Fransa prezidentinə deyilən həqiqətlər
“Ölkədə 130 siyasi dustaq var. Onlardan 40 nəfəri vicdan məhbusudur”
Mayın 12-də Fransanın Azərbaycanda səfərdə olan
prezidenti Francois Hollande müxalifət liderləri, vətəndaş cəmiyyəti və media
nümayəndələri ilə görüşüb. “Fransa
prezidenti ilə görüşdə Azərbaycanla bağlı mühüm məsələlərin, demək olar,
hamısını müzakirə etdik. İlk növbədə ölkədəki vəziyyətlə bağlı müzakirələr
apardıq”. Bunu AzadlıqRadiosuna mayın 12-də
Fransa prezidenti Francois Hollande ilə görüşdən sonra AXCP sədriƏli Kərimlideyib.
Ə.Kərimli bildirib ki, Fransa prezidenti ilə yetərincə
geniş müzakirələr aparılıb: “Azərbaycanın Avropa Birliyinə inteqrasiyası
və ölkədə seçki islahatlarıyla bağlı məsələlər müzakirəyə çıxarıldı.
Fundamental hüquq və azadlıqların təmin olunması, mətbuat azadlığı ilə bağlı məsələləri
də müzakirə etdik. Eyni zamanda Ukraynada baş verənlərlə, Azərbaycanın ərazi
bütövlüyünə olan təhlükələrlə, Qarabağ problemi ilə bağlı ətraflı fikir mübadiləsi
aparıldı”.
Mayın 12-də Fransanın Azərbaycanda səfərdə olan prezidenti
Francois Hollande müxalifət liderləri, vətəndaş cəmiyyəti və media nümayəndələri
ilə görüşüb. Görüşdə AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, REAL Hərəkatının
Məclis sədri Erkin Qədirli, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla
Yunus, “Turan” İnfromasiya Agentliyinin direktoru Mehman Əliyev və
araşdırmaçı-jurnalist Xədicə İsmayıl iştirak edib.
“Ölkədə 130 siyasi dustaq var. Onlardan 40 nəfəri vicdan məhbusudur. Hollande
bizdən siyahını səfirliyə verib-vermədiyimizi soruşdu. Dedim ki, çoxdan
vermişik, aprelin 15-nin siyahısıdır. Bu həftə siyahını təzələyəcəyik. Əsas məsələ
ondadır ki, Azərbaycanda repressiyalar güclənir, qərbyönümlü siyasətçilər,
jurnalistlər, bloqqerlər, hüquq müdafiəçiləri təzyiq altındadır. Rauf Mirqədirovun
həbsi isə qırmızı xətti keçməkdir”.
Bunu AzadlıqRadiosuna Fransa prezidenti ilə görüşdən sonra
Sülh və Demokratiya İnstitutunun direktoruLeyla
Yunusbildirib. O, Fransa
prezidentinə təşəkkürünü belə dilə gətirib: “Birinci
sözüm o oldu ki, çox sağ olun, mən 100 faiz əminəm ki, siz bura gəldiyiniz üçün
mən bu gün azadlıqdayam. Dedim, siz bura gəlmisiniz, mən sizinlə görüşürəm. Ona
görə məni, həyat yoldaşımı həbs etməyiblər”.
Görüşdə iştirak edənMehman ƏliyevAzadlıqRadiosuna bunları deyib: “Görüşdə
bildirildi ki, Azərbaycan cəmiyyəti Avropa ilə sıx əlaqələr yaratmaqda
maraqlıdır, Avropa Birliyi ilə intensiv dialoqa hazırdır. Təəssüflər olsun ki,
Azərbaycan hakimiyyəti bunu etmir, xalqın iradəsini nəzərə almır. Azərbaycanda
totalitar sistem yaradılır və inkişaf edir… Azərbaycanın demokratik istiqamətdə
inkişafını dəstəklədiyi üçün Fransa tərəfinə minnətdarlıq bildirildi. Hollande
dedi ki, Azərbaycanda ikitərəfli və Avropa Birliyi çərçivəsində demokratik
inkişafa daha çox diqqət yetiriləcək”.
JurnalistXədicə
İsmayıldeyir ki, hamının
Francois Hollande ilə danışmaq və əsas problemləri diqqətə çatdırmaq imkanı
olub: “Söhbətə Leyla Yunus siyasi məhbuslar məsələsi ilə başladı. Siyasi
repressiyalar mövzusunu Əli Kərimli davam etdirdi və ölkədə seçki
saxtakarlıqlarından, siyasi partiyaların repressiyalarla üzləşməsindən danışdı.
Mən sözə başlayanda dedim ki, yəqin, Francois Hollande bu söhbətləri eşidəndə,
fikirləşir ki, bu ölkədə prezident olmaq nə yaxşıdır. Nə seçki var, nə müxalifət
sərbəstdir, çünki basqı altındadır, səsini çıxara bilmir, kommunikasiya
imkanları da yoxdur. Hollande-yə “mən də bu ölkədə prezident olardım deyə,
düşündünüzmü” sualını verdim. O da “yox, yox” cavabını verdi. Soruşdum ki, o hər
il əmlak deklarasiyası verirmi, əmlakını bəyan edirmi? Dedi, əlbəttə edirəm.
Dedim ki, ancaq İlham Əliyev etmir. Dedim ki, biz hətta məhkəmələrə müraciət edərək
bu məlumatları ala bilmirik. Hökumət qanunları sərtləşdirir, informasiyaya
çıxışımız çətinləşir. Amma heç əsas məsələmiz bu da deyil. Əsas məsələmiz
jurnalistlərin sağ və azadlıqda qalmaq çabalarıdır. Düz söz dediklərinə görə
jurnalistlər burda öldürülür, həbsə atılır, şantaj olunur, oğurlanır. Hazırda
14 jurnalist və bloqqer həbsdədir”.
Short URL: http://www.cumhuriyyet.net/?p=7141