Kremlin Azərbaycana ordu yeritmək planları

07.03.2014 - 01:23

Qarabağ danışıqları dalana dirənib: Rusiya gizli
niyyətlərin həyata keçirməyə fürsət gözləyir

 

Azərbaycan
rəsmilərinin ATƏT-in Minsk qrupu haqqında mənfi fikirləri getdikcə artır.
Əvvəlcə
xarici işlər nazirinin müavini, prezidentin Dağlıq Qarabağ danışıqları üzrə
təmsilçisi Araz Əzimov dedi ki, həmsədrlər formatında aparılan danışıqlarda heç
bir irəliləyiş yoxdur. Ardınca parlament sədrinin müavini Ziyafət Əsgərov Minsk
qrupunu “ölü qrup” adlandırdı. Bunun davamı kimi Dağlıq Qarabağın azərbaycanlı
icmasının rəhbəri Bayram Səfərov sülh danışıqlarının nəticə verməyəcəyini
bildirdi.

Azərbaycanda həmsədrlərin fəaliyyəti ilə bağlı neqativ
fikirlərin artması fonunda rəsmi Bakı Minsk qrupunun gələcəyi ilə bağlı 3
mümkün variantdan birini seçə bilər.

Birinci variant – Minsk qrupu formatında
aparılan danışıqlardan imtina

Bu, rəsmi
Bakının atacağı ən radikal addım olardı. Danışıqların getdiyi 20 il ərzində
həmsədrlərdən imtina zaman-zaman gündəmə gəlib. Bəzən bu mövzunun ictimaiyyətin
müzakirəsinə çıxarılmasında Azərbaycan hakimiyyətinin birbaşa marağı olub.
Rəsmi Bakı bununla həmsədr dövlətlərə “vətəndaşlarımız sizdən narazıdır” tipli
mesaj göndərməyi lazım bilib. Ancaq bu mesajın effekti olmayıb və Azərbaycan
hakimiyyəti son anda həmsədrlik institutundan imtina qərarından geri addım
atıb. Hakimiyyət yaxşı anlayır ki,

Minskqrupu formatından imtina faktiki sülh danışıqlarının dayandırılması və
müharibənin anonsunun verilməsi deməkdir.

Minsk qrupundan imtina, birincisi,
bölgədəki vəziyyəti gərginləşdirər, atəşkəsin pozulması halları artırar.
İkincisi, bu addım Ermənistanın əlinə Dağlıq Qarabağı “müstəqil” dövlət kimi
tanıya bilmək bəhanəsi verə bilər. Üçüncüsü, Azərbaycanın beynəlxalq aləmlə
münasibətlərində yeni gərginlik ocağı yaradar. Buna görə də bütün bu amilləri
ölçüb-biçən rəsmi Bakı hələ ki, emosiyalarını cilovlamağa üstünlük verir.

İkinci variant – Minsk qrupunda həmsədrlərin
formatının dəyişdirilməsini tələb etmək

Rəsmi Bakı
bu tələbi də ara-sıra gündəmə gətirməyə çalışır. Azərbaycanda həmsədrlərin
(Rusiya, ABŞ, Fransa ) formatını belə dəyərləndirirlər: Rusiya Ermənistanı
dəstəkləyir, silahlandırır və bu dövlətin Azərbaycan qarşısında zəifləməməyinə
çalışır. Ona görə də Rusiyanın vasitəçiliyinin Azərbaycana xeyri yoxdur və
olmayacaq. ABŞ və Fransada isə güclü erməni lobbisi var, bu ölkələrdəki
siyasətçilər seçki zamanı onlarla hesablaşırlar. Odur ki, Vaşinqton və

Paris də Azərbaycanın
ərazi bütövlüyünün bərpasına biganədir, bu onları maraqlandırmır.

Bu səbəbdən
Azərbaycanda danışıqlar formatına Türkiyənin cəlb edilməsinə maraq var.
Azərbaycanla Türkiyə strateji müttəfiqlikdən başqa son zamanlar hərbi
əlaqələrini də genişləndiriblər. Ankaranın özü də Dağlıq Qarabağ münaqişəsinin
həllinə fəal qoşulmaq istəyir. Ancaq Ermənistanın Türkiyənin vasitəçiliyini heç
bir halda qəbul etməməsi Ankaranın həmsədrlərə qoşulmaq istəyini heçə endirir.
Digər tərəfdən Moskva, Vaşinqton və
Paris də
münaqişənin həlli prosesindəki üstün rollarını

Ankara ilə bölüşmək istəmirlər. Azərbaycanın
hakimiyyət dəhlizlərində ABŞ, Rusiya və Fransanın başqa – neytral dövlətlərlə
əvəz olunması mümkünlüyü də dilə gətirilir. Misal üçün, rəsmi Bakı danışıqlar
prosesinə Şərqi Avropa və ya Skandinaviya ölkələrinin qoşulmasını istəyərdi. Bu
ölkələrin Cənubi Qafqazda ABŞ və Rusiya kimi xüsusi maraqları yoxdur və ya bu
maraqlar kəsişmir.

Üçüncü variant -danışıqları imitasiya naminə
iştirakını davam etdirir

Onsuz da
Azərbaycan hakimiyyəti

Minskqrupu ilə bağlı bütün ümidlərini itirib və bu formatda münaqişənin həll
olunacağına inanmır. Buna görə də Azərbaycan hakimiyyəti münaqişənin
həllində iki yola üstünlük verir: silahlanmaq və Ermənistanı daima gərginlikdə
saxlamaq. Silahlanmaq Azərbaycan hakimiyyətinə ona görə lazımdır ki, Ermənistan
da bu yarışa qoşulsun, büdcəsini yeni silahların alınmasına xərcləsin ki, bu da
Ermənistandakı iqtisadi və sosial durumu daha da ağırlaşdırsın. Rəsmi Bakı
düşünür ki, sonda Ermənistan bu yarışdan yorularaq münaqişəsinin ədalətli
həllinə razılaşacaq və Dağlıq Qarabağ ətrafındakı rayonları boşaldacaq. Ancaq
bu yolun uğur qazanacağını da birmənalı söyləmək çətindir. Çünki Moskva
Ermənistanın Azərbaycan qarşısında silah yarışında məğlub olmasını istəmir və
bu məqsədlə İrəvana silah dəstəyini artırır.

Kremlin planları

Beləliklə,
rəsmi Bakı indiki vəziyyətdə danışıqların keyfiyyətinə təsir etmək iqtidarında
olmadığından bəyənmədiyi danışıqlar formatında qalmaq məcburiyyətindədir.
Bu
arada İrəvanda “Rusiya Türkiyə və İranla yanaşı Azərbaycanla sərhədimizə də qoşun
yeritsin” fikirlərinin səsləndirilməsi Azərbaycanda ciddi suallar yaradıb.
Görəsən, Moskva İrəvanın istəyi ilə Azərbaycanla sərhədi qorumağı da öz üzərinə
götürə bilərmi? Bu sual Rusiyanın Krımın rus əhalisini qorumaq bəhanəsi adı
altında yarımadaya qoşun yeritməsi günlərində daha da aktuallaşıb. Rusiya öz
ordusunu sərhəddə yerləşdirsə, Azərbaycanın cəbhə bölgəsindəki hərbi manevr
imkanları daralacaq. Bundan sonra rəsmi Bakı cəbhə bölgəsində Ermənistana
təzyiq etmək siyasətini də həyata keçirə bilməyəcək.

Rusiyanın Azərbaycan-Ermənistan sərhədini qoruması
qeyri-real ideya deyil. Rusiyanın dünənə qədər Krımı işğal etməsi də qeyri-real
görünürdü. Əgər Moskva Azərbaycanın Ermənistan üzərində hərbi üstünlüyünü
artırmasına mane ola bilməsə və cəbhə bölgəsindəki durumun Ermənistanın
əleyhinə işlədiyini müəyyənləşdirsə, Ermənistan-Azərbaycan sərhədini qorumaq
təklifini ciddi müzakirə predmetinə çevirə bilər. Azərbaycanın Gömrük
İttifaqına üzvlükdən imtinası bu prosesi bir az daha sürətləndirə bilər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4872

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031