"Hakimyyətdən kimin "nurçular"la əlaqədə olduğu məlumdur"
“Daha çox hay-küyü də hakimiyyətdə “nurçular”la əlaqəsi olanlar salır”

Mehman Əliyev: “Türkiyə Azərbaycanla birgə Rusiyaya qarşı müəyyən addımlar atmağı düşünür”
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərinin Azərbaycanın yerləşdiyi regionda ciddi proseslərin getdiyi bir dönəmə təsadüf etməsi maraq doğurur. Eyni zamanda baş naziri energetika və müdafiə nazirinin müşayiət etməsi səfərin əsas səbəblərinə aydınlıq gətirən faktordur. Səfər zamanı hər iki tərəfin verdiyi bəyanatlarla bağlı da müxtəlif suallar yaranıb. Müsahibimiz “Turan” Informasiya Agentliyinin direktoru, Milli Şuranın üzvü Mehman Əliyevlə söhbətimizə öncə Ərdoğanın səfərini qiymətləndirməklə başladıq. Fürsətdən istifadə edərək M.Əliyeva gündəmdə olan digər sualları da ünvanladıq.
– Öncə onu qeyd etmək lazımdır ki, əvvəlcədən belə bir səfərin olması barədə rəsmi mənbələrdən informasiya verilməmişdi. Bu isə onu göstərir ki, səfərin reallaşmasına qəflətən qərar verilib. Bu da Azərbaycanın yerləşdiyi regionda mövcud olan vəziyyətlə bağlıdır. Səfər zamanı və Ərdoğanın bəyanatlarında dəfələrlə təhlükəsizlik məsələləri qabardılmışdı. O da nəzərə alınmalıdır ki, Ərdoğandan öncə Türkiyə baş qərargah rəisi Bakıya səfər etmişdi. Bu isə o deməkdir ki, regional təhlükəsizlik məsələsi iki ölkə arasında gündəmdə olan mövzudur. Bu regional təhlükəsizlik də Xəzər dənizi və Qara dənizi əhatə edir. Eyni zamanda Ukraynada baş verənlər, bu dövlətin Rusiya ilə bağlı yaşadıqları da Ərdoğanın Azərbaycana səfərini zəruri edirdi. Sadəcə olaraq səfərin indi baş verməsinin bir neçə səbəbi var. Buna səbəb Türkiyədə keçirilən bələdiyyə seçkiləri idi. Ərdoğan rəqibləri ilə çətin mübarizədə idi. Yalnız seçkilər bitəndən və Türkiyədə seçkinin qalibi bəlli olduqdan sonra Bakıya səfər etmək mümkün olub. Əlbəttə ki, burada birinci növbədə müzakirə predmeti Krım presedenti ilə bağlı Azərbaycan üçün mümkün fəsadlar olub. O cümlədən Qarabağ problemi, onun hazırkı durumdan çıxış edərək həlli yollarına da toxunulub. Təhlükəsizlik məsələlərində bu məqamlar bir-birinə bağlıdır.
“Yeni hərbi sazişə lüzum yoxdur”
– Səfərdən öncə Azərbaycanla Türkiyə arasında hərbi sazişin imzalanmasının nəzərdə tutulduğuna dair məlumatlar gedirdi. Elə Türkiyənin müdafiə nazirinin də Bakıya bu məqsədlə gəldiyi deyilirdi. Amma belə bir saziş imzalanmadı. Bunun səbəbi nədir?
– Belə qısamüddətli, əvvəlcədən hazırlanmamış səfərlərdə bir qayda olaraq bu cür müqavilələr imzalanmır. Onu da nəzərə almaq lazımdır ki, səfərin proqramı barədə hətta doğru-dürüst məlumat yox idi. Ona görə ciddi müqavilələrin hazırlanması xeyli vaxt tələb etdiyindən bu baş vermədi. Amma onu da nəzərə almaq lazımdır ki, Türkiyə ilə Azərbaycan arasında hərbi və təhlükəsizlik məsələləri üzrə sazişlər var. Bu sazişlərdə Azərbaycana hərbi və digər yardımların göstərilməsi nəzərdə tutulub. Hətta bu istiqamətdə bir sıra məxfi sazişlərin də olduğu deyilir. Ona görə Azərbaycana qarşı xaricdən bir təhlükə olsa, bu saziş işə salına bilər. Ona görə düşünmürəm ki, Türkiyə ilə Azərbaycan arasında yeni bir sazişin imzalanmasına ehtiyac yoxdur.
