Əli Kərimli Türkiyə seçkilərindən yazdı
Türkiyədə sanki hamı, hər gün meydanlardadır
Türkiyədə sanki hamı, hər gün meydanlardadır
AXCP sədri Əli Kərimli Türkiyədəki seçki kampaniyası ilə bağlı düşüncələrini “Facebook”da paylaşıb. Onun qənaətinə görə, bələdiyyə seçkiləri ilə bağlı partiyaların apardığı kampaniyada 3 əsas cəhət diqqəti cəlb edir və AXCP sədri məhz bunları Azərbaycan cəmiyyətində də görməyi arzulayır. Statusu təqdim edirik:
“Dostlar, Türkiyədəki seçki kampaniyasını izləyirsinizmi? Türk xalqının hətta bələdiyyə seçkilərinə nə qədər maraq göstərdiyinin fərqindəsinizmi? Sanki hamı hər gün meydanlardadır. Hər partiya gündə 2-3 mitinq keçirir. Mitinqlərin hamısı da bir-birindən gur, kütləvi. Türkiyə toplumunun bu seçki kampaniyasında kifayət qədər qabarıq görünən 3 cəhətinə diqqətinizi cəlb etmək istəyirəm və həmin cəhətləri bizim toplumda da görməyi çox arzulayıram.
– Cəmiyyətdəki dinamizm, enerjinin çoxluğu, insanların talelərini dəyişmək, özlərini realizə etmək üçün yorulmadan çalışması;
– Türkiyə qadınlarının ictimai-siyasi həyatda fəallığı. Baxmayaraq ki, Azərbaycan cəmiyyəti daha dünyəvidir və hətta daha təhsillidir, amma Türkiyə xanımları ictimai-siyasi həyatda daha fəaldırlar. Hansı partiyanın mitinqinə baxırsan, meydanın böyük bir hissəsini qadınların doldurduğunu görürsən. Azərbaycanda da eyni mənzərəni görməyi çox istərdim;
– Demokratiya uğrunda hər gün davam edən mübarizə. Türkiyə bizimlə müqayisədə çox demokratik dövlətdir. İndiki demokratiyasını bərqərar etməsi üçün Türkiyənin hansı çətinliklərdən keçdiyini hamımız bir az bilirik. İndiki məqama çatmaq üçün Türkiyə toplumu hərbi çevrilişlərdən keçib, 10 minlərlə insan həyatını bu yolda qurban verib, saysız-hesabsız məhrumiyyətlər yaşayıb. Amma yorulmayıb, usanmayıb. İndiyə qədər əldə etdiyi demokratik nailiyyətləri qoruyub, saxlamaq və daha da təkmilləşdirmək üçün bu xalq hər gün mübarizə aparır, hər gün meydanlardadır”.
Short URL: http://www.cumhuriyyet.net/?p=5374