tədricən də olsa, Avropa
standartlarına uyğunlaşdırılacaq, digər tərəfdən isə yüz minlərlə
azərbaycanlı üçün Avropada təhsil almaq, müalicə olunmaq, biznes qurmaq,
iş tapmaq daha əlçatan olacaq. Azərbaycan da AB-nin azad ticarət
məkanına qoşulacaq. Öz şəxsi biznesini qurmaq, pul qazanmaq, bazarda
azad rəqabət aparmaq imkanı indikindən qat-qat yaxşı olacaq. Adamların
əmlakını əlindən zorla almaq mümkün olmayacaq və s. Bir sözlə,
milyonlarla insanın həyatı və gələcəyi müsbətə doğru dəyişəcək. Bəs o
zaman niyə İlham Əliyev bu yolu seçmir? Niyə bu qədər insanın həyatının
yaxşılaşmasını istəmir? Niyə AB ilə Assosiasiya sazişi imzalamağa
hazırlaşmadığını bəyan edir? Ona görə ki, hüquqi dövlət quruculuğu,
AB-yə inteqrasiya yolu seçilsə, xalqın səsini almadan hakimiyyətdə
qalmaq mümkün olmayacaq. Cinayətkar komanda üzvlərini qorumaq,
“korrupsiya azadlığı”ndan faydalanmaq çətinləşəcək. Xalqla hesablaşmaq
lazım gələcək. Bəli, bu artıq faktdır ki, İlham Əliyev özünün və
ətrafındakı oliqarxların daha bir müddət hakimiyyətdə qala bilmələri,
xalqın sərvəti hesabına daha da varlanmaları naminə ölkəni
Avrointeqrasiya kursundan döndərir. Bununla da milyonlarla insanın,
dövlətin, millətin maraqlarını şəxsi maraqlarına qurban verir. Bəs biz
necə, xalq olaraq öz gələcəyimizin həllində iştirak etməyəkmi?
Ətrafımızda baş verənləri sadəcə seyrmi edək?”.
Short URL: http://www.cumhuriyyet.net/?p=3600