ABŞ-dan Azərbaycanda inqilab anonsu
Hakimiyyət isə qorxu
və təşviş içindədir
ABŞ Dövlət Departamentinin bir neçə gün
öncə 2013- cü illə bağlı açıqladığı Hesabatın Azərbaycana aid hissəsi
gözlənildiyi kimi sərt oldu. Əvvəlki illərlə müqayisədə Ağ Ev höküməti bu dəfə
Azərbaycan hakimiyyətini daha ağır şəkildə suçladı və sarsıtdı. Öncəki
Hesabatlarla müqayisədə son Hesabatda ölkədə hər hansı irəliləyişdən deyil,
əksinə geriləmələrdən, söz mətbuat azadlığının kütləvi şəkildə pozulmasından,
mülkiyyət hüquqlarının tapdanmasından, ictimai-siyasi fəalların həbsxanalara
doldurulmasından, 2013- cü ilin biabırçı seçki saxtakarlığından bəhs olunur.
Azərbaycan reallığının kifayət qədər
obyektiv əks olunduğu Hesabat bir sıra çox incə və həssas məqamları ilə diqqəti
cəlb edir. Təbii ki, yuxarıda qeyd olunan məqamlarla yanaşı ən mühüm
məqamlardan biri 2013- cü il prezident seçkilərinə ATƏT- in verdiyi rəyin ABŞ
Administrasiyası tərəfindən bir daha tam dəstəklənməsinə dair fikrin hesabatda
əks olunmasıdır. Sənəddə açıq- aşkar qeyd olunur ki, seçkilər beynəlxalq
standartlara uyğun keçirilməyib, seçki məntəqələrinin 58 faizində saxtakarlıq
edilib. Bu isə Azərbaycanda növbəti dəfə hakimiyyətin Əliyevlər tərəfindən qəsb olunması deməkdir; “Oktyabrın 9-da keçirilən prezident seçkiləri
beynəlxalq standartlara uyğun gəlmir. ATƏT DTİHB oktyabrın 10-dakı hesabatında
seçkilərdə ciddi çatışmazlıqların olduğunu bəyan edib. ATƏT müşahidəçiləri
seçki günü qutulara topa bülletenlərin atıldığını, müşahidə apardıqları
məntəqələrin 58 faizində səslərin sayılmasıyla bağlı ciddi problemlərin
yaşandığını hesabatlarında qeyd ediblər. Hakimiyyət seçki öncəsi eyni
zamanda repressiv siyasətini davam etdirərək, sərbəst toplaşmaq, fikir
azadlığını məhdudlaşdırıb ki, bu da normal, azad rəqabət mühitini
imkansız edib”. Əslində bu məqamın özü Azərbaycanda 09 oktyabr 2013- cü il seçki
saxtakarlığını göstərən və ABŞ Dövlət Departamenti səviyyəsində etiraf edilən
təkzib olunmaz faktdır.
Hesabatda hakimiyyətin zorakı yolla ələ keçirilməsi fikri inkişaf
etdirilərək qeyd olunur ki, xalqın seçim hüququna hörmət edilməyib. Hesabatda
açıq- aşkar net yazılır; “Azərbaycanda hökuməti dinc dəyişmək hüququ xalqın
əlindən alınıb”. Bu rəy birmənalı şəkildə bir daha ABŞ hökümətinin Azərbaycanda
9 oktyabrda keçirilmiş prezident seçkilərinin total şəkildə saxtalaşdırılması,
xalqın iradəsi əleyhinə hakimiyyətin qəsb olunduğuna dair indiyə qədər verdiyi
bəyanatın davamı və kulminasiya nöqtəsidir. Bundan artıq nə deyilməlidir?
Zənimizcə, ABŞ Dövlət Departamentinin sözü gedən Hesabatı Ağ Ev hökümətinin
Azərbaycanla bağlı mövqeyinin sərtləşməyə və güzəştsiz demokratiya tələbinə
dair atacağı addımların anonsudur. Bu anons eyni zamanda vəziyyətin
düzəlməyəcəyi təqdirdə, “hakimiyyətin yeganə mənbəyi xalqdır” prinsipi ilə
xalqın istənilən yolla, hətta üsyanla, inqilabla öz hakimiyyətini əldə edə
biləcəyinə işarədir. Əslində bu anons və işarəni ağıllı hakimiyyətlər xeyrli
xəbərdarlıq kimi də qiymətləndirə bilər.
Obama Administrasiyasının sərgilədiyi Hesabat və Ukraynada cərəyan
edən, demokratiyanın avtoritarizm üzərində çaldığı qələbədən Əliyev hakimiyyəti
ciddi şəkildə narahatlıq keçirir. Ukraynada
Yanukoviç əleyhinə davam edən mitinqlərin xalqın istəyinə uyğun müsbət sonluqla
başa çatması, prezident- “rus adamı”- nın siyasi səhnədə biabırcasına məğlub
olması və ölkədən qaçması diktatorların və diktatorlara oxşamaq istəyən dövlət
başçılarının yuxularını ərşə çəkib. Çünki bir gün Avromaydandakı kimi xalq
dirənişinin baş verəcəyi və “fərari qaçış” növbəsinin onlara da çatacağının
fərqindədirlər. Bu fərqi və narahatlığı İlham Əliyev də hiss edir. Məhz o
baxımdan son günlər rejim tərəfindən müxalifət camiyəsinə qarşı hücumlar və
təxribatlar genişlənməkdədir. Qeyd edək ki, Ukrayna hadisələri fonunda keçmiş
postsovet ölkəsi olaraq Azərbaycanda əhali arasında canlanma hiss olunmaqdadır.
Son günlər “Sovetski” əhlinin və BDU tələbələrinin meydanlara çıxmasına da bu
canlanmanın təsiri olmaqla hakimiyyəti təşvişə salır. Amma maraqlıdır ki,
özlüyündə guya ağıllı siyasət yürüdən hakimiyyət mülkiyyət hüququnu tələb edən
“sovetski”- lilərin və normal təhsil haqqını tələb edən BDU tələbələrinin
etirazını dinləmək, qəzəbini isə müxalifətdən çıxmaq yolunu tutur.
Son 20 illik ənənəsinə sadiq qalan Əliyev
rejimi bu dəfə də gələn təhlükəni önləmək üçün müxalifətə saldırmağa başlayıb.
Öncə 26 fevraldan etibarən AXCP gənclərini total şəkildə həbs etdi. Dünən isə
adı şəkilən partiyanın Qərargahını partlatdı. Amma rejim unudur ki, Ukraynada
azadlıq və demokratiya ugrunda aparılan mübarizədə bir neçə sutka ərzində 100-
ə yaxın insan canını qurban verdi. Bu gün AXCP- nin Qərargahını partlatmağla
hakimiyyət xalqı zora, qarşıdurmaya, iğtişaşlara sürükləyir. Yəni insanlara bu
hərəkəti ilə sanki aşılayır ki, sevmədiyin, nifrət etdiyin şəxslərin ofisini,
evini partlatmaq, canlarına qəsd etmək olar. Rejim unudur ki, onun bu siyasəti
bumeranq effekti verə bilər. Artıq cana doymuş xalq öz haqqını tələb etmək,
adam kimi yaşamaq istəyir. Bu gün canına qəsd edənlər sabah çox asanlıqla onu
intihara məcbur edənlərə qəsd edə bilər. Ona görə də hakimiyyət ya öz
siyasətinə, xalqla, müxalifətlə davranışına yenidən baxmalı, ya da Yanukoviç
rejimi kimi siyasi səhnədən biabırçı şəkildə fərari kimi üzlüşüb getməlidir.
Hakimiyyətin müxalifətə son saldırmaları
gələn təhlükənin fonunda onun təşviş və aqoniya vəziyyətində olmasını göstərir.
Amma dəfələrlə dünya diktatorlarının və avtoritarizmin başında dayananların
yürütdüyü bu siyasət iflasa uğrayıb, əks effekt verib. Bu dəfə də anoloji halın
təkrarlanacağı şübhəsizdir. Əliyev rejimi ya dünyanın demokratik tələbələrinə
uyğun şəkildə düzəlməli, xalqın demokratiya və hürriyyət açılımına yol verməli,
şərait yaratmalı, ya da siyasi səhnədən silinib tarixin arxivinə getməlidir.
Kurşad KAYA
Short URL: http://www.cumhuriyyet.net/?p=4784