"Dövlətçiliyimiz üçün əsas təhlükə İlham Əliyev rejimidir"

30.03.2014 - 13:14

Cəmil Həsənli: “Təhlükəni kənarda axtarmamalıyıq, saxta vətənpərvərliklə məşğul olmamalıyıq”
 

Cəmil Həsənli: “Təhlükəni kənarda axtarmamalıyıq, saxta vətənpərvərliklə məşğul olmamalıyıq”

 

Milli Şura Ukrayna hadisələri ilə yaranan yeni reallıqları və Azərbaycanda atılası addımları müzakirə etdi

Milli Şura ötən gün növbəti sessiyasını keçirdi. Sessiyanın işinə
Milli Şuranın sədri Cəmil Həsənli rəhbərlik edirdi. Sessiyanın
gündəliyinə ölkədə hazırkı ictimai-siyasi durum və cari məsələlər daxil
edildi. Əvvəlcə Cəmil Həsənli ötən sessiyada qəbul edilmiş qərarların
icrası barədə məlumat verdi, Milli Şuranın həyata keçirdiyi tədbirlər
haqda sessiya iştirakçılarını məlumatlandırdı.

“Hakimiyyətin aqressiyası Milli Şuranın gücü ilə bağlıdır”

Daha sonra AXCP sədri Əli Kərimli gündəlikdəki məsələlər ətrafında
çıxış etdi. Əli Kərimli Milli Şuranın Xocalı faciəsinin anımında
mütəşəkkil iştirakı və o hadisədən sonra AXCP-yə qarşı hücumlar,
cəbhəçilərin həbsi, partiyanın qərargahının partladılmasından danışdı.
Bildirdi ki, bu təzyiqlər eyni zamanda, Milli Şuranın gücünün etirafı
idi. Əli Kərimlinin sözlərinə görə, onlara qarşı aqressiyanın kökündə
məhz Milli Şuranın əsas güc mərkəzi olaraq qalması dayanır.

Azərbaycan hökuməti Krımın işğalından necə yararlanmaq istəyir?

Daha sonra Ukrayna hadisələrindən bəhs edən AXCP sədri bildirdi ki,
inqilabi proses Azərbaycan xalqına, onun mübariz kəsiminə müsbət təsir
etdi, insanlarda ruh yüksəkliyi yaratdı. AXCP sədrinin sözlərinə görə,
sonradan Rusiyanın separatizmi, Krımı Ukraynadan ayırmaq təşəbbüsləri
Azərbaycan hakimiyyətinin əlində azadlıqsevərləri qorxutmaq üçün
bəhanəyə çevrilib: “Hazırda hökumətə yaxın media Krım ətrafında baş
verənləri şişirdərək, xüsusi təbliğat qurublar ki, azadlıq istəyən bütün
xalqları Krım nümunəsilə qorxutsunlar. Mesaj verirlər ki, görün,
azadlıq istəyəndə, Qərbə inteqrasiya edəndə xalqların başına hansı
bəlalar gəlir. Belə təbliğatla Azərbaycan xalqının inkişafda olan
azadlıq mübarizəsini qorxutmaq istəyirlər. Bununla əlaqədar demək
istəyirəm ki, əvvəla, Azərbaycan xalqı gerçək müstəqillik üçün ödəməli
olduğu haqqı ödəyib. Məhz Qarabağ ona görə işğal olunub ki, Azərbaycan
xalqı gerçək müstəqillik, Qərbə inteqrasiya istəyib. Buna görə Qarabağ
və ətraf rayonların işğalı ilə biz müəyyən mənada cəzalanmışıq. Yəni,
bizim indi qorxuya düşməyimiz çox gecdir. Biz artıq itirə biləcəyimizi
itirmişik.
Indi Rusiya çalışır ki, ciddi siyasi-iqtisadi embarqo və
təzyiqlərə məruz qalmadan Krımı özünə birləşdirib, yenidən dünya
birliyinin üzvü kimi, fəaliyyətini davam etdirsin. Yəni, Qərb dövlətləri
ilə dialoq kəsilməsin, dünyadan təcrid edilməsin, Rusiyanı çökdürə
biləcək iqtisadi sanksiyalar tətbiq olunmasın. Rusiya bu cür həssas
məqamda Qərbin ciddi sanksiyalarına əsaslar yaratmaqda maraqlı deyil.
Buna görə də xalqımızı boş yerə qorxutmaq lazım deyil. Xalqımız öz
strateji seçiminə, maraqlarına uyğun olaraq, mübarizəsini davam
etdirməlidir. Biz də imkanımız daxilində bu siyasəti təbliğ etməliyik”.

