Deputatları ələ almaq üçün pullar Strasburqa gedir

31.01.2014 - 01:44

Leyla Yunus: “Əgər bu qədər hakimiyyətə
bağlı şəxslər narazılıq edirlərsə, özlərindən çıxırlarsa və məni söyürlərsə,
deməli biz hədəfə vurmuşuq”

Sülh
və Demokratiya İnstitunun rəhbəri, hüquq müdafiəçisi Leyla Yunus 134 nəfərlik
siyasi məhbus siyahısını açıqlayıb. Siyahıda 38 vicdan məhbusu, 97 siyasi məhbusun
adı keçir. 134 nəfərlik siyasi məhbus siyahısından artıq 116 nəfər məhkum
edilib, 6 məhbusun istintaqı davam edir, 12 məhbusun məhkəmə prosesi başlayıb.
Leyla Yunusun siyahısında 11 jurnalist və bloggerin də var. Hüquq müdafiəçisi
bu siyahı, siyahını açıqladıqdan sonra şəxsinə qarşı başlayan hücumlar və digər
məsələlər haqda “Yeni Cumhuriyyət”in suallarına cavab verib.

“İndi də Azərbaycanda həbsetmə əməliyyatı,
repressiya davam edir”


Leyla xanım, sizin siyasi məhbus siyahısını açıqlamanızdan sonra hakimiyyətə
bağlı şəxslər iddia etdilər ki, siyasi məhbus kriteriyası var və siz bu
kriteriyaları nəzərə almadan siyahı tərtib etmisiniz. Bu ittihamları necə qiymətləndirirsiniz?


Birincisi, bunu hakimiyyətə yaxın şəxslər iddia edirlər. Bunu yalnız hökumətə
bağlı olan şəxslər, avtoritar rejimi müdafiə edən şəxslər qəsdlə deyə bilərlər.
Ancaq demokratiyadan az-çox xəbəri olan şəxslər bilməlidir ki, 1960- cı illərdə
Beynəlxalq Amnistiya Təşkilatı siyasi məhbusların və vicdan məhbuslarına dair
kriteriyaları müəyyənləşdirib. Hələ Sovet İttifaqı zamanı disidentlər bu
kriteriyalar əsasında işləyiblər. Leyla Yunus da Azərbaycanda bu kriteriyaları əsas
tutaraq 1989-cu ildə siyasi məhbuslar siyahısını Londona aparıb. Həmin dövrdə
heç internetdə yox idi. Məndə məcbur olub təyyarəyə əyləşərək Londana getmişəm.
İkincisi, Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olarkən üzərinə 21 öhdəlik
götürüb. Bu öhdəliklərdən biri siyasi dustaqlara azadlığı nəzərdə tutub. Əgər sən
siyasi məhbuslara dair öhdəliyi imzalayaraq qəbul edirsənsə, deməli sən siyasi
məhbusların olduğunu qəbul edirsən. 2001-ci ildə Avropa Şurasının baş katibinin
xahişi ilə hüquqşünaslar kriteriyaları yazıdı. Sonradan bu kriteriyalar Avropa
Şurasının xüsusi qətnaməsində öz əksini tapdı. Mən 1900 nömrəli qətnaməni nəzərdə
tuturam. Üçüncüsü, bizim iqtidar özü oxuya bilmir, cəmiyyətdə rəy çaşqınlığı
yaradır və bizə də elə gəlir ki, siyasi məhbuslara dair kriteriya yoxdur.
Onların tələblərinə əsasən Avropa Şurası Parlament Assambleyası yeni bir qətnamə
qəbul etdi. Beləliklə eyni kriteriyalar qəbul olundu. Mən bilmirəm, bəlkə də bu
kriteriyalar “Səs” və ya “Yeni Azərbaycan” qəzetində yazılmalıdır ki, onlar bu
haqda oxusunlar… Konkret olaraq siyahıya gəldikdə deyim ki, Sülh və
Demokratiya İnstitutu siyasi məhbuslarla bağlı siyahını 2000-ci ildən
hazırlamağa başlayıb. 2001-ci ildə Azərbaycan Avropa Şurasına üzv olanda hüquq
müdafiə təşkilatlarımızın ayrı-ayrılıqda siyasi məhbus siyahısı var idi. Elə
siyahı var idi ki, orada 50, elə siyahı da var idi ki, 250 siyasi məhbus adı
var idi. Ən böyük siyahı isə 716 nəfərlik məhbus siyahısı idi. O, zaman Avropa
Şurası məhz 716 nəfərlik siyahı ilə işlədi, iki dəfə qətnamə qəbul olundu. Məhz
bunun nəticəsində 716 nəfər siyasi məhbusun əksəriyyəti azadlığa çıxdı. Hazırda
bu siyahıdan 20 nəfər şəxs həbsdədir. Onların əksəriyyətinə ömürlük həbs cəzası
verilib. Onlara ömürlük həbs cəzasını qanunsuz veriblər. 1998-ci ildə bizdə
ölüm hökmü ləğv edilib və bu ömürlük cəza ilə əvəzlənilib. Əslində isə bu şəxslər
haqda məhkəmələr əsasən 1993-1994-cü illərdə hökm çıxarıb və o zaman ömürlük həbs
cəzası yox idi. Odur ki, bu şəxslərlə bağlı ya yeni proses keçirilməli, ya da
onlara 15 illik həbs cəzası verilməli idi. Odur ki, bu şəxslər indi də bizim
siyahımıza salınıb.


