Hakimiyyətin Rəsulzadəyə qarşı sayğısızlığına daha bir sübut
GƏNCƏDƏ RƏSULZADƏNİN TƏK BÜSTÜ ÖRTÜLÜ QALDI…
Hasarlanmış
parkda – kökündən çıxarılmış ağaclar, qum, torpaq, zibillik və 8 aydır
çadırla bükülmüş Məhəmməd Əmin Rəsulzadəyə məxsus büst. Gəncədə
Rəsulzadənin tək büstü Dəmiryolçuların parkında ucalır.
Tarixçi
müəllim Sabir Məmmədov deyir ki, Məhəmməd Əmin Rəsulzadə Azərbaycan
tarixində böyük xidməti, əməyi olan insanlardan olub. Rəsulzadənin
siyasi fəaliyyətinin Cumhuriyyət dövründə 3 ayını Gəncədə keçirməsini
yada salan tarixçi ölkənin 2-ci böyük şəhərində onun tək heykəlinə qarşı
biganəlikdən gileylənir:
“BAŞINA DA TORBA KEÇİRİBLƏR”
“Məhəmməd
Əmin Rəsulzadənin xatirə günüdür. Prezidentin sərəncamı ilə 130
illiyin qeyd edilməsi var. Sərəncam olmasına baxmayaraq Gəncədə yalnız
bir yerdə büst var, başqa yerdə yoxdur. Buna da münasibət çox laqeyddir.
Burda heykəl bərbad haldadır. Qum töküblər yerə, bərkiyib, hər yer
zir-zibildir. Başına da torba keçiriblər. Bunun ətrafı gül çiçək olmalı
idi. Dünya tarixində özünə yer tutan şəxsiyyətə belə münasibət var.
Xarici ölkədən Azərbaycana nümayəndə heyəti gəlib. Gəlib hansı mənzərə
ilə tanış olacaqlar? Mustafa Kamal Atatürk necə əzizdirsə Rəsulzadə də
bizim üçün əzizdir”.
Ölkə
prezidenti Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi
ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən bütün ölkə üzrə silsilə
tədbirlər, anım mərasimləri keçirilməlidir. Yanvarın 31 -də yubiley günü
olsa da Gəncədəki tək büst olan hasarlı parkda nə təmir işləri gedir nə
də təmizlik…
Lakin indiyədək cumhuriyyət və digər anım günlərində sakinlər, şəhər fəalları siyasi xadimi ziyarət edirdilər.
Məsələn
REAL hərəkatı 2012 ci ildə Gəncədə sözügedən büstün önündə anım tədbiri
keçirmişdi. Kamil Vətəndaş İctimai Birliyinin sədri Həsən Hüseynli
deyir ki, hər il olduğu kimi ötən il də may ayının 28 də cumhuriyyət
günü ziyarətə getsələr də hasarlanmış parka girişə icazə verilməyib.
“ÜMİD EDİRİK Kİ…”
“Məhəmməd
Əmin Rəsulzadənin 130 illiyi ilə bağlı sərəncam olub. Tədbirlər nəzərdə
tutulur. Gəncədə Məhəmməd Əmin Rəsulzadəni may ayının 28-də gənclərlə
birlikdə yad edirdik. Təəssüf ki, ötən il ziyarət edə bilmədim. Təmirə
başladılar. Hasarladılar, amma heç bir təmir işi aparılmayıb. Ümid
edirik ki, təmir işləri sərəncamdan sonra başa çatacaq”.
Dəmiryolçular parkı ötən ilin mayın 26 da hasarlanıb, təmirə dayanıb.
​
Şəhər İcra hakimiyyətinin ictimai siyasi şöbəsindən verilən məlumata
görə, park təmirə dayanıb və bu səbəbdən orda hansısa tədbirin
keçirilməsi nəzərdə tutulmur. O ki qaldı prezidentin sərəncamına şöbədən
bildirdilər ki, hansısa anım tədbiri planlaşdırılmayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=3822