Azərbaycan üçün təhlükə hardandır?

09.04.2014 - 00:10

Hazırkı təhlükə
Rusiya deyil, daxili idarəetmədir, mövcud hakimiyyətdir

Hazırkı təhlükə
Rusiya deyil, daxili idarəetmədir, mövcud hakimiyyətdir


 

Rusiyanın Krımı işğal etməsindən
sonra Azərbaycanda xeyli saxta vətənpərvərlər və qorxaqlar baş qaldırıb. Onlar
iddia edirlər ki, biz özümüzü yaxşı aparmasaq guya şimal qonşumuz bizim də ölkəyə
hücum edə bilər. Əslində bu saxta vətənpərvərlik vay- şivəninin arxasında hökümətin
bəlli siyasəti dayanır və bu iki məqsədə xidmət edir.


 

Gözü
çıxan qardaşdan ibrət dərsi…


 

Krımın işğal olunması faktından təşəbbüsü
ələ alıb Qarabağın da eyni ölkənin dəstəyi ilə eyni məqsəd və separatçılıqla
işğal olunduğunu  dünya ictimaiyyətinə
çatdırmaq əvəzinə İlham Əliyev höküməti özünəməxsus susqunluq və qorxaqlıq
nümayiş etdirir. Əksinə, qeyri- rəsmi kanallarla ölkə ictimaiyyətinə mesaj
verir ki, bax görürsünüzmü demokratiya, Qərbə inteqrasiya etmək istəyən Ukrayna
hansı itkilərlə üzləşir. Ona görə də bizim kimi ölkələrə demokratiya, azadlıq,
inteqrasiya deyil, Rusiya ilə balanslaşdırma siyasəti lazımdır. Necə deyərlər
gözü çıxan qardaşdan ibrət dərsi götürmək lazımdır. Bu barədə
AXCP sədri Əli Kərimli də maraqlı
fikirlər səsləndirib:
“Hazırda hökumətə yaxın media Krım ətrafında baş verənləri şişirdərək,
xüsusi təbliğat qurublar ki, azadlıq istəyən bütün xalqları Krım nümunəsilə
qorxutsunlar. Mesaj verirlər ki, görün, azadlıq istəyəndə, Qərbə inteqrasiya edəndə
xalqların başına hansı bəlalar gəlir. Belə təbliğatla Azərbaycan xalqının
inkişafda olan azadlıq mübarizəsini qorxutmaq istəyirlər. Bununla əlaqədar demək
istəyirəm ki, əvvəla, Azərbaycan xalqı gerçək müstəqillik üçün ödəməli olduğu
haqqı ödəyib. Məhz Qarabağ ona görə işğal olunub ki, Azərbaycan xalqı gerçək
müstəqillik, Qərbə inteqrasiya istəyib. Buna görə Qarabağ və ətraf rayonların
işğalı ilə biz müəyyən mənada cəzalanmışıq. Yəni, bizim indi qorxuya düşməyimiz
çox gecdir. Biz artıq itirə biləcəyimizi itirmişik”.


 

Azadlığın bədəli…

Və ya Rusiya Azərbaycanda
Krım problem yarada bilərmi?


 