Açıqladığınız son siyahıda nə qədər siyasi məhbusun adı var?


Bizim siyahımıza 134 siyasi məhbusun adı salınıb. Yuxarıda qeyd etdiyim 20 nəfər
məhbusda bu siyahıya salınıb. Sizə deyim ki, biz Sülh və Demokratiya İnstitutu
olaraq bu siyahı ilə bağlı hər gün işləmişik. Biz bu siyahını yanvarın 23-də
açıqlamışıq. Ancaq yanvarın 25-də daha bir gənc bloggeri həbs ediblər. Biz bu gəncin
adını da siyahımıza salacağıq. Bir sözlə, indi də Azərbaycanda həbsetmə əməliyyatı,
repressiya davam edir. Bizim siyahımızda 134 nəfərin 38 nəfəri vicdan məhbusu,
96 nəfəri isə siyasi məhbusdur. Vicdan məhbuslarından 11 nəfəri blogger, biri
isə jurnalistdir.10 nəfəri gənc fəallardır. Bu da göstərir ki, hakimiyyət gənclərin
siyasi fəallığından çəkinir və qorxur. Xüsusilə, onların sosial şəbəkələrdə ki,
fəaliyyətindən narahat olurlar.

“Biz çox yaxşı işlədik, öz məqsədimizə
nail olduq”


Siz bu siyahını artıq beynəlxalq qurumlara təqdim etmisiniz?


Əlbəttə təqdim etmişik. Biz siyasi məhbus siyahısını yalnız adba-ad yazmırıq. Həm
də kimin cibinə narkotik, kimə silah qoyulduğunu da əlavə edirik ki, siyahıya
baxan şəxslərdə heç bir əlavə suallar yaranmasın. Yəni biz bütün
informasiyaları siyahıya əlavə etmişik. Fevral aylarının əvvəlinə qədər bu
siyahı bütün beynəlxalq təşkilatlara yayacağıq. Hazırda da bu proses gedir. Biz
siyahını açıqlayandan sonra da beynəlxalq qurumlarla söhbət etdik. Onlarda qeyd
etdilər ki, biz böyük iş görmüşük və onlar siyahını gözləyirlər.


Siyahını açıqlanması Azərbaycanda siyasi məhbuslar probleminin bir daha gündəmə
gətirilməsidir. Bəs bu siyahıya olan reaksiyaları necə qiymətləndirirsiniz?


Mən siyahını təqdim etmişəm. Hüquq müdafiəçisi olaraq öz işimi görürəm. Məsələn,
Mirvari Qəhrəmanlı neftçilərin hüquqlarını müdafiə edir. Sülh və Demokratiya
İnstitutunun əsas fəaliyyət istiqaməti siyasi məhbuslar, vicdan dustaqları, işgəncə
halları, qanunsuz məhkəmə hökmləri, hakimlərin fəaliyyətinə ictimai nəzarətdir.
Bunlar bizim əsas işimizdir. Mən siyahını açıqlayandan sonra işçilərimizdən
xahiş etdim ki, mətbuata baxsınlar və reaksiyalarla tanış olsunlar. Artıq mənə
bəzi məqalələr və linklər göndəriblər. Qeyd edim ki, 33 mətbuat orqanı bizim
siyahı ilə bağlı informasiya verib. 21 mətbuat orqanı isə bizim siyahını ciddi
tənqid edib. Eləcə də 20 nəfərdən çox deputat bizi sərt tənqid edib. Mən bundan
çox razıyam. Bu göstərir ki, biz əbəs yerə iş görməmişik. Əgər bu qədər hakimiyyətə
bağlı şəxslər narazılıq edirlərsə, özlərindən çıxırlarsa və məni söyürlərsə,
deməli biz hədəfə vurmuşuq.


Əksər deputatlar sizi xarici kəşfiyyat orqanına işləməkdə, agent olmaqda
ittiham edir. Bu kimi ittihamlara münasibətiniz necədir?


Bu onu göstərir ki, biz siyasi məhbus siyahısını tərtib edərkən çox doğru iş
görmüşük, doğru yoldayıq. Əgər onlar özlərindən çıxmasa, məni təhqir etməsəydilər,
mən hesab edəcəkdim ki, çox pis işləmişəm. Ancaq indi mən bir daha gördüm ki,
biz çox yaxşı işlədik, öz məqsədimizə nail olduq. Əgər onlar əsəbləşir, özündən
çıxır və söyüş söyürlərsə, deməli biz öz məqsədimizə çatmışıq. Ancaq bizim həm
də əsas işimiz bu məhbusların azadlığa çıxmasına nail olmaqdır və bu istiqamətdə
əlimizdən gələni edəcəyik.

