Milli Şuranın son sessiyası – REPORTAJ
“Bizim üçün tək rəqib İlham Əliyev və onun repressiya maşınıdır”
“Bizim üçün tək rəqib İlham Əliyev və onun repressiya maşınıdır”
Milli Şuranın növbəti sessiyası dünən Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında baş tutdu. Sessiya dövlət himninin oxunmasıyla başladı. Ardınca Milli Şuranın sədri, professor Cəmil Həsənli sessiyanın gündəliyini elan etdi. Məlum oldu ki, gündəliyə ölkədəki ictimai-siyasi vəziyyətin, o cümlədən insan hüquqları sahəsində yaranmış böhranlı durumun müzakirəsi daxildir. Eyni zamanda, Milli Şuraya üzvlük üçün müraciətlərə baxılması nəzərdə tutulub.
Cəmil Həsənli Milli Şuranın üzvü, ölkədə ən prinsipial hüquq müdafiəçilərindən olan Leyla Yunus ətrafında son günlər baş verənlərə toxundu. Milli Şura sədri Leyla Yunusun müdafiəsi istiqamətində əlindən gələni edənlərə minnətdarlığını ifadə edərək, vəziyyət haqda sessiya iştirakçılarını ətraflı məlumatlandırmaq üçün sözü hüquq müdafiəçisinin özünə verdi.
Leyla xanım prokurorluqda yaşadıqları, rəhbərlik etdiyi Sülh və Demokratiya Institutunun ofisində və evində aparılan axtarışlar, Rauf Mirqədirovun həbsi, eləcə də Qadın Krizis Mərkəzinin sədri Mətanət Əzizovanın dindirilməsindən danışıdı.
Milli Şuraya təzyiqlər
Cəmil Həsənli də öz növbəsində bildirdi ki, Leyla xanıma qarşı baş verənlər həm də Milli Şuraya təzyiqlərin tərkib hissəsidir: “Leyla xanım 25 ildən artıqdır ki, ardıcıl hüquq müdafiəsilə məşğul olur. Bəzən indikindən daha sərt formada hakimiyyətin üzərinə gedib. Milli Şura yaranandan Leyla xanım bu qurumun üzvüdür. Biz AXCP-nin qərargahının partladılması, partiyanın qərargahsız qoyulmasını da təkcə Cəbhəyə qarşı təzyiq hesab etmirik. Bu, eyni zamanda, Milli Şuraya qarşı aksiyadır. AXCP-nin qərargahı partladıldıqdan sonra biz iki dəfə Rövşən Əhmədlinin ofisində toplaşdıq və ardınca ofisin sahibi müqaviləni pozması barədə qərarını elan etdi, Rövşən bəydən ofisdən çıxmağı tələb etdi. Ondan sonra iclaslarımızı Leyla xanımın ofisində keçirirdik. Elə bu iclasların gedişində də yarı-zarafat, yarı-gerçək fikirləşdik ki, bu ofislə bağlı da nə isə edəcəklər. Çünki ora yaşayış binası olduğundan, partlayış törətmək qorxulu idi. Həm də onlar Leyla xanımın özünü proseslərdən uzaqlaşdırmaq istəyirdilər. Ona görə də vəziyyəti bu həddə çatdırdılar”.
Leyla Yunusun son proseslərdə bir daha iradə nümayiş etdirdiyini deyən Cəmil Həsənlinin sözlərinə görə, hüquq müdafiəçisi haqlı olduğunu sübut etmək üçün nə mümkündürsə, etdi: “Həmin axşam orada olanlardan biri də mən idim. Tarixçi olduğumdan, peşəmə uyğun olaraq, deməliyəm ki, 30-cu illərdə faşist Almaniyasında hücumçu dəstələr yəhudi evlərinə necə hücum edirdilərsə, Azərbaycanın təhlükəsizlik orqanları da Leyla xanımın evinə, onun, eləcə də həyat yoldaşının üzərinə təxminən elə hücum etdi. Bu, çox ağrılı bir proses idi. Gərək Leyla xanım kimi tərcübəyə, iradəyə malik olasan ki, bütün bunların hamısına dözəsən. Biz Milli Şura olaraq, bundan sonra da Leyla xanımı, jurnalist Rauf Mirqədirovu müdafiə edəcəyik”.
