Siyavuş Novruzov İlham Əliyevi ifşa etdi
YAP-çı deputat sabiq nazirlərin siyasi motivlə həbs olunduğunu təsdiqlədiYAP-çı deputat sabiq nazirlərin siyasi motivlə həbs olunduğunu təsdiqlədi
Dövlət başçısı Ilham Əliyev komandasına xarici dairələrin təsiri altına düşməmələri barədə xəbərdarlıq etməsi müzakirə mövzusu olaraq qalır. Xatırladaq ki, dövlət başçısı bu xəbərdarlığı son müşavirədə edib. “Məmurlar vətənə sadiq, sədaqətli olmalıdır. Heç bir xarici dairənin təsiri altına düşməməlidir”, – deyə o, vurğulayıb. Beləliklə də, həmişə müxalifəti, vətəndaş cəmiyyəti institutlarını və azad yazarları xaricə satılmaqda ittiham edən Ilham Əliyev ilk dəfə olaraq öz komandası ilə belə bir narahatlığının olduğunu sərgiləyib.
YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov bu məsələ barədə “Media forum”a maraqlı açıqlama verib. O, deyib ki, Azərbaycan böyük dövlətlərin əhatəsində yerləşir, bır sıra təşkilatların Azərbaycanda maraqları və müxtəlif məsələlər üçün çalışan qurumları var: “Onlar insanları müxtəlif formada yoldan çıxarmağa, təsir dairəsinə salmağa cəhd göstərə bilərlər. Yaxud da onların düşdüyü vəziyyətdən istifadə edib təsir göstərə bilərlər. Prezident Ilham Əliyev bu məsələlərə toxunaraq qeyd edib ki, məmur xarici dairələrin təsiri altında düşməməlidir. Əgər dövlət məmuruna belə bir təsir göstərilirsə, o mütləq aidiyyəti orqanlara məlumat verməlidir. Təsirin qarşısının vaxtında alınması üçün məlumat vermək vacibdir”.
Göründüyü kimi Siyavuş Novruzov belə bir təhlükənin olduğunu real sayır. Deməli, İlham Əliyevin narahatlığı əsassız deyil. Dövlət başçısı komandasından arxayın deyil və hər an hakimiyyətdə mərkəzdənqaçmanın baş verməsinin fərqindədir. Siyavuş daha sonra deyib ki, bir neçə il əvvəl xarici ölkələrdən birinin Azərbaycandakı səfiri bir neçə naziri yanına çağıraraq partiya yaratmağı, ictimai-siyasi işlərlə məşğul olmağı təklif edib: “Onların bir neçəsi səfirin dediyini elədi, o yola yuvarlandılar. Sonra da aydın oldu ki, bütün bu işlər səfirin təhriki ilə edilib. Həmin nazirlər haradasa qəbahətə yol vermişdilər və səfir də bundan istifadə edib nazirlərə təsir göstərmişdi. Biz belə məsələlərin şahidi olmuşuq. Cənab prezidentin məsələni gündəmə gətirməsi təsadüfi deyil. Çünki Azərbaycan kiçik dövlətdir və böyük iqtisadi inkişafı var. Bizi gözü götürməyən dövlətlər var. Onlar müxtəlif yollarla Azərbaycandakı ictimai-siyasi sabitliyi pozmağa, xoşagəlməyən müxtəlif halların ortaya çıxmasına cəhd göstərirlər. Onların bu sahədə geniş imkanları var. Bəzi siyasi partiyaları, QHT-ləri müxtəlif vasitələrlə təsir altına salıb anti-dövlət, anti-xalq istiqamətinə yönəltdikləri kimi məmurlara da elə təsir göstərə bilərlər. Ona görə də prezident Ilham Əliyev hamını xəbərdar etdi”.
Siyavuş Novruzov konkret ad çəkməsə də, onun 2005-ci ildəki “çevriliş şousu”na işarə vurduğunu söyləmək olar. Xatırladaq ki, həmin vaxt sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, sabiq səhiyyə naziri Əli Insanov, Prezident Administrasiyasının işlər idarəsinin sabiq müdiri Akif Muradverdiyev dövlət çevrilişi ittihamı ilə həbs olunmuşdu. Lakin sonradan onlara qarşı irəli sürülən ittihamlar dəyişdi. Sabiqlər korrupsiya əməllərinə görə mühakimə olundular. Siyavuş Novruzov isə bu açıqlaması ilə Əli Insanov, Fərhad Əliyev və Akif Muradverdiyevin siyasi motivlə həbs olunduğunu bir daha ortaya qoydu.
Short URL: http://www.cumhuriyyet.net/?p=4031