İndi mübarizənin yeni mərhələsi başlanır”
Namizəd Səfərov: “Biz bundan sonra da Cəmil müəllimin rəhbərliyi altında davam etməliyik “
“Milli Şura öz nüfuzunu qoruyub saxlayacaq və müxalifət düşərgəsinin,
ictimai qurumların, ziyalıların əsas birlik mərkəzi kimi çıxış edə biləcək”
“Müsavat Partiyasının və daha bir neçə şəxsin Milli Şuradan
getməsindən narahat olmağa dəyməz”
“Təkbaşına
mübarizə aparacağıq, vəziyyəti dəyişəcəyik kimi iddialar artıq yersizdir və
bəhanə kimi görünür”
Namizəd Səfərov: “Biz bundan sonra da Cəmil müəllimin rəhbərliyi altında davam etməliyik “
“Milli Şura öz nüfuzunu qoruyub saxlayacaq və müxalifət düşərgəsinin,
ictimai qurumların, ziyalıların əsas birlik mərkəzi kimi çıxış edə biləcək”
“Müsavat Partiyasının və daha bir neçə şəxsin Milli Şuradan
getməsindən narahat olmağa dəyməz”
“Təkbaşına
mübarizə aparacağıq, vəziyyəti dəyişəcəyik kimi iddialar artıq yersizdir və
bəhanə kimi görünür”
Milli Şura ətrafında baş verən proseslərlə bağlı “Yeni Cumhuriyyət”in
əməkdaşı qurumun Koordinasiya Şurasının üzvü, hüquqşünas Namizəd Səfərov
danışıb. Müsahibəni təqdim
edirik.
“Milli Şura fəaliyyətə
başlayıb və onun taleyi sarıdan narahatçılıq yoxdur”
– Namizəd bəy, Milli Şurada
baş verən son proseslər haqqında nə düşünürsünüz, ümumilikdə müxalifətin ən
geniş mərkəzi olan Milli Şurada vəziyyət nədən ibarətdir?
– Müsavat
Partiyasının Milli Şuranı tərk etməsindən sonra cəmiyyətdə Milli Şura haqqında
çoxlu söz-söhbətlər gəzirdi. Əksəriyyət də neqativ düşüncələrdən ibarət idi.
Bəziləri Milli Şuranın dağıldığı, sıradan çıxdığı haqda yanaşmalar ortaya
qoyurdu. İddia olunurdu ki, Müsavat Partiyasının getməsindən sonra Milli Şura
fəaliyyət gösətrə, yaşaya bilməz. Az qala məndə də belə fikirlər yaranırdı ki,
deyilənlər doğrudur. Çünki ətrafımda olan bəzi dostlarım da pessimist düşünməyə
başlamışdı. Ancaq sizə deyim ki, ötən həftənin ortalarında Milli Şuranın
sessiyası keçirildi və mən yaxşı mənada təəccübləndim. İş ondadır ki, sonuncu
sessiyada Milli Şura üzvlərinin böyük əksəriyyəti iştirak edirdi. Əvvəlki
sessiyalarla müqayisədə sonuncu sessiyada iştirak edənlərin sayı həddən artıq
çox oldu, xüsusi aktivlik müşahidə olunurdu. Həm də mən bir daha əmin oldum ki, Milli Şuranın əksər
üzvləri mübarizəni davam etdirmək niyyətindədirlər. Müsavat Partiyasının və
daha bir neçə şəxsin Milli Şuradan getməsindən qətiyyən narahat olmağa dəyməz.
Hətta bəziləri belə fikirlər irəli sürürlər ki, bundan sonra daxildə maneçilik,
intriqalar olmayacaq və bu imkan verəcək ki, mübarizə daha aktiv şəkildə davam
etdirilsin. Bizim qarşımızda duran vəzifələr, məqsədlər son dərəcə aydındır.