– Ərdoğanın Türkiyədə “nurçular”a qarşı apardığı mübarizə müəyyən dərəcədə Azərbaycana da sirayət edib. Nə baş verir? Ərdoğan Ilham Əliyevdən “nurçular”la bağlı bir sıra addımlar atılmasını istəyib?
– Əlbəttə ki, “nurçular” məsələsi Ərdoğanla Əliyevin görüşündə müzakirə oluna bilər. Çünki bundan əvvəl də bu məsələ qaldırılmışdı və baş verənlərdən dərhal sonra Elnur Aslanov vəzifəsindən çıxarılmışdı. Düzdür, daha sonra o, Rabitə Nazirliyinə şöbə müdiri təyin olundu. Amma baş verənlər əslində onu göstərir ki, problem hələlik o qədər dərin deyil. Sadəcə olaraq bəzi məsələlərlə bağlı narahatlıq dilə gətirilib. Əslində tərəflərə hər şey aydındır. Əsas problem Rusiyanın regionda son hərəkətləri və Azərbaycana qarşı təhdidləridir. Azərbaycanın və Türkiyənin Rusiya ilə sıx əlaqələri var. Görünür, Türkiyə Azərbaycanla birgə müəyyən fikir mübadiləsi apararaq Rusiya istiqamətində müəyyən addımlar atmağı düşünür. Yəni Rusiya ilə bağlı eyni mövqedən çıxış razılaşdırılmalıdır. Ona görə də ikitərəfli fikir mübadiləsinə ehtiyac var idi.
“Nurçular”la əlaqələrdən hakimiyyət bəhrələnib”
– Hakimiyyətin daxilindəki müəyyən qruplaşmaların bir müddət əvvəl “nurçular”a qarşı başlatdığı kampaniya hazırda da davam edir. Bu nəyin təzahürüdür? Burada hansı məqsəd güdülür?
– Hakimiyyətin böyük hissəsinin “nurçular”la münasibətləri olub. Bir çox məmurların, nazirlərin onlarla əlaqəsi barədə müxtəlif məlumatlar var. Ümumiyyətlə, hakimiyyətin “nurçular”la əlaqəsi kifayət qədər işçi münasibətləri səviyyəsində olub. Tərəflər bu münasibətlərdən bəhrələnib. Hakimiyyət xarici siyasətində “nurçular”ın imkanlarından yetərincə yararlanıb. Ona görə də burada tərəflər arasında elə bir ciddi problemin olduğunu düşünmürəm. Digər tərəfdən, Türkiyə də bilir ki, Azərbaycan hakimiyyətinin “nurçular”la münasibətləri hansı səviyyədədir. Əslində Türkiyənin özündə də bu təşkilat qadağan olunmayıb. Həmin təşkilatın dövlətlə münasibətləri var. Bu təşkilatın dövlətçilik baxımından öz münasibəti var və biz bunu görürük.
– Azərbaycan hakimiyyəti daxilində “nurçular”a qarşı sona qədər mübarizə aparıla bilərmi?
– “Nurçular”ın konkret maraqlarının nədən ibarət olduğunu və hansı təhlükə yaratdığını deyə bilmərəm. Hər bir dövlətin maraqları var. Azərbaycanda marağı olan dövlətlər çoxdur. Burada Qərbin və Azərbaycanın qonşuları olan iri dövlətlərin adını çəkmək olar. Azərbaycanda maraqları olan dövlətlər öz istəklərini təmin etmək istəyirlər. Qonşu Iranın Azərbaycanda dini istiqamətdə fəaliyyəti hiss olunur. Amma hər şeyə Azərbaycanın dövlətçilik maraqları çərçivəsində baxmaq lazımdır. Dövlət maraqları maksimal dərəcədə qorunmalıdır. Əgər xarici dövlətlə bağlı təşkilat da Azərbaycanda fəaliyyət göstərirsə, ilk növbədə Azərbaycanın mənafeyi güdülməli və o hər şeydən üstün tutulmalıdır. Əgər bu fəaliyyət Türkiyədə reallaşdırılırsa, o zaman Türkiyənin dövlətçilik maraqları nəzərə alınmalıdır.