Kimlər Milli Şuraya üzv olmaq istəyir?
Daha sonra Cəmil Həsənli Milli Şuraya üzvlük üçün müraciətlərdən danışdı, onların adlarını açıqlamaq istədi. Lakin KXCP üzvlərindən Akif Hüseynov Milli Şuraya yeni üzvlərin qəbulunun tez olduğunu bildirdi. Üstəlik, etiraz əlaməti olaraq, Milli Şuradan istefa verdiyini bəyan etdi.
Çıxışını davam etdirən Cəmil Həsənli bildirdi ki, Vahid Məhərrəmov, Məhəmməd Talıblı, Fəxrəddin Mehdiyev, Yeganə Hacıyeva, Isa Sadıqov, Malik Rzayev, Yalçın Qəhrəmanlı və Qənimət Zahid Milli Şuraya üzvlük üçün müraciət edib.
Yeni üzvlərin qəbuluna KXCP-dən etiraz
Adlar açıqlanandan sonra KXCP sədri Mirmahmud Mirəlioğlu söz alaraq, çıxış etdi: “Namizədliyi irəli sürülənlər haqqında Koordinasiya Şurasında bəzi fikirlərimi bildirmişəm. Burada elə şəxslər var ki, vicdanı olanlar onlara “yox” deməz. Milli Şura doğrudan da bizim ümidlərimizin cücərməsinə şərait yaradırdı və hamımız istəyirdik ki, burada olaq. Hətta bir-birilə barışmayanlar da bu çətirin altında bir arada olmağa razılaşdı. Bu gün sessiyadan əvvəl Idarə Heyətində Milli Şuraya yeni üzvlərin qəbulu ilə bağlı müzakirəsi oldu. Burada adı sadalananlarla bizim problemimiz yoxdur. Əgər məsələ 2015-ə hazırlaşmaqdırsa, başqa cür hazırlaşmalıyıq. Yox, əgər məsələ Əli bəyin rəhbərlik etdiyi təşkilatın bütün Ali Məclis üzvlərinin, KXCP-nin bütün Ali Məclis üzvlərinin bura gətirilməsidirsə, bu, başqa məsələ. Əgər bununla vəziyyət dəyişəcəksə, gətirək. Klassik Xalq Cəbhəsi Partiyası bu məsələlərdən narahatlığını ifadə edərək, Milli Şuradakı fəaliyyətinə son verir. Amma bundan sonra da mübarizədə bir yerdəyik və bu qərargahımız da Milli Şuranın üzünə hər zaman açıqdır”.
“Biz bir məqsədlə yaranmışıq”
AXCP sədri Əli Kərimli isə bəyan etdi ki, rəhbərlik etdiyi təşkilatın Milli Şurada təmsilçilərinin sayını artırmaq kimi bir məqsədi yoxdur: “Biz Milli Şuranın formalaşması barədə qərar verəndə qarşımıza böyük məqsəd qoymuşuq. Həmin məqsəd də bütün gücləri bir araya gətirərək, ölkədə real dəyişikliklərə nail olmaq olub. Biz uzun illərdir ki, ölkədə guya, çoxpartiyalı sistemdə yaşayırıq. Amma apardığımız mübarizə istənilən nəticəni vermir. Uzun illərin təcrübəsi bizim hamımıza təlqin edib ki, ayrı-ayrılıqda qruplar, partiyalar şəklində guya, qrup maraqlarımızı təmin etdiyimizə dair görüntülər illüziyadır. Azərbaycanda böyük dəyişiklik olmadan, ölkəni işğal altında saxlayanlar hakimiyyətdən getmədən heç kimin nə şəxsi, nə qrup, nə də partiya maraqları təmin oluna bilməz. Biz bu motivlə yanaşmışıq və Milli Şuranı yaranmasında da heç nəyi əsas götürməmişik.
