Əli Həsənov üzərində qurulan plan
İqtidarın sağ
əli yeni projeyə start verib
Azərbaycan
Prezidenti İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyası
ictimai-siyasi məsələlər şöbəsinin tərkibində Gənclər təşkilatları ilə iş
sektoru yaradılıb. apa-nın xəbərinə görə, hazırda Azərbaycanda 300-dək gənclər
təşkilatı fəaliyyət göstərir. Yeni yaradılmış sektor həmin təşkilatlarla əlaqələrin
inkişaf etdirilməsini, bu qurumlarla iş aparan dövlət orqanlarının və qurumlar
fəaliyyətinin əlaqələndirilməsini təmin edəcək.
Qeyd
edək ki, bu günə qədər Azərbaycanda gənclər sektoru ilə işin təşkili
qeyri-rəsmi olaraq Prezident Adminstrasiyasının siyasi-təhlil şöbəsinin müdiri
Elnur Aslanova tapşırılmışdı. Lakin 2013-cü ilin prezident seçkilərindən sonra
prosses fərqli istiqamətdə inkişaf edirdi. Dövlətin gənclərlə bağlı
ictimai-siyasi fəaliyyəti PA-nın ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun
nəzarətinə verilmişdi. Hətta bir müddət gənclər və idman naziri Azad Rəhimovun
belə səlahiyyətləri əlindən alınmışdı. Dövlətin təşkil etdiyi gənclərlə bağlı
tədbirlərdə Azad Rəhimovun müavini İntiqam Babayev məşğul olurdu. İntiqam
Babayevin isə Əli Həsənovla birgə fəaliyyət göstərməsi barədə mətbuatda
informasiyalar verilirdi. Redaksiyamıza daxil olan məlumata əsasən Elnur
Aslanovun işini itirməsindən sonra Rəsmi Bakı gənclər siyasəti ilə bağlı
kordinal dəyişikliklər etmək qərarına gəlib. Aldığımız informasiyalara əsasən
Əli Həsənov yaxın zamanlarda hətta “İrəli” İctimai Birliyinin fəaliyyəti ilə
bağlı da ciddi korrektələrin aparılmasına dair tapşırıqlar veriləcək.
İnformasiyalara görə, bu prossesdə gənclər və idman naziri Azad Rəhimovla
yanaşı millət vəkili Ceyhun Osmanlının da “vurulması” planlaşdırılıb.
Ölkə
mediasında Ceyhun Osmanlının dövlət maraqlarını ABŞ_dakı bəzi siyasi
institutlarla əməkdaşlıq edərək qorumamasına dair xəbərlər yayılmışdı. Bu mövzu
ilə bağlı bilgi verən mənbə dünən Ceyhun Osmanlı haqda yazıların tirajlanmasını
təsadüf kimi qiymətləndirmir. Mənbə israr edir ki, “İrəli”nin fəaliyyəti ilə
bağlı artıq 2012-c ildən qurumun hərəkeat formatından çıxaraq, ictimai birliyə
çevrilməsi dövründə mənfi qərar verilib. Məsələ burasındadır ki, dövlətin
gənclər siyasəti ilə bağlı olaraq aparılan siyasi kurs artıq fundamental olaraq
dəyişdirilir.
Daxil
olan informasiyaya görə, hətta yaxın zamanlarda Azərbaycanda siyasi parityalar,
gənclər təşkilatları və müstəqil media ilə dövləti münsibətlər sistemində ciddi
dəyişikliklər ediləcək. Yaxın dövr üçün Rəsmi Bakı daxili siyasi münasibətlər
sistemini fərqli müstəviyə çıxarmaq istəyir. Bu barədə informasiya verən qaynaq
iddia edir ki, İctimai Televiziyada müxalifət liderlərinə efir vaxtının
ayrılmasına dair açıqlamalar, həmçinin Mətbuat Şurasının “qara siyahısı”nda
adları olan xeyli saydı KİV orqanının “əfv” edilməsi və sair kimi mesajlar
təsadüfi deyil. Mənbəmiz iddia edir ki, hakimiyyət dairələrində vətəndaş
cəmiyyəti ilə hakimiyyətin münasibətləri də fundamental olaraq dəyişəcək.
Prossesin təxmini olaraq may ayının ortalarından etibarən başlanacağı
bildirilir. May ayında isə ölkədəki siyasi məhbuslarla bağlı olaraq mühim əfv
fərmanın imzalanacağı və bununla da yeni siyasi münasibətlər dövrünün
başlanacağı gözlənilir.
Məhz
Əli Həsənovun gənclər siyasətinə kardinal olaraq dəyişiklik etməsi də
gözləniləndir. Gözlənilən başqa bir məqam odur ki, hətta yaxın zamanlarda
Gənclər və İdman Nazirliyi ilə müstəqil və hətta müxalifyönümlü gənclər
təşkilatları arasında da əməkdaşlıq dövrü başlaya bilər. Qeyd edək ki, yeni
mərhələnin başlanması həm də ABŞ-ın və Qərbin Rəsmi Bakıdan istəkləri əsasında
formalaşır. Xəbərlərə görə, Azərbaycanın Ukrayna məsələsində AŞPA və digər
beynəlxalq təşkilatlarda tutduğu mövqedən sonra bu tövsiyyələr Azərbaycan
göndərilib. Məhz Ukrayna məsələsi ilə bağlı Azərbaycan iqtidarının tutduğu
mövqedən sonra Rusiyanın aqressivləşə biləcəyi, hətta ölkə daxilində müxalifəti
maliyyələşdirmək istəməsi də gözlənilə bilər.
Ə.Həsənov hakimiyyətdə olan cəmiyyətə ən açıq
məmurlardan biridir. Onun tutduğu mövqe şans yaradır ki, ölkənin gələcəyi,
sabitliyi naminə iqtidar müxalifət düşərgəsini bir araya gətirsin. Deyilə bilər
ki, bu təkcə onun səlahiyyətində olan məsələ deyil. Ancaq Həsənov heç olmasa
YAP rəhbərliyi ilə müxalifət partiyaların dialoqunu təşkil edə bilər. “Əli
Həsənov hakimiyyətin bir nömrəli kadrlarından biridir. Onun siyasi proseslərə
təsir etmək, mətbuatla bağlı məsələlərdə söz demək imkanı var. İqtidarın
vəziyyəti gərginləşdirmək istəyən qanadlarını zərərsizləşdirə, cəmiyyətə
sülhpərvər açıqlamalar verə bilər. Hətta onun bu illər ərzində topladığı
təcrübə Ramiz Mehdiyevi nə vaxtsa əvəzləməyə şərait yaradır. Məsələ budur ki,
onun əlindəki iqtidar məhz dialoqa gətirib çıxarır. Çünki iqtidarın sağ əlidir,”
– deyə məlumatlı ekspert bildirir.
Onun Müsavata qurultay keçirmək üçün yer
ayrılmasında, bəzi məsələləri ölkə rəhbərliyinə təqdim olunmasında təqdimat
üslubu baxımdan əlində fürsət var. Onun müxalifət qəzetlərinə müsahibə
verdiyini də bioqrafik baxımdan qeyd etmək olar. Bir sözlə, Ə.Həsənov
“demokratik açılım” siyasətində qabağa düşsə heç də cəmiyyət və hakimiyyət
itirməz.
Orxan
Həsənli
Short URL: http://www.cumhuriyyet.net/?p=5902