Azərbaycan hakimiyyəti iki daşın arasında qalıb
Rusiyanın qorxusundan AŞPA-da səsvermədə bitərəf qalan YAP iqtidarı nəyə ümid edir?

AŞ PA-da səsvermə hüququndan məhrum edilən Rusiya Avropa Şurasını
üzvlük haqqını tam ödəməyəcəyi ilə hədələyib. APA-nın məlumatına görə,
belə bir bəyanatla Rusiyanın Avropa Şurası Parlament Assambleyasındakı
nümayəndə heyətinin rəhbəri Aleksey Puşkov çıxış edib. Onun sözlərinə
görə, üzvlük haqqının tam dayandırılması məsələsi müzakirə olunmur. Amma
nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının işində
iştirakı dayandırsa, üzvlük haqqı ixtisar ediləcək. Avropa Şurasının
büdcəsinin 4 faizi Rusiyanın ödədiyi vəsait hesabına formalaşır və bu
ölkə beş əsas ödəyicidən biridir. Nümayəndə heyətinin rəhbəri bildirib
ki, Rusiya bu il 23 milyon avro üzvlük haqqı ödəyib. Xatırladaq ki,
Assambleya Rusiya nümayəndə heyətini rəhbər orqanlardan uzaqlaşdırıb.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti Rusiya ilə bağlı qətnamə
qəbul edilərkən bitərəf qalıb. Prezident Administrasiyasının diaspor
üzrə sektor müdiri Qafar Əliyev Teleqraf.com-a müsahibəsində bildirib
ki, Azərbaycan Rusiya ilə münasibətləri qoruyub saxlamaqda maraqlıdır.
Səsvermə zamanı bitərəf qalmağın əsas səbəbi də budur. PA rəsmisinin
sözlərinə görə, Azərbaycan qətnamənin lehinə səs versəydi, MDB ölkəsi
olaraq Rusiyaya qarşı ədalətsizlik etmiş olardı.
Azərbaycanın əslində bu məsələdə bitərəf qalması rəsmi Bakının
Rusiyaya dəstəyi kimi qiymətləndirilməlidir. Çünki Azərbaycanla bağlı
səsvermələrdə Rusiya hər zaman rəsmi Bakının mövqeyini dəstəkləyib.
Digər tərəfdən, Rusiyanın səsvermə hüququndan məhrum edilməsi Azərbaycan
üçün də xəbərdarlıq ola bilər. Avropa Şurasının qarşısında götürdüyü
öhdəlikləri yerinə yetirməyən Azərbaycan da belə bir situasiya ilə
üzləşə bilər. Bu zaman həmişə olduğu kimi Rusiya və digər avtoritar
rejimlərdən dəstək gözləyəcək. Qeyd edək ki, yaxın günlərdə Avropa
Şurasının baş katibi Torbyorn Yaqland Azərbaycana səfər edəcək. Bu səfər
zamanı da ölkəmizin qurumda tutduğu mövqe müzakirə predmeti ola bilər.
Konflitoloq Arif Yunus Azərbaycan nümayəndə heyətinin Rusiya ilə
bağlı səsvermədə bitərəf qalmasını regionda baş verən proseslərlə izah
edir. Bu gün keçmiş sovet məkanında Qərblə Rusiya arasında böyük bir
rəqabət var. Azərbaycan anlayır ki, açıq şəkildə tərəflərdən birini
dəstəkləsə, çətin vəziyyətdə qala bilər. Çünki bu halda tərəflərdən biri
Azərbaycana qarşı sərt mövqe tutacaq. Eyni zamanda Azərbaycan
rəhbərliyi Rusiyadan ehtiyat edir. Lakin Qərbin də mövqeyini nəzərə
almaq lazımdır: “Regionda kəskin şəkildə geosiyasi oyun gedir. NATO və
Rusiya kiçik respublikalara mesajlar göndərir. Ermənistan daha çox
Rusiyanın təsiri altındadır. Ona görə bir az fərqli yanaşır. Amma
Azərbaycanın imkanları daha genişdir. Üstəlik, biz görürük ki, burda
enerji resursları faktoru ortaya çıxıb və bu da Azərbaycanın xeyrinədir.
Ukraynanın qazla bağlı xeyli problemləri ortaya çıxacaq. Qərb bu
məsələdə müəyyən addımlar atmaq istəyir və Azərbaycanın da rolu artır”.
Ekspertin sözlərinə görə, hər hansı ölkə ilə bağlı sanksiyalar qəbul
ediləndə bu ölkənin Avropa üçün əhəmiyyəti nəzərə alınır: “Uzun illər
Belarusa qarşı sanksiyalar tətbiq olunub. Rusiya Avropaya qarşı çıxır.
Ona görə də Rusiyaya qarşı sanksiyalar qəbul edilir. Ancaq yaxın
vaxtlarda Azərbaycana qarşı belə sanksiyaların qəbulu gözlənilmir. Çünki
bu gün Avropa ölkələri üçün əsas Rusiya faktoru böyük rol oynayır.
Şübhəsiz, Azərbaycanın enerji faktoru da özünü göstərir”.
Short URL: http://www.cumhuriyyet.net/?p=5965