– Ərdoğanla Əliyevin iyulda daha bir görüşü nəzərdə tutulub. Ekspertlər belə hesab edir ki, bu görüş bir hesabat xarakterli olacaq. Yəni son görüşdə müzakirə olunan məsələlərlə bağlı hansı işlərin görüldüyü bir daha nəzərdən keçiriləcək…
– Nəzərə almaq lazımdır ki, Türkiyə ilə Azərbaycan arasında razılaşmaya görə rəhbərlər arasında vaxtaşırı zirvə toplantısı keçirilir. Artıq belə toplantılardan 3-ü arxada qalıb. Yəni ola bilsin ki, bu, növbəti zirvə görüşü ola bilər. Istisna deyil ki, bu görüşə hazırlıq məqsədilə hazırda bəzi müzakirələr aparılıb. Bu görüşdə hansı müqavilələrin imzalanacağı tərəflər arasında razılaşdırılmalıdır. O da nəzərə alınmalıdır ki, Ərdoğan prezident seçkilərinə gedir və onun qələbəsi realdır.
“Ərdoğan prezident seçkisində uğurunu təkrarlayacaq”
– Amma bir çox ekspertlər hesab edir ki, Ərdoğan bələdiyyədəki uğurunu prezident seçkisində təkrarlamaya da bilər. Çünki prezident seçkiləri tam başqa situasiya yaratmış olacaq…
– Mən fərqli düşünürəm. AKP əsas şəhərlərdə üstünlüyü ələ keçirib. Lakin o da nəzərə alınmalıdır ki, Ərdoğana əsas iki partiya rəqibdir. Onlar seçkidə bir araya gəlib vahid mövqedən çıxış edərsə, bəlkə də nəticə əldə etmək olar. Amma həmin siyasi güclərin bir araya gəlməsi az inandırıcıdır. Ona görə Ərdoğan birinci turda olmasa da, ikinci turda uğur əldə edəcək. Seçkidən əvvəl Ərdoğana qarşı güclü hücumlar var idi. Amma bu hücumlara rəğmən Ərdoğanın qalib gəlməsi onu daha da gücləndirəcək. Ərdoğan hazırda çoxşaxəli siyasət yürüdür. Cəmiyyətin güclü təbəqələri Ərdoğanı dəstəkləyir.
– Seçkiöncəsi Türkiyə ilə ABŞ arasında münasibətlərdə soyuqluq müşahidə olunurdu. Buna səbəb Ərdoğanın ABŞ-dan Fətullah Gülənlə bağlı istəkdə bulunmasına rəğmən “yox” cavabını alması oldu. Münasibətlərin hazırkı səviyyəsi Ərdoğana seçki ərəfəsində necə təsir edə bilər?
– Deməzdim ki, ciddi təsir edəcək. Məsələn, Israilin Türkiyənin donanmasına hücumu daha sonra Təl-Əvivin Ankaradan üzr istəməsiylə nəticələndi. Bu məsələ Ərdoğanın maraqlarına uyğun oldu. Bunu isə o cür qiymətləndirmək olar ki, Israil Ərdoğanın qalib olmasında maraqlı idi. ABŞ da Türkiyədə Ərdoğanın aparıcı mövqedə olmasında maraqlıdır.
– Rusların belə bir atalar sözü var: “Oğrunun başında papaq yanır”. Hakimiyyətin daxilində aparılan bu təbliğatın da məqsədi var. Səbəb odur ki, “nurçular”ın Azərbaycanda hansı strukturları maliyyələşdirdiyi ilə bağlı siyahılarda kampaniyanı aparan şəxslərə məxsus qurumların adı var. Ona görə bu şəxslər daha çox hay-küy salırlar. Hakim ailədən kimin “nurçular”la əlaqədə olduğu gözəl məlumdur.
– Ərdoğanla Əliyevin görüşdən sonra keçirdikləri mətbuat konfransında Ictimai Televiziyanın əməkdaşı Türkiyənin baş nazirinə “nurçular”la bağlı sual verdi. Azərbaycan kimi dövlətlərdə belə bir sualın verilməsi jurnalistin öz təşəbbüsü olmur…
– Hakimiyyətdə qrupdaxxili çəkişmə var və bir qrup digərinə qarşı hazırkı gündəmdən istifadə edir. Burada da məqsəd qarşı tərəfə zərbə endirməkdir.
