Prezident Administrasiyası nə qədər desə, dostlarımıza o qədər cəza veriləcək
Turqut Qəmbər:
“Siyasi məhbuslara bir qayda olaraq həbs hökmü oxunur”
– Ötən həftə
hərəkatınızın keçmiş üzvü Ömər Məmmədov narkotik maddə saxlamaq ittihamı həbs
edildi. Siz bu həbsin əsas motivinin nə olduğunu düşünürsünüz?
– Aydındır ki,
narkotik ittihamı tamamilə saxta və quramadır. İlk dəfə deyil ki, hakimiyyət
siyasi fəallara qarşı bu ittihamdan istifadə edir. Həbsin əsas motivi Ömərin
sosial şəbəkələrdəki aktivliyi idi. Mən Öməri tanıyandan o “Facebook” və
“Twitter”də çox aktivdir. Eyni zamanda, Ömər vaxtilə “Facebook”da populyar
tənqidi səhifələrdən birinin rəhbərlərindən idi. Diqqət etsək, son zamanlar hakimiyyətin
“Facebook”da tənqidi səhifələr işlədən şəxslərə qarşı hücum etdiyini görərik.
Keçən ilin sonunda həbs olunan “Facebook” fəalı Əbdül Əbilovu da misal gətirə
bilərik. Cəmiyyətin buna reaksiyası sosial şəbəkələrdəki fəallığın artması,
yeni tənqidi səhifələrin yaradılması davam etdirilməlidir.
– Ömər Məmmədov
NİDA VH-dən nə vaxt və hansı səbəbə görə ayrılmışdı?
– Ömər Nidadan
keçən il ayrılmışdı. O qərar vermişdi ki, özünü siyasi fəaliyyətdən daha çox
maarifçiliyə həsr edəcək və bu istiqamətdə “Axın Hərəkatı” adlı təşkilat
yaratmışdı. “Axın” qısa müddət ərzində maraqlı işlər ortaya qoydu, xeyli
maraqlı məqalə tərcümə etdi. Ömərin burada rolu böyük idi.
– Onun müdafiəsi
üçün hansı işləri görmüsünüz və görəcəksiniz?
– Ömərin
müdafiəsilə vəkil Xalid Bağırov məşğul olacaq. Onunla artıq müqavilə imzalanıb.
Bundan əlavə, yerli və beynəlxalq ictimaiyyətin məsələ ilə bağlı
məlumatlandırılması üçün işlər görülür.
– Milli Şura
ətrafında yaşanan qalmaqal barədə məlumatlasınız. İdarə heyətinin üzvü
olduğunuz hərəkat da bu qurumun üzvüdür. Ancaq arxada qalan müddətdə Müsavat
tam heyətlə və “El” Hərəkatı demək olar ki, bütövlükdə bu qurumdan çıxdı. NİDA
MŞ-də fəaliyyətini hansı arqumentlərlə davam etdirir?
– Biz Nida
daxilində bu mövzuda məsləhətləşmələrimizi və müzakirələrimizi davam etdiririk.
O cümlədən həbsdəki yoldaşlarımızla da. Hər hansı qərar olsa, bu barədə
ictimaiyyəti məlumatlandıracağıq.
– Həbsdə olan
üzvlərinizin məhkəmələri yəqin ki, gələn ay bitəcək. Hansı qərarı
gözləyirsiniz?
– İndiyə qədərki
siyasi həbslərin tarixçəsi onu göstərir ki, siyasi məhbuslara bir qayda olaraq
həbs hökmü oxunur. Nidaçıların məhkəməsindən də başqa nəsə gözləmirəm. Məhkəmə
müstəqil deyil, hakimin müstəqil və vicdanlı qərar vermək ehtimalı sıfra
bərabərdir. Ona görə bu mərhələdə həbs cəzasından başqa nəsə gözləmək
sadəlövhlük olardı.
– Dostlarınıza
nə qədər cəza veriləcəyini təxmin edirsiniz?
– Bunu
proqnozlaşdırmaq çətindir. Belə deyək, Prezident Administrasiyası nə qədər
desə, o qədər cəza veriləcək.
– Əminliklə deyə
bilərsinizmi ki, arxada qalan 10 ay ərzində həbsdə olan dostlarınızın
müdafiəsini tam mənada təşkil edə bilmisiniz?
– Bəli,
əminliklə bunu söyləyə bilərik. Bu dövr ərzində nidaçı məhbusların dünya
tərəfindən siyasi və vicdan məhbusu kimi tanınmasına nail olduq. Bəzi
çətinlikliklərə baxmayaraq həbsdəki yoldaşlarımızın hamısını vəkillə, müdafiə
ilə təmin etdik. Yerli ictimaiyyətin onları tanıması üçün müəyyən işlər gördük
və bu işlər bundan sonra da davam edəcək ki, insanlar bu günahsız gənclərin
nəyin naminə həbsdə olduqlarını
anlasınlar. Həmçinin, arxada
qalan aylarda onların ailələrinə də bacardığımız qədər dəstək olmağa çalışdıq. Bu iş hazırda da davam edir. Məsələn, İdarə
Heyətimizin üzvü Aygün Pəncəliyeva hazırda nidaçıların işilə bağlı beynəlxalq
müdafiəni daha da gücləndirmək üçün AŞPA-nın sessiyasında iştirak edir. Ümumən
götürəndə bu tipli kampaniyalarda əsas məqsəd məhbusların həqiqətən də
siyasi səbəbə görə həbsdə yatdıqlarını anlatmaq və dünyanın onlara dəstəyini
qazanmaqdır. Biz buna nail ola bilmişik.
– Üzvlərinizə bir neçə il müddətinə həbs verilsə, hansı
addımlar atacaqsınız? Hansısa formada etiraz aksiyası, piketlər və s. keçirmək
niyyətiniz yoxdur ki?
– Bu barədə indidən nəsə söyləmək tezdir. Bir şeyə əmin
ola bilərsiniz ki, reaksiya adekvat olacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=3839