“AXCP-nin heç bir marağı yoxdur ki…”
Hamı bilir ki, son vaxtlarda istər kütləvi aksiyalarda, istərsə də hökumətlə mübarizədəki itkilər baxımından Xalq Cəbhəsinin kifayət qədər böyük payı var. Amma biz razılaşmışıq ki, təsisçilər olaraq hamımız eyni hüquqla Milli Şuranı formalaşdıraq. Hazırda da AXCP-nin heç bir marağı yoxdur ki, hansısa üzvünün Milli Şurada təmsilçiliyinə xüsusi olaraq nail olsun. Rəsmi şəkildə sizin qarşınızda bəyan edirəm, məhz buna görədir ki, hazırda nəinki Ali Məclis üzvlərimiz, Elmira Muradəliyeva kimi professor, Rəyasət Heyətinin üzvü, Ali Məclisin sədr müavini Milli Şurada deyil. Məclisimizin sədr müavini, hamının tanıdığı, seçkilər üzrə mütəxəssis, indiyə qədər 10 ölkədə müşahidəçilik həyata keçirmiş Iradə Nəriman Milli Şuranın üzvü deyil. Iqtisad elmləri namizədi və ictimaiyyətin kifayət qədər tanıdığı Ilham Hüseynli neçə dəfə seçkilərdə qalib gəlmiş Idarə Heyətinin üzvüdür. Bu adları ona görə sadalayıram ki, onlar Xalq Cəbhəsinin üzvü olmasaydılar, hamısı Milli Şuranın içində olacaq adamlar idi. Məhz Xalq Cəbhəsinin üzvü olduqlarına görə bizim bu iqtisadçı alimlər də, seçki ekspertləri də, professorlar da kənardadılar. Amma bu, bizi qayğılandırmır. Bu gün təqdim olunmuş adamlardan yalnız Məhəmməd Talıblı partiyanın rəhbərliyinə daxildir. Onun da namizədliyi Koordinasiya Şurasında mənim tərəfimdən irəli sürülməyib. Koordinasiya Şurasının üzvləri özləri ehtiyac duyublar və düşünüblər ki, belə bir ekspert burada olsa, yaxşıdır. Amma mən burada rəsmən deyirəm, Məhəmməd bəylə məsləhətləşmədən onun namizədliyini geri çəkirəm. Qənimət Zahid hazırda Azərbaycanda bu boyda iş aparır, yəni, Milli Şuranın özünə hörmətdir ki, “Azərbaycan Saatı” kimi layihəni ortaya qoymuş, dünyada “diktarura ilə mübarizənin qəhramanı” adlandırılan bir adamı Milli Şuraya daxil etsin. Əgər istəmirsinizsə, o da olmasın.
Nəhayət, mən aydınlaşdırmaq istəyirəm ki, doğrudanmı Klassik Xalq Cəbhəsi Partiyasının Milli Şuradan çıxmasının səbəbi bu gün bizim yeni üzvləri qəbul etməyimizlə bağlıdır? Biz Koordinasiya Mərkəzində dostyana atmosferdə, birlikdə müzakirələr aparmışıq. Hamımız bilirik ki, 12-13 nəfərin iştirakı ilə keçən həmin iclasda başqa namizədlər də müzakirə olunub. Həmin adların bəzilərinə sizin tərəfinizdən etiraz olunub və dərhal da o adamlar siyahıdan çıxarılıb. Indi də o adamların adı səslənmədi. Bəs siz orada niyə təklif irəli sürmədiniz ki, yeni qəbullar hansısa prinsipləri pozur, hansısa fəsad törədə bilər? Biz ümumi razılıqla bu siyahını razılaşdırmışıq.
