"Rejimin hər bir təmsilçisini dövlətə xəyanətdə ittiham etmək olar"

23.04.2014 - 11:29

“Hakimiyyət yenə 37-ci ilin ab-havasına uyğun addımlar atır”“Hakimiyyət yenə 37-ci ilin ab-havasına uyğun addımlar atır”

“Azərbaycanda tam polis diktaturası formalaşdırılıb”

Namizəd Səfərov: “Gül bayramı adı altında dövlətin milyonlarla vəsaitini mənimsəyənləri məsuliyyətə cəlb etmək lazımdır”

 

 

“NIDA”çı gənclərə qarşı irəli sürülən ağır ittihamların heç bir
sübuta yetirilməsinə baxmayaraq, prokurorun tələb etdiyi cəza heç də
aparılan məhkəmə prosesinə uyğun deyil. Bundan başqa, “NIDA”çıların
məhkəməsi getdiyi bir müddətdə hakimiyyətin sifarişi ilə həyata
keçirildiyi şübhə doğurmayan daha bir həbs reallaşdırıldı. Söhbət
tanınmış jurnalist Rauf Mirqədirovun dövlətə xəyanət ittihamı ilə
həbsindən gedir. Müsahibimiz Milli Şuranın üzvü, tanınmış hüquqşünas
Namizəd Səfərovdur. N.Səfərova ilk sualımız “NIDA”çıların məhkəməsi adı
altında keçirilən absurda münasibətlə bağlı oldu.

– Bütün cəmiyyət gözəl bilir ki, “NIDA”çılara qarşı irəli sürülən
ittihamlar reallıqdan uzaqdır, qondarmadır. Sadəcə olaraq hakimiyyət
özünün əvvəlki siyasətini ardıcıl olaraq davam etdirir. Cəmiyyətdə
müstəqil söz demək, baş verən hadisələrin mahiyyətini ictimailəşdirmək
istəyən bütün qüvvələr sıradan çıxarılmalıdır. Hakimiyyətin qəbul etdiyi
qərar bundan ibarətdir. Bunun üçün də bu qüvvələrə qarşı əsassız
ittihamlar irəli sürürlər, sonradan da onları uzun müddət istintaq
altında saxlayırlar. Bu, hakimiyyətin ümumi siyasətinin tərkib
hissəsidir və cəmiyyəti qorxu altında saxlamaq məqsədi daşıyır. Yəni öz
müstəqil sözünü deməyə cürət edən hər kəsi eyni aqibət gözləyir.

– “NIDA”çıların məhkəmə prosesi zamanı onlara qarşı irəli
sürülən ittihamların heç bir sübuta yetirilmədi. Bu cür keçirilən
məhkəmənin müqabilində istənilən ağır cəza nə dərəcədə adekvatdır?


Istintaq zamanı irəli sürülən ittihamların qondarma, əsassız olduğunu
müstəntiq, prokuror da gözəl bilirdi. Bu ittihamların heç bir sübutu
yoxdur və onlar sadəcə olaraq gülməlidir. Bu ittihamların sırf siyasi
məqsədlər daşıdığını görməmək mümkün deyil. Eyni zamanda bu işi
araşdıran məhkəmə, dövlət ittihamını irəli sürən prokuror da çox gözəl
bilir ki, ittihamların heç bir əsası yoxdur, qondarmadır və siyasi
məqsədlərlə irəli sürülüb. Prosesi izləyən vətəndaşlar irəli sürülən
ittihamların bir hissəsi ilə tanış ola bilərlər. Amma dövlət ittihamçısı
və hakim bütün işin qondarma olduğunu, əvvəldən sona qədər ağ parça
üzərində qara sapla tikildiyini çox gözəl bilirlər. Ona görə də verilən
ittihamların əsassızlığını, verilən cəza ilə müqayisə etməyə dəyməz.
“Prokuror gördü ki, bu ittihamlar sübuta yetirilmədi, bu üzdən
“NIDA”çılara daha yüngül cəza istəyə bilər” kimi ehtimalları gözləməyə
dəyməz. Bu əvvləcədən planlaşdırılmış bir iş idi. Prokuror ora ittiham
nitqini söyləməyə gələndə onun əlində kimə nə qədər iş veriləcəyi ilə
bağlı siyahı olur. Burada hər hansı ittihamın sübuta
yetirilib-yetirilməməsindən söhbət getmir. Bu, qətiyyən əhəmiyyət kəsb
etməyən məsələdir. Guya prokuror bilmirdi ki, məhkəmədə irəli sürülən
ittihamların hamısı uydurmadır və onların heç biri sübuta
yetirilməyəcək. Prokuror cürət edib rəhbərliyinə deyə bilməz ki, bəs
ittihamlar sübuta yetmədi, gəlin cəzanı dəyişək. Əslində heç kimin
cinayəti sübuta yetirilməyib və “NIDA”çıların hamısı barəsində bəraət
hökmü çıxarılmalıdır. Bu gənclərə qarşı əsassız ittihamlar irəli sürmüş
istintaq orqanlarının hamısı isə məsuliyyətə cəlb edilməlidir. Istintaqa
tapşırıblar ki, belə ittihamlar irəli sürülməlidir, vəssalam.