– Bir müddət əvvəl ARDNŞ-in rəhbəri Rövnəq Abdullayevin media struktur yaratdığı barədə məlumat yayıldı. Özü də bu təşəbbüs məhz hakimiyyət daxilindəki mübarizənin fonunda yarandı. Belə bir addım atılmasına səbəb nə idi?
– Bəli, belə struktur yaradılır. Amma əlbəttə ki, hakimiyyət daxilində buna müəyyən qısqanclıq var. Hazırkı vəziyyətdə qışqırıq salanlar daha çox muzdlu jurnalistika ilə məşğul olanlardır. Həmin jurnalistlər vaxtilə bu yolu keçiblər. Hazırda isə kiminsə eyni yolu getdiyini görəndə narahat olurlar. Çünki onlara ciddi bir rəqib gəlir. Elə ola bilər ki, yeni gələnlər əvvəlkilərdən daha yaxşı işləyə bilər. Bu şəxslərə elə gəlir ki, yalnız onlar satıla bilər. Amma başqaları bu yolu gedə bilməz. Bir vaxtlar reklam bazarı ilə bağlı eyni durum yaşanırdı. Yeni saytlar yarananda hakimiyyətin nəzarətində olan media strukturları, agentliklər saytların yaradılmasına qarşı çıxdılar. Bəyan etdilər ki, bazarda reklam azdır, hamıya çatmayacaq. Amma bu şəxslər nəzərə almır ki, onlar özü də bazara girəndə qeyri-şəffaf yol ilə daxil olmuşdular. Baş verənlər hakimiyyətdaxili qarşıdurmanın təzahürüdür. Çünki bu tip KIV-lər bir neçə məqsədlə yaradılır. Birinci məqsəd rəqiblərinə qarşı kompromat müharibəsinin aparılması, onlar barəsində məlumatın toplanılması. Ikinci məqsəd seçki kampaniyası zamanı komandanın ümumi maraqlarına xidmət edərək təbliğat aparmaqdır. Ona görə də yeni yaranan KIV-lə bağlı hakimiyyət daxilində oxşar strukturlara sahib olanlar narahat olurlar.
“Diplomatların görüşü bir şantajdır”
– Lavrovla Məmmədyarovun Moskvadakı sonuncu görüşü barədə mətbuata elə bir məlumat verilmədi. Bu görüş nə məqsəd daşıyırdı? Nəyə görə mətbuata məlumat verilmədi?
– Bu, Rusiyanın Azərbaycanı şantaj etməsidir. Rusiyanın hazırda durumu çox ağırdır. Hətta Rusiya Azərbaycanın ölkə iqtisadiyyatına sərmayə qoymasında belə maraqlıdır. Çünki Rusiyanın iqtisadi durumu hər ötən gün ağırlaşır. Ermənistanın Rusiyaya elə bir dəstək göstərmək imkanı yoxdur. Ona görə Azərbaycanla bağlı müəyyən manevrlər edilir.
– Azərbaycan-Rusiya münasibətlərinin gələcəyini necə dəyərləndirmək olar? Hazırkı gərginlik, rus politoloqlarının, siyasilərinin Azərbaycana təzyiq dolu bəyanatları nə vəd edir?
– Rusiyanın Azərbaycandan investisiya tələb etməsi hiss olunur. Dağıstanda Azərbaycanın müəyyən humanitar aksiyalar keçirməsi, müəyyən proyektləri maliyyələşdirməsi bunu sübut edir. Rusiya üçün bu gün əsas məsələ Azərbaycanın maliyyə imkanlarını cəlb etməkdir. Münasibətlər sırf praqmatikdir və yaxın zamanlarda bu belə də davam edəcək. Duqin və Jirinovski kimi adamlar isə Kremlin sadəcə qara niyyətlərini açıqlayırlar. Onlar heç nə həll etmirlər. Bu şəxslər müəyyən mesajlar çatdırmaq məqsədi daşıyır.
Short URL: http://www.cumhuriyyet.net/?p=5687