Əli Kərimlidən kompromis təklif
Mən istəmirəm ki, Klassik Xalq Cəbhəsi Partiyası Milli Şuranı tərk etsin. Əgər səbəb budursa, təklif edirəm ki, biz Milli Şuraya qəbulla bağlı məsələyə hələlik baxmayaq. Saxlayaq, sonra müzakirə edərik. Prosesin gedişində Mirmahmud bəylə də müzakirə apararıq, sonrakı addımlarımız barədə qərar verərik.
Bizim hər hansı formada Milli Şurada əlavə təmsilçi əldə etmək kimi bir istəyimiz yoxdur. Əgər hansısa qrup, partiya, şəxs Milli Şuranı nə zamansa tərk etmək istəyəcəksə, bu, onun hüququdur və bu hüquqa da hörmətlə yanaşmaq lazımdır. Bu məsələlər qarşılıqlı hörmətlə həll olunmalıdır.
Təklif edirəm ki, biz bu məsələni baxılmamış saxlayaq, Klassik Xalq Cəbhəsi Patiyası da Milli Şurada fəaliyyətini davam etdirsin”.
KXCP Milli Şuradan çıxır, yoxsa qalır?
Bundan sonra sessiya iştirakçılarının təkidilə KXCP nümayəndəsi Bəybala Əbil çıxış etdi. O, Milli Şurada partiya mübahisələrinin olmasına etiraz etdi. Milli Şuranın bələdiyyə seçkilərinə qatılmasının vacibliyini vurğuladı.
KXCP üzvünün bu çıxışına Milli Şura üzvü Gültəkin Hacıbəyli replika verdi. Gültəkin xanım bildirdi ki, Milli Şurada bələdiyyə seçkilərində iştirak məsələsində əksəriyyət KXCP ilə razıdır. Milli Şuraya qəbul məsələsi də onların istəyi ilə təxirə salındı: “Indi bütün bunlardan sonra sizin Milli Şuradakı fəaliyyətiniz davam edəcəkmi?”
Bəybala Əbil bildirdi ki, KXCP Milli Şurada fəaliyyətini davam etdirir.
“Milli Şuranın mövzusu hakimiyyət olmalıdır”
AXCP Rəyasət Heyətinin üzvü Seymur Həzi isə çıxışında qeyd etdi ki, Milli Şura sayıqlığını itirməməlidir: “Milli Şuranın mövzusu hakimiyyət olmalıdır. Hamı başa düşür ki, Ilham Əliyev əks hücumdadır. Rusiya bütün cəbhələr boyu hücumdadır. Ilham Əliyev də onun əsgəri kimi öz cəbhəsində aktiv fəaliyyətlə məşğuldur. Həqiqi söz adamlarını sıradan çıxarmaq istəyir. Bu mənada, bizim üzərimizə böyük məsuliyyət düşür. Rauf Mirqədirovla başlayan və Leyla Yunusla davam edən proses işin düyün nöqtəsidir. Hakimiyyət başa düşür ki, sözünə demokratik dünyanın etibar etdiyi hüquq müdafiəçiləri demək olar, sıradan çıxıb və az qalıb. Bu mənada, Leyla Yunusu sıradan çıxarmaq hakimiyyət üçün çox ciddi uğur ola bilər. Bütün hallarda bu məsələnin üstündə dayanmağımız çox vacibdir”.
***
Daha sonra Gültəkin Hacıbəyli sessiya iştirakçılarına Cəmil Həsənlinin Avropa Birliyinin Bakıdakı nümayəndəliyinin rəhbərilə keçirdiyi görüş barədə məlumat verdi.
“Diqqət həbsdə aclıq edən NIDA-çıların azadlığına yönəlməlidir”
azadliq.info
Short URL: http://www.cumhuriyyet.net/?p=6837