Milli Şuranın bəyannaməsi var və bu sənəddə hər şey açıq göstərilib. Milli
Şuranın üzərinə götürdüyü vəzifələr də müəyyən olunub. Hesab edirəm ki, bundan
sonra ardıcıl şəkildə fəaliyyət göstərmək lazım gəlir. Mən inanıram ki, bundan
sonra da cəmiyyətimizdə Milli Şura öz nüfuzunu qoruyub saxlayacaq və müxalifət düşərgəsinin, ictimai qurumların,
ziyalıların əsas birlik mərkəzi kimi çıxış edə biləcək. Sizə bir məsələni də,
deyim. Biz demək olar ki, insanların arasında olur, söhbətlər aparırıq. Bəzən
mən insanların fikirlərini öyrənməyə çalışıram. Mənə inanın ki, insanlarımız
Milli Şuraya ümid yeri kimi baxır, bu quruma çox inanırlar. Hətta soz zamanlar
insanlar Milli Şuranın taleyi ilə bağlı narahatçılıq keçirirdilər. Çox
şükürlərr olsun ki, son sessiya zamanı Milli Şura üzvləri lazımsız
söz-söhbətlərə son qoya bildi. İndi mübarizənin yeni mərhələsi başlanır. Milli
Şura özünün rəhbər orqanı olan Koordinasiya Şurasını seçib. Yəni artıq
fəaliyyətimizdə operativlik də özünü göstərəcək. Mən ümid edirəm ki, müsbət
mənada biz irəliləyişlərə nail olacağıq. Buna şübhə yoxdur. Əlbəttə, biz yeni
qüvvələrin də Milli Şuraya cəlb edilməsi üçün addımlar atmalıyıq və bildiyim qədər bu istiqamətdə müəyyən işlər
aparılır. Fikrimcə, artıq Milli Şura fəaliyyətə başlayıb və onun taleyi sarıdan
narahatçılıq yoxdur.
– Bundan sonra Milli Şurada
daxili narazılıqlar ola bilərmi?
–
Doğrusunu deyim ki, son sessiya zamanı mən belə bir narahatçılıq görmədim.
Əslində ötən həftə Milli Şura daxilində olan narazılığa, intriqaya, mənasız
daxili rəqabətə son verildi. Bundan sonra heç bir narazılıq olmayacaq. Siz
nəzərə almalısınız ki, işlək olan bir qurumda fikir ayrılıqları, müxtəlif
yanaşmaların olması mümkündür və bunu da təbii qəbul etmək lazım gəlir. Bir
daha vurğulayım ki, hazırda Milli Şura daxilində siz deyən köklü narazılıqlar
mövcud deyil, hər kəs işləmək, irəli getmək və mübarizəni davam etdirmək
əzmindədir.
“Kimlərinsə
bu qurumdan getməsi həm də məqsədəmüvafiqdir”
– Milli Şuranın son
sessiyasından sonra “El” Hərəkatının iki nümayəndəsi qurumdan istefa edib. Bunu
necə qiymətləndirirsiniz?
–
Doğrusu mən bunu başa düşmədim. Səmimi olaraq sizə deyim ki, bəzi şəxslər var
ki, əslində onların Milli Şuraya gəlmələrinin məqsədləri bəlli deyil. Sanki bu
quruma ara qarışdırmaq üçün gəlmişdilər. Mən hazırda xüsusi olaraq ad çəkmək
niyyətində deyiləm. Ola bilsin ki, kimlərinsə bu qurumdan getməsi həm də məqsədəmüvafiqdir.
Hesab edirəm ki, yaxın zamanlarda biz tərkibimizi tam olaraq müəyyən edəcəyik və
bu tərkiblə də həqiqi mənada işləyəcəyik. Əslində baxsanız son prezident
seçkilərini çıxmaq şərti ilə Milli Şurada siz deyən işlər görülməyib. Əslində
bizim işimiz bundan sonra başlanır. Bu haqda ciddi düşünməli, müzakirə aparmalı
və addımlarımızı müəyyən etməliyik.
– Namizəd bəy, bundan sonra da
Milli Şuradan istefalar ola və bu istefalar qurumun fəaliyyətinə maneçilik
yarada bilərmi?
