Ziya Məmmədov üçün sonun başlanğıcı

16.04.2014 - 01:03

Nazirliyin əsas maliyyə qaynaqlarından sayılan paytaxtda sərnişin
daşınmasının təşkili funksiyası Bakı Şəhər İcra Hakimiyyətinə verildi;
son 2 ildə 3 əsas maliyyə qaynağı və bir bankı əlindən çıxan Ziya
Məmmədov itirə-itirə gedir

Nazirliyin əsas maliyyə qaynaqlarından sayılan paytaxtda sərnişin
daşınmasının təşkili funksiyası Bakı Şəhər İcra Hakimiyyətinə verildi;
son 2 ildə 3 əsas maliyyə qaynağı və bir bankı əlindən çıxan Ziya
Məmmədov itirə-itirə gedir

 

 

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində
“BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında qərar
verib. Qərarın tam mətni Nazirlər Kabinetinin rəsmi saytında
yerləşdirilib.

Qərarda deyilir ki, MMC Bakı şəhərində sərnişinlərə avtobus
nəqliyyatı sahəsində beynəlxalq standartlara uyğun xidmətin təşkili, bu
sahənin müasir tipli nəqliyyat vasitələri ilə təchiz edilməsi,
sərnişindaşımaların yerinə yetirilməsi zamanı texniki və ekoloji
baxımdan təhlükəsizliyin təmin olunması məqsədi ilə yaradılır.

Qərarda göstərilir ki, MMC-nin nizamnamə kapitalının
formalaşdırılması, ilkin mərhələdə fəaliyyətinin təşkili və cəmiyyət
tərəfindən sərnişin daşınması üzrə avtobusların alınması məqsədi ilə
həmin müəssisəyə 2014-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat
Fondundan 30 milyon manat məbləğində vəsait ayrılsın, Maliyyə Nazirliyi
ayrılmış vəsaitin maliyyələşdirilməsini təmin etsin.

Bundan başqa, Nəqliyyat Nazirliyinin Bakı Şəhər İcra Hakimiyyəti ilə
birlikdə cəmiyyətə məxsus avtobusların marşrutlarını və hərəkət
qrafiklərinin müəyyən edilməsi, qanunvericilikdə nəzərdə tutulmuş
qaydada cəmiyyətin nizamnaməsinin təsdiq edilməsi, dövlət qeydiyyatına
alınması və icra orqanlarının yaradılması qərarda əksini tapıb.Bakı
Şəhər İcra Hakimiyyətinə Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə
ən azı 200 ədəd iritutumlu avtobusun saxlanması məqsədi ilə
avtonəqliyyat parkları (qarajları) üçün yerin ayrılmasını 1 ay
müddətində təşkil etmək tapşırılıb.

İndiyə qədər paytaxtda sərnişin daşınması xidmətini Nəqliyyat
Nazirliyi təşkil edirdi. Paytaxtda sərnişin daşınması nəqliyyat naziri
Ziya Məmmədova məxsus “Transqeyt” şirkətinin monopoliyasında idi.
Nazirlər Kabinetinin sözügedən qərarı ilə sərnişin daşınma xidməti
meriyanın nəzarətinə keçir. Bununla da Ziya Məmmədovun daha bir maliyyə
qaynağı qapadılıb. Bir qədər öncə Bakı yollarının təmir-bərpası
funksiyası da Nəqliyyat Nazirliyindən alınıb Bakı Şəhər İcra
Hakimiyyətinə verilmişdi. Qısa müddət ərzində Ziya Məmmədov iki böyük
maliyyə qaynağından rəsmən məhrum edilib.

Nazirliyin əsas müəssisəsi olan “Azəryolservis” ASC də faktiki olaraq
Z.Məmmədovun təsir dairəsindən çıxarılıb. Düzdür, formal olaraq ASC-nin
səhmlərinin 100 faizi Nəqliyyat Nazirliyinə məxsusdur. Ancaq ASC-nin
sədri Cavid Qurbanovun ölkənin hakim elitasında mövqeyi hazırda
nazirinkindən daha güclüdür. O, artıq yuxarı instansiyalara birbaşa
hesabat verir. Yəni onun Z.Məmmədova tabeçiliyi formal xarakter daşıyır.
Vaxtilə ASC Z.Məmmədovun əsas maliyyə qaynağı sayılırdı. Yol tikinti və
təmirinə ayrılan dövlət investisiyalarına “Azəryolservis” nəzarət edir.
Yeri gəlmişkən, son 8 ildə “Azəryolservisə” 7 milyard manat, bu il isə
1,3 milyard manat ayrılıb. İndi bu nəhəng pulların xərclənməsinə nəzarət
Ziya Məmmədovun əlindən çıxıb.

Ümumiyyətlə, son dövrlər Ziya Məmmədov itirə-itirə gedir. Bir qədər
öncə onun ailə üzvlərinə məxsus olan “Bank of Azərbaycan” ASC də
onlardan alınaraq “Bakı” futbol klubunun prezidenti, “Hafka” ləqəbli
Hafiz Məmmədovun mülkiyyətinə keçirilib. Bu onu göstərir ki,
Z.Məmmədovun hakimiyyətdəki mövqeləri getdikcə zəifləyir. Bu gedişlə
ölkənin ən böyük oliqarxlarından sayılan Ziya Məmmədov karyerasını
tezliklə bitirə bilər. Eyni aqibəti 2005-ci ildə sabiq iqtisadi inkişaf
naziri Fərhad Əliyev, daha sonra Heydər Babayev, onlardan sonra isə
Misir Mərdanov da yaşayıblar.  Hər üç naziri işdən çıxartmaq ərəfəsində
onların səlahiyyətlərinin, maliyyə qaynaqlarının, bank və
xəstəxanalarının, digər varidatlarının əllərindən alınması prosesinə
start verilmişdi. Eyni tendensiya gedir və sonda Z.Məmmədovun kreslosu
ilə vidalaşacağı çox real görünür. Oliqarxları vurmazdan öncə təsir
dairəsindən olan rıçaqları əllərindən alırlar ki, onları sakitcə yola
sala bilsinlər.

Obyektivlik naminə qeyd edək ki, sərnişin daşınması işinin meriyaya
tapşırılması düzgün addımdır. Dünya təcrübəsində sərnişin daşınması işi
Nəqliyyat Nazirliyinin kurasiyasında deyil, bu anormallıq yalnız
Azərbaycanda mövcud idi. Bu işlə ya bələdiyyələr, ya da meriya məşğul
olmalıdır. Ancaq təbii ki, bu qərar dünya təcrübəsinə istinadla,
anormallığı aradan qaldırmaq məqsədi ilə verilməyib. Bu, nəqliyyat
nazirinə tətbiq edilən sanksiyadır və böyük ehtimalla növbəti
sanksiyalar da olacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=6161

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930