“Aclıq aksiyasına reaksiya verilməməsi hakimiyyətin mahiyyətini göstərir”

– Hazırda ağır cəzanın tətbiqi istənilən “NIDA”çılar ölüm
aclığına başlayıblar. Bu aksiyaya həmin gənclərin valideynləri də
qoşulub. Amma rəsmi şəxslərdən heç kim bu aksiya ilə maraqlanmır və baş
verənlərə reaksiya vermir…

– Əslində aclıq aksiyası etiraz
aksiyalarının içərisində ən mühüm tədbirlərdən biridir. Yəni əslində
normal bir cəmiyyət olsa, aclıq aksiyası keçirən vətəndaşlara diqqət
yetirilməlidir. Bu aclıq aksiyasının səbəbləri araşdırılmalıdır. Bu
şəxslər axı nəyə görə aclıq aksiyası keçirirlər? Bu hər bir insanın ata
biləcəyi son addımdır. Bu yol ölümə aparır. Bizim cəmiyyətdə son 20 ildə
bu aclıq aksiyalarına reaksiya verilməyib. Verilən reaksiyalar isə
olduqca gülməlidir. Eşidəndə ki, kimsə aclıq aksiyası keçirir. Yuxarıda
oturanlar bəzən bunu ironiya ilə qarşılayır, bəzən isə sadəcə olaraq
gülürlər. Hətta əksinə, aksiya keçirənlərə qarşı zor işlədərək onlardan
aclıq aksiyasını dayandırmağı tələb edirlər. Halbuki bu tip aksiyalar
dünya ilə yanaşı, cəmiyyətin də diqqətində olmalıdır. Lakin bizim ölkədə
aclıq aksiyası sıradan bir tədbirə çevrilib. Baş verənə diqqət
yetirməli olan dövlət təşkilatları, ümumiyyətlə, özlərini reallıqdan
uzaq sayırlar. Dövlət baş verənə müdaxilə etməli, həm “NIDA”çılardan,
həm də onların valideynlərindən sağlamlıqlarını qorumağı istəməlidirlər.
Mən aclıq aksiyasını keçirənlərin niyyətlərini tam dəstəkləyirəm, eyni
zamanda onları bu təşəbbüslərini dayandırmağa səsləyirəm.

– Azərbaycan məhkəmələrində real olaraq neçə tərəf iştirak
edir? Normal dövlətlərin məhkəmələrindən bizi fərqli edən cəhətlər
nədir? Azərbaycandakı məhkəmələrdə müdafiə tərəfinin prosesin gedişinə
təsir imkanı varmı?

