Şahin Sultanovun xanımından şok açıqlamalar
İradə Sultanova ərinin həbsinə görə Zakir Həsənovu və onun komandasını ittiham edir
“Şahini işləməyə qoymadılar… Yoldaşım dedi axı belə şey etmək olmaz, bu qanunsuzluqdur”
“Şahin Sultanovu sındırmağa çalışırlar, amma bu heç cür alınmayacaq”.
Bu sözləri “Azadlıq”a Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı,
vitse-admiral Şahin Sultanovun xanımı Iradə Sultanova bildirib.
Vitse-admiralın xanımı deyib ki, Şahin Sultanov həbs ediləndə ona qarşı
kobudluq edilib: “Şahin Sultanov həmişə vətəninə xidmət edib,
vitse-admiraldır. Amma onun qoluna dərhal qandal vurdular, kobudluq
elədilər, bununla onu sındırmaq istədilər, indi də həbsxanada saxlamaqla
sındırmaq istəyirlər. Amma möhkəm, güclü adamdır. Həm də təqsiri
yoxdur”.
“Şahindən yuxarıda nazir, prezident var idi”
Iradə Sultanova daha sonra bildirib ki, Şahin Sultanov dəmir
barmaqlıqlar arasına salınacaq şəxs deyil: “Həbsxana onun yeri deyil.
Orda şərait necə olursa-olsun, istəyir ora lap televizor qoysunlar,
Şahin Sultanov həbsxanaya salınacaq adam deyil. Şahin Sultanova qarşı
belə münasibət olmamalıdır”.
Vitse-admiralın xanımı deyib ki, Şahin
Sultanov yalnız əmrləri icra edən şəxsdir: “O, əsgərdir. O özbaşına nə
edə bilər axı? Şahindən yuxarıda nazir, prezident var idi. O, yalnız
donanmanın inkişafı üçün çalışırdı. Ailəsinə heç o qədər vaxt ayırmırdı.
O, rütbəni, vəzifəni pulla almayıb. Biliyi, bacarığı, zəhmətilə bu
səviyyəyə çatıb. Onun nə imkanlı əmisi, nə də dayısı olub ki, onu qabağa
çəksinlər. Indi belə bir adamı həbs ediblər”.
“Çingiz Məmmədov ona zəng elədi…”
Iradə Sultanova həyat yoldaşının həbsinin səbəblərilə bağlı da bəzi
təfərrüatları açıqlayıb: “Zakir Həsənov müdafiə naziri təyin olunandan
sonra Hərbi Dəniz Qüvvələrinə komissiya gəldi. Şahini işləməyə
qoymadılar, göndərdilər məzuniyyətə. Yoldaşım dedi axı belə şey etmək
olmaz, bu qanunsuzluqdur. Imkan verin, işləyim, komissiya da öz işini
görsün. Lakin razı olmadılar. Məzuniyyətdən sonra 3 gün işlədi. Həmin
vaxt general Çingiz Məmmədov ona zəng elədi və dedi ki, bəlkə təqaüdə
çıxasan. Təsəvvür edin, Çingiz Məmmədovun özünün təqaüdə çıxmaq
vaxtıdır, mənim yoldaşımın vaxtına isə hələ 4 il var. Deməli, özü
pensiyaya çıxmalı olan adam Şahinə deyir ki, pensiyaya çıx. Şahin ona
cavab verdi ki, niyə pensiyaya çıxmalıyam ki? Mənim hələ vaxtıma var”.
“Dedilər ki, əgər çıxmasan, başqa cür olacaq”
Iradə Sultanovanın sözlərinə görə, Zakir Həsənov müdafiə naziri təyin
olunandan sonra həyat yoldaşını işdən kənarlaşdırmaq üçün ona müxtəlif
formada təzyiqlər olunub: “Pensiya söhbətindən sonra dedilər ki, əgər
çıxmasan, başqa cür olacaq. Gör sənin başına nə oyun gətirəcəyik. Çingiz
Məmmədov kimdir ki, Şahin Sultanova zəng vurub ona belə təzyiq edir.
Əlbəttə ki, Çingiz Məmmədov da bunu Zakir Həsənovun göstərişilə edib.