Yuxarıdakı fikirdə də qeyd olunduğu kimi Azərbaycan
Rusiyanın separatçılığına 25 il öncə məruz qalıb. Biz azadlıq əldə etməyimizin
bədəlini Qarabağı itirməklə şimal qonşumuza ödəmişik. Daha hansısa ölkəyə ödəcəyimiz
əlavə bədəlimiz yoxdur. Əksinə iqtisadi və siyasi cəhətdən güclənib işğal
olunmuş torpaqlarımızı azad etmək kimi tarixi missiyamız və vəzifəmiz var. Bu
missiyanın yerinə yetirilməsi isə separatçılara deyil, dünyanın demokratik düzəninə,
Avropa Birliyinə, NATO- ya inteqrasiyadan, demokratik dəyərlərə sahib çıxmaqdan
keçir.
Rusiyanın
isə Azərbaycanda ikinci krım problem yaratması isə real deyil. Səbəbi ilə bağlı
yuxarıda qeyd etdik. Digər tərəfdən Azərbaycanda və Rusiyanın özündən ölkəmizə
qarşı bu problem yaradacaq zəmin, situasiya və əsas yoxdur. Üçüncü tərəfdən çox
millətli ölkələrin subyektindən ibarət olan Rusiyanın özünün parçalanması,
federallaşması üçün xeyli əsaslar var. Dördüncüsü dünya birliyinin seprataçı hərəkətləri
ilə bağlı şimal qonşumuza qarşı böyük təpkilər var və yaxınlarda ciddi
sanksiyaların olacağı qaçılmazdır. Bu ehtimallarla da bağlı AXCP sədrinin fikirləri maraqlıdır: “Indi Rusiya çalışır ki, ciddi
siyasi-iqtisadi embarqo və təzyiqlərə məruz qalmadan Krımı özünə birləşdirib,
yenidən dünya birliyinin üzvü kimi, fəaliyyətini davam etdirsin. Yəni, Qərb
dövlətləri ilə dialoq kəsilməsin, dünyadan təcrid edilməsin, Rusiyanı çökdürə
biləcək iqtisadi sanksiyalar tətbiq olunmasın. Rusiya bu cür həssas məqamda Qərbin
ciddi sanksiyalarına əsaslar yaratmaqda maraqlı deyil. Buna görə də xalqımızı
boş yerə qorxutmaq lazım deyil. Xalqımız öz strateji seçiminə, maraqlarına
uyğun olaraq, mübarizəsini davam etdirməlidir. Biz də imkanımız daxilində bu
siyasəti təbliğ etməliyik”.


 

Saxta vətənpərvərliyin ikinci məqsədi
– Rusiya qorxusu, yoxsa diqqəti yayındırmaq


 

Yazının əvvəlində qeyd etdiyimiz kimi Krımın işğalından sonra ölkədə
anoloji hadisənin Azərbaycanda reallaşması ilə bağlı “Amandır, qoymayın Rusiya
gəldi” kimi saxta vətənpərvərlik şousu başlayıb. Bu şounun bir məqsədi barədə
qeydlər etdik və göstərdik ki, hakimiyyət yerli və ətraf publikanın Ukraynanın
timsalında demokratiya və Avropaya inteqrasiya ilə qorxutmaq istəyir. Şounun
ikinci məqsədi ölkədəki narazılıq dalğasının istiqamətini dəyişmək, bir növ
“ildırım ötürən” rolunu oynamaqdır. Ölkədə vəziyyətin, sosial durumun nə qədər
kritik olduğu hər kəsə aydındır. Mövsümü olaraq indiki kritiklik daha dözülməz
və çətindir. Qışdan çıxmaq ərəfəsində olan insanlar işsizlik, ümidsizlik
girdabında boğulur. Belə olan vəziyyətdə hökümət diqqəti Rusiya işğalına yönəltməklə
bir növ ac, işsiz insanlara mesaj verir ki, işğaldan, müharibədən, ölümdənsə
bir müddət ac qalmaq yaxşıdır. 


 

Təhlükə mənbəyi – korrupsioner
Əliyev rejimi…


 