– Bu yaxınlarda açıqlamalarımın birində
demişdim ki, müttəhimlərə qarşı əsassız ittihamların irəli sürülməsinə
baxmayaraq, biz onlara qarşı əmək sərf edirik. Bizim vəkillər qondarma
ittihamlar irəli sürülən Ismayıllı işi ilə bağlı böyük əmək sərf
etdilər. Mən təklif etmişdim ki, ümumiyyətlə, bu proseslərdə iştirak
etməyə dəyməz. Ya da iştirak formal xarakter daşımalıdır. Ümumiyyətlə,
məhkəmə araşdırmalarında iştirak edib, suallar verilməməlidir. Biz
bildiyimiz halda ki, onlara qarşı irəli sürülən ittihamlar əsassızdır,
biz həmin əsassız ittihamları sübuta yetirmək istəyirik. Bu da sonda heç
bir nəticə vermir. Bu baxımdan mən seçilən taktikanı düzgün saymıram.
Təklifim budur ki, həm müttəhimlər, həm də onların vəkilləri prosesdə
passiv iştirak etsinlər. Yəni bir növ məhkəmə prosesində passiv
iştirakla etiraz nümayiş etdirilmiş olacaq. Normal halda məhkəmələrdə
iki tərəf olur. Ittiham və müdafiə tərəfi. Hakimlər isə əslində kənardan
gedişi, çəkişməni müşahidə edərək, irəli sürülən ittihamların əsasslı
və ya əsassız olması nəticəsinə gəlirlər. Amma reallıqda məhkəmələrin
hamısı prokurorun tərəfinə keçib. Bəzən təcrübəsi olmayan prokuror
dövlət ittihamını irəli sürür. Hakimlər də bu zaman öz vəzifələrini
unudaraq ittiham tərəfinin mövqeyindən çıxış etməyə başlayırlar.
Nəticədə prokurorun acizliyinin qarşısı alınır. Müdafiə tərəfinin isə
dediyi bütün arqumentlərin qarşısı alınır. Əgər ittiham olunan şəxsin
tutulması sifarişi verilirsə, müdafiə tərəfinin gətirdiyi arqumentlərin
heç bir mənası yoxdur.

“Rauf Mirqədirova qarşı irəli sürülən ittihamlar gülüncdür”

– Hazırda gündəmdə olan daha bir siyasi sifarişli həbslə də
bağlı münasibətinizi öyrənmək istərdik. Tanınmış jurnalist Rauf
Mirqədirovun həbsiylə bağlı prokurorluğun gətirdiyi arqumentləri nə
dərəcədə əsaslı saymaq olar?

– Hazırkı rejimin hər bir
təmsilçisinə dövlətə xəyanət ittihamını irəli sürmək olar. Hazırda
qondarma ittihamlardan biri Rauf Mirqədirova qarşı irəli sürülüb. Mən
Rauf Mirqədirovu iyirmi ildən artıqdır ki, tanıyıram. O öz sözünü deməyə
qadir olan jurnalistdir. O həmçinin “Ayna” qəzetinin Türkiyədəki
nümayəndəsi idi. Rauf bəy Türkiyədə də baş verən hadisələrə münasibətini
bildirirdi. Hesab edirəm ki, hakimiyyətin bu addımları tam əsassızdır.
Respublika Prokurorluğunun Rauf Mirqədirovla bağlı verdiyi bəyanatı da
əsassız sayıram. Rauf Mirqədirov törətdiyi güman edilən ittihamlara görə
həbs edilir. Əgər əlinizdə heç bir sübut yoxdursa, o zaman nəyə görə
vətəndaşı həbs edirsiniz? Deməli, artıq Rauf Mirqədirovla bağlı siyasi
sifariş verilib və ilkin olaraq Rauf Mirqədirovla bağlı 3 aylıq həbs
qətimkan tədbiri seçilib. Hakimiyyət bu müddəti bir qədər də uzadaraq
çalışacaq ki, ona qarşı irəli sürülən ittihamları sübuta yetirsinlər.
Irəli sürülən ittihamları tam əsassız sayıram. Hakimiyyət yenə 37-ci
ilin ab-havasına uyğun addımlar atır. Vətəndaşlara qarşı sifarişlə
dövlətə xəyanət ittihamı irəli sürürlər. Hazırda cəmiyyətdə tam
repressiv bir vəziyyət hökm sürür. Öz sözünü demək istəyən istənilən
şəxsə qarşı uydurma ittihamlar irəli sürülür. O qurbanlardan növbətisi
Rauf Mirqədirovdur.

– Hazırda daha çox verilən suallardan biri də Rauf
Mirqədirovun həbsinin səbəbləri ilə bağlıdır. Sizcə, Rauf bəyi həbs
etməkdə məqsəd nədir?