Şahin onlara deyirdi ki, əgər mənimlə işləmək istəmirsinizsə, gözləyin,
komissiya işini bitirsin, aktı mənə təqdim edin, sonra çıxaram. Amma
bunlar razı olmadılar və Şahinin başına belə oyun açdılar. Bunlar hamısı
Zakir Həsənov nazir təyin olunandan sonra baş verdi. O nazir olanda
əllərində siyahı var idi. Həmin siyahıda işdən çıxarılacaq adamları adı
var idi. Şahinin də adı siyahıya salınmışdı. Mən çox şeyi indi demək
istəmirəm. Bütün detalları prezidentə deyəcəm. Prezidentə hər şeyi
deyəcəm, bu oyunu necə qurublar, kimlər qurub, hamısını deyəcəm”.
“Zakir Həsənov həyat yoldaşımı qəbul eləmədi”
Vitse-admiralın xanımının sözlərindən belə anlaşılır ki, Zakir
Həsənov müdafiə naziri təyin olunan gündən Şahin Sultanova mənfi
münasibət sərgiləyib. Lakin bu münasibətin kökündə nələrin dayandığı
bəlli deyil: “Təsəvvür edin, Zakir Həsənov nazir təyin olunmuşdu. Şahin
dəfələrlə onun qəbuluna düşmək istədi. Amma həyat yoldaşımı qəbul
eləmədi. Əvəzində Şahinin tabeliyində olan adamları qəbul edirdi. Biz
bilmirik ki, o niyə belə edir. Axırda da belə oldu. Şahini tutdurdular.
Prezidentə Şahindən o qədər yalan deyiblər ki. Guya Hərbi Dəniz
Qüvvələrində 5 milyon yeyinti olub. Amma komissiya araşdırdı, bu məsələ
təsdiqini tapmadı. Şahinə böhtan atırdılar. Prezidentin gözündən
salırdılar. Zakir Həsənov deyir ki, təzə gəmilər alınmayıb, nə bilim
baza sökülüb, yeni baza yoxdur. Məgər Şahin Sultanov özbaşına idi? Şahin
Sultanov özbaşına necə gəmi ala bilərdi? Şahin icraçı idi. Desəydilər
gəmi al, alardı. Bir də Şahin Sultanov köhnə, yararsız vəziyyətə düşən
gəmini təmir elətdirib. Həmin gəminin əvvəlki və təmirdən sonrakı
vəziyyətini əks etdirən fotoları mətbuat konfransında nümayiş etdirdik,
hamı gördü. Putin Azərbaycana gələndə prezidentlə hansı gəmiyə getmişdi?
Həmin gəmi idi də. 65-ci illərin gəmiləri idi. Gedin araşdırın,
görəcəksiniz ki, hamısı yağ içində və təmirlidir. Yalan deyirəmsə
balalarım ölsün!”.
“Nəcməddin Sadıqov zənglərimə cavab vermir”
Iradə Sultanova deyib ki, yoldaşının həbsilə ilə bağlı Müdafiə
Nazirliyinin baş qərargah rəisi Nəcməddin Sadıqova zəng edib:” Birinci
dəfə zəng elədim. Dedi ki, ezamiyyətdəyəm. Və bildirdi ki, mən də
bilmirəm niyə belə edirlər, prokurorluğa zəng edəcəm, ona deyəcəm, buna
deyəcəm. Amma sonra zənglərimə cavab vermir. Halbuki Nəcməddin Sadıqov
həmişə yoldaşıma deyirdi ki, mən səninlə fəxr edirəm. Onun bacısı oğlu
da Hərbi Dəniz Qüvvələrində xidmət edirdi. Yoldaşıma deyirdi ki,
istəyirəm bacım oğlu da sənə oxşasın. Oyun qurdular yoldaşıma. Mənim
yoldaşımın təqsiri yoxdur”.
Vitse-admiralın yoldaşı deyib ki, həyat
yoldaşının həbsindən sonra xeyli hərbçi zəng edib onlarla maraqlansa da,
keçmiş müdafiə naziri Səfər Əbiyevdən səs çıxmayıb: “Şahin tutulandan
Səfər Əbiyev bircə dəfə də zəng eləməyib”.
Şahin Sultanov aprelin
23-də tutulub. Vitse-admiral Respublika Hərbi Prokurorluğunda başlanmış
cinayət işi ilə əlaqədar şübhəli şəxs qismində saxlanılıb. O, Cinayət
Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-cü (mənimsəmə –
külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir.
Yazıda adı hallandırılan şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Short URL: http://www.cumhuriyyet.net/?p=6994