Sual oluna bilər: əgər Rusiyadan təhlükə yoxdursa bəs Azərbaycana olan təhlükə
hardandır?  Digər tərəfdən ölkəyə
Rusiyanın açıq təhlükəsi olmasa da belə axı ölk vətəndaşlarının güzəranı bərbad
durumdadır. Böyük neft gəlirləri əldə etməsinə baxmayaraq ölkəni işsizlik,
aclıq, səfalət bürüyüb. Haqsızlıq, dərəbəylik, özbaşınalıq, korrupsiya, məmur
harınlığı ölkəni başına götürüb. Atəşkəs olmasına baxmayaraq hər gün ölkədə
müxtəlif səbəblərdən onlarla insan ölür; ya döyüş bölgəsində öldürülür, ya hərbi
hissədə, ya da özünə qəsd edir. Bəs bütün bunlar təhlükə deyilmi? Deməli Azərbaycan
üçün hazırkı təhlükə Rusiya deyil, daxili idarəetmədir, ölkəiçi mövcud vəziyyətdir.
Bir az da dəqiqləşdirsək mövcud hakimiyyətdir, 20 ildir hakimiyyəti zəbt etmiş
xalqa qənim kəsilmiş Əliyev rejimidir. İnsanların ac- susuz, ümidsiz, səfalət
içində yaşamasına səbəb bu hakimiyyətdir. Hakimiyyətin yeritdiyi yarıtmaz,
xalqa zidd siyasətdir. Dünyanın demokratik düzənindən ölkəmizi təcrid etməyə
yönəlmiş bu siyasət hər an ölkəmiz üçün, onun müstəqilliyi üçün təhlükə mənbəyidir.

Azərbaycan insanına və müstəqilliyimizə olan təhlükə ilə
bağlı Milli Şuranın sədri, professor Cəmil
Həsənli də fikirlərini bu konteksdə qurub:
“Hakimiyyətin nəzarətində olan mətbuat orqanlarında qorxunc bir mənzərə
yaradılır ki, Rusiya müharibə etməyə gəlir, sərhədlərdə səngərlər qazın və s.
Bunlar mənasız söhbətlərdir, Azərbaycan hakimiyyətindəki gerizəkalı adamların
yaratdığı psixozdu. Azərbaycan xalqı, dövləti üçün təhlükə varmı? Əlbəttə var.
Bu, ilk növbədə İlham Əliyev rejimidir – hakimiyyəti mənimsəmiş, Azərbaycanın
demokratik inkişafının qarşısını alan, ölkəni korrupsiya bataqlığına çevirən,
monopolist rejim quran, natəmiz adamlardan ibarət dəstə ilə ölkəni idarə edən
hökumət! Hakimiyyətin mənimsənilməsindən ağır cinayət yoxdur. Ona görə də biz təhlükəni
kənarda axtarmamalıyıq, saxta vətənpərvərliklə məşğul olmamalıyıq. Hesab edirəm
ki, Milli Şuranın başlıca vəzifəsi bu anti-milli, anti-konstitusion, hakimiyyəti
mənimsəmiş bu qaragüruhu tarixin arxivinə göndərməkdən ibarətdir. Bundan
sonrakı fəaliyyətimiz də bötüvlükdə bu istiqamətdə getməlidir”.

Təhlükədən
qurtulma yolu…


 

Tibb elmində qızıl bir qayda var:
düzgün diaqnoz xəstəliyin 50% müalicəsi deməkdir. Azərbaycan xalqı onun
bağrında yara olan xəstəliyin adını, diaqnozunu çoxdan bilir. Bu yaranın,
xəstəliyin adı Əliyev rejimidir. Məhz Əliyev rejimi 20 ildir ki, qara yara kimi
Azərbaycan xalqının bağrında peyda olub, ona zülm, əzab verir.  Artıq xalq ona əziyyət verən xəstəliyin
düzgün diaqnozunu bilir. Deməli xəstəliklə müalicə işinin yarısı görülüb. Qalan
yarı işi görmək, bu yaranı kəsib atmaq lazımdır. Bu yaranı kəsib atmaq həm də
xəstəlikdən qurtulmaq deməkdir.

Heç kim xəstə olmaq istəməz. Elə
isə nəyi gözləyirik?

Allah şəfa versin və keçmiş olsun!


 

Kürşad
KAYA

Short URL: http://www.cumhuriyyet.net/?p=5769

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930