– Rauf Mirqədirov cəmiyyətdə baş verən
hadisələrə siyasi qiymət verməkdən çəkinməyən bir şəxsdir. Rauf
Mirqədirov hakimiyyəti tənqiddən heç zaman çəkinməyib. Rauf Mirqədirovun
hadisələrə öz yanaşma tərzi var. Türkiyədə baş verən hadisələrə
münasibətdə də Rauf Mirqədirov fəallıq nümayiş etdirirdi. Ona görə bu
məqamlar hansısa siyasi dairələrin xoşuna gəlməyə bilər. Istisna deyil
ki, həbsin bir səbəbi də bu motivli ola bilər. Bəlkə bizim bilmədiyimiz
məqamlar var. Rauf Mirqədirovun vəkilinin verdiyi açıqlamadan bəlli olur
ki, əslində Türkiyə tərəfi Rauf Mirqədirovu deportasiya etsələr də,
Azərbaycan hakimiyyəti onu geri dönən zaman həbs etdi. Belə görünür ki,
Rauf Mirqədirova qarşı irəli sürülən ittihamlar ona qarşı siyasi
sifarişin həyata keçirilməsinə zəmin hazırlanmasına xidmət edir.

“Milyonları oğurlayanlar qalıb bir tərəfdə…”

– Anar Məmmədlinin də məhkəmə prosesi başlayır. Bu məhkəmə
prosesindən gözləntiniz nədir? Anar Məmmədliyə qarşı irəli sürülən
ittihamların da sübuta yetirilmədiyi bəllidir. Amma bununla yanaşı
Azərbaycan reallığı da nəzərə alınmalıdır…

– Anar
Məmmədliyə qarşı irəli sürülən ittihamları da eyni qəbildən saymaq olar.
Anar Məmmədlinin də günahsızlığını sübut edən dəmir alibilər var. Amma
bunların heç birinə nə məhkəmə, nə də istintaq orqanı fikir verir. Anar
Məmmədliyə qarşı irəli sürülən ittihamlar da gülməlidir. Ona qarşı irəli
sürülən ittihamların səbəbi Anar Məmmədlinin prezident seçkiləri zamanı
yol verilən saxtakarlığı sübut etməsi idi. Milyonlarla büdcə vəsaitini
oğurlayanlar qalıb bir tərəfdə, amma Anar Məmmədliyə qarşı gülünc
ittihamlar irəli sürülür. Guya o, təşkilata ayrılan qrantları
mənimsəyib. Milyardların hesabını verməyənlər başqalarını əsassız
şəkildə ittiham edirlər. Hazırda “Gül bayramı” adı altında dövlətin
milyonlarla vəsaiti göyə sovrulacaq. Bu şəxsləri məsuliyyətə cəlb etmək
lazımdır. Anar Məmmədlinin də məhkəməsi gülməli xarakter daşıyacaq.

– Hakimiyyət repressiv siyasətini davam etdirir. Ismayıllı
işindən sonra “NIDA”çıların məhkəməsi gündəmi zəbt etdi. Hakimiyyət
repressiv addımlarını davam etdirir. Hakimiyyətin çəkinməsi nədən
qaynaqlanır. Bu siyasət nə qədər davam edə bilər?


Azərbaycanda tam polis diktaturası formalaşdırılıb. Bu diktatura da öz
hakimiyyətini qorumaq üçün yüzlərlə siyasi gedişlər edir. Eyni zamanda
söz, mətbuat, toplaşmaq azadlığı məhdudlaşdırılır. Siyasi partiyaların
fəaliyyətinə maneçilik törədilir. AXCP-nin fəaliyyəti 10 ildir ki,
məhdudlaşdırılır. Partiyanın öz hesabına icarəyə götürdüyü qərargah isə
partladılır. Məqsəd birdir, cəmiyyətdə xof yaratmaq. Diktatura olan
yerdə məmurlar tərəfindən yüzlərlə cinayət faktları törədilir.
Hakimiyyət gözəl bilir ki, ölkədə normal dövlət qurularsa, bütün
cinayətlərə görə cavab veriləcək. Ona görə bu cür repressiv addımlar
atılır.

 

Azadliq.info

Short URL: http://www.cumhuriyyet.net/?p=6435

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930