 

Hökumət nəhayət, düzgün addım atdı  

Krım hadisəsində Milli Şura tərəddüdsüz və qətiyyətli mövqe nümayiş
etdirməsini müsbət dəyərləndirən Əli Kərimli “nə yaxşı ki, Azərbaycanda
əsas müxalif qüvvələr bu ölkəyə bağlı qüvvədir”, – deyə qeyd etdi.
Bildirdi ki, Milli Şuranın Ukraynanın ərazi bütövlüyünün önəmini
vurğulaması, bu ölkəni Azərbaycanın potensial strateji müttəfiqlərindən
biri kimi görməsi, hökumətdən də bu cür mövqe nümayişini israrla tələb
etməsi nəticəsiz qalmadı: “Bizim qətiyyətli mövqe ortaya qoymağımız
hökumətin də bu dəfə nəhayət, düzgün addım atmasına şərait yaratmış
oldu. Hökumət də arxayınlıqla, arxadan zərbə gözləmədən, real
müxalifətin də bu məsələdə mövqeyini bildikdən sonra nəhayət, Ukraynanın
ərazi bütövlüyü ilə bağlı mövqe ortaya qoydu və biz bunu təqdir
edirik”.

Qarabağ problemilə bağlı zəruri addımlar

Əli Kərimli onu da qeyd etdi ki, hakimiyyətin bu cür mövqe ortaya
qoyması hələ ilk addımdır və bununla hökumət işini bitmiş saymamalıdır.
AXCP sədrinin sözlərinə görə, bu addımın ardınca hökumət ciddi səy
göstərməlidir ki, bütün dünyada separatizmə qarşı güclü rəy yarandığı
bir vaxtda, Cənubi Osetiya, Dnestryanı bölgə, Krım kimi Dağlıq Qarabağın
da ərazi bütövlüyünə qəsd dünyanın nəzərinə bir daha çatdırılsın.
Hakimiyyət belə bir vaxtda beynəlxalq aləmdən ərazi bütövlüyü
məsələsində Azərbaycana dəstək qazandırmaq üçün zəruri addımlar
atmalıdır.

Hakimiyyətin məkrli planının qarşısını necə almalı?

AXCP sədri bildirdi ki, Azərbaycan eyni zamanda, dünyanın bir hissəsi
olmaq ölkədə sürətli islahatlar başlamalıdır. Dünya Ticarət Təşkilatına
üzv olmaqla, Avropa Birliyi ilə Assosiativ sazişi imzalamaqla, ölkəmizə
ciddi təhlükəsizlik çətiri yaradılmalıdır. Amma proseslərin gedişi
göstərir ki, hökumət bu fikirdə deyil. AXCP sədri bu məqamla bağlı
bədbin olduğunu söylədi: “Hakimiyyət Qərb üçün həssas məqamda onunla
səsləşən mövqe tutmasından sui-istifadə edərək,  Avropanın qaz
təminatında, Əfqanıstan məsələsində tranzit rol oynayıb, ölkədə
islahatların önünü kəsmək, avtoritarizmi möhkəmləndirməklə Qərbin
susmasını təmin etməyə çalışacaq. Amma hakimiyyətin bu məqsədinə nail
olmaması müxalifətdən, Milli Şuradan çox asılıdır. Milli Şura
toparlanmalı, meydanlara çıxaraq dünyaya demokratikləşmə, Avropaya
inteqrasiya üçün mübarizə aparan insanların mövcudluğunu nümayiş
etdirməlidir. Qərb ictimaiyyətinə və siyasətçilərinə rahatlıqla
Azərbaycanın problemlərinə göz yummağa imkan verilməməlidir. Azərbaycana
səfər edən mötəbər siyasətçilərə, diplomatlara, eləcə də Avropa
Şurasına, Avropa Birliyinə Milli Şura və ayrı-ayrı vətəndaş cəmiyyəti
qurumları adından ölkənin real problemləri müraciət formasında yazılı
şəkildə çatdırılmalıdır”.
AXCP sədri Avropa Şurası Parlament
Assambleyasının Azərbaycan üzrə həmməruzəçilərinin dəyişdirilməsi, eləcə
də ölkəmizdə siyasi məhbuslar üzrə yenidən məruzəçi təyin olunması üçün
kampaniyaya başlamağı vacib saydı.