–
Şəxsən məim fikrimcə, ara qatışdıran, Milli Şuraya ayrı məqsədlə gələn insanlar
artıq bu qurmda yoxdurlar. Ancaq mən kimlərinsə istefa verməsi ehtimalını da
təkzib etmirəm. Fikrimcə, bu cür addımlar mümkündür. Bir neçə nəfər də istefa
edə bilər. Amma bu bizim ümumi işimizə, fəaliyyət istiqamətimizə təsir edə
bilməz. Hər halda mən hesab edirəm ki, hələlik kimlərsə istefa verməyəcək. Mən
bunu hiss etmirəm. Yeri gəlmişkən, deyim ki, son sessiyada Köçəri Nağıbəylinin
özü də fəal iştirak edirdi. Onun sonra bəyanat verməsinin, qurumdan getməsinin
mənasını anlamıram. Bəlkə də sessiyaya bəyanat vermək məqsədilə gəlmişdilər.
Bir var ki, sessiyaya gəlməyəsən, bir də var gəlib burada istefa verdiyini
bəyan edirsən. Bu zaman haradasa sensasiya yarada da bilirsən. Bəlkə də,
məqsədləri bu imiş. Ancaq Milli Şuradan istefa edən, bu quruma inanmayan elə
son sessiyaya da gəlməzdi də. Daha gəlib iştirak etməyi, səsini çıxarmamağı və
sonrada istefa verməyi şəxsən mən anlaya bimirəm.
“Kiminsə
bizdən ayrılması Milli Şuranın dağılması, fəaliyyətini dayandırması anlamını
verə bilməz”
– Milli Şuranı qoruyub
saxlamaq mümkün olacaqmı?
–
Qoruyub saxlamaq ifadəsi məncə düzgün seçilməyib. Biz nəyə görə, Milli Şuranı
qoruyub saxlamalıyıq? Biz burada dağılmırıq. Toplaşıb bir yerdə mübarizə
aparırıq. Onu da qeyd edim ki, son sessiyada AXCP sədri Əli Kərimlinin çıxışı
zamanı Milli Şuranın fəaliyyətinə, baş verən hadisələrə qısaca qiymət verildi və
haqlı olaraq dedi ki, kiminsə bizdən ayrılması Milli Şuranın dağılması,
fəaliyyətini dayandırması anlamını verə bilməz. Mən də hesab edirəm ki, biz
fəaliyyətimizi davam etdirməli, işimizi aparmalıyıq. Hansısa qopmalar olacaqsa,
buna da təbii yanaşmaq lazımdır. Hər bir qurum və ya fərd öz fəaliyyətini
istədiyi kimi qura bilər. Mən hesab edirəm ki, Müsavat Partiyası Milli Şuradan
ayrıldığını və mübarizəni tək aparmaq istədiyini açıq elan etsəydi, bu
anlaşılan olardı. Ancaq məntiqsiz bəyanatla bunu edəndə bir qədər anlaşılmır və
həmdə qarşıdurmaya, söz-söhbətlərə səbəb olur. Açıq deyədilər ki, biz indi tək
addımlayırıq. Daha bəhanələr gətirmək lazım deyildi. Çünki bu heç inandırıcı da
deyil.
– Sizcə, Azərbaycanda
müxalifət partiyalarının təkbaşına mübarizə aparması nə qədər realdır?
–
Doğurdanda bizdə bir sıra partiyalar son iyirmi ildə təkbaşına mübarizə aparıb.
Ancaq biz gördük ki, təkbaşına mübarizə aparmaqla uğur qazanmaq mümkün olmur.
Cəmiyyətdə hər kəs gözəl bilir ki, yalnız müxalifətin birgə mübarizəsi, habelə
ictimai sektorun, ziyalıların birgə olması nəyəsə gətirib çıxara bilər. Təkbaşına
mübarizə aparıb nəyəsə nail olmaq mümkün deyil və siyasi təcrübə bunu dəfələrlə
ortaya qoyub. İkincisi də, biz bilirik ki, siyasi partiyalar, xüsusilə
müxalifətdə olan təsisatlar elə də böyük siyasi gücə malik deyillər. Məsələn,
müxalifətdə olan ən böyük partiya AXCP-dir. Bu partiya son 20 ili mübarizədə
keçirib, həbslər, təqiblər, repressiyalardan adlayıb. Lakin gördüyünüz kimi
ortada nəticə yoxdur. Odur ki, indiki ictimai-siyasi şərait, mövcud reallıqlar
birgə mübarizəni qaçılmaz edir. Yalnız bu halda uğur əldə etmək mümkündür.
Təkbaşına mübarizə aparacağıq, vəziyyəti dəyişəcəyik kimi iddialar artıq
yersizdir və bəhanə kimi görünür.
“Söhbət
liderlikdən getmir, əsas məsələ mövcud rejimin dinc seçkilər şəraitində
dəyişilməsidir”
– Milli Şuranın Koordinasiya
Şurası seçilib. Yəqin ki, bu qurum həmdə özünə sədr seçəcək. Sizcə, qarşıdakı
mərhələni kimin sədrliyi ilə getmək lazımdır?
-Mən hesab edirəm ki, bizim 25 illik mübarizəmiz AXC-nin mövcud qüvvəsi
hesabına həyata keçirilib. Son seçkiləri
də əsasən AXCP-nin mövcud qüvvələri hesabına təşkil edə bilmişik. Düzdür,
seçkilərlə bağlı rəsmi nəticə bir qədər başqa cür elan olunub, amma biz bilirik
ki, seçkilər necə keçirilib və Milli Şuranın qələbəsi necə əldə olunub. Bu
qələbənin əldə olunmasında AXCP və Müsavat Partiyasının mövcud potensialından
istifadə öz sözünü dedi. Seçkidən əvvəl cəmiyyətdə belə fikirlər var idi ki,
AXCP və Müsavat liderləri ortaya çıxmasın, əvəzində cəmiyyətdə nüfuzu olan
ziyalı qabağa verilsin. Bu mənada Cəmil Həsənli ortaya çıxdı. Biz sonrakı
mərhələlərdə gördük ki, Cəmil Həsənli doğurdan da tam mübarizəyə hazır şəxsdir,
ardıcıl adamdır, geri çəkilmək niyyətində deyil, sözünü deyən insandır. Üstəlik
onun intellektual səviyyəsi də buna imkan verir. Odur ki, biz nəyə görə bundan
sonra da Cəmil Həsənlinin sədrliyi altında irəliləməməliyik? Bunun üçün heç bir
əsas yoxdur. Fikrimcə, biz bundan sonra
da Cəmil müəllimin rəhbərliyi altında davam etməliyik. Mən AXCP sədri Əli
Kərimliyə də minnətdarlığımı ifadə edirəm. Əli Kərimli cəmiyyətdə tanınmış
siyasətçidir, xüsusi çəkisi var, böyük bir partiyanın sədridir. Ancaq onun özü
Cəmil müəllimin liderliyini qəbul edir və bu məsələdə qısqanclıq göstərmir.
Cəmil müəllimin özü də, çox təvazükar şəxsdir. Özü də elan edir ki, söhbət
liderlikdən getmir, əsas məsələ mövcud rejimin dinc seçkilər şəraitində
dəyişilməsindən getməlidir. Elə insanlar var ki, firqə maraqlarından çıxış
edir, şəxsi məqsədlərinə nail olmaq üçün prezidentlik uğrunda mübarizəyə
qoşulur və s. Amma Milli Şura, eləcədə Cəmil Həsənli bu millətin gələcəyinin
yaxşı olması haqda düşünür. Odur
ki, biz Cəmil müəllimə stavka etməkdə israrlıyıq.
Söhbətləşdi: Malik Əliyev
Short URL: http://www.cumhuriyyet.net/?p=3658