İlham Əliyevin Naxçıvan ittihamlarına cavab verildi
Sülhəddin Əkbər: “Cəbhəçilər Naxçıvanda
bayraq qaldıranda, Heydər Əliyev heç o zaman Naxçıvana gəlməmişdi”
Dövlət başçısı İlham Əliyev Naxçıvana səfəri zamanı bir sıra
maraqlı açıqlamalar verib. Ənənəvi olaraq Əliyev hakimiyyəti ilə Elçibəy
iqtidarını birincinin xeyrinə müqayisə edən dövlət başçısı tarixə özünə məxsus
formada “ekskurs” edib. İ.Əliyev bildirib ki, Azərbaycanın dövlət bayrağını
Naxçıvanda ilk dəfə məhz H.Əliyev qaldırıb. İ.Əliyevin daha bir ittihamı isə
Elçibəy hakimiyyətinin Naxçıvana ögey münasibət bəsləməsiylə bağlıdır : “Məhz
1990-cı illərin əvvəllərində Naxçıvanın taleyi həll edilirdi. Əgər o illərdə
Heydər Əliyev Naxçıvanda olmasaydı, Naxçıvanın taleyi çox ağır ola bilərdi. O
vaxtkı Azərbaycan rəhbərliyi də Naxçıvana ögey münasibət bəsləyirdi, heç bir
yardım etmirdi, əksinə, Naxçıvanda sabitliyi pozmaq və vəziyyəti
gərginləşdirmək üçün çox çirkin əməllər edirdi… Naxçıvan Muxtar Respublikası
Naxçıvan Sovet Sosialist Muxtar Respublikası adlandırılırdı. O vaxt Naxçıvanın
adı dəyişdirildi. “Sovet sosialist” sözləri muxtar respublikanın adından
çıxarıldı. Naxçıvanda ilk dəfə olaraq 1990-cı illərdə Azərbaycan Xalq
Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi qəbul edildi”.
İ.Əliyevin söylədiklərinin nə dərəcədə həqiqətə uyğun
olduğunu müəyyənləşdirmək üçün Elçibəy hökumətində təmsil olunmuş, əslən
Naxçıvandan olan Azad Demokratlar Partiyası (AzDP) Təşkilat Komitəsinin sədri
Sülhəddin Əkbərin münasibətini öyrəndik. S.Əkbər vurğuladı ki, 90-cı illərdən o
qədər də uzun müddət keçməyib ki, həmin hadisələri asanlıqla təhrif etmək
mümkün olsun. Müstəqillik uğrunda hərəkatın şahidlərinin həyatda olduğunu deyən
S.Əkbər bildirdi ki, Naxçıvanda Azərbaycanın dövlət bayrağını ilk dəfə AXC
üzvləri qaldırıb: “Ola bilsin ki, dövlət başçısı dövlət bayrağının Naxçıvan Ali
Məclisi tərəfindən rəsmi şəkildə qəbulunu nəzərdə tutur. Amma Azərbaycanın
hazırkı dövlət bayrağını Naxçıvanda AXC nümayəndələri bizlər qaldıran zaman
Heydər Əliyev heç Naxçıvana gəlməmişdi”.
Elçibəy hökumətinin Naxçıvana ögey münasibət göstərməsinə
dair İ.Əliyevin söylədiklərinə gəlincə isə S.Əkbər bunun da səhv olduğunu
bildirdi: “O zaman nəinki Naxçıvana diqqət və qayğı göstərilirdi. O zaman
Naxçıvan dövlətin sosial proqramında mühüm yer tuturdu. Naxçıvanın durumu
həmişə nəzərə alınırdı”. Həmin dövrdə əslən Naxçıvandan olan şəxslərin də
Elçibəy hakimiyyətində təmsil olunduğunu deyən S.Əkbər vurğuladı ki, həmin
şəxslər də Naxçıvana göstərilən dövlət diqqətinin canlı şahidləri olublar.
Zaur
Short URL: http://www.cumhuriyyet.net/?p=5817