“Avropa Şurası Parlament Assambleyasından
heç nə gözləmirəm”


Bəs bu itthamlar sizin cəmiyyətdə ki, nüfuzunuza zərər vura bilərmi?


Əvvəla, nəzərə alın ki, mən yetkin insanam. Hələ sovet vaxtı məni Amerika kəşfiyyatına
işləməkdə ittiham ediblər. Son 20 ildə isə guya erməni kəşfiyyatına işləyirəm.
Özü də ailəlkilə. Əslində sizə deyim ki, bu cür əsassız və şərlə dolu
ittihamların səsləndirilməsi təbiidir. Mən tarixçiyəm. Düşünün, xalq düşməni
termini haradan gəlib? Əlbəttə ki, bolşeviklərdən. Stalin rejimi xalq düşməni terminindən
gen-bol istifadə edib. Brejnev rejimində də, bu termin işlənirdi. Xalq düşmnlərinin
əksəriyyəti İngilətərinin, Yaponiyanın, Almaniyanın, Amerikanın “şipionları”
idi. İndi siz Belarus, Özbəkistan, Türkmənistan tipli totalitar rejimlərə diqqət
edin. Belə rejimlərdə “xalq düşmənlərinin” müəyyən edilməsi və həbsə atılması
artıq ənənəyə çevrilib. Onlar mütləq düşmən tapmalıdırlar. Əlbəttə bu Azərbaycanda
və Ermənistanda istifadə olunur. Əslində bu avtoritar rejimlərin mahiyyətindən
doğur. Disidentlər, azad fikirli adamlar, hüquq müdafiəçiləri bir qayda olaraq
hansısa ölkələrə və bəzən düşmən kəşfiyyatına işləməkdə ittiham olunur. Əsasən
XX əsrdə bu dəbdə olub və hazırda bizim hakimiyyət XXI əsrdə bundan istifadə
edir.


Həbsdə saxlanılan siyasi məhbuslara təzyiqlər və işgəncələr varmı?


Məni həbsxanalara buraxmırlar. Amma bizə vəkillərin çatdırdığı məlumata görə,
işgəncə halları var. Məsələn, yanvarın 24-də Hilal Məmmədovu 17-ci kalona
aparıblar və o saat da işgəncə ilə məşğul olublar.


Avropa Şurası Parlament Assambleyasının sessiyası da öz işinə başlayır. Sizdə
siyahını açıqlamısınız və onlarda siyahı var. Üstəlik may ayından Azərbaycan
Avropa Şurasının Nazirlər Komitəsinə rəhbərlik edəcək. Bu qurum əsasən Avropa Məhkəməsinin
qərarlarının icira olunması kimi mühüm işə nəzarət edir. Necə düşünürsünüz, 134
siyasi məhbusu olan Azərbaycan bu quruma rəhbərlik edə bilərmi?


Əvvəla deyim ki, mən Avropa Şurası Parlament Assambleyasından heç nə gözləmirəm.
Azərbaycan iqtidarı kürü diplomatiyasında çox gözəl istifadə edir. Deyərdim ki,
Avropa Şurasının Azərbaycan üzrə həmməruzəçilərini belə ələ alıblar. Onu da
qeyd edim ki, həmməruzəçilər yanvarın 23-də Bakıda mətbuat konfransı keçirməyi
planlaşdırırdılar. Amma sonradan ehtiyat edərək mətbuat konfransı keçirmədilər.
Deputatları almaq üçün pullar xərclənir. Bir zamanlar deputatları ələ almaq
üçün Moskvaya pul gedirdi, indi isə bu pullar Strasburqa gedir. İkincisi, siz haqlı olaraq deyirsiniz ki, may
ayından Azərbaycan Nazirlər Komitəsinə sədrlik etməlidir. Nəzərə almaq lazımdır
ki, Avropa Şurasında pul almayan, satılmayan insanlar da var. Bizdə onları hər
cür informasiya ilə təmin etməliyik. Biz əlimizdən gələni edəcəyik. Sonda nəticənin
necə olacağını yaşayıb görərik.


Siz Milli Şuranın üzvüsünüz, bu qurumun fəaliyyətini necə qiymətləndirirsiniz?


Bəli, mən Milli Şuranın üzvüyəm. Ancaq fəaliyyətim daha çox siyasi məhbuslarla
bağlıdır. Və hazırda bu istiqamətdə işləyirəm. Ancaq mən hesab edirəm ki,
birliklər lazımdır. Fikir mübadiləsi aparmaq, birgə tədbirlər keçirmək, vəziyyəti
birlikdə müzakirə etmək hər zaman lazımdır.

Söhbətləşdi. Elçin

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3815

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031