Milli Şuranın beynəlxalq təşkilatlarla seçki danışıqları

Əli Kərimli Azərbaycanda bu il keçiriləcək bələdiyyə seçkilərinə də
toxundu. Bildirdi ki, Milli Şura bu seçki ilə bağlı qeyri-müəyyən
vəziyyətdədir. Hakimiyyət də seçkilərlə bağlı heç bir addım atmır. Seçki
komissiyaları hələ də hökumətin tam nəzarətindədir, qanunvericilik
bərbad haldadır. Həm komissiyaların, həm də qanunvericiliyin dəyişməsinə
ciddi ehtiyac var. AXCP sədri təklif etdi ki, Milli Şura komissiya
yaradaraq, Avropa Şurası və ATƏT-in əlaqədar qurumlarıyla danışıqlara
başlasın, onlardan seçki islahatlarına nail olmaq üçün səyləri artırmaq
tələb olunsun.

Sosial problemlərlə bağlı aksiyalar

Əli Kərimli çıxışında ölkədəki sosial problemlərə də toxundu,
xüsusən, Qarabağ əlillərinin ağır durumundan bəhs etdi. Bildirdi ki,
hakimiyyət mənasız layihələrə milyonlarla vəsait xərcləyir, amma öz
canını vətən yolunda fəda etmiş şəxslərin sağlamlığına, dolanışığına
diqqət yetirmir. AXCP sədri təklif etdi ki, sosial məsələlərlə bağlı
lokal aksiyalar keçirilsin.

Seçkidə iştirak vacibdir, amma…

Daha sonra Milli Şura üzvləri Bəybala Əbil, Sülhəddin Əkbər, Fuad
Qəhrəmanlı, Şahvələd Çobanoğlu, Gültəkin Hacıbəyli gündəliyə daxil olan
mövzular ətrafında çıxış etdi. Çıxışlarda əsasən Ukrayna hadisələrinə
toxunuldu, Rusiyanın Krımı işğalı pislənildi. Həmçinin bələdiyyə
seçkilərinə də münasibət bildirildi, əksər çıxışçılar seçkidə iştirakın
tərəfdarı oldu. Bununla belə, o da vurğulandı ki, seçki qanunvericiliyi
dəyişdirilmədən bu yarışdan real nəticə gözləmək yersizdir.

“Yaranan imkandan istifadə olunmalıdır”

Sessiya Milli Şura sədri Cəmil Həsənlinin ümumiləşdirici çıxışı ilə
yekunlaşdı. Cəmil Həsənli də əvvəlcə qarşıdan gələn bələdiyyə
seçkilərinə toxundu. Bildirdi ki, seçkidə iştirakın lehinə də, əleyhinə
də çoxlu arqumentlər var: “Amma seçki xalqla işləməyə əlavə imkan
verdiyindən onu dəyərləndirmək lazımdır. Bu seçki Azərbaycan
hakimiyyətinin seçki islahatlarına imkan yaradacaqsa, bundan istifadə
olunmalıdır”.

Milli Şuranın başlıca vəzifəsi

Krım hadisələri ilə əlaqədar hakimiyyətin yaratdığı ajiotaja Cəmil
Həsənlidən sərt təpki gəldi: “Hakimiyyətin nəzarətində olan mətbuat
orqanlarında qorxunc bir mənzərə yaradılır ki, Rusiya müharibə etməyə
gəlir, sərhədlərdə səngərlər qazın və s. Bunlar mənasız söhbətlərdir,
Azərbaycan hakimiyyətindəki gerizəkalı adamların yaratdığı psixozdu.
Azərbaycan xalqı, dövləti üçün təhlükə varmı? Əlbəttə var. Bu, ilk
növbədə Ilham Əliyev rejimidir – hakimiyyəti mənimsəmiş, Azərbaycanın
demokratik inkişafının qarşısını alan, ölkəni korrupsiya bataqlığına
çevirən, monopolist rejim quran, natəmiz adamlaran ibarət dəstə ilə
ölkəni idarə edən hökumət! Hakimiyyətin mənimsənilməsindən ağır cinayət
yoxdur. Ona görə də biz təhlükəni kənarda axtarmamalıyıq, saxta
vətənpərvərliklə məşğul olmamalıyıq. Hesab edirəm ki, Milli Şuranın
başlıca vəzifəsi bu anti-milli, anti-konstitusion, hakimiyyəti
mənimsəmiş bu qaragüruhu tarixin arxivinə göndərməkdən ibarətdir. Bundan
sonrakı fəaliyyətimiz də bötüvlükdə bu istiqamətdə getməlidir”.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5481

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930