Hakimiyyətdaxili savaşın Elnur Aslanov məqamı

25.03.2014 - 12:30

“Nurçu” adıyla aparılan “kadr islahatı”
kimlərin işinə yaradı

 

Hakimiyyət
daxilində çox mühüm bir kadr dəyişikliyi baş verdi. Elnur Aslanovun
vəzifəsindən alınması ona görə mühüm deyildi ki, Prezident Administrasiyasının
bir şöbə müdiri işdən çıxarıldı. Bu qərar ona görə əhəmiyyət daşıdı ki,
dəyişiklik təkcə bir vəzifədə baş vermədi. Dəngələrarası münasibət də dəyişmiş
oldu.Buna görə də kifayət qədər həssas olan Azərbaycan mediası Elnur Aslanovu
təkcə yola salmaq istəmədi. “Sırada kimdir” deyərək KİV-lərimiz öz
“qurbanlıqlarını” bir-birinin ardınca düzməyə başladılar. Hərənin bir siyahısı
açıqlandı. Hərə birini qaraladı. Təbii ki, burada ancaq ehtimallar yürüdülür və
hər kəs artıq ehtimal etməyə başlayıb.

 

Hakimiyyətdaxili “soyuq müharibədə” ilk atəş

 

Şübhəsiz,
qərarı verən prezident İlham Əliyevdir və seçim də onun seçimidir. Bu bir
faktdır ki, prezident qərarı ilə dünənə qədər iqtidar daxilində mövcud olan bir
gərginliyi də aradan qaldırmış oldu. Yəni atılan addım, verilən dəyişiklik
qərarı məhz buna xidmət etməli idi. Amma aydın olanı isə odur ki, əks qütb öz
qələbəsinin miqyasını daha da genişləndirə bilməsi üçün mətbuatın məlum
həssaslığını yaxşı dəyərləndirməkdədir. Yenə də siyahılar məsələsi…

Bəli,
əks qütb faktoru burada mühümdür. Elnur Aslanov dünənə qədər də hədəfdə idi.
Sadəcə olaraq öz hədəflərini doğru müəyyən edə bilmədiyindən daha böyük
qüvvənin hədəfinə çevrilməkdən yayına bilmədi.

Bundan
sonra nə baş verəcək? Artıq bu barədə müəyyən çözümlər ürətilməkdədir. Bəli,
yenə də ehtimal və xəyal istehsalı müstəvisində ciddi fəallıq müşahidə olunur.
Hərənin bir proqnozu var. Görüntüdə olanı isə hakimiyyətin böyük dəyişikliklərə
təşnə olmasıdır. Dünənə qədər əks qütb qurban vermişdi. Dünən isə bir başqa
qütb qurban verdi. Ümumi hesabda kimin qalib gəldiyi məlum olmasa da, dünəndən
bu günə olan vəziyyət Əks qütbün mövqelərinin gücləndiyini nəzərə çarpdırır.

Bununla
bağlı “Yeni Cumhuriyyət”in apardığı müşahidələr və araşdırmalar da təsdiqləyir
ki, əslində iqtidar daxilində çəki-düzən məsələsi hələ xeyli oynayacaq. Bunun
ilkin işartıları da var. Çünki Elnur Aslanovun gedişinə heç də onunla açıq
savaşa girən qüvvələr nail olmayıblar. Bu barədə danışan məlumatlı mənbə iddia
edir ki, hadisələrin fövqündə dayanan 3-cü qüvvə var və bu qüvvə hər iki cinahı
yola salma təşəbbüslərini ortaya qoyub. Artıq birinci mərhələ başa çatıb.
Sırada isə Elnur Aslanovun böyür-başı olmayacaq, indi həmlə əks cinaha
endiriləcək…

 

“Nurçularla” anlaşmanın kökləri

 

Bu arada
başqa bir məlumat da diqqət çəkir. 2013-cü ildə keçirilən prezident seçkisində
Azərbaycan hakimiyyəti nurçuların lideri, hazırda ABŞ-ın Pensilvaniya ştatında
yaşayan Fətullah Gülənin lobbiçiliyindən yararlanıb. Bu barədə redaksiyamıza
etibarlı mənbə məlumat verib. Məlumatda deyilir ki, hakimiyyətdəki
qruplaşmalardan biri Qərbin seçkidə Ilham Əliyevə dəstəyini təmin etmək üçün
Fətullah Gülənin nüfuzundan istifadə etməyi qərara alıb. Bu məqsədlə nurçuların
lideri ilə görüş keçirilib və onun lobbi xidməti göstərməsi xahiş edilib.
Fətullah Gülən bu xahişi rədd etməyib.

Beləliklə
bəlli olur ki, nurçuların dövlət aparatına sızması əslində hakimiyyətin şəxsi
maraqlarına önəm verməsindən irəli gəlib. Lakin AKP ilə “Gülən camaatı”nın
toqquşması hakimiyyəti nurçularla bağlı konkret addımlar atmağa vadar edib.
Artıq bəlli olduğu kimi nurçularla əlaqəli olduğu iddia edilən məmurlardan biri
– Elnur Aslanov Prezident Administrasiyasındakı vəzifəsindən götürülüb. Ehtimal
olunur ki, proses bununla yekunlaşmayacaq. Elnur Aslanovun komandasına daxil
olan Strateji Araşdırmalar Mərkəzinin Fərhad Məmmədov və adı nurçularla əlaqədə
olan digər hökumət təmsilçiləri “vurulacaq”.

 

“Xoruzun quyruğu” və ya KİV blokadası

 

Elnur
Aslanovun işdən çıxarılması ilə bağlı martın 17-də verdiyi sərəncamla
bağlı  daha bir şok fakt ortaya çıxıb.
Məlum olub ki, ölkənin rəsmi dövlət kanalı olan AzTV prezident İlham Əliyevin
sərəncamını verməyib. Belə ki, həmin gün ( 17 mart) bir sıra mühüm sərəncamlar
imzalayan dövlət başçısının verdiyi qərarlar televiziyanın əsas xəbər
bülletenində səsləndirilsə də, məlum sərəncamla bağlı bir cümlə belə məlumat
efirə getməyib.

Bunun hansı
səbəblə edildiyi haqda hələlik heç bir bilgi yoxdur. Ancaq müəyyən ipucuları da
var. Belə ki, dünən “Qafqazinfo” Elnur Aslanovun ən yaxın silahdaşı Orxan
Əkbərovla bağlı məlumat dərc etmişdi. Həmin məlumatı araşdırarkən məlum olmuşdu
ki, ASAİF-in həmtəsisçisi, Elnur Aslanovun əsas kadrlarından biri sayılan Orxan
Əkbərov, həm də AzTV sədri Arif Alışanovun kürəkənidir. Belə çıxır ki, nurçular
və onların ideyaları AzTV-də də hakim mövqeyə çevrilib. Əks halda ölkənin rəsmi
dövlət kanalı olan AzTV prezidentin sərəncamını hansı cəsarətlə efirə verməyə
bilərdi?

Tək bu
deyil dövlət qəzeti olan “Azərbaycan” ölkə başçısı İlham Əliyevin
Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin
müdiri Elnur Aslanovun işdən çıxarılması haqda sərəncamını dərc etməyib. Qəzetin
18 mart tarixli sayında ölkə başçısının bir gün qabaqkı bütün sərəncam və
fərmanları çap olunsa da, E.Aslanovun işdən çıxarılması haqda sərəncam onların
sırasında yoxdur. Sərəncamın qəzetin saytında yerləşdirilib-yerləşdirilməyini
dəqiqləşdirmək mümkün olmayıb. Belə ki, hazırda qəzetin saytı
(www.azerbaijan-news.az) açılmır.

Məsələ ilə
bağlı azadliq.info qəzetin baş redaktoru Bəxtiyar Sadıqovla əlaqə saxlayıb.
B.Sadıqov bildirib ki, sərəncamı dərc etməmələrinə səbəb onun redaksiyaya
göndərilməməsidir. Belə ki, baş redaktorun sözlərinə görə, qəzet rəsmi
xəbərləri AzərTAc Dövlət Agentliyindən alır, həmin sərəncamı isə agentlik
qəzetə göndərməyib.

Qəzetin
saytnın fəaliyyətinin dayanmasına gəlincə, baş redaktor deyib ki, bu saytın
üzərində aparılan texniki yenilənmə işləri ilə bağlıdır və müvəqqti xarakter
daşıyır. E.Aslanovun işdən çıxarılması haqda sərəncamı AzərTAc-ın
“Azərbaycan” qəzetinə göndərməməsinə gəlincə, qeyd edək ki, agentlik
sərəncamı martın 17-də öz saytında yerləşdirib.

Bəhanələr
çox ola bilər amma ortada olan reallıq odur ki, Elnur Aslanovun işdən azad
olunması xəbərinə laqeyd qalan media orqanları bu və ya digər şəkildə “köhnə
qvardiya”ya, konkret olaraq PA rəhbəri Ramiz Mehdiyevə bağlı qurumlardı. Məhz
bu fakta görə baş vermiş hadisədə siyasi məqamlar, hakimiyyətdaxili
ziddiyyətlərlə bağlı məqamlar axtarmağa dəyər. Həm də tək buna görə yox…

 

“Toxunulmaz” media şəbəkəsi təhlükə altında

 

Bu arada məlum olub ki, Elnur Aslanovun nəzarətində olan bütün
saytlar əlindən alınır. Məlumata görə, sabiq şöbə müdirinin kurasiyasında
olunan Azərbaycan dilli saytlar Prezident administrasiyasının ictimai-siyasi
şöbəsinin müdiri Əli Həsənovun nəzarətinə veriləcək. Keçmiş şöbə müdirinin
nəzarətində olan rusdilli  1news.az saytı
və “Baku Post” qəzeti isə Trend informasiya agentliyinin rəhbəri Ilqar
Hüseynova veriləcək. Bütövlükdə isə eks-şöbə müdirinin kurasiyasında olan bütün
mətbuat orqanlarına Əli Həsənov nəzarət edəcək.

Bu xəbərlə
paralel olaraq “1News.az” informasiya agentliyinin və “Gun.az” internet
portalının direktoru Rəhman Hacıyev rəhbərlik etdiyi media qurumlarından
kənarlaşdırılacağı barədə məlumat yayılıb. Rəhman Hacıyev yayılan məlumatlara
münasibət bildirib. O, publika.az-a açıqlamasında deyib: “Mən bu barədə
eşitməmişəm. Bu cür məlumatlardan xəbərim yoxdur. Mən heç yerə çıxarılmamışam.
Səhərdən işdəyəm, heç bir şey yoxdur. Əgər belə bir şey olsaydı, o zaman özüm
deyərdim. Mənim Strateji Araşdırmalar Mərkəzinə də heç bir aidiyyatım yoxdur və
olmayıb”.

Elnur
Aslanovun yaxın adamı kimi tanınan Rəhman Hacıyev eyni zamanda “Bakinski
raboçi” qəzetinin baş redaktorudur.

 

Elnur Aslanov və Paşayevlər

 

Prezident
Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin sabiq
müdiri Elnur Aslanov və millət vəkili Ceyhun Osmanlının nəzarətində işləyən ABŞ
Təhsilli Azərbaycan Məzunları (AAA) İctimai Birliyinə və “Azərbaycan Biznes
Keys Yarışması” layihəsinə müxtəlif şirkətlərdən on minlərlə manat pul yığılıb.
Amma bu vəsaitlərin yığılması şəffaf olsa da, hesabatları və vergisi barədə heç
bir məlumat yoxdur. Bununla bağlı yayılan məlumatlara görə, layihə aşağıdakı
biznes şirkətləri tərəfindən maliyyə dəstəyi alıb: PASHA Bank, BP,
Procter&Gamble, Zqan Holding, Statoil və Coca-Cola.

 “Biznes keys” layihəsinin akademik sponsoru
Azərbaycan Diplomatik Akademiyası, əlaqələndirici isə vitse-rektor (icraçı
prorektor) Fariz İsmayılzadədir. İddiaya görə, ianələr və qrantlardan dövlətə
ödənməli olan vergi keçirilməyib. Bundan başqa, ABŞ səfirliyinin xüsusi maraq
dairəsində olan bu təşkilatın (AAA) nurçuların dəstəyi ilə ABŞ-da böyük
təbliğatı aparılıb. “İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyev də həmin
şəbəkə vasitəsi ilə ABŞ-da təcrübə proqramı keçib.

“İrəli”
İctimai Birliyi də səfirliyin işinə yarımaq üçün çalışıb. Vaxtı ilə ABŞ
səfirliyi öz rəsmi Feysbuk səhifəsini “İrəli” təşkilatının ofisində yaradıb.
ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyininin İdarə Heyətinə Elnur
Aslanova yaxın şəxslər – Aynurə Piriyeva, Cehun Atayev və Turab Teymurov
seçilib. Bu şəxslər həm də Amerika-Azərbaycan Ticarət Palatasının (AmCham) fəal
üzvləri və işçiləridir. Yəni: Turab Teymurov – Xidmət mütəxəssisi (AmCham);
Aynurə Piriyeva – Koorparativ Sosial Məsuliyyət komitəsinin sədr müavini
(AmCham); Ceyhun Atayev – “İmpact” Jurnalının Baş redaktoru (AmCham);

Məlumat
üçün deyək ki, Amerika Azərbaycan Ticarət Palatası (AmCham) özündə 275 yerli və
beynəlxalq biznes qurumlarını birləşdirən bir strukturdur. Aynurə Piriyevanın
sədrliyi dövründə AAA təşkilatına biznes qurumlarından gələn maliyyənin miqdarı
70 500 AZN təşkil edib. ABŞ səfirliyindən gələn maliyənin ümumi məbləği isə
illik 40 000 ABŞ dollarıdır.

Xatırladaq
ki, nurçu olaraq hallanan bu şəbəkənin fəaliyyətinə ABŞ səfirliyinin xüsusi
diqqət və qayğı ilə yanaşdığını müşahidə etmək mümkündür. Tədbirlərin
keçirilməsi, ictimai və maddi dəstək baxımından ABŞ səfirliyi bu QHT-ləri heç
zaman yalnız buraxmayıb. Əlavə edək ki, ABŞ səfirliyinin qrant müsabiqələri
kifayət qədər mürəkkəb və bir neçə pilləli yoxlamalardan keçir.

“Biznes
keys” layihəsi üçün şirkətlərdən alınan və vergisi ödənməyən pulların siyahısı:

Baghlan
Group: 9 000 AZN

Azercell: 5
000 AZN

Universal
Manika: 5 000 AZN

British
Petroleum (BP): 5 000 AZN

Exxon
Mobile: 5 000 AZN

Procter
Gamble: 5 000 AZN

Garant
Holding: 5 000 AZN

SOCAR AQŞ:
7 000 AZN

Statoil: 3
000 AZN

Chevron: 3
000 AZN

Deloitte: 6
000 AZN

Eastern and
Young (EY): 3 000 AZN

Pasha Bank:
7 000 AZN

Paşa
Holding: 2 500 AZN

Bu siyahıda
sonuncu iki ünvana diqqət yetirmək kifayət edir…

 

Elçin
Əmirov

